SUAL
Günəş hər gün yelində, Ulduzlar öz yerində Sualım at belində: Mən nəyəm, mən nəçiyəm?
Günəş yanar - yandırar, Nə yandırmaz, nə yanmaz. Səhər bir an gecikməz, Axşam bir an dayanmaz.
"Yer mənim, göy mənimdi" - Desəm, vallah, yalandı; Nə göyə əlim çatan, Nə yer mənim olandı.
Üfüqdə üfüq boyda Od qalamaq istərəm. Bu dünyadan nə getmək, Nə də qalmaq istərəm, Mən nəyəm, mən nəçiyəm?
Hər əməli insanın Tərəzidə çəkilir. Düzlüyü də çəkilir, Qərəzi də çəkilir. Mən nəyəm, mən nəçiyəm? Bir misqalı yüz bölən Ərkim olsa birinə. Bəlkə adım oxuna, Bəlkə yerim bilinə. Mən nəyəm, mən nəçiyəm?
Yerim yoxsa bu yerdə, Yer hədiyyə ummaram. Nə ümmanda damlayam, Nə damlada ümmanam, Mən nəyəm, mən nəçiyəm?
Kölgəsi yox günəşin, Bəlkə elə kölgə mən. Nəsimi harayından Əks-səda bəlkə mən...
Neçə ağlın başına, Daş fırlatdı bu təkər. İt səsinə söz deyib, Sözü itə tökdülər.
Bu nə durğun hərəkət, Nə görünməz axmadı. Hər baxan anlamadı, Hər anlayan baxmadı.
Mən qamqalaq dalınca Gedənlərdən deyiləm. Mən səhrada yolunu Azan nər də deyiləm.
Necə axır qoy axsın, Bulanmasın sularım, Araz boyu yazılsın Mənim bu göy şüarım.
Məni ayıltsa, bəlkə Ayıltdı bu sualım: Mən nəyəm, mən nəçiyəm?..
Pitsunda, sentyabr, 1981
|
|