QONŞU ÇƏPƏRİ
Qonşu qardaş, az qurdalan o çəpər boyu, Əsəbini, qəzəbini hörmə çəpərə, Bizə tərəf əyilməkdən tikan quruyub, Pozma onun yatımını hədərcə yerə.
Bizim bağa su axıdır açdığın bərə, Bizim tutdan sizin bağa kölgə düşəcək. Gözümüzü gözümüzdən qorusaq belə, İtlərimiz macal tapıb həvirləşəcək.
Tüstü qalxar iki evin həndəvərindən, İki tüstü bir havada əriyəcəkdir. "Sizin", "bizim" dediyimiz sədd çəpərində Qarışqalar eyni yüklə yeriyəcəkdir.
Sənin baban bulaq çəkdi, ya mənim babam? Nə fərqi var? - Su - çəkənin, su - içənindir? Yol boyunca cərgələnən bu qoz, bu badam, Əkənindi? Yeyənindi? - Nə deyək indi?
Olmasaq da bir süfrədə bir dəmə ortaq, Günümüzün gəlişi bir, axarı birdir. Dağa çıxaq, düzə enək, göyə dırmanaq, Yolumuzun kilidi bir, açarı birdir.
Yüz ocağa od veribdir o qara təndir, Çəpərlərdə bitən gördüm qaratikanı. İki qarış torpaq udsan - biri sənindi, Dünyagirlər yemədilər quyruq dünyanı.
Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm, Çox görmüşəm hasar üstdə ölənləri də. Mən torpağı bölünməyə öyrəncəliyəm, Heç qazanan görməmişəm bölənləri də...
Pitsunda, 30 avqust, 1981
|
|