MÜBARƏKDİ, MÜBARƏK!
Andım, yoxdu- bu urvadı, bu duzdu. Andın varsa- quruşdan da ucuzdu. Bir uduşda bir taleyi, uduzdun, Qumarına: Mübarəkdi!- deyirəm.
Söz süfrəmdə Günəş dilim, Ay dilim, Dərələrə qol paylayan çay dilim. Çox güvənib, çox ötüşdün, ay dilim, Qabarına: Mübarəkdi!- deyirəm.
Dəli dalğa necə öpür qayanı! Eşqi öpür, hirsi çapır qayanı. Məhəbbətin donqar, çopur qayanı, Tumarına: Mübarəkdi!- deyirəm.
Yenimlər də, dönümlər də yel atlı, Öz adından öz əhdinə yol atdın, Bir ürəkdə iki hökmə qol atdın, Qərarına: Mübarəkdi!- deyirəm.
Bir də ömür o dəmlərə tuş olmaz, Səma olar, bulud olmaz, quş olmaz. Haray çəkib haraylara qoşulmaz Havarına: Mübarəkdi!- deyirəm.
Pitsunda, 5 oktyabr 1983.
|
|