Şamil SALMANOV
QƏRİBƏ MÜLAHİZƏLƏR
Yaradıcılığın ideya istiqamətinin düzgünlüyü, yeni və mütərəqqi bədii təmayüllərə əsaslanmaq, yazıçı istedadının inkişafında həlledici rol oynayan şərtlərdəndir.
Təcrübə göstərir ki, yazıçı mühüm bədii məsələlərin həllində, yaxud bu məsələlərə münasibətdə subyektivizmə qapıldıqda, konkret ədəbi hadisələrin qiymətində obyektivlik və reallıq hissini itirdikdə bu, birinci növbədə, onun əsərlərinin ideya-bədii keyfiyyətinə xələl gətirir, yaradıcılığının müasirlik ruhunu zəiflədir. Xüsusilə bu hal sənətdə müəyyən qədər bərkiməmiş, yaradıcılığı hələ lazımı dərəcədə yetkinləşməmiş gənc yazıçının taleyi üçün ziyanlı ola bilər. Yaxşı əlamətdir ki, bədii yaradıcılığın başlıca məsələləri, qeyri obyektivliyə qapılma halları, ümumiyyətlə ədəbi mühitimiz üçün səciyyəvi deyildir. Lakin bunun ayrı-ayrı təzahürləri vaxtaşırı özünü büruzə verir və buna görə bu cür təzahürləri vaxtında görmək, onları aradan qaldırmaq işində gənc müəlliflərə kömək etmək zəruridir. Bu məqsədlə biz öz qeydlərimizdə şair Məmməd Arazın “Ömür karvanı” adlı son kitabında müasir poeziya ətrafında düşüncələrini ifadə edən şerlərinə münasibətimizi bildirmək istəyirik.
Əvvəla onu deyək ki, M. Araz artıq bir neçə kitabın müəllifidir. Onun bu kitabında da səmimi ilhamın məhsulu olan şerlərə rast gəlmək mümkündür. M. Arazın ən yaxşı şerlərinə poetik ifadə edilmiş düşüncə və hisslər xasdır. “İnsan ürəyi” şeri səhnəmizin fəxri Ələsgər Ələkbərov haqqında yazılmışdır. Şair həyatdan, sənət dünyasından vaxtsız getmiş bir insan üçün təəssüflənir, onun əzəmətli işini mənalandırır. “Professor Gülə məktub” vətəndaş ehtirası ilə, vətənin sərvətlərinə qayğı hissi ilə aşılanmışdır. “Babamın səsi”, “Uçqun”, “Gecə düşüncəsi”, “Mənim Naxçıvanım” şerlərini də buraya əlavə etsək, deyə bilərik ki, M. Araz mühüm həyati mövzulara toxunduqda, məhdud xırda hisslərdən, məişət giley-güzarından xilas olduqda şerlərini sağlam fikir və duyğular hesabına zənginləşdirə bilir, onların siyasi-ictimai ahəngdarlığının güclənməsinə nail olur.
Lakin çox təəssüflə qeyd etməliyik ki, M. Araz heç də həmişə bu yolla getmir; sovet poeziyasının həyatla, əsrimizlə əlaqəsinin daha da möhkəmləndiyi, varlığa münasibətinin daha da dərinləşdiyi bir vaxtda, poeziyada böyük insani ehtirasların, dövrün yaradıcı pafosunun, fəlsəfi-əxlaqi axtarışlarının inikası daha gücləndiyi bir zamanda şair məhdud sentimental lirikaya qapılır, beləliklə də sovet poeziyasının mübariz, qurucu lirik qəhrəmanının xarakterini təhrif etmiş olur. Şairin bu mülahizələrinin mənbəyi haqqında fikirləşərkən, istər-istəməz, onun bu kitabında həddindən artıq geniş yer tutan və poeziya məsələlərinə həsr edilən şerləri üzərində dayanmaq zərurəti hiss edirsən. Müəllif bu şerlər üçün kitabda xüsusi yer ayırmışdır. Əlbəttə, hər bir şairin, əgər mənəvi ehtiyac duyursa, öz şerlərində poeziyanın vəzifə və məqsədlərindən, müasir problemlərindən, zaman qarşısında məsuliyyətindən danışmaq hüququ vardır. Istər keçmiş, istərsə də müasir şairlərin yaradıcılığında poeziya-problemlərinə həsr edilən ən yaxşı şerlərin ideya istiqaməti belə olmuşdur. Onları bu səpkili şerlərdə , birinci növbədə poeziyanın müasirlik mövqeyi, zaman və insana münasibəti düşündürmüş, şerin ictimai-fəlsəfi məzmununu dərinləşdirmək, dünyanı dərk etmə fəallığını gücləndirmək yolları maraqlandırmışdır. Bundan əlavə onlar poeziya məsələlərindən ötəri xırda hisslərin təsiri altında yox, bəlkə bu mövzuya toxunmağa mənəvi haqları olub-olmadıqlarını dərk etdikləri məqamda danışmışlar. M. Arazın kitabında xeyli yer tutan poeziyaya dair şerlər bu cür məsuliyyətlə yazılmamışdı. Şairin ilk kitabında birdən-birə eyni mövzuda bu qədər şerinə təsadüf etdikdə, həm də bunlarda daha özü ilə məşğul olduğunu, bütün diqqətini həyatın daha vacib, daha mühüm məsələlərinə həsr edilmiş şerlər yazmaqdansa, şer haqqında danışmağa, məhdud mühakimələrə yer verdiyini gördükdə təəccüblənməyə bilimirsən, hələ onu demirik ki, şerdə özündən danışmaq, öz məziyyətlərindən danışmaq, ümumiyyətlə, qeyri-təvazökarlıq əlamətidir. Şairin birinci vəzifəsi yaxşı şer yazmaqdır, poeziyaya məhəbbətlə, bütün imkanlarını səfərbərliyə alaraq, məhdud hisslərə üstün gələrək xidmət etməkdir. Poeziyaya xidmət-poeziya haqqında danışmağa yox, poeziyaya həyatın nəfəsini, əsrin problemlərini, canlı insan təcrübəsini və ehtiraslarını gətirməklə ölçülür. Bütün bunlar məlum həqiqətlərdir; lakin görünür ki, məlum həqiqətlərə əməl olunmadıqda onları bir daha xatırlamaq, yada salmaq lazım və zəruridir.
M. Arazın şerlərinin etiraz doğuran əsas motivlərindən biri –müəllifin kimlərinsə şöhrətindən narazılığıdır. Sanki kimlərinsə haqqı olmadığı halda ən yüksək şöhrətə layiq görülmüşdür. Müəllif müasir poeziyada şöhrət zirvəsinə tələsik yüksələnlər olduğuna işarə edir və bundan təskinlik tapır ki, bir gün “qəfil bir tufan” qopa bilər, dartılıb yüksəyə qaldırılmış bu adamlar aşağı düşərlər. “Özümlə söhbət” şerində müəllif özünü belə bir şöhrətdən qoruduğunu bildirir. Əlbəttə, müəllif deyəndə ki, sürət gərəkdir, atı at getməz qayalıqlara çapmaq gərəkdir –onunla həmrəy olmamaq qeyri-mümkündür. Ancaq məsələ bundadır ki, bütün şer yuxarıda dediyimiz narazılıq hissi ilə, kinayə ilə doldurulmuşdur. Şair şöhrət, tərif istəmədiyini elan etdiyi halda, dönə-dönə bunlardan danışır, kimlərinsə payına bu “nemətlərdən” artıq düşdüyündən gileylənir; istər-istəməz onun özünün bunlara xüsusi həvəsi, meyli olduğunu yəqin edirsən. Axı şöhrətdən, tərifdən çox danışmaq, həm də giley-güzarlıqla danışmaq elə şöhrət, tərif ummağa bərabər bir şeydir. Şairin özü də gizlətməyir ki, tərifin “behişt” bağları arabir onun gözünə çimir qonmağa qoymayır. O biri tərəfdən aydın olmur ki, şair niyə tərifdən qorxur?
Tərifdən qorxuram, qorxuram yaman,
Onun fitnəsindən bac almalıyam
(səh. 8)
Tərifəlayiq əmək təriflənməlidir. Tərifdə “fitnəkarlıq” görmək nəyə gərəkdir? Ədəbi tənqid mütərəqqi, sağlam, yeni bədii hadisələri tənqid edirsə, bunu fitnə adlandırmaq nə dərəcədə ədalətlidir? Bir də axı, tənqid Məmməd Arazın zənn etdiyi kimi heç də şairin yoluna “gül səpmir”, tənqid şairləri təhlil edir, onlarda həyatın nə dərəcədə doğru-dürüst əks olunduğunu aşkara çıxarmağa çalışır. Əlbəttə, söz həqiqi tənqiddən gedir.
M. Araz şerlərində tez-tez özünə müraciət edir, nə üçün hələ bir nəğməsi də dillərə düşmədiyini özündən soruşur, “istedad qılıncının qına çəkilməsindən” şikayətlənir. Bu şerlərlə tanışlıqdan sonra şüurlu oxucu haqlı olaraq soruşmalı olur: görəsən, şair nə üçün bədbindir, istedadının inkişafına mane olan nədir? Nə üçün imkanlarına inanmır? “Bir ömrün qonaqları” adlı şer bu suallara çox aydın cavab verir. Kimdir şairin qonaqları? Bu, ilk məhəbbət xatirəsidir; o, şairin qapısına gəlmiş, ona ilk məhəbbətindən məktub gətirmişdir. Bu vaxt mətbəxdə “qəzəbli qadın” görünür, ilk məhəbbətin xatirəsi əlində məktub kor-peşman geri qayıtmalı olur. Yenə qapı döyülür. Bu dəfə gələn Tərifdir. O, şairdən içkisi olub-olmadığını soruşur. Arxasınca ehtiyac, daha sonra Son xəbərlər gəlir; şairin kefini pozurlar, turdan keçmədiyini, iki şerinin naborda batdığını xəbər verirlər. Təngə gələn şair: “Qoyun nəfəs alım, ay aman, nəfəs”, - deyə fəryad qoparır. Nəhayət, şöhrət qapını döyür. Ancaq gecdir. Çünki şair artıq həyatda yoxdur. Beləliklə, şöhrət onu məzarda axtarmalıdır...
Yenə bir qapını döyürdü bir səs,
- Ey kimsən?
- Şöhrətəm.
- Buyurun, sizə kim...
- Məmməd İbrahim...
- Qardaş, gecikmisən,
O, burda yaşamır!
- Harda yaşayır?
- Yaxında, üstündə bir qız ağlayan
qəbir var, orda yaşayır... (səh. 13)
Müəllifin bu şerlərində bizə lirik obrazını təqdim etdiyi şairin həyatı, məişəti bundan ibarətdir. Belə mühitdə yaşayan şairin bədbinləşməsi tamamilə mümkün olan bir işdir. Böyük ilhamlı poeziya, zamana layiq poeziya yaratmaq üçün şair mikro-mühitdə yox, həyatın özündə yaşamalıdır; onun fəal iştirakçısı, qurucusu, yaradıcısı, dəyişdiricisi olmalıdır; qəlbi əsrin küləklərinə açıq olmalıdır. “Bir ömrün qonaqları” şerində tanıdığımız şair obrazı qələmi süngü ilə yanaşı tutan, xalqın ehtiyacları, qayğıları ilə yaşayan mübariz şair haqqında yaranmış təsəvvürümüzlə bir yerə sığmır.
M. Arazın şerlərində poeziya məsələlərinin qoyuluşu səthi və birtərəfli olmaqdan əlavə, bir də son dərəcə mühüm, çox həssaslıq və obyektivlik gözləyən məsələlərin izahı yalnışdır. Bu şerlərdə müəllif müasir poeziyanın “söz babalarına” xas mənəvi keyfiyyətlərin prinsipiallığı və vüqarı itdiyini iddia edir. Hamını ittiham etmək, həm də buna mənəvi haqqı olmadan ittiham etmək, ümumiyyətlə, sağlam əhval-ruhiyyənin əlaməti sayıla bilməz.
Vüqarla yaşamış söz babaları,
Onu yaşatmasın şerimiz niyə? -
(səh. 6)
deyərkən görəsən şair nəyə işarə edir, hansı məsələdə müasir şerin namərdlik göstərdiyini, cəsarətsiz hərəkət etdiyini nəzərdə tutur? Əksinə, biz deyirdik ki, həmişə olduğu kimi indi də bizim şerimiz daha güclü mənəvi keyfiyyətlərə malikdir, daha prinsipial və aydın partiyalı mövqedə dayanır.
Qeyri-obyektivlik, bədii nailiyyətlərimizi gözdən salmaq meylləri “S. Vurğunla söhbət” şerində daha qabarıq nəzərə çarpmaqdadır. Şerdə müasir poeziyanın ünvanına yönəldilmiş tənqid və töhmətlər, giley və məzəmmətlər –mahiyyət etibarilə subyektiv olduğundan, ədəbi mühitin irəliyə doğru hərəkət və yüksəlişinə kömək etməkdən daha çox, onun havasını tutqunlaşdırar. Belə bir qənaət hasil olur ki, böyük şairin təntənəli xatirə gecəsində xalqın öz sevimli sənətkarına məhəbbətindən çox, “xəbislərin” şairin səsindən duyduqları vahimə hakim olmuşdu. Aşağıdakı misraları oxuduqda müəllifin əsl həqiqəti necə açıqcasına təhrif etdiyinə, Səməd Vurğunu onun istedadının yetişməsində mühüm rolu olmuş ədəbi mühitə və həmkarlarına qarşı qoymaq, beləliklə də onun poeziyasını Azərbaycan sovet şerinin ümumi inkişafından təcridləndirmək kimi ciddi bir metoloji qüsura yol verdiyinə şübhə etmirsən.
Alqış, alqış! Az qaldı ki, tavan sına!
Sən gəlmədin bu axşama, səsin gəldi;
Səsin əvvəl qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi.
ÇOX XƏBİSLƏR elə bildi, Səməd gəldi:
ÖN SIRADA TİTRƏDİLƏR,
ÖN SIRADA BÜDRƏDİLƏR,
Lent qurtardı, nəfəs dərib, “ox” –
dedilər...
Çox vəfalı dostların da
O gecədə yoxdu ancaq;
Bilirdilər Səməd bir də
Məruzəçi olmayacaq. (səh. 9)
Şerdən belə çıxır ki, S. Vurğun ona qarşı olan, ona əks mövqedə duran bir ədəbi prosesdə yaşayıb yaratmışdır və indi də ədəbi prosesdə onun əleyhinə mübarizə ruhu mövcuddur. Bu, ədəbi inkişafın mahiyyətini açıq təhrifdir. Bəli, S. Vurğunun qaynayıb-qarışdığı, canlı və üzvü bir hissəsi olduğu ədəbi mühitdə mübarizə ruhu həmişə güclü olmuşdur. Həm də bu mübarizədə S. Vurğunun mövqeyi və şəxsiyyəti qüvvətli bir şəkildə özünü hiss etdirmişdir. Lakin bu mübarizənin əsas ruhu, əsas mahiyyəti sosialist poeziyasının estetik fəallığını artırmaq, həyata və şüurlara təsirini gücləndirmək, üslub, istedad cəhətdən çoxrəngliliyinə nail olmaq, partiyalılıq və xəlqilik mövqeyini möhkəmləndirmək uğrunda mübarizə olmuşdur. Daha sonra M. Araz iddia edir ki, Səməd Vurğunun ölümündən sonra ədəbi mühitimizdə onu “bir az silkələmək” təşəbbüsləri meydana çıxdı:
Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur. (səh. 9-10)
Poeziyadan çox böyük bir şair getdikdə onun yaradıcılıq yoluna yeni bir gözlə baxmaq, yaradıcılıq təcrübəsini ümumiləşdirmək zəruri bir haldır. Bu, şairi “silkələmək” yox, onu daha dərindən dərk etmək deməkdir. Böyük şairin öz dövrünün poeziyasına təsiri də böyük olur. Poeziya isə canlı bir orqanizmdir: o daim inkişaf etməyi, dəyişməyi, zənginləşməyi, zamanla ayaqlaşmağı sevir; Azərbaycan sovet şeri də Səməd Vurğunun vəfatından sonra bir yerdə dayanmadı, zənginləşdi, milli hüdudlardan kənarda şöhrəti daha da artdı, öz qüvvətli humanizmi, fəlsəfi dərinliyi və yetkinliyi ilə intellektual dolğunluğu ilə bir daha təqdir olundu. Bütün bunlardan sonra müasir şeri əvvəlki inkişaf mərhələləri ilə müqayisədə məzəmmət edib səviyyəsinin xeyli aşağı düşdüyünü iddia etmək real vəziyyəti obyektiv məyarla qiymətləndirməmək əlamətidir. M. Araza görə bu dövr ərzində şer çox cüzi bir yeniliyə nail ola bilmişdir, onda “yad qollar” meydana çıxmışdır. Guya ədəbi mühit çəkişmələrlə dolu olmuş, şer yaradıcılarının, ağsaqqalların müdriklik və yetkinliyi çatışmamışdır və s. Biz Səməd Vurğunun xatirəsinə, onun böyük poeziyasının gözəlliyinə hörmət hissi ilə yanaşırıq, lakin bu hörmət hissi bizə haqq vermir ki, M. Arazın aşağıdakı misraları ilə razılaşaq:
Səndən sonra
...Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib... (səh 11)
Sağlam mühakimə ilə bu misralara yanaşdıqda müəllifin həqiqəti dandığı dərhal aydın olur. S. Vurğunun sağlığında olduğu kimi, vəfatından sonra da Azərbaycan sovet şerinin istiqaməti sosialist realizmi xətti üzrə hərəkət və yüksəlişdən ibarət olmuşdur; poeziya heç bir mühüm tarixi hadisəyə laqeyd qalmamış, sosialist milli düşüncə və hiss tərzinin bir forması kimi daha da qüvvətlənmişdir.
Müəllifin şerlərində ənənə və novatorluq, yaşlı və gənc nəslə mənsub yazıçılar arasındakı münasibətlər də həqiqətə və məqsədə uyğun şəkildə qoyulmamışdır. (...”Cavanlara vədlər artıb; Vədlərin iki misli sədlər artıb”). “Kəhər at” şerində simvolik bir şəkildə yaşlı yazıçılar gənc yaradıcı qüvvələrin inkişafının qabağını kəsən, onları irəliyə doğru hərəkətdən saxlayan əsas maniə kimi qələmə verilir. Müəllif köhnə bir öyüdü xatırlayaraq qabaqda çapan atların “təpikcil” olduğunu söyləyir, yaşlı yazıçıların onun ilham köhləninin qarşısını kəsdiyinə işarə edir. Bu cür tənəli, iynəli və eyhamlı iradlar ədəbi tənqidimizin ünvanına da yağdırılır.
M. Arazın bu şerləri göstərir ki, şair mühüm həyat məsələlərindən, sovet adamının yaradıcı əməyindən uzaq düşmüşdür. Təsadüfi deyildir ki, şairin özü də mövzuları tükənəndə həyatı daha dərindən öyrənmək lazım olduğunu söyləmək əvəzinə, yeni bir eşqə düşüb bunun təsiri ilə təzə şer yazacağına ümid bəslədiyini etiraf edir. Yaradıcılığa bu cür yüngül münasibətin, onun məqsəd və vəzifələrinin kifayət qədər dərindən başa düşməməyin nəticəsidir ki, M. Arazın yeni kitabında böyük ideya ilə aşılanmış, müasirimizin sağlam mənəviyyatını tərənnüm edən şerlər yerinə “Naməlum qadına məktublar” kimi məhdud, soyuq məişət hissləri ilə doldurulmuş əsərlər mühüm yer tutur. Şarin haqqında bəhs etdiyimiz şerləri yaradıcılıq mühitimiz barədə düzgün təsəvvür yaratmır.
1968