DAŞ HARAYI
Vaqif Bəhmənliyə
"Xudafərin su altında qalacaq"- dedin: Yol sökməyin mübarəkdi, yoldaş mühəndis! Bir qulaq ver: o haraydı, haydı, nərədi... Daş dilini anlamazsan, ey daş mühəndis!
Uçuracaq, doğrayacaq, teyləyəcəksən, Öz içinə töküləcək hər daşın qanı. Səməd Vurğun qəzəbini neyləyəcəksən, Görəndə ki, alov dili ərşə dayanıb?!
Ucalanı uçurmaqda mahirdi bəşər, Əl kəsənə yaraq verir əlindən qabaq. Nə yaxşı ki, insan əli yetmir Günəşə, Yetə bilsə, min qitəyə parçalayacaq.
Xudafərin söykəndiyi sahillər qaya- Dikələnə dirək olmaz, Aşana çiyin. Gözlülərin gözlərinin qabağındaca Sualı yox, cavabı yox yiyəsizliyin...
Hacıleylək yuva qurub bir daş qanadda, Ana quşun bala quşa yadigarıdı, İnsan qurur, insan yıxır, Göylərin altda- Nə yaxşı ki, qurdun-quşun izləri qalır. O təbiət fəhlələri yol getmir hədər, Bir az dayan, maşın cənab, Kəfkirli harın! Düz körpünün ortasında yükləri, hələ İş vaxtları qurtarmamış qarışqaların.
Bəşər oğlu, heç üzünü tutma göylərə, Allahları üşütmədi allahsızlığın: Sənsən doğan, Haqq səsinə sənsən süd verən, Sənsən əkən yer üzünə hər haqsızlığı.
Bəlkə daşdan doğulubdur insanlar elə, İndi-indi çox hikməti ağlım əridir. Bəlkə sönmüş sandığımız vulkanlar elə Nə zamansa dəfn olunmuş haqq səsləridir!
Su altında balıqları heyrətləndirər Yer üstündən tulazlanan abidə-daşlar. Bu heyrətlər donuqları heyrətləndirər, Bu daşların görünməmiş vulkanı başlar.
Xudafərin udulsa da, udmaz səsini, O, paslı bir ox deyildi-çıxdı yayından. Qulağına daş yamansa Yer kürrəsinin, Dodaqları çat-çat olar daş harayından...
8 fevral, 1984.
|
|