VAXTIN QALSA
Vaxtın qalsa əgər Mənə də baş çək...
Əgər əyilməsən hər əyləncəyə, Əgər hər vədəyə umsuq olmasan, Havaya sovrulan hər deyləncəyə Ağlı kar, gözləri yumuq olmasan, Tərif gülabından huşun itməsə, Başlar çəkisində başın itməsə, Anlar aramasan qızıl qayçılı, Umulu, küsülü, ərkli, qayğılı Ədalı, gileyli çağında hərdən Mənə də baş çək. Ağıl dəyirmanı nağıl üyütməz. Nağıl dəyirmanı nə desən, udur. Bəzi kişilərin vədələrində Qızıl tabaxlarda daş-qaş soyuyur. Hənir təklənəndə gül yastıq belə Sanasan kəsilmiş başdı, uyuyur. Kimdi təkliyimə şərikli çıxan? Alışma eləyək keçən günləri... Mənim də payımı qoynuna yığa, Mən yığam əlindən tökülənləri. Mən nağıl danışmaq bacarmamışdım, Bölə bilməmişdim üçü üç yerə. Gəl indi min dilli nağıl danışım, Üçü yüz üç yerə, Yüzü heç yerə... Qeybət də qiymətli xammaldır indi, Allam qeybətini neçəyə desən. Girsə tərəziyə, bu da yəqindi, Bərabər gələcək əzilən, əzən. Pulsevən çox olar, yoxsa gülsevən, Zəvzəyən artıqdı, ya kövşək çalan? Çoxalıb bu sayaq suallar verən, Cavab istəmir də cavabsız qalan, Olmaz yalanın da heç dili qısa, Tapar ünvanımda bir üz, bir qılıq Arada bir damla ülfət qalıbsa, Çəkməyə, satmağa söz axtarmırıq... Baş çək ürəyimə, Vaxt tapsan əgər. Qəfləti üzləşdik orada bəlkə.
29 mart, 1984.
|
|