SƏNİN ETİBARIN...
Sənin də etibarın bura qədərmiş, heyif... Dözümünün dözümü çatmadı sona qədər. Mən aldadım özümü: Qəzaya-qismət deyim, Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"...
Kimsə bilməz kim olub ilk yolçusu bu yolun, Xəyanət sellə yaşıd, Boranla-qarla yaşıd... Bilmirəm bu kəlamı kim yonub, Yaxşı yonub: Qohum badalağından cəllad bıçağı yaxşı!
Üzünün üzü gülür, astarı qapqaradır, Orda bir ağ kölgəni Bir qara kölgə udur. Kölgələr tutaşanda təzə kölgə yaranır: Nə ülfət duyğuludur, Nə hörmət duyğuludur!
Dil felə qoşulanda baş əldə diyircəkdi, Dilin behişt vədləri- Bihuşdarı olarmış. Bir qarış səddimizi gör zaman hara çəkdi... Zirvə qarı bildiyim- Güney qarı olarmış. Şərəfli tanımıram şərəf tapdaya bilə, Alçaqlardır- Alçaqlıq axtaran ucalara. Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə, Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".
Ələdim, dənələdim ötən günləri bir-bir, Harayından dikəldim: Ərlərin, ərənlərin. Bir xatirə təsbehə zor-güclə düzə bildim. Yadıma gələnləri, Yanıma gələnləri...
İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək, Bir qeyri mükafatın olacaqmı, nə deyim?.. Peşə süpürmək isə, Axtar qızıl süpürgə... Sənin də etibarın bura qədərmiş, heyif!
May-iyun, 1984.
|
|