|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Şəmşad  RZA                                        
                                                                        
“QƏRİBƏ MÜLAHİZƏLƏR” MÜƏLLİFİNİN QƏRİBƏ   MÜLAHİZƏLƏRİ ( oxucu qeydləri)

 “Ədəbiyyat və incəsənət” qəzetinin  2 mart tarixli nömrəsində dərc edilən “Qəribə mülahizələr” məqaləsini oxuduqdan sonra belə bir qənaətə gəlirsən ki, bu sətirlər qayğıdan, insana hörmətdən daha çox fərdiyyətçilik və qeyri-adi böhtanlardan ibarətdir.
Bu, qarşıdakı sənətkara əvvəlcədən mənfi münasibət bəsləməyin qəti məhsuludur.
Tənqidçi düşünməlidir ki, həqiqət hər şeydən irəlidir. Ədəbiyyatı  şəxsiqərəzliyə verib, tənqidlə bəzəmək və obrazların xaraktesristikasını, nə də tənqidçi təfəkkürünün ideya saflığını açmır, həyatdan doğulan şerlərin özülü, əsası xalqdır. Xalqdan yazılan şerlərdəki obrazları tənqidçi ədalətli xarakteristika etməyib, uydurma fərziyyələr donu geydirdikdə, oxucu  onun özünə xas olmayan xarici təsir qüvvəsini hiss edir, sonra onun yalançı ideyalarına və karyera qazanmaq xatirinə ədəbiyyatdan bərk-bərk yapışmasına gülür. Düşünürsən, necə olur ki, məqalə müəllifi şair Məmməd İbrahimin “Bir ömrün qonaqları”, “Tərifdən qorxuram”, “Səməd Vurğunla söhbət” və “Şair vüqarı” şerlərindən uzun-uzadı söhbətlər açıb lüzumsuz , bayağı qeydlər etdiyi halda, xoşuna gələn  “İnsan ürəyi”, “Babamın səsi”, “Uçqun”, “Gecə düşüncəsi”, “Professor Gülə məktub”, “Mənim Naxçıvanım” kimi şerlərinin sadəcə olaraq adını çəkir, bir kəlmə də olsa şerlərdən söhbət açmır. Xoşuna gələn yerləri, özünün dediyi kimi “poetik ifadələr”ini  açıb göstərmir. Görünür qarşısında açıq-aşkar bir hədəf duyur, o da mütləq tənqid hədəfi. Elə buradaca hiss edirsən ki, tənqidçi özü-özünə zidd getməklə bərabər, məntiqsiz çıxış edir, özünün subyektiv fikirləri ilə yaşamamışdır. Yenə özünün dediyi kimi “TƏNQİD ŞAİRLƏRİ TƏHLİL EDİR, onlarda həyatın nə dərəcədə doğru, dürüst  əks olunduğunu aşkara çıxarmağa çalışır, əlbəttə, SÖZ HƏQİQİ TƏNQİDDƏN GEDİR”. Qəribə mülahizədir. Bu hansı tənqidçi üçün danışılır.
Məsələ “HƏQİQİ TƏNQİDDƏN” olardısa, tənqidçi şerlər haqda müəyyən dərəcədə ədalətlə danışar, özü bəyəndiyi şerlərin yaxşı və pis cəhətlərini də qeyd edərdi..
Daha doğrusu, tənqidçinin öz subyektiv fikirləri olsaydı, ictimaiyyət, xalq “vaxtında” tənqid olunan “büdrəyən”, “bədbin” şairini tanıyardı.
Ürək ağrısı ilə yazılmış hər hansı bir şerin həm qaranlıq, həm də işıqlı tərəflərini düzgün izah etmədən, onu yalnız bir tərəfli düşünən tənqidçinin təmiz bir ideyaya qulluq etdiyinə inana bilmirsən. Axı təcrübə göstərir ki, vahid ideyası olan tənqidçi  sənətkarın nöqsanlı cəhətlərini  göstərməklə bərabər, onun işıqlı cəhətlərini də təhlil edir.. Bu zaman həqiqəti oxucular da görürlər. Öz məqaləsində “ideya” təbliğ edən tənqidçi təəssüf olsun ki, şair haqda heç bir “dəyərli məsləhət” göstərə bilmir.
Şamil Salmanov “Sentimental” adlandırdığı şerlərin təmiz və yaxşı cəhətlərini görsəydi, deyərdi: “Sənin istəyin” şeri nə qədər sadədirsə, o qədər də cəsarətli və təmiz bir ideyadır.
Bu şerdə öz əqidəsini, inamını, hüququnu başqasının istəyinə qurban verən, kim necə istəsə, o donda yaşayan bir tipin faciəsi göz qabağındadır.
            Desəm ki, bir anda dərməyib nəfəs
            Od üstə, buz üstə ayaqyalın gəz.
            Bilirəm elərsən.
            Bilirəm desəm,
            Qəlbinin pərdəsi gərək tarıma,
            Gözünü ver salım cib fanarıma.
            Bilirəm elərsən.
            Bilirəm desəm,
            Qapıma bir quru ağac gəzirəm,
            Gəlib quruyarsan qapımda o dəm.
Burada “bilirəm elərsən” sözləri təsadüfi işlənməmişdir.Bu sözlər obrazın daxili keyfiyyətlərini açır. Şerdə subyektiv  “sentimental” hisslər deyil, insan mənəviyyatı, ümumi həqiqətlər, ümumi etiraflar göstərilir. Şəxsi ayıldır, onun necə və kim olduğunu özünə tanıtdırır.
            Mən necə istəsəm, necə istəsəm
            O dona girərsən bir an içində.
            Bəlkə bunun üçün, bunun üçün də
            Sənin bu halına acığım gəlir,
            Sənin bu qəlbinə yazığım gəlir.
Əyilə-əyilə yaşayanlar, “tabelər”, “müti məhəbbətlər”, “həlim təbiətlər” şairin qəlbini yaralayır. Onların qatlanmış dizlərini düzəltmək və kişi vüqarı ilə təmiz, məğrur yaşamaq, insan ömrünün ən qiymətli tarixi və qızıl səhifələridir, - deyir bu şerdə.
Məsələ də bundadır ki, insani hisslərlə yaşamayan, öz mənəvi keyfiyyətlərini ayaqlara salan insan yazıqdır.
Məqalə müəllifi istər ideyaca, istərsə də poetik gözəlliklə yoğrulmuş belə şerləri hansı haqla sentimental adlandırır?
Şerlərin əsil ictimai köklərini bir tərəfə atıb, qeyri-müstəqil, qeyri-sərbəst çıxış edir. Şair adi həqiqətləri mənalandırırsa, bunun təfəkkür genişliyi, ictimai fikir təmizliyi və böyüklüyüdür. Yalançı təriflərlə ucalanların aqibətini təcrübdən hiss edərək şair belə göstərir:
            Şöhrət azarına tutulanları
            Şöhrətin özü də sağalda bilmir.
Sonra tərifdən ona görə qorxur ki,
            Tərifin şirindil müsahib kimi
            Yolçunu yolundan saxlamağı var.
Yaxşı sənətkar yalançı tərifdən qorxmalıdır, çünki belə tərifin mənasını dərk edir. Bu, adi həqiqətdir, tərif daimi axtarışçı yaradıcıların qəlbini ətalət ağrısı, gözlərinə arxayınçılıq yuxusu gətirir. Bu vəziyyət sənətkarı narahat edir.
M. İbrahim bəzən yaxşı mənada daxili hisslərə qapılır, bunu məhdud mənada başa düşən məqalə müəllifi “Bir ömrün qonaqları” şerini bəşəri fikirlərdən uzaqlaşdırıb, oxucuları inandırmağa çalışır ki,“şair bədbindir”, “istedadının inkişafına mane olan var”, “imkanlarına inanmır”.
Özündən yalançı uydurmalar, sayıqlamalar söyləməklə şerin məna diapozonunu kiçildir. Halbuki, bu şer obrazlı şəkildə deyilmiş, həqiqətən bəzi böyük şəxslərin həyat faciəsidir. Bunu danmaq, kiçiltmək, dar mənada başa düşmək, bir-iki nəfərin ömrünə bağlayıb, sentimental adlandırmaq nə dərəcədə düzgün olar. Elə xalq var ki, öz böyük oğlunun böyüklüyünü  onun ömrünün son vaxtlarında anlayır. Artıq sənətkar həyatda olmur. Şöhrət böyük sənətkarı məzarında tapmış olur. Bəşəri hisslə deyilmiş bu fikir məqalə müəllifinin gözlərində əcayiblər kimi  görünür. Tez əlindəki məqamı buraxmaq istəmir.
Açıq demək lazımdır ki, son zamanlar şerimizdə hərcmərclik, oyunbazlıq, anlaşılmayan ibarələr xeyli çoxalmışdır. “Sərbəst şer” adı ilə çıxış edən bəzi təqlidçilərin faciəsi göz qabağındadır. Sərbəst şerdə də bir musiqi ahəngdarlığı, bütöv vəzn, qafiyə poetikliyi gözlənilməlidir. Bunlardan səmərəli şəkildə istifadə edilməməsi şairi narahat edir.
            Səndən sonra
            Şerimizin xəritəsi təzələşib,
            Ona yeni şəhər adlı
                Çox şəhərlər, kəndlər düşüb,
            Yeni-yeni çaylar, göllər, bəndlər düşüb.
            Hələ tədqiq olunmamış dərdlər düşüb.
Elə buradaca məqalə müəllifinin əsil həqiqəti dandığı, qeyri-sərbəstliyi, ədalətsiz rəylər söylədiyi aydın görünür. Obyektlərə birtərəfli baxmaq, gözüaçıqlıqdan məhrumiyyətlə çıxış etmək, tənqidçini səhv nəticələrə aparıb çıxarmazmı?
Qoy buna oxucular müdaxilə etsinlər.
Ş. Salmanov böyük şairimiz mərhum Səməd Vurğuna böhtan atmaqla bildiririk ki, guya M. İbrahim S. Vurğunu həmkarlarına qarşı qoyur. Şerə böhtan atıb.
Oxucuları inanadırmağa çalışır ki, “İndi də ədəbi prosesdə onun əleyhinə (S. Vurğunun), mübarizə ruhu mövcuddur.
Bunlar Ş. Salmanovun subyektiv fikirləri olsaydı, həqiqət daha gözəl açılar, şerin (“Səməd Vurğunla söhbət”) poetik fikirləri göstərilərdi.
Şeri birtərəfli, özü də ideyaca təhrif etməklə məqalə müəllifinin hansı prinsipəsə  arxalandığı aydın görünür. Bütün bu vəziyyətlər ümumi ədəbiyyatımız üçün, onun gələcəyi üçün böyük ağrı və bir qədər qorxulu deyilmi?
Ş. Salmanov göstərir ki, şerimiz S. Vurğunun ölümündən sonra daha da genişləndi, şöhrəti daha da artdı.
Belə çıxır ki, şerimizin şöhrətini, onun milli hüdudlarını S. Vurğun saxlayırmış. Onun ölümündən sonra şerimizin vüsəti yüksəklərə qalxdı.
Yenə də Ş. Salmanovun hansı prinsipəsə uyduğunu və anlamadan öz-özünə zidd getdiyini, aldandığını görürük.
Bizim poeziyamız günü-gündən zənginləşir, daha bu o demək deyil ki, S. Vurğunun vaxtında şerimiz heç bir hüquq qazanmamışdır.     
Hələ S. Vurğunun vaxtında böyük xalq şairlərimizdən Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli kimi gözəl şairlərimizin əsərləri dünya qapılarını açıb özünə yer etmiş və indi də yer etməkdədir.
Istər o vaxtlar, istərsə də müasir poeziyamız özünün böyüklüyünü və güclü təsir qüvvəsini  göstərmişdir.

11 mart 1968
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws