DAHA İNANMIRAM...
Daha inanmıram boş vədələrə, Göz yaşın od olsa- qəhər demərəm. Ağızdan ağıza qaçan xəbərə Sağsağan deyərəm, Xəbər demərəm.
Bu yorğun yolçunun yolu yoxuşlu, Cənnət vəd eləmə üfüq dalında. Yoluma daş-qaya diyirlə, xoşdu, Alnıma güllə sıx açıq alınla.
Toxumu haram əl hövkələyəndə Səpinçi döşlüyü dəni saxlamır. Meşə dincliyinə balta dəyəndə Meşələr dumanı, çəni saxlamır.
Yalana dəm tutdun-yağışdı, yağır. Qibləyə tuşlanan andı neynirəm: Yəhəri yastıqlı, Yüyəni yağlı Ayağı buxovlu atı neynirəm.
Daha boş vədənə inanmıram mən, Vədə yük olanda yerimək olmur. Doğrunu görəndə xəcalətindən Qar kimi, Buz kimi ərimək olmur.
Bu necə vəddir ki, -irişən ilğım, Qaçanı, qovanı bara yetirməz: Bu kobud məsəldir-ayğırsız ilxı Kişnərti yetirər, Bala yetirməz.
Söz kəlam bişirər ağız kürrədə, Dəyər öz başına -dəyənək olsa... Şükür bu günə də, Ötən günə də, Hər şey olacaqdı gələcək olsa.
Mən rəncbər oğluyam- doğruya qulam: Od halal olmasa, ocaq alışmır. Ha dedim: vədindən atəşgah quram, Kibritim alışmır, Vallah, alışmır...
28 dekabr, 1986.
|
|