VƏZİFƏ, İNSAN...
Vəzifə insana şan-şöhrət deyil, İnsan vəzifəyə şöhrət olmalı.
Bəxtiyar VAHABZADƏ
Keçərdin göylərin yeddi qatından, Çağlayan çağında nə çağa düşdün! Ayağın üzüldü mənsəb atından, Ayağın üzüldü- Ayağa düşdün.
Gödənə göz dikən ağlın qudurdu, Bilmədin haqq-nahaq ata malıdır. Yıxdığın payını yıxıldı, durdu, Növbə yıxanındır-yıxılmalıdır.
Yolun əvvəlində görünmür sonu, Bu gülünc sonluğa gülməzdim onda. Sağ gözün sol gözə qonşuluğunu Bilməli olsan da, bilməzdin onda.
Devikmə, təntimə, özünü yolma, Yoxdu, ötürmələr, qarşılamalar. Bu həmin qatardı, həmin yolunan... Bu həmin adamlar, o qarışqalar...
Özün öz gəzənin, özün itiyin, Bir daş yaddaşında izin qalıbsa,
Qonşu pişiyinin, qonşu itinin Üzünə baxmağa üzün qalıbsa, Səhərlər eyvana çıxmağa qorxma, Üfüqə, Günəşə baxmağa qorxma.
İndi öz hökmünlə ev dustağı sən, Üzü dönüklərə dönükdür bu xalq. Əyil, sürt üzünə bu torpağı sən, Əyilsən, bağışlar, böyükdür bu xalq.
Bir dən bitirmədi öz alın tərin, Yox Günəş zərrəsi qanında, yazıq. Yazıqdı yaşmaqlı pəncərələrin, Dost əli açmayan qapın da yazıq.
Bu dəniz kimliyin fərqinə varmaz, Cəmliyin, kəmliyin fərqinə varmaz.
Hərdən çıx sahilə ayaq gəminlə, Su səni daşlamaz, meh səni yıxmaz. Cavanlıq dostların şeş-beş dəmində, Vəzifə dostların sahilə çıxmaz.
Mənəmlik, hərislik gözdən tük qapar, İnsan alçalanda, insan enəndə. Vəzifə çapardır, kəmfürsət çapar, İnsan öz əliylə yəhərlənəndə.
Vaxt olur vicdanın səsi baş yarır, Onda keçmişini çağır-gələcək. Hərdən çək özünü, Çək gözəyarı, Gör hansı tərəfin ağır gələcək...
Duyarmı eyhamı söz duymaz, qalın, İnsanlıq ən qədim qoruqdu yerdə. Vəzifə itəndə insanlıq qalır, İnsanlıq itibsə-yer yoxdu yerdə!
1987.
|
|