|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Cavad MƏMMƏDOV

“QƏRİBƏ MÜLAHİZƏLƏR”DƏ  QƏRİBƏLİK

Gənc şair Məmməd İbrahimin  “Ömür karvanı” kitabında toplanmış şerlərdəki poetik kəşflər, incə lirizm, səmimi hisslər, şairin cəsarətli və dərin fikirləri oxucunu sevindirir. Bu şerlərdə əsil vətəndaş şairin ürək döyüntüləri eşidilir.
Elə buna görə də “Ömür karvanı” kitabı haqqında “Ədəbiyyat və incəsənət” qəzetinin  2 mart 1968-ci il tarixli nömrəsində Şamil Salmanov yoldaşın “Qəribə mülahizələr” sərlövhəli tənqidi məqaləsini oxuyanda təəccübləndim və bu qeydlərimi yazmağa məcbur oldum.
Mən kitabda toplanan şerləri geniş təhlil etmək fikrində deyiləm. Onları oxuyan hər kəs həqiqətin nə yerdə olduğunu düzgün qiymətləndirər. Mən yalnız məqalə müəllifinin “qəribə mülahizələrinə” öz münasibətimi bildirmək istəyirəm. Müəllif yazır: “...sovet poeziyasının həyatla, əsrimizlə əlaqəsinin daha da möhkəmləndiyi, varlığa münasibətinin daha da dərinləşdiyi bir vaxtda, poeziyada böyük insani ehtirasların, dövrün yaradıcı pafosunun, fəlsəfi-əxlaqi axtarışların inikası daha da gücləndiyi bir zamanda şair məhdud sentimental lirikaya qapılır, beləliklə də sovet poeziyasının mübariz, qurucu, lirik qəhrəmanının xarakterini təhrif etmiş olur”.
Şair heç nəyi təhrif etmir! Bu hökm əsassızdır. Onun “sentimental” hesab edilən lirikası ürəklərə asanlıqla yol tapır, öz hərarəti ilə qəlbləri isindirir, orada özünə yuva salır.
“Dövrün yaradıcı pafosunu, fəlsəfi axtarışlarını” əks etdirən şerlərinin az olması isə şairin nöqsanı hesab edilə bilməz. “Bundan yazma, ondan yaz,” – deyə hökm vermək düzgün deyildir. Axı hər kəs bacardığından, ürəyinə yatan mövzulardan  yazır. Hər şair qəlbinin sazı bir sim üstə köklənir. Hərə bir cür inkişaf edir. Əlaga Vahidin ictimai-siyasi şerləri yox dərəcəsindədir. Məgər buna görə onun qəzəllərinin qiymətini azaltmaq olarmı?!
Məqalə müəllifi nədənsə, M. İbrahimin poeziya haqqında şerlər yazmasından narazıdır. O, poeziya haqqında şerlər yazmış klassik və müasir şairlərdən danışaraq deyir: “...onlar poeziya məsələlərindən ötəri, xırda hisslərin təsiri altında yox, bəlkə də bu mövzuya toxunmağa mənəvi haqları olub-olmadıqlarını dərk etdikləri məqamda danışmışlar”.
Müəllifin fikri bir qədər pərdələnsə də onun oxu hansı istiqamətə atması aydın görünür: guya M. İbrahim poeziya məsələlərindən “ötəri, xırda hisslərin təsiri altında” yazır və bu mövzuya toxunmağa mənəvi haqqı yoxdur(?) Doğrudan da qəribə mülahizədir! Görəsən, müəllif bu cür hökm verərkən nəyə əsaslanır? Guya “M. İbrahimin kitabında xeyli yer tutan poeziyaya dair şerlər bu cür məsuliyyətlə yazılmamışdı”. Yaxşı olardı ki, müəllif özü məsuliyyətsizlik edib əsassız olaraq  ümumi sözlər demək əvəzinə, şairin “məsuliyyətsizliyini sübut edəydi”.
Kitabda eyni mövzuda “bu qədər” şerə təsadüf etməsi də məqalə müəllifini təəccübləndirir. Şairin poeziya haqqındakı şerləri kitabın həcminə görə çox olsa da  bir-birini təkrar etmir. Hər şerdə başqa bir sahədən danışılır. Adı ümumi olsa da  mövzular şaxələnir, parçalanır. Bu şerlərə “eyni mövzu” ştampını vurmaq  özü səhvdir. Bu şerlər oxucunu yormur və adam oxuduqca oxumaq istəyir.
Guya şair “bütün diqqətini” “məhdud mühakimələrə” vermişdir. Bir halda ki, mühakimə, ümumiyyətlə, poeziya haqqındadır, onu necə məhdud hesab etmək olar? Şair yalnız özündən bəhs etmir. Onun hər bir “xırda” hissələrində ümumiləşmələr, dərin fikirlər vardır. Müəllifin iddia etdiyi kimi, şair “özündən, öz məziyyətlərindən” də danışmır. Onun həddən artıq təvazökar olması şerlərində aydın görünür.
Ş. Salmanovun fikrincə, “M. İbrahimin şerlərinin etiraz doğuran əsas motivlərindən biri – müəllifin kimlərinsə şöhrətindən narazılığıdır”. Doğrudanmı müəllif bu “kimləri” görmür? Axı şair aydın deyir: “Zirvədə birincilik” axtaranlar, oradan aşağıya baxmaq şöhrəti” güdəndir, bu zirvəyə qalxmaq üçün “dartılanlar”, bir sözlə, saxta, ucuz şöhrət axtaranlardır. Şair məhz belələrinin şöhrətindən narazıdır və bununla da əksəriyyətin fikrini  ifadə etmiş olur. Həqiqi şöhrəti öz zəhmətilə qazananlara isə hamının hörməti var. Belələrinin şöhrətindən heç kəs narazı deyildir. Və şair də narazı ola bilməz.
Məqalə müəllifi şöhrətdə M. İbrahimin “özünün xüsusi həvəsi, meyli olduğunu” iddia edir və fikrini belə “əsaslandırır:” “Şairin özü də gizlətmir ki, tərifin “behişt bağları” arabir onun gözlərinə “çimir qonmağa” qoymur. Şeri bütövlüklə nəzərdən keçirək:            
            Tərifdən qorxuram, qorxuram yaman,
            Onun fitnəsindən bac almalıyam.
            Yoluma gül səpən tərif yanından,
            Saymazca keçməyi bacarmalıyam.

            Arabir gözümə qonmayır çimir,
            Tərifin nə qədər behişt bağı var.
            Tərifin şirindil müsahib kimi
            Yolçunu yolundan saxlamağı var.
Bu şerdə şairin şöhrət güdməsini iddia etmək özü qara bir böhtandır. Yenə də müəllif həmin şerə “istinad edərək “ yazır:  “O biri tərəfdən aydın olmur ki, şair niyə tərifdən qorxur?” Əvvəla, tənqidçi özünü dolaşdırdığından bu sözlərilə yuxarıdakı fikrini təkzib edir. Ikinci bir tərəfdən, bu  qorxunun səbəbi tənqidçiyə aydın olmasa da oxucuya aydındır:
            Tərifin şirindil müsahib kimi
            Yolçunu yolundan saxlamağı var.
Eyni zamanda tənqidçi bilməlidir ki, şair “fitnəkarlığı” həqiqi, layiqli tərifdə deyil, aldadıcı, çaşdırıcı, “yolçunu yolundan saxlayan” tərifdə görür və onun yanından “saymazyana keçməyi bacarmaq” istəyir. Məqalə müəllifi yazır: “ Bir də axı tənqid M. İbrahimin zənn etdiyi kimi heç də şairin yoluna  “gül səpmir”.
Müəllif niyə görmür ki, şair yoluna  “gül səpən” tənqiddən yox, tərifdən danışır?  Yoxsa o, “tənqid” sözü ilə “tərif” sözünü eynimənalı hesab edir? Bəlkə də bu onun “mexaniki” səhvidir?
Bu cür səhv o adamlarda olar ki,  onlar yaxşını pis kimi görməyə adət etmiş olsunlar və buna görə də nöqsanları mikroskopla axtarmağa çalışsınlar. Elə buradaca atalar demişkən “xoruzun quyruğu aydın görünür”. Məqalənin nə məqsədlə yazılması məlum olur.
Məqalə müəllifi şairin “Özümdən şikayət məktubu” şerinə “isnad edərək” yazır: “M. İbrahim şerlərində tez-tez özünə müraciət edir, nə üçün hələ bir nəğməsi də dillərə düşmədiyini özündən soruşur, “istedad qılıncının qına çəkilməsindən” şikayətlənir. Bu şerlərlə tanış olduqdan sonra şüurlu oxucu haqlı olaraq soruşmalı olur: görəsən şair nə üçün bədbindir, istedadının inkişafına mane olan nədir?”
Yaxşı olardı ki, tənqidçi oxucu adından çıxış etməyəydi. Çünki oxucu şerdə bədbinlik görmür və onun ümumi ruhunu yaxşı başa düşür. Şair  təvazökarlıq göstərərək özünü “istedadsız” hesab edir ki, bu da onun özünə qarşı tələbkarlığından irəli gəlir. Görəsən nə üçün tənqidçi  həmin şerdəki dərin məzmunlu gözəl fikirlərə toxunmamış, yalnız bir misradan yapışıb onun mənasını təhrif olunmuş şəkildə izah etmişdir?
Ümumiyyətlə, hər hansı şerə qiymət verərkən onun bir misrasını deyil, şeri bütövlükdə götürmək daha obyektiv olar. Bu cür hal ona bənzəyir ki, maralın ümumi gözəlliyinə onun dırnağının çirkli olması ilə qiymət verəsən.
Guya “Bir ömrün qonaqları” şeri oxucunun “şair nə üçün bəbindir ?” sualına “çox aydın cavab verir”. Həmin şerdə şair nə “lirik obrazını təqdim etdiyi şairin həyatını, məişətini” təsvir etmiş, nə də bədbinləşmişdir. Içki ilə gəlmək istəyən tərifi,  “dillərdə sülh, ciblərdə bomba” gəzməsini, “şerin naborda batmasını” özünəməxsus bir formada  tənqid etmişdir. Şair “qonaqların” gəlişindən “təngə gəlməklə” onlara etirazını bildirir, “fəryad qoparmaqla” qəzəblənir, üsyan edir, bu cür “qonaqları” qovmaq istəyir. Şerin sonunda isə M. İbrahim həqiqi şöhrətin gecikməsinə, daha doğrusu, şairin bu şöhrəti vaxtında qazana bilməməsinə təəssüflənir və nəticə etibarilə demək istəyir ki, şair gərək öz hünərilə şöhrəti vaxtında qazana bilsin. Həqiqi şöhrət qazanmaq üçün gecikməmək arzusunu ifadə edir. Aydın məsələdir ki, bu fikir də şairin özünə qarşı tələbkarlığından doğur.
M. İbrahim “Şair vüqarı” şerində vüqarı, qüruru, əyilməzliyi şairə xas olan əsas və gözəl xüsusiyyətlərdən biri kimi qeyd edir. Şer belə başlanır:
            Vüqarla yaşamış söz babaları,
            Onu yaşatmasın şerimiz niyə?
            Əyilmək bilməyən şair vüqarı
            Yalnız baş əyibdir əyilməzliyə.
Tənqidçi bu şerdə nöqsan görür və bunu bütün şerlərinə xas olan (?) bir nöqsan kimi qeyd etdikdən sonra yazır: “Bu şerlərdə (?) müəllif müasir poeziyanın  “söz babalarına” xas mənəvi keyfiyyətləri, prinsipiallığı və vüqarı itirdiyini iddia edir. Hamını ittiham etmək, həm də buna mənəvi haqqı olmadan (?) ittiham etmək, ümumiyyətlə, sağlam əhval-ruhiyyə əlaməti sayıla bilməz.
Əvvəla, hörmətli tənqidçi bilməlidir ki, dilimizdə fikrin ifadə forması müxtəlifdir. Şair demir ki, müasir şerimiz “söz babalarının” vüqarını yaşatmır. Deyir ki, yaşatmalıdır, yaşatmamağa haqqı yoxdur. Məgər “yaşatmalıdır” demək, “niyə yaşatmasın” demək “yaşatmır” deməkdirmi?! Yaşadır və yaşatmalıdır. Şerin ümumi ruhu da bu fikri təsdiq edir.
Ikincisi, bu aydın fikri əksinə şərh edərək şairi “mənəvi haqqı olmadan hamını ittiham etməkdə” təqsirləndirib onu ittiham etməyə tənqidçinin özünün mənəvi haqqı varmı?! Şairin mənəvi haqqı niyə olmasın?
Məqalə müəllifi “Səməd Vurğunla söhbət” şerindən danışarkən onu “bədii nailiyyətlərimizi gözdən salmaq meylləri”, “ədəbi mühitin havasını tutqunlaşdırmaq”, “Səməd Vurğunu ... ədəbi mühitə və həmkarlarına qarşı qoymaq” kimi qiymətləndirir.
Şerdən belə nəticə çıxmır və bunu iddia etməyə də müəllifin heç bir əsası yoxdur. Hiss olunur ki, tənqidçini ən çox qəzəbləndirən və xalq arasında deyildiyi kimi, “arının pətəyinə çöp salan” da elə bu şerdir. Görünür, bu şer “ön sırada titrəyənlərin” xoşuna gəlməmişdir. Belə də olmalı idi. Lakin şer onların xoşuna gəlməsə də xalqın xoşuna gəlir və şair də xalq üçün yazır.
Söhbət mahiyyət etibarilə S. Vurğundan getmir, buna görə də mübahisə meydanına çəkməyə ehtiyac yoxdur. Şairin tənqid hədəfi aydındır. O, öz fikrini demək üçün “ Səməd Vurğunla söhbət”dən ədəbi priyom kimi istifadə etmişdir. Şair xəbisləri, paxılları, dili ilə ürəyi bir olmayan “vəfalı dostları”, cəsarətsizliyi, hərarətsizliyi, S. Vurğunu bədxah niyyətlə “silkələmək” təşəbbüsündə olanları tənqid etmişdir. Səməd Vurğun olmasın, qeyri- S. Vurğun olsun, şair,ümumiyyətlə, haqsızlığa qarşı çıxır. Bunun üçün də ona təzyiq göstərmək isə haqq danışanları susdurmaq deməkdir. Kim deyə bilər ki, şairin dedikləri olmamışdır? Bunlar məlum həqiqətlərdir və hamı bilir. Bu cür acınacaqlı halları pərdələmək isə xəstə orqanizmi sağlam hesab edərək onun müalicəsinə əhəmiyyət verməməyə bənzəyir. Xəbisləri, paxılları, öz şöhrəti üçün başqalarını ləkələməyə çalışanları tənqid etmək lazımdır ki, bu hal davam etməsin, daha sağlam, daha mehriban münasibətlər yaransın. Xəbislər bilsinlər ki, onların haqsızlığı  çoxlarının etirazına səbəb olur və unudulmur.  
Sağlam, obyektiv və xeyirxah tənqid çox faydalıdır və bundan heç kəs narazı qalmaz. Lakin birtərəfli, əsassız və haqsız tənqid etiraza səbəb olur, oxucunu və ədəbi mühiti çaşdırır. Belə tənqidin olmasından olmaması faydalıdır. Ş.Salmanov yoldaş nöqsanları mikroskopla axtardığına görədir ki, subyektivizmə qapılmışdır. Bu isə heç bir vicdanlı tənqidçiyə yaraşmaz. Hər hansı əsərə qiymət verəndə, digər mübahisəli məsələlərin həllində tənqidçi fikri ən obyektiv ölçü vahidi rolunu oynamalıdır. Bunun üçün də onda dərin bilik, vicdan və həssas qəlb olmalıdır. Bunun üçün də onda dərin bilik, vicdan və həssas qəlb olmalıdır. Bunlar kimdə yoxdursa, əlinə qələm almasa yaxşıdır.

12. 3. 1968

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws