SİNƏM SƏHRA SİNƏSİ
Səhra qumlarının hesabı varmı?.. Səhra küləkləri cilova yatmaz. Sinədə itəni tapmaq olarmı? Küləklər qayıdar, İtən qayıtmaz.
Özümü gəzirəm əli çıraqlı, Çəkisiz, ölçüsüz qum dənəsiyəm. Hər yolun, çəhlimin qapısı bağlı, Qarışqa fəndləri öyrənəsiyəm.
Suyu bir dəhnədən: əyrinin, düzün... Bir gözdə haqq yatır, Bir gözdə nahaq. Qaraquş gecəni, ağ quş gündüzü, Tələdən, cələdən kim qoruyacaq?
Təklərə hay verib, tənha qalmışam, Sinəmdən ay doğar-qaranlıq olsa. Sonuncu qorumla od qalamışam, Yanarlıq olacaq- Qanarlıq olsa.
Sənə də yol verdim, süləngi xain, Əli məşəllidir bələdçi peşəm. Sürün öz yuvana, sürün arxayın, Mən çox yıxılmışam, sürünməmişəm.
Bəzən buz içində od saxlayıram, Dəvə yüklərimi qarışqa dartır. Bəzən düşmənimi qucaqlayıram, Hardasa bu dəmdə dostlarım artır.
Əkinim-biçinim baharlı, qışlı, Yağışsız buludu torpaq eşitmir. Yüz il qulağımın dibində qışqır, Ürək eşitməsə, qulaq eşitmir.
Bir qum dənəsində uyuyan qoram, Səhra sinəsidir sinəm deyirəm. Səhra dözümündən dözüm qoparam, Səhra yanğısında sönəm, deyirəm...
14 mart, 1988.
|
|