Soltan ABBAS
“İLLƏRDƏN BİRİ “
Şair Məmməd İbrahimin adı bizə çoxdan tanışdır. Həmin tanışlıq əsərlərindəki dağ seli tək qüvvətli poetik axarın qüdrətindən yaranmışdır...
Oxucuların məhəbbətini qazanmaq, mənsub olduğu xalqın ürəyinə yol tapmaq şairdən böyük məharət tələb edir. O şair ki, həmişə narahatdır, nigarandır, onun yaradıcılığını da oxucular nigarançılıqla izləyirlər.
Məmməd İbrahim məhz belə şairlərdəndir. O, hər şer üçün bədii priyomlar tapmağı və hər misraya öz ürək odunu hopdurmağı bacarır. “İllərdən biri” (“Gənclik” nəşriyyatı tərəfindən 1969-cu ilin axırlarında buraxılmışdır) Məmməd İbrahimin yeni kitabıdır. Kitaba şairin 40 şeri daxil edilmişdir. Bu şerlər “Azəri nəğməsi”, “Görüşlər, xatirələr” başlığı altında iki bölməyə ayrılmışdır. İlk şer “Sən ötür məni” adlanır. Şerin lirik qəhrəmanı səfərə çıxıb. Qatarı öz ayaq izləri, ayaq səsləri ötürür. Lirik qəhrəmanı yollar boyu Azərbaycanın füsunkar təbiəti ilə təmasda görürük. Meşələrin nəğməsini dinləyir, Kürlə, Arazla qarşılaşır. Gedir... üfüqləri aşana qədər gedir. İnamla gedir, çünki onu ötürən azəri torpağıdır.
Nə qədər böyüsəm körpənəm yenə,
Hər yerdə çiyninə sən götür məni.
Beləcə, bir ömrün son mənzilinə
Azəri torpağı sən ötür məni
Kitabdakı “Lenin zirvə”, “Cəfər yolu”, “Məndən ötdü, qardaşıma dəydi”, “Daş qartal”, ”İllərdən biri”, “Dağlara qar düşdü”, “Ağlayan qayalar”, “Mənim bir adam var”, “Azəri nəğməsi”, “Anlarım”... şerlərini həyəcansız oxumaq olmur. Bu şerlər tamamilə yeni ahənglə, yeni bədii vasitələrlə, rəng və çalarları ilə səslənir. Oxucuda güclü emosiya, həyəcan oyadır.
Lenin haqqında çox əsərlər yazılmışdır. Şairin “Lenin zirvə” şeri tamamilə yeni obrazlarla, təşbehlərlə işlənmişdir.
...Lenin fikri
ucalığın
Bir əl çatmaz zirvəsindən
Nur səpələr bu həyata.
Lenin dağı
qoymaz ona
Təltif çata,
Mədh çata,
Tərif çata.
Kitabdakı “İsti su lövhələri”, “Həkim çay”, “Ağlayan qayalar”, “Daş qartal”, “Dağ çayı” və s. şerlərdə təbiət lövhələri rəngarəng boyalarla öz poetik əksini tapmışdır. Lövhələr lövhə olaraq qalmır, şair qələmi ilə insaniləşir. “Ağlayan qayalar”da şair xalqımızın keçmiş dərdini, nisgilini təfəkkür süzgəcindən keçirir.
Araz mövzusu M. İbrahimin yaradıcılığında həmişə təzədir. Kitabdakı “Araz üstə çinar gördüm”, “Arazın işıqları” şerlərində də o, həmin məsələyə toxunmuşdur. “Arazın işıqları”nda Araz yüklü dəvəyə bənzədilir. Dəvənin yükü işıq yüküdür. Şerdən bir parçanı alaq:
Deyirəm ki, dəvə qardaş,
Bax burada xıxlanacaq,
Bax bu düzdə yatacaqsan.
Öz yükünü bax burada atacaqsan.
Nur tayları
bu dərədə söküləcək.
Burda işıq dəyirmanı tikiləcək.
Sahillərin qaranlığı
yuyunacaq,
ələnəcək,
üyünəcək.
Bu parçada Araz üstə tikilən su-elektrik stansiyasının işıqları qəlblərə müjdə gətirir, nurlandırır. Şerin lirik qəhrəmanını sərhəd telləri də düşündürür. Qəhrəmanın ürəyi vətənpərvərlik hissi ilə çırpınır.
“Salyeri”, “Qoltuq ağacı” şerlərində ikiüzlülərə, yaltaqlara qarşı şairin kəskin istehzası, nifrəti duyulur.
Kitabdakı şerləri oxuyub başa çıxdıqdan sonra belə qənaətə gəlirsən ki, 5-6 şeri çıxmaq şərti ilə qalan şerlərin hamısı illərin birində - 1968-ci ildə qələmə alınmışdır.
Ümidvarıq ki, həmişə sevib-sevilən şair oxucularını nigaran qoymayacaq, həyatla səsləşən yeni-yeni şer inciləri yaradacaq, kitablar çap etdirəcəkdir.
1970