ƏGƏR SON NƏĞMƏMİ OXUYA BİLSƏM
Axşamdan səhərə yetdiyim kimi, Əgər min arzumdan birinə yetsəm, Əgər Naxçıvana getdiyim kimi, Ərdəbilə getsəm, Təbrizə getsəm;
Əgər hər məkanda haqq əkənləri Haqlı döyüşlərdə qalibdi-görsəm. Özgə torpağına göz dikənləri, Çubuqsuz-çətənsiz qalıbdı görsəm;
Əgər şah düzündən boylansam aya, Xətai qılıncı pilləkan olsa: O Şahlı dünyadan şahsız dünyaya, Şahlıq ləyaqəti yollayan olsa;
Əgər son ayaqda başımın üstə, Öz ana dilimi şam kimi görsəm. Nəfəsim çırpınıb çıxsa qəfəsdən, O şamda əriyən qəlbimi görsəm;
Əgər xoş anlarım, xoşbəxt anlarım, Bir gödək ömürdə baxtıma yarsa, Qəfləti yuxuma daş atanların, Daşı öz qəbrinə qismət olarsa;
Əgər durnaların düzümü düzsə, Yayda yaylaqlara qayıdacaqsa. Əlim ayağımı torpaqdan üzsə, Dilim məramımı oyadacaqsa,
Qələmim dünyaya əmanət olsa, Gözümün işığı bir gözə töhfə. Bir də gəlişimə zəmanət olsa- Gəlməzdim mən belə dünyaya, tövbə!
İnam olacaqdır-dözüm vardısa, Qəmi dəm eləmək o mənə qaldı. Bir-iki yaraqlı sözüm vardısa- Vətəndən almışdım, Vətənə qaldı.
Qoca Xudafərin! Susmaz gur suyam: Qəddin düzəlməmiş ölsəm, bağışla. Görüşə bilməsəm, Nursum-nur suyum, Ölkələr içində ölkəm, bağışla!..
Əgər son nəğməmi oxuya bilsəm... Bir də öz gücümlə özümə baxdım. Əgər son nəğməmi oxuya bilsəm, Yəqin ki, bunları oxuyacaqdım...
1989.
|