BU ŞEYTANLAR
Böyük Cavidi oxuyarkən
Yer üzündə hər nə qədər insan yaşar, Yer üzündə o qədər də şeytan yaşar, Hər düyündən, hər müşküldən hali şeytan, Yolçu şeytan, Sülək şeytan, Ala şeytan! Onu insan doğmayıbsa, Hardan belə bu qədərdir? O, su üstə üzən quru, O, quruda su qədərdi. Şeytan almaz insan dərsi, İnsan alar şeytan dərsi, Şeytan işi düzün tərsi, Tərsin düzü olmur, olmaz; Onu gəzən yolçu olar, Qismətində uğur omaz. Başdan aşar "səxavəti", Bizdən bizə pay gətirər pay aparar, Vay aparar, vay gətirər; Qəlbimizdən çıxıb gedər məqamında, Böyüklərə yük daşımaq məramında. Didib tökər ağlımızı, Orda hamar cığır görsə, Eşələyib quyu eylər, Bir balaca çuxur görsə, Sinəmizdə bayquşlara yuva qurar, Bircə şaxı sınmış görsə, Şax gəzinər, şax oturar, Ac-yalavac qurd-quş görsə. Çöl dünyası daha geniş, daha böyük; Daha ağır çəkdiyi yük, Özü dartar, özü saxlar. Kürsülərə can atanı; Özü açar, özü bağlar. "Qara şeytan", "sarı şeytan", "Ala şeytan", "Bala şeytan". Cəmiyyəti yaradanı. "Alda-verdə" səriştəli, Hər yerdədi, hər işdədi. Heç yerdədi, heç işdədi. Bu gün yaşa, bu gündədi, Keçmişə köç keçmişdədi. Alqış alar, çəpik satar "Üç qəpiyə", "beş qəpiyə", Satar şöhrətpərəstlərə, Satar mənsəbpərəstlərə, Satar yalanpərəstlərə. Bu şeytanlar kəsə-kəsə Əlimizlə əlimizi, Dar ağacı qurğuları Çəkib yığar qəlbimizə; Elə qurar dilimizi, Hər kəs özü ölümünə fitva verər. Elə burar əlimizi, Hər kəs özü cəllad tapar, Cəlladına özü iti balta verər. Bu şeytanlar: Qonşu şeytan qəlbindəki şeytanlara Yol axtarar, tapar yolu; Bu da şeytan, şeytan oğlu, O da şeytan, şeytan oğlu, Bu da oğru, o da oğru; Bu da quldur, o da quldur. Bu yol, qardaş! Şeytanların ünvanından gələn yoldur, Bu yol, qardaş! Şeytanların yuvasına gedən yoldur, Vallah, qardaş, Öz qəlbində özünə yer qalmayacaq, - Belə getsə şeytanların Bu artımı. Bir qulaq ver: Arxamızca şeytanların hürüşməsi Qurtardımı!!!
mart, 1991
|
|