|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Söhrab   TAHİR

SON  İLİN  ŞERLƏRİ


Motsart musiqisinin asan və rəvan yaranışı, üstünlüyü ilə Salyeri sənətinin əzablarından doğan bir həsəd üz-üzə gəlir. Salyeri ədalətli müqayisə hissini itirir, sənətkarın birinci olmaq cəhdlərindən doğan iztirablar içərisində sənət nümunələrini vahimə hissi ilə araşdırır. Motsart isə Salyeri həsədindən yayına bilir, özünü gərəksiz zərbə altından xilas edir. Bəzən gözdən yayınmaq sənətkara gözə girməkdən daha çox fayda verir.
Məmməd İbrahimin (Arazın) ədəbi mövqeyi Salyeri şerində belədir.
                                 Nə yaxşı
                                           ünvanı çaşıb bu naşı,
                                Hardasa yaradır bir əl, bir qələm.
                                Nə yaxşı
                                             mənimlə qarışıb başı,
                               Nə yaxşı  bilmir ki, Motsart deyiləm.
“Nə yaxşı mənimlə qarışıb başı”. Bu fikri şair “nə yaxşı onunla qarışıb başı” şəklində də işlədə bilərdi. Lakin bu ifadə müəllifin yaradıcılıq xüsusiyyətinə yad olardı. O, Salyerinin həsəd zərbələrinə özünü hədəf edir və cəmiyyətdəki motsartları bu zərbələrdən bir növ xilas etmək istəyir. Buradan da Məmmədin yeni kitabında (“İllərdən biri...” “Gənclik” nəşriyyatı, 1969)  əsas motiv kimi səslənməyə başlayan “Məndən ötdü, qardaşıma dəydi” şerinin yazılmasının səbəbləri oxucuya aydın olur. Şəxsi xeyri və rahatlığı üçün hətta öz qardaşını, vətənini, xalqını zərbə altında görməyi bacaran adamların dəhşətli siması müəllifin nikbin çağırışlarının gur işığı altında daha da eybəcər görünür.                                                                  
“Məndən ötdü, qardaşıma dəydi”- bu yaşayış tərzinə uyan, onu keçmiş həyatın qanunlarından biri kimi əzizləyən bəzi müasirlərimiz şairin istehza ittihamından qurtara bilmir. Məhz bu cür adamların mənfəətpərəst və laqeyd münasibətləri nəticəsində keçmişdə vətənimiz kiçik xanlıqlara, bəyliklərə parçalanmış, onun sinəsində “Araz boyda şırım” açılmışdır. Şair Azərbaycanda feodal pərakəndəliyinin, fikir ayrılığının faciəsinin səbəblərini düzgün müəyyənləşdirmişdir. “Məndən ötdü, qardaşıma dəydi”, “Başlı başın saxlasın”, “Bacarana can qurban” təfəkkür tərzi feodal pərakəndəliyi və hərc-mərcliyindən qidalanmışdır. Müəllifin bu təmayüldə olan adamlar üzərinə poetik hücumları kəskindir:
                                 Səndən ötdü, mənə dəydi,
                                 Məndən ötdü, sənə dəydi;
                                 Səndən, məndən ötən zərbə
                                 Vətən, vətən, sənə dəydi.
Beləliklə, şair Azərbaycanda yeni düşüncə tərzinin qələbəsini, bu düşüncə tərzinin, hətta yaxın keçmişə qarşı fəal tənqidi münasibətin poetik izahını verir. “Zərbələri qardaşına, sirdaşına ötürən kəs” mübarizə ideallarımız qarşısında cılız görünür. Xalqın özünə xas xüsusiyyətləri və gözəl adətləri şairin yaradıcılığında yüksək pafosla tərənnüm olunduğu kimi, vaxtı keçmiş zərərli köhnəlik qalıqları da “Məndən ötdü, qardaşıma dəydi” poetik qırbacları ilə döyəclənir.
Qadına sxolastik fəlsəfə tərbiyəsi əsasında mülkiyyət münasibətinin tək-tək təzahürü xalqımızın sosialist şüur çərçivələrinə sığışmır. Şair artıq kökləri kəsilib aradan  getmiş bu eybəcər münasibəti hər gün “qəbiristana gedən gəlinin” simasında göstərə bilir. Puç olan, hədərə gedən bir gəncin ömrü qəbiristanlıqla ev arasında tozlu cığırlara çevrilir. 20-22 yaşlarında olan bu gəlin bütün ömrünü ərinin qəbrini müşayət və ziyarətə həsr etmək fikrindədir. Bu tozlu yollarda boşluqdan başqa bir şey yoxdur. Gəlinin bu hərəkəti mərhuma obyektiv hörmət deyildir. Ölmüş cəmiyyətin son zəif qalıqlarının çox gülünc hala düşmüş müqaviməti “qəbiristana gedən gəlinlərin” şəxsiyyət azadlığını müvəqqəti olsa da öz qara kölgəsi altına ala bilir. Şair, Azərbaycan qızlarının azadlıq təntənəsi dövründə bu təsadüfi  eybəcərlikləri görmək istəmir. O, yaradıcılığındakı kəskin münasibətin kompasını bu eybəcərliklərə doğru tutur, belə gəlinləri köhnəliyin əsiri etmək istəyən münasibətləri şerinin coşqun çağırışları altında qəbiristana qədər müşaıyət edir.
Lakin elə keçmiş də vardır ki, onu insan taleyindən silmək mümkün deyil. Bu keçmiş qəhrəmanlıqlarla doludur. Bu cür keçmiş insan həyatının müxtəlif psixoloji və təbii mərhələlərilə əlaqədardır. Belə şərəfli keçmişlərdən biri Cəfər Cabbarlının həyat və yaradıcılıq yoludur. Bu mənada Cəfər yolu bu gün də müasirlik hüququ kəsb edir. Xalqın tərəqqisinə, mədəniyyətinin yüksəlişinə xidmət edən Cəfər yolu yaxın keçmişdən bu günə əbədi yol gedən karvanlar kimi işıq, mübarizə eşqi, insan ləyaqəti, fikir vüsəti daşımaqdadır. (“Cəfər yolu”).
Hamının keçmişi var. Bu keçmişdə dəruni və fiziki iztirablarla yanaşı, insan ürəyini mərhəmət və qəribə poetik hisslərlə oxşayan uşaqlıq illəri şairin qələmində orijinal ahənglə səslənir. Uşaqlıqda hər şeyi romantik cizgilərin arxasından görən lirik qəhrəman yaşa dolduqdan sonra real həyat münasibətləri içəırisində bəzən heyran qalır:
                             Hanı sizi yoran, ey ağ yoxuşlar,
                             Axşam məktəblisi, gündüz çobanı?
                             Oxumu dinləyən o ana quşlar,
                             Tapşırıq dəftərim sal daşlar hanı?
                             O zaman yarpaqlar biri bir palaz,
                             İndiki yarpaqlar qulaq boydadı.
                             O zaman uşaqlar böyükdü bir az,
                             İndiki uşaqlar uşaq boydadı.   (“Bu yerlər, o yerlər”)
Şairi müasir problemlər düşündürür. O, nüvə yükü əvəzinə xalqlara “ üzüm şirəsi, çiçək gülüşü, yemiş dadı” daşımaq istəyir. “Körpə naləsini və ana fəryadını” bəşərin həyatından silmək fikrindədir. (“İllərdən biri”). Bu problemlərdən biri də Araz problemidir. Şair həmin problemin tədrici həllini də alqışlayır. Araz üzərində salınan işıq bəndi onu sevindirir. (“Arazın işıqları”).
Həyata real münasibət Məmmədin sevgi mövzusunda yazdığı bir çox şerlərində də hiss olunmaqdadır. Bu şerlər yalvarış, pərəstiş, cismani-potoloji əzablardan uzaqdır. Müəllifin lirik qəhrəmanı sevir, lakin o, sevgisində məğrur və əyilməzdir. Əslində həqiqi sevgi yalvarışdan uzaqdır. Həqiqi sevgi insana fikir təkamülü gətirir, qəhrəmanlıq hissləri aşılayır. Bu cəhətlərinə görə də şairin lirik qəhrəmanı real düşünür. (“Təəssüf” şerində olduğu kimi.)
Belə şerlərdə təsvirlərin reallığı lirik qəhrəmanın daxili aləmini göstərməkdə bizə kömək edir. Bu sevgi bərabər, azad sevgidir. Platonik sevgi deyildir. Mənəvi gözəlliyə söykənən bu sevginin məğrurluğu, dözümü bizə xoş gəlir. Lakin bu həyati və dünyavi sevginin ayrılıq dəmlərinin təsviri  orijinal deyildir. Şairin sevgi şerlərindəki ayrılıq və uzaqlıq anları bizə Yesenin ayrılığını, həsrət və peşmançılığını xatırladır.
“İllərdən biri...” kitabındakı bəzi şerlər müəllifin ümumi yaradıcılıq səviyyəsindən aşağıda dayanır. Bu yazılar, yuxarıda göstərdiyimiz məziyyətlərdən qismən məhrumdur. “Ənənə”, “Anlarım” şerlərinin poetik anlayışı mücərrəd olduğu üçün oxucunu düşündürə bilmir.
Bununla belə şair yeni kitabındakı əksər şerlərində oxucunu düşündürməyə, ona təzə söz deməyə çalışır.
1970

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws