ZAMANA ALDANAN BÖYÜK YAZIĞA
Belə çoxumuzu aldatdı zaman, Gülüb, arxamızca daş atdı zaman. Sonra da "gözümdən itilin", - dedi. "İtirin keçmişi, itirin", - dedi. Aldatdı beləcə aldatdı zaman, "Şər" - deyib, özünə əl qatdı zaman. Tutaşmaq öyrətdi, söz dura-dura, Əyilmək öyrətdi, düz dura-dura. Qardaş qardaşına atdı - yenilik! Nəvə babasını satdı - yenilik! "Hər yeni səhərə yeni göz açdıq", "İşdən qayıdanda ünvanı çaşdıq". Qara siyahıya düşdü çən-duman, Köhnə çay, köhnə arx, köhnə dəyirman. Dedik ki, zamanı qabaqlayaq biz, Ona çatmayanı ayaqlayaq biz. Çölləri şumladıq vaxtından qabaq, Dən səpib, suladıq vaxtından qabaq. Doğdu inəklər də vaxtından qabaq, Buzovlar böyütdük vaxtından qabaq. Boşaldı təknəmiz vaxtından qabaq, Təzəmiz, köhnəmiz vaxtından qabaq... Batdı dövlətimiz vaxtından qabaq, İtdi şöhrətimiz vaxtından qabaq, Yenə də qışqırdıq: sabah bizimdir! Sabaha tuşlanan silah bizimdir. Yaxşı böyürənə əl çaldıq - alqış! Yaxşı alçalana alçaldıq - alqış! Ucaldı heykəlin bu çağda, belə Çalış heykəlini bərk saxla, belə İndi yıxılmağın çox asan olar Çətin yıxılanı durğuzan ola,.. Səni hiyləgərcə aldatdı zaman, Sonra boğazına ip atdı zaman, İp atdı, sürüdü haraya gəldi, Nə tanrı, nə bəndə haraya gəldi. Əlimiz öyrəndi boyaqçılığa, Dilimiz öyrəndi boyaqçılığa; Qırmızı boyadıq bütün rəngləri, "Qırmızı" soy adı bütün rənglərin, Adını dəyişdik bütün varlığın, Kəşf etdik "Qırmızı bəxtiyarlığı", Qırmızı boyandı hər gümanımız, Qırmızı parçadan üst köynəyimiz, Qırmızı parçadan alt tumanımız... "Qırmızı" ağladıq, "qırmızı" güldük. Qurd kimi uladıq, İt kimi hürdük. Zülmət gözümüzü tutduğu halda... Söz açdıq işıqlı gələcək haqda. Aldana biləni aldatdı zaman, Sonra arxamızca daş atdı zaman. Hər evə rəhbərin nəfəsi gəldi, Nəfəsilə birgə qəfəsi gəldi, Bu gün hər mədhinə yasin oxutduq Yer qazıb, dəfn etdik əməlli-başlı. Məni də qələmim atəşə tutdu: "Sən də çox aldandın, ay ağlı çaşqın, Çoxun dəfn olundu, çox azın qalıb, Qalıbsa, bir ağız avazın qalıb". İndi də bir qeyri haldadır zaman, Aldana biləni aldadır zaman. Kiməsə küləşdir, samandır zaman, Kiməsə axçalı dövrandır zaman. İndi də zamanı yaşadan bizik, Aldadan biziksə, aldanan bizik...
13 aprel 1991
|