İBRƏT-NİFRƏT MUZEYİ
Sən dünyaya göz açdığın bu diyarda, Ünvan gəzdim. Soraqladım, açıq gəzdim, Pünhan gəzdim, Tanımayan tanımadı, Tanıyalar baş buladı, danışmadı. Elə itdin, elə batdın, bu torpağa Bircə çimdik külün belə qarışmadı. Qapısını açdığın bir dost evi yox, Qardaş, bacı, qohum yoxdu, Tanış yoxdu, simsar yoxdu; Atan-baban tapşırılmış Heç naməlum məzar yoxdu, İzin-tozun saxlamağa Bir zağa yox, bir kaha yox, mağara yox, "Vardı" - deyən bir dəli yox, bir səfil yox, Avara yox. Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı; Bu tarixi, bu ibrəti yad edəcək Yadıcalar olsa haqdı. Qanı-canı bahasına Gözlərinə baxanların çoxu deyir: gözün dörddü, Baş kəsəndə, ev yıxanda Dördünü də birdən örtdun. Deyirlər ki, gözlərinin biri hərdən Ədaləti, haqqı görüb, O, alqışa susayanda xalqı görüb - Bu məqamda taxta çıxıb əmr edirdi: "Hər nə bəddi, hər nə sərtdi, Hər nə xoşdu, hər nə boşdu..." Hökmün sonu: Yenə "haqqı" düzləməkdi, Yenə üzdə olanları üzləməkdi, Bu yol - döngə, yarğan-uçrum Bir də, bir də olmayacaq. Bircə anlıq düşünəsən ibrət üçün, Dörd gözünə, dörd mil azdı - Nifrət üçün. Varlığından nə qalıbsa, Nə eşidib, nə görmüşəm - Çevirirəm birər-birər: Xəyalımda "sənə layiq". Ev muzeyi düzəldirəm, Girəcəkdə: bədənsiz baş, Qılınc tutan bədənsiz əl... İçəridə: Baş cəlladın şəkli başda, Sonra gəlir: əmrə hazır cığırdaşlar. Sonra gəlir: "Qəbristana dönən şəhər" - Bir xəndəyə kürəklənir Əli yoxlar, gözü yoxlar, Başı yoxlar... Sonra gəlir: gülləbaran! "Xalqa düşmən xalq kütləsi!" Altda yazı: "Xalqa düşmən olanlara xalq cəzası". Sonra gəlir: "Uzaq Sibir mənzərəsi". Doğranılmış göy meşədə boz kötüklər... Kötüklərin dibindəcə boş qəbirlər... Başda yazı: "Əvvəlcədən bağlanılmış müqavilə" - "Sibirdən Bakıya qardaş töhfəsi" "Yeni sakinləri gözləyir Sibir". Sonra gəlir: Kremldən gələn səslər. Baş cəlladın teleqramı: "Xalqı xalqdan qoruyana dost salamı!" Sonra gəlir baş cəlladın məktubları: "Qızıl sözlər guşəsi.." Mən görməzdim o muzeyi, Mən girməzdim o muzeyə, Bacarmadım. Yox, o muzey mənə çoxdan, Çoxdan tanış, Bundan böyük, bundan doğru muzeyini Heyf, tarix saxlamamış. Ha istədim o muzeyin qapısından Pünhan keçəm, - bacarmadım. Gözlərimi yumam keçəm, - bacarmadım. Bircə düyün, yapışmağa bir əl yeri - Bir anlığa səni, səni xilas üçün Tapılmadı. Rəğbət üçün, rəhmət üçün, Dəqiqəlik bir yas üçün Tapılmadı. Sənə yazıq, Sənə bədbəxt, Sənə sarsaq, Sənə harın, sənə sərsəm Demək üçün. Bəlkə elə günahısan Səni doğan bir millətin, Ha istədim xilqətə yad xilqətinə Bir ad verəm: - alınmadı. Mirqəzəblik sənətinə Bir ad verəm: - alınmadı. İmanımı, gümanımı Vəkil tutdum, alınmadı. Vicdanımı vəkil tutdum, Alınmadı. "Karsız" dedim, alınmadı, "Gorsuz" dedim, alınmadı. Bir zağan yox, bir kahan yox, Mağaran yox, Kimsənən yox, simsarın yox. Əqrəban yox! Məzarın yox, sarayın yox, xaraban yox! Dən axtardım, Çürük bir dən: Öləziyən xatirədə Bitsə birdən... Əl bu günü, Dil dünəni silkələdi, - Görünmədi. Söz daş oldu, Daş mələdi görünmədi. Hara yazaq bu yazını, Kimə deyək bu deyimi? Bu muzeyə nə ad verək: - İbrət-nifrət muzeyimi?..
1991
|
|