NECƏ YAŞADIMSA...
Heç nə qalmayacaq, bilirəm, heç nə; Nə şöhrət çələngi, nə şöhrət tacı. Vida deyəcəyəm Vətən mülkünə Gözləri yumulu, əlləri açıq.
Nə əkdi, nə dərdi şair əllərim? Gözləri yumulu getməyim haqdı: Bəlkə gördüyümə şahid əllərim Oyub gözlərimi oyadacaqdı.
Səhərlə göz açdım, axşamla batdım, Şax durdum qəhrəman heykəli kimi, Dünyaya gözləri yumulu baxdım, Dünyanı görmədim görməli kimi.
Sinəmdə od tutdu söz yığın-yığın, Əllərim dil gəzdi bu lallıq üçün. Ümid çıraqları yandırmadığım - Əllərim açıldı halallıq üçün.
Heç nə qalmayacaq, bilirəm bunu. İtsə nə fərqi var, Qalsa nə fərqi. Bir ömrün nə dəmdə puç olduğunu Anlayan olmasa... olsa, nə fərqi.
Hər "mənim" dediyim mənimmi? Çətin! Yüz ara, min axtar... pisi mənimdir, Dünya ocağında bişən nemətin Tüstüsü mənimdir, Hisi mənimdir.
Axmaqlar eləcə axmaq qalacaq, Onlar da baisi: göz yummağımın. Mənə düyününü açmaq qalacaq Yalan yumağının, düz yumağının.
Mən alıb satmadım sabahlarımı, Nəyəmsə, sən məni onda da ara! Gizlədib gözümdə günahlarımı Göz yuman olmadım göz yumanlara.
Bu daşa-torpağa mən səcdə qılıb, Eldən pay aldımsa, elə payladım. Bir üzdə buz gördüm, bir üzdə qılıq, - Necə almışdımsa, elə payladım.
Bu ürək - Vətənim, bu ürək - Ölkəm, Nə pislik tanıdı, nə kin, nə acıq. Necə yaşadımsa, elə də ölləm: Gözüləri yumulu, əlləri açıq...
28 aprel, 1991
|
|