YOL AYRICINDA SÖHBƏT
Mən özüm bilirəm nəçiyəm, nəyəm; Tikdiyim bu daxma, hördüyüm budur, Odası tərtəzə, odu köhnəyəm, Əlimdən bu gəlir, gördüyüm budur... Beşi xoşlasa da, biri xoşlamaz, Sinəmdə buz yanar, canlı qışlamaz, Qələmim ot biçməz: küləş xışlamaz; Məni bağışlayan olarmı? - Çətin!
Özümdən danmışam öz günahımı, Nə qədər xeyrimiz, şərimiz qalıb; Dərdsiz yox, bölüşəm könül ahımı, Bircə soyulmayan dərimiz qalıb, Soyun dərimizi, soyun, yaşayaq, Beş günlük ömürdü, qoyun, yaşayaq, Qurd ola bilmədik, qoyun yaşayaq, Məni bağışlayan olarmı? - Çətin!
Talelər dayaqsız dayaqlar üstə; Bir qəlbi göynətmir min tale dərdi; Tüstülü, tüstüsüz ocaqlar üstə Aşları buğlanan biganələrdi. Mən ki, hər ölənlə ölə bilmirəm, Mən ki, bölünməzi bölə bilmirəm. Üzü dönüklərdən dönə bilmirəm. Məni bağışlayan olarmı? - Çətin!
Demədim kimə "şah", kimə "yetimsən", Bu qara millətin, bu ağ millətin, Dedim ki, yemini Allah yetirsin Ağlı gödəninə calaq millətin! Payını it qapar maymaq millətin! Yamaq millətlərə, yamaq millətin! Qadını ər doğmaz qorxaq millətin! Məni bağışlayan olarmı? - Çətin!
Dünənim, bu günüm ayağım altda, Baxıram: üfüqdə sabah görünür, İnsandır çıxaran insanı yaddan: Sabahın əlində silah görünür, Sabahın dilində silah səslənir, İlahi, nə böyük günah səslənir: Şair dodağında bir ah səslənir: Məni bağışlayan olarmı? - Çətin!
23 may, 1991
|
|