YA RƏBBİM, BU DÜNYA SƏN QURAN DEYİL
İnsandan insana körpümüz sınıb, Ya rəbbim, hamımız sənə sığınıb. Özünü özündə itirib insan, Didişmə dişləri bitirib insan. İçdiyi zəhərdir, qusduğu zəhər, Qəhəri bəhərdir, bəhəri qəhər. Ya rəbbim, bizlərə qaytar bizləri, Şeytan qulağında axtar bizləri, Tələsi yoxların cələsi işlək; Cələsi yoxların tələsi işlək; Çaparlıq istəsək - yolumuz kəsik, Qılınca əl atsaq - qolumuz kəsik. Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən. Sən bizi kiçiklər kinindən qoru, Fil tutur, şir tutur hörümçək toru. Ya rəbbim, adilsən, hifz elə bizi, Halal ocaqlara üzv elə bizi. Gör harda, gör necə Məcnunuq hələ, Qəbir qazmağınan məşğuluq hələ; Külüng də bizimdi, torpaq da bizim, Batmış da, yatmış da, oyaq da bizim. Yalanı tuş elə öz ünvanına, Özün çək nahaqqı haqq divanına. Hələ mürgülüyük, xeyli mürgülü, Zurnalı, qavallı, neyli-mürgülü. Hələ öz içində batanımız çox, Düşmən laylasına yatanımız çox. Hələ qoltuqlara sığan nə qədər, Hələ töküləni yığan nə qədər. Yolu çox genişdir gedər-gəlməzin, Ağlımız bu yolla gəlsin-gəlməsin? Bu gəliş nə gəliş, Bəllisə sonu? Bu gediş nə gediş Kim qovur onu? Ya rəbbim, xəlbirlə lovğa "mənləri", Ələyib sovur da bölünənləri, "Bizliyə", "sizliyə" bölünənləri, Dağlıya, düzlüyə bölünənləri, Keçir ələyindən lovğa "mənləri", Keçir bölünməklə öyünənləri. Çoxluğa sədd olan "azlığı" uçur, Çoxluğu azlığın üzərində qur. Kimdir qıl verəni fəndgir azların? Kimdir yaradanı yaramazların? "Əhdini cəhdinə girov qoyanlar?!" Adını deməyək, deyək ki, "onlar"... Gəlir qulağıma bir səs dərindən: "Qoru sən özünü həndəvərindən! Bir dinlə zamanın sevdiyi səsi: Tülkü qaqqıltısı, qurd mələrtisi!.." Ya rəbbim, sən qaytar bizi bizlərə, Cala boz günləri ağ gündüzlərə, Nə qədər itik var, - Min artıq tapan, Naxırsız naxırçı, sürüsüz çoban! Qarışıb: xalq kimdi, Xalqı çapan kim! İşıq paylayan kim, işıq qapan kim... Bu necə yuxudu... ayılmaq olmur, Qaçanı qovandan ayırmaq olmur... Nə qədər qaçacaq bu qaçan yazıq? Nə qədər qovacaq bu qovan yazıq? Ona "qaç" deyiblər - qaçır beləcə, Buna "tut" deyiblər - qovur beləcə... Ya rəbbim, mən sənə olanı dedim, Azacıq yadımda qalanı dedim. Bizə qalmayacaq nə bizə qalsa, Dağ dağa qovuşsa, düz-düzə qalsa, Qalan dərdimizi yükləsək əgər - Kəl olsa, nər olsa - qəddi əyilər. Ya rəbbim, arabir düş yanımıza, Arabir ölçü qoy vicdanımıza. Harda dinimiz var, İmanımız yox, İmana gəlməyə gümanımız yox; Gəlsən tufanla gəl, Tufanla qayıt, Bu yeri, bu yurdu sahmanla, qayıt... Ya rəbbim, bu dünya sən quran deyil. Qudurğan sən görən qudurğan deyil, İndi qudurğanın altında yatır... İndi qudurğanlar uzun ömürlü, Meymunlar yenə də ağacda yatır, Fağırlar yenə də quzu ömürlü... Ya rəbbim, bu dünya sən görən deyil! Bü sədlər, sərhədlər sən hörən deyil. Adını, soyunu dəyiş dünyanın, Odunu, suyunu dəyiş dünyanın, Yolunu, yönünü dəyiş dünyanın, Ya rəbbim, bu dünya sən quran deyil, Fəzada yerini dəyiş dünyanın...
1991
|