AY YAZIQ
Göz ki, gördüyün demədi O gözü oyub tullaram. Ağılsıza yedək ağlı Sapanda qoyub tullaram. Özümü səndə quylaram, Bəs səni neynim, ay yazıq!
Nə yazıqlar cərgəsində, Nə pozuqlar cərgəsində İzin yox, ləpirin yox, Daşın yox, dəmirin yox, Ələyin yox, xəlbirin yox, Mən səni neynim, ay yazıq!
Düzün kəhəri sürüşkən, Mənsəb yəhəri sürüşkən, Sənin doğrun yalan olmaz, Səni alsam, satan olmaz, Səni satsam, alan olmaz, Mən səni neynim, ay yazıq!
Əyilib ayaq yalamaz, Hər görünəni görməzsən. Qurda qoşulub ulamaz, İtə qoşulub hürməzsən, Tələ qurub, tor hörməzsən... Mən səni neynim, ay yazıq!
Sənə sarı səs-soraqlı Gələn yollar yolu bağlı. Nə göydə Allah eşidir, Nə də yerdə bəndə səni, Heç duymadım mən də səni... Yazıq ürəyim, ay yazıq!..
14 fevral, 1993
|
|