Şamil NAMAZOV
“QANADLI QAYALAR”
Azərbaycan sovet poeziyasının orta nəslinə mənsub şairlərdən biri də Məmməd Arazdır. O, özünəməxsus yaradıcılıq xüsusiyyətinə, təzə poetik üslubuna görə yaşıdlarından seçilir. Milli ənənələrimizə yaradıcı münasibət, xalq folklorundan bəhrələnmək kimi müsbət keyfiyyətlər şairin əsərlərini geniş oxucu kütlələrinə sevdirir.
“Qanadlı qayalar” kitabı Məmməd Arazın oxucularla yeni görüşüdür. Kitabdakı şerləri oxuyandan sonra bu qənaətə gəlmək olar ki, şairin əsərləri gərgin sənət axtarışlarının, ürək çırpıntılarının, hiss və həyəcanların, mənalı düşüncələrin məhsuludur
Kitabda toplanmış şerlərdə müasir həyatımızın təsviri və tərənnümü əsas yer tutur. Qurub-yaradan zəhmət adamının parlaq surətini bu əsərlərdə daha aydın görmək olar. Bu baxımdan “Muğanda Kür nəğməsi”, “Neftçilər”, “Çoban nəğməsi” və sair şerlər xarakterikdir. “Dəniz şəhərinə səfər”də tufanlarla məharətlə çarpışan, çətinliklərə qalib gələrək ölkəyə “Qara qızıl” verən neftçi barədə səmimiyyətlə danışılır. Şair indiyədək Neft daşlarında olmadığına təəssüflənir, “söz gəmisini” bu adaya “sürmək” istəyir.
Məmməd Arazın şerlərində doğma Vətən torpağının tərənnümü də əsas yer tutur. O, bir şerində Vətən torpağının qayalarını obrazlı şəkildə babaların düşmən üstünə gedərkən qaldırdıqları yumruğa bənzədir. Çünki onlar:
Qaya kimi
dayaq olub, yumruq olub,
ox olublar.
Digər şerində isə şair Azərbaycanı “torpağın nur əkənlər, nur biçənlər” diyarı adlandırır. Məmməd Arazın doğma Vətən haqqında yazdığı şerləri içərisində “Azərbaycan – dünyam mənim” şeri daha təsirli, daha poetikdir. Burada Azərbaycanın tarixi keçmişi, bu günkü xoşbəxt həyatı məharətlə, obrazlı ifadələrlə əks olunmuşdur.
Məmməd Araz şerlərinin üzərində dönə-dönə işləyir, fikrin yığcam əks olunmasına, poetik formanın, ahəngin gözəlliyinə diqqət yetirir. “Bulaq daşında yazı” adlı bir bəndlik şerə diqqət yetirək:
Nəğməsiz dodaqlar bu suyu lillər,
Zirvələr qarından süzür dağ südü.
Əyil duruluğa duru könüllə!
Bir bulaq olubdur bu torpaq südü.
Məmməd Araz üçün mövzunun böyüyü, kiçiyi yoxdur. Adi bir hiss, duyğu onun poeziyasında əsil sənət nümunəsinə çevrilə bilir.
“Qanadlı qayalar” kitabında dörd poema verilmişdir. Bunların içərisində “Əsgər qəbri haqqında ballada” xüsusilə müvəffəqiyyətlidir. Şair Lvov şəhərində olarkən bir azərbaycanlı əsgərin qəbri ilə rastlaşır. Böyük Vətən müharibəsi illərində həlak olmuş bu döyüşçünün taleyi onun üçün poetik material olur. Şair bu faktı ümumiləşdirərək müharibənin dəhşətlərini xatırladır. Xalqların sülh arzusunu alovlu bir dillə tərənnüm edir.
“Mən də insan oldum” poemasında isə fəhlə sinfinin azadlıq uğrunda keçdiyi döyüş, mübarizə yolu təsvir olunur. İnqilabdan əvvəl zülm içərisində yaşayan fəhlələri öz satirik şerləri ilə mübarizəyə səsləyən M.Ə. Sabir poemada bugünkü fəhlənin dili ilə hörmətlə yad edilir. M. Arazın başqa poemaları da ciddi axtarışların tapıntısıdır.
Ümid edirik ki, “Qanadlı qayalar” kitabı oxucuların dərin rəğbətini qazanacaqdır.
1974