SUALLAR, CAVABLAR
Unudulmaz şairimiz X.R.Ulutürkün tərcüməsində rus şairi Y.Yevtuşenkonun "Zaman" şerindən təəssürat
Ömür bir sualdır, ömür bir cavab, "Niyələr", başlanğıc, "çünkilər" axır. "Niyə" bu dünyaya gəlib bu cavan?.. Bu su hardan gəlib, haraya axır?..
İnsan yox, kölgələr çıxır qarşıma, Kölgələr dil açıb söz deyə bilmir. "Niyələr" qılınc tək enir başıma, "Çünkilər" qalxanlıq eyləyə bilmir.
"Niyələr" bir qaya, bir uçrum daşı, Qopdu öz yerindən qayıtmaz daha, "Çünkilər" söz gəzir, dili dolaşır, O da qayıtmazdı, dönməzdi daha...
Kim tapdı bu evdə qonaq qalmağı? Mən sual verənəm, mən cavab yazan. Bir yoluq yolçudan cavab almağım Zamandan aldığım cavabdan asan... Zamanın uçrumu dərindən dərin, İnsanı udmağı bircə an olmur. Zaman xəlbirindən keçməyənlərin, Sonrakı taleyi çox yaman olur.
Hər insan dünyası sirli bir ada, Söz əyə bilsə də söz udmur məni. Özümün verdiyim suallara da Özümün cavabı ovutmur məni.
Bu sorğu-suallar bəlkə nahaqdı, Zamanın qulağı çox səsə kardı. Beş addım gedirsən, görürsən artıq: Sual da, cavab da, vaxt da qurtardı.
Bir sual, bir cavab eşidir zaman, Zamanın alqısı, satqısı haqdı. Zaman yer azmışın tutub qolundan, Dinməzcə yerində oturdacaqdı.
Mən də gah özümü özümdən danıb, Gözümü çox şeyə yummaq istərəm. Çox səsi, çox sözü paslanmış sanıb, Töküb dənizlərə yumaq istərəm.
Mən də bir cavabdeh, günahkar kimi... Zaman zəlzələsə, mən kiçik dağam; Qoşub inadıma həqiqətimi Zamanla üz-üzə dayanacağam...
25 oktyabr, 1994
|
|