BÜLBÜL
Yenə bahar gəldi, ötüb keçdi qış, Döndün bağımıza, vəfalı bülbül. Neçə el dolandın, dilə gəl, danış, Bizim kəndimiz tək səfalı, bülbül!
Sarı dimdiyində gül yarpağını Alıb gəzdirdinmi budaqlarda sən? Bizim kəndimizin bahar çağını Tərif elədinmi uzaqlarda sən?
Səsində baharın təravəti var, Mən də çox vurğunam bu ada, bülbül. Yox, dedim həmdəmin olsa da bahar Məhdud ömr edirsən dünyada, bülbül.
Min diyar keçirsən, min el gəzirsən, Gördüyün bahardır, yenə bahardır. Fəqət hər fəsildə yaşayıram mən, Kəndimin hər fəsli mənə bahardır!
1952.
|
|