 |
|
|
RƏSSAM ANA Nazim Hikmətə
Danışır, kükrəyirsən- Dəniz nədir, ümman nədir... Nəşən mənə nəşə verir, Qəmin mənə qəm gətirir. Dolur bəzən mavi gözün Elə bil qəm dəryasıdır. Qalxıb-enən sinən sanki Anadolu yaylasıdır.
Danışırsan, üzərinə Sual üstdən sual yağır. Ancaq məni dinləyəndək Başından od-alov qalxır. Bir anlığa lal olursan, Bulud kimi tutulursan. Belə bilsəm lal olardım, Belə bilsəm danışmazdım. "Anan varmı"- soruşmazdım. Mübarizə şairisən, Yaddır sənə qüssə, ələm. Fəqət ana adı gəlcək Sevincini apardı qəm.
Susdun, susdun, ey sənətkar, Alnındakı bu qırışlar, Ağrı dağın ətəyində gördüyüm Pillə-pillə cığırlara oxşadı. Susdun, bir ana xəyalım, Saçlarını oxşadı. Xeyli susdun, susdu sinəndə ilham, Yavaşca dedin: "rəssam idi anam, Rəssam idi, sonra gözü tutuldu". Daha danışmadın, söz mənim oldu. Gör mən nələr eşitdim, nələr yazdım Gözlərim çıxsa belə sarsılmazdım.
Sarsıldım, yandı sinəm Sinəsi vulkan bir dağ kimi. Sarsıldım çiçək kimi, Qaraldım torpaq kimi. O yalnız ana deyil, O həm də sənətkardı. Analıq eşqi qədər Sənət eşqi də vardı Nur aşiqi bir rəssamın Gözünə zülmət çökdü. Zaman onun gözünə Göz dağı çəkdi.
Çökdü, çökdü qəlbinə qəm, Gözünə zülmət bir aləm. Artıq, artıq uğrunda Həyatını verdiyi Bir həyatı görmədi. Dibində boy atdığı, Hüsnündən neçə-neçə Tablolar yaratdığı Bir elatı görmədi. Bəlkə verdi, Gözlərinin nurunu Oğlu yatan Zülmət zindan işıqlana. Nələr duydum ana, sənətkar ana. Necə qıydı sənə kor təbiət. Qıydı anaya- Qıydı rəssama. Qıydı sənətə, Qıydı ilhama, Nankor təbiət. Bəlkə də yanılıram, Bəlkə belə deyildi. O ananın gözünü Təbiət bir səma bildi. Səmanın buludları Endi mavi gözünə. O bəlkə buludları Bir pərdə eləyərək, Öz səmavi gözünə. Günəşdən də bir yeni, Rəng alım deyirdi. Bəlkə, bəlkə Günəşi Öz doğma Vətəninə Endirmək istəyirdi.
Çökdü, çökdü qəlbinə qəm Gözünə zülmət bir aləm... Bahar aşiqi rəssam İlk baharı görmədi. Tablosunda can verdiyi Canlıları görmədi. Görmədi yeriş verib, Dil verib, gülüş verib Böyütdüyü oğlunu. Ancaq fırça götürdü Yenə də çəkdi onu. Çəkdi, axşam çəkdi Səhər çəkdi. İndi əl deyil, İndi göz deyil, Duyğular, hisslər çəkdi. Çəkdi, çəkir yenə də... Yeri, göyü-ərşi çəkir... Yurdunun göylərində Doğacaq Günəşi çəkir...
1956.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |