|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Sabir   RÜSTƏMXANLI

VƏTƏN  DAŞLARININ   VƏTƏNDAŞLIQ NƏĞMƏSİ

Təzə şer kitabı təzə yola bənzəyir: oxucunu yeni düşüncələr, hisslər aləminə aparır, qarşısında üfüqlər açır, mənzərələr canlandırır, adamlarla tanış edir. Lakin coğrafi mühitdə olduğu kimi, mənəvi, poetik mühitdə də yollar bir-birindən seçilir, fərqlənir. Bir ciğır bizi min dəfə gördüyümüz, tamaşa etdiyimiz, gözümüzə, könlümüzə hopmuş yerə aparar, başqa bir cığır isə bizi fikrimiz yetməyən uzaqlıqların əlvan mənzərələri qoynuna atar. Yolumuza neçə-neçə yaxşı dost çıxara bilər.
Təxminən on il əvvəl, yay tətilində, meşələr arasına sığınmış, əl-ayaqdan uzaq, üç-dörd ocaqlıq yaylaq obasında təklikdən darıxdığım vaxt təsadüfən əlimə keçmiş balaca şer kitabı gözüm önündə təzə poetik mənzərələr canlandırırdı.
Mənə elə gəlir ki, həmin kitab Məmməd Arazın yaradıcılığında çox mühüm rol oynadı. “Mən səni taparam” körpüyə çevrildi, şair üçün oxucu, oxucu üçün təzə müəllif  tapıntısına çevrildi.
Sonralar mən dəfələrlə yaylaqla, dağlarla M. Arazın dili ilə vidalaşmışam:
            Bəlkə bu yerlərə bir də gəlmədim,
            Duman, salamat qal, dağ, salamat qal.
            Dalımca su səpir yoxsa buludlar,
            Leysan, salamat qal, yağ, salamat qal!
Dağın, daşın, otun, çiçəyin – gözünə əksi düşmüş hər şeyin sənə doğma olduğu yerdən, gəncliyin əziz, unudulmaz hisslərinə yuva olmuş bir guşədən ayrilib gedəndə vida kimi ürəkdən tikan çıxaran nəsə bir söz demək istəyirsən. Hisslər sinəndə düyünlənib qalır. Məmməd Araz bu düyünü əridib sözə çevirə bilib. Yüz dəfə, min dəfə hamının yaşadığı hissi misraların poetik axarına salıb. Şer də burdan başlanır...
“Qanadlı qayalar” kitabı  (“Azərnəşr” 1973) haqqında qeydlərimi həmin şerlə başlamağım da məhz bu cəhətdən – təbiət, torpaq və şair münasibətinin kökünü, inkişaf xəttini göstərmək meylindən irəli gəlir. “Qanadlı qayalar” kitabı həmin mövzuda aparılan yaradıcılıq axtarışlarının uğurlu nəticəsi hesab edilə bilər.
Bu əsərlərin çoxunda  “Əlvida, dağlar” şerindəki el-obayla, dağlarla vida əhval-ruhiyyəsi əvəzinə qayıtmaq, təzədən baxmaq, daha yaxşı görməyə və hiss eləməyə çalışmaq əhval-ruhiyyəsi var. Ilk səhifələrdə getmiş adsız şerdə “Ana yurdum, hər daşına üz qoyum” deyən müəllifin bu arzusu kitab boyu müxtəlif poetik şəkillərdə əksini tapır. Elə bil o, vidalaşıb, gedib, qəribsəyib, ancaq hiss eləyib ki, vida, ayrılıq, qəriblik duyğuları vətənin böyüklüyünü, gözəlliyini göstərməyə bəs eləmir. Elə buna görə də geri dönüb hər qayanı öz dilində dindirəndən sonra vətəni daha yaxşı tanıyır, onun keçmişi və bu günü ilə bağlı daha real, təbii, aydın mövzulardan yapışır.
Qayıdış, “torpağa enmə”, “hər daşa üz qoymaq” əhval-ruhiyyəsi “Salam, a zirvələr” şerinin poetik pafosunu təşkil edir. Lirik qəhrəman başqa müəlliflərin təxminən eyni obyektə həsr olunmuş şerində olduğu kimi xatirə dalınca qayıtmayıb: öz intim, məhdud uşaqlıq duyğularına  uymur – dağlara üz tutub ki, öz torpaq nəğməsini “torpaqda ən möhkəm bitən qayalara oxusun”, “daş qələmini buluda batırıb, yağışlı bir nəğmə yazsın yamaca”. Onun dağlardan xahişi var: “Yenə bir qayada göyərdin məni. Yenə bir nəğməlik köyrəldin məni”. Lirik qəhrəmanı torpağa-daşa qovuşduran da bu arzudur, bu birlikdir. Bu birlik hissi daşları canlandırır: şair gözündə  tarixin neçə min illik yolundan keçib gəlmiş babalara, nənələrə, xalalara döndərir. Qayalar qanadlanırlar: onların qanadı bir çox halda həm də şerlərin poetik qanadına çevrilə bilir.
“Ərim gəldi” qayasından baxanda Şuşanın civarında boy-boya vermiş daşlar əvəzinə şair gözündə uzaq səfərlərdən,  döyüşlərdən qayıtmamış ərlərini gözləyə-gözləyə donub qalmış gəlinlər, analar canlanır.    
            “Ərim gəldi” qayasının dövrəsi daş,
            Daş gəlinlər bir anlığa dillənə kaş.

            Bircəsinin nidasına qoşqu olam,
            Ünvanına yetirməyə borclu olam.
Lirik qəhrəman “bacı” deyə böyük bir səmimiyyətlə müraciət etdiyi daşların “xoru”nda tarixin müsibətlərinə təzədən qulaq asır:
            - Ərim gedib: ehtiyac bir yola gələ!
            Ərim gedib: qanlı köynək ola gələ!
            - Ərim gedib: xan qızına lələk üçün!
            -Ərim  gedib Kəbəyə bir dilək üçün!
Bu ideya “Vətən qayaları, vətən daşları silsiləsindən olan “İnsan qayalar” şerində daha geniş, daha ümumiləşdirilmiş şəkildə qoyulub. Şair özünün dil tapdığı daşlarla hamının danışa bilməsini, bu daşların arxasında dayananları hamının görməsini, “qayaların keçmişinin” oyanmasını və bu insan qayaların “insanlığa qayıtmasını” arzulayır. Bunun dalınca poetik hisslə dolu misralar səslənir:
            Bu qaya sərkərdələr
                Onda məni –bir balaca daş əsgəri
                        qoyar yəqin,
                        qoşulmağa bu cərgəyə,
            Qayaların keçmişini
                qayalara yazdım, deyə.
            Onda Vətən sanar məni
                bir balaca vətən daşı,
            Vətən daşı olmayandan
                olmaz ölkə vətəndaşı...
M. Arazın bir çox şerində dağların, qayaların oyatdığı assosiasiya, poetik hiss beləcə geniş və ictimai siqlətlidir: güclü vətəndaşlıq duyğularının,  keçmiş və gələcəyimizlə bağlı narahat və inamlı düşüncələrin məhsuludur.                                                           
Bizcə Məmməd Arazın şerlərinə oxucu rəğbətinin səbəblərindən biri də budur ki, şair vətəndaşlıq hisslərini çılpaq, birbaşa yox, konkret obrazlarla, adi daşın, qayanın dili ilə, poetik əlvanlıq və gözəlliklə ifadə edir.
Insan və torpaq, insan və vətən daşları xətti kitabda güclüdür və buradakı şerlərin çoxusu bu xətt ətrafında birləşir. “Azərbaycan – dünyam mənim” şerində də vətənin gücü, zənginliyi, zərifliyi belə ifadə olunur:
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            ...Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər.
Oxşar obrazların nə qədər geniş və müxtəlif mənalarda işlədilə bilməsini kitabdakı “Şuşada bir gecə”, “Oxuyan Təbriz”, “Dəniz şəhərinə səfər”, “Dağ çayına oxunmuş məktub”, “Heykəl ömrü”, “Ata ocağı”, “Bir dağa açıq məktub” və s. şerlərdə aydın görmək olar. Bu əsərlərdə, bəzi istisnalar nəzərə alınmazsa, obrazlar müəllifin əhval-ruhiyyəsinə və şerin ümumi pafosuna uyğun işlədilmişdir. Məmməd Araz obrazı obraz demək xatirinə işlətmir, şairin yaradıcılığında biz poetik düşüncə tərzindən doğan təbii, obrazlı danışığın “obrazçılıq”dan  necə aydın seçildiyinin dəfələrlə şahidi olmuşuq. O, təbii şair olduğuna görə süni obrazlar, qondarma misralar şerlərində daha tez gözə çarpır. Müəllif ilhamını zorlayanda, gərəksiz görünən, fikri dolaşdıran bənzətmə və təşbehlərlə misraları ağırlaşdıranda oxucunun diqqətini əsas məsələlərdən yayındırır. Poetik hissin təsiri azalır.
“Heykəl ömrü” şerində görkəmli heykəltaraş F. Əbdürrəhmanovun zəhmətini tərənnüm edən şair deyir: “Neçə qaya zəmilikdə yer xışladı”.  Fikri belə dolanbaca salmağa ehtiyac varmı? Yaxşı hiss bəzən adi sözlərin təsirli düzülüşü ilə də çata bilir. Şerin hər misrasının obrazla yüklənməsinə ehtiyac yoxdur: əsas məsələ əsərin məzmunca poetik və obrazlı təfəkkürdən doğmasıdır. Belə dolanbac misralara “Əsgər qəbri haqqında ballada” poemasında da rast gəlirik.
“Çoban nəğməsi”, “Mənim yurdum” şerlərində M. Arazın poeziyasına yaraşmayan vəzn qırıqlığı, sözlə, zahiri effəktlə şeri guya “müasirləşdirmək” meyli duyulur.
            Mənim yurdum hardan başlar? –
            Ürəyimin kandarından (?)
            Uzaq Şərqin
            Okean yuyan daşınacan,
            Uzaq Qərbin
            Karpat yağışınacan.
Ürək bir tamdır; onu kandarlı, qapılı, pəncərəli təsəvvür etmək olmur. Şairin hətta çox uğurlu , gözəl şerlərində də ara-sıra belə dolaşıq, təbii səslənməyən, sözləri “gözə dürtülən” zəif misralara təsadüf edirik. Düzdür, etiraz eləyə bilərlər ki, şeri bütövlükdə təhlil etmək lazımdır, misra-misra yox, təəssüf ki, belə dolaşıq misralar şerlərin bütövlüyünü pozur, yamaq kimi görünür.  
            Gəzəcək çoxmu sənin  ətəyində yavalar?!
            Oğursaq əmmiş zağalar, (?)
                    Köpmüş savalar?!  (?)
                                   (“Bir dağa açıq məktub”)
                          
            Gecənin lal uyğusunu poza-poza,
            Tez mürgüyə gedənləri
                    yuxlayar cırcırama...(?)
            Oxuyar, oxuyar, oxuyar cırcırama,
            Sonra da əbədi yuxlayar cırcırama.
                        (“Cırcirama”)
İşarə edilən misralardan heç nə anlaşılmır, bunları daha aydın və anlaşıqlı şəklə salmaq olardı. Şerin yolu dəniz yolu kimidir, artıq yük səfəri çətinləşdirir, oxucunu yorur.
Daş, qaya, dağ obrazı əgər təzələnibsə, həmişə işlənə bilər. Təki şer də daş kimi donuq olmasın. Ən heyrətli obraz da  soyuq, cansız olanda şerdə artıq görünür.
“Oxuyan Təbriz”, “Ata ocağı” şerlərində şair əhval-ruhiyyəsi ilə bağlı olanda, obrazların necə parlaq məna yükü daşıya bildiyinin şahidi oluruq.
            Aşıq Cavan sarılmışdı sazına,
            Toy qurmuşdu dünəninin yasına,
            O dərdini ya sındıra, ya sına,
            Qəzəbi köklənib dağın-daşın da
            Təbriz ağlayırdı dağlar başında.
Təbrizdən, qardaş dərdindən söhbət gedəndə dağ-daşın da qəzəbi köklənir. Əslində şer özü də belə bir qəzəb  üstündə köklənib:
            Ağlasa, ağlardı ildırım kimi,
            Gurşad saçı yolan sıldırım kimi.
            Qapıb şimşəkləri bir şırım kimi
            Nəğmə toxuyurdu dağlar başında,
            Təbriz oxuyurdu dağlar başında!
Coşqun qəzəb, yanar həsrət burda çılpaq hay-küydə yox, sözlərin, obrazların məna tutumunda, çəkilən mənzərənin miqyasında, dilimizin gözəlliyini ifadə edən sanballı qafiyələrin sıralanmasında - “gizlənib”. Nəhəng miqyaslı, iri, kosmik obrazlardan və ya geniş düşüncə tərzindən tez-tez danışılır. Nəhəng obraz və geniş düşüncə - əgər bir vəhdət kimi əksini tapırsa, yaxşı nəticə verə bilər. Cılız fikirləri nəhəng obrazlarla vermək də böyük fikirlərdən cılız obrazlarla danışmaq qədər uğursuz yoldur. “Oxuyan Təbriz” şerində isə “Göymü yeri, yermi göyü udacaq, buludlar üfüqdə əli qaşında” misraları havadan asılı qalmır. Çünki dağlar başında saz çalınır, dağlar başında Təbriz ağlayır.
            Ağlasa –ayaqda tüfəngə dönər,
            Balası vurulan pələngə dönər.
            Bir dərə ağızlı nəhəngə dönər,
            Dumanlar yas qurdu dağlar başında,
            Təbriz oxuyurdu dağlar başında.
“Ata ocağı” şerində M. Araz tanış mövzuda təzə söz deyə bilib. Şerdə ata ocağı mücərrəd , xatirələrdə sönmüş bir məkan deyil, yaşayan və lirik qəhrəmanı yaşadan doğma bir guşədir. Müəllif bir ocağın fonunda  bütün xalqa məxsus olan müqəddəs ənənələri ümumiləşdirib.
            ...Burda neçə nəsil baş əyib oda,
            Nənələr əl basıb ocaq daşına.
            Burda dəyməyiblər ilanlar da,
            Pənah gətirəndə ocaq başına.
“Anamdan yadigar nəğmələr” silsiləsindən bəlli olduğu kimi sadə, özünə doğma və yaxın olan, dərindən yaşayıb hiss etdiyi mövzulardan yapışanda M. Arazın şair səsi daha inamlı, daha səmimi və yanğılı olur. Doğma ocağın intim həsrəti fonunda Məmməd böyük insan kədərindən, müasirlərimizin mənəvi dünyasını səciyyələndirən narahatlıqdan söhbət aça bilir.
Hissin, poetik əhval-ruhiyyənin müasirliyi və assosiasiya  genişliyi baxımından M. Arazın yaradıcılıq nailiyyətlərindən sayılan “Naməlum qadına məktublar” silsiləsinin davamı kimi səslənən  lirik əsərlər təzə kitabda da müəyyən yer tutur. “Nə bilim”, “O bir gün...”, “Vədəsiz çiçək”, “Mənli də, mənsiz də bu dünya vardı...”, “Bir gün idi”, “Min dəfə düşünüb daşındın azı...”, “Sən” və s. şerlər dediklərimizə misal ola bilər.
            Dərməsəm qorxuram soldura tufan,
            Əlimdə solarsan dərərsəm, gülüm... –
poetik ümumiləşdirməsi bu şerlərin çoxuna xas olan narahatlığı ifadə edir. “Uyuşmadıq havasına ürəklə ağlın” misrası M. Arazın sevgi şerlərinin əsas pafosunu aydınlaşdırır. Adları çəkilən şerlər bu mənəvi narahatlığın  əks-sədası təsiri bağışlayır. Lirik qəhrəman bütün yolüstü, ötəri, lakin ürəkdə izi qalan  həsrətlərdən kövrəlsə, təsirlənsə də poetik nəticə olaraq, daim möhkəm, təmiz əxlaqa bağlı olan sevginin  tərənnümçüsü kimi çıxış edir.
M. Arazın lirik qəhrəmanının  düşüncə tərzi  “Vitrinlər”, “Ağ şəhərli qaralar”, “Eyfel qülləsində...”, “Viktor Hüqo qitəsi”, “Nazimə Türkiyə sovqatı” və s. şerlərdə Türkiyəyə, Parisə doğru genişlənir. Göz önündə acilan üfüqlər şerdə poetik üfüqlərə  dönür. Eyfel qülləsinin ucalığından Azərbaycan görünməsə də, Eyfel qülləsində dayanmış şairin mənəvi ucalığından Vətən göz önündə təzədən canlanır.
            Eyfel qülləsindən Senaya baxdım, -
            Arazlar körpülü göründü bu gün.
                                                       (“Eyfel qülləsində...”)   
Şairi Parisin işıqlı, bərbəzəkli küçə və meydançalarından daha çox ömrünü-gününü, gözlərinin nurunu bu işığa verənlər düşündürür. Kral heykəlləri arxasında gizlənmiş xalq heykəllərini görür. Ədəbiyyatımıza xas olan yüksək insani mövqedən,  azadlıqsevərlik, sülhsevərlik mövqeyindən çıxış edir.     
Sevgi və inam! Poeziyada uğurlu yol bəlkə də burdan başlayır.  İnam kəlməsi poetik həqiqət kimi səslənməyəndə şer heç bir təsir gücünə malik olmur. Inam və cəsarət M. Arazın şerlərindəki düşüncə və ifadə tərzinə aydın bir mövqe, müəyyənlik gətirmişdir. Onun lirik qəhrəmanının səsi ürəkdən gəlir və oxucunu inandırır.
Yaradıcılıq, sənət, cəsarətdir –sözləri tək ciddi ictimai problemlərə toxunmaq mənasında başa düşülsə, birtərəfli olar. Poeziyada, cəsarət həm də axtarışdır. Təzə mövzular və təzə obrazlar aləminə baş vurmaq, ürəklə danışa bilməkdir. Bu mənada kitabdakı poemalar şair cəsarətinin, şair axtarışlarının uğurlu nəticələri kimi geniş və ətraflı söhbətə layiqdir.
“Əsgər qəbri haqqında ballada” və “Üç oğul anası”  poemalarının mövzusu ayrı-ayrı olsa da mahiyyətcə, poetik ruh etibarilə bir-birinə yaxın əsərlərdir. “Üç oğul anası” mətbuatda və ədəbi ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb. Poema ana inamı haqqında himndir.
“Əsgər qəbri haqqında ballada”, “Üç oğul anası”ndan təxminən on il sonra yazılıb. Poemaların mövzu, ideya və sənətkarlıq xüsusiyyətlərinin müqayisəsində on illik irəliləyişi aydın görə bilirik. Bu yüksəliş həm məzmunda, həm də sənətkarlıq xüsusiyyətlərində özünü göstərir. Birinci əsərdə qəhrəman üç oğul itirmiş ana idi. Ikinci əsərin qəhrəmanı isə elə bil Gülsənəm qarının adı, ünvanı məlum olmayan oğullarından birinin məzarıdır. Müəllifin axtarışları nəticəsində tapılmış, bəlkə də həmin üç oğuldan birinin – “Vətən dağlarından qopan sivri çarpanağın” xatirəsi ilə, poetik obraz kimi son dərəcə aydın və müəyyən olan bir əsgər surəti ilə söhbət, Gülsənəm qarı haqqında düşüncələrin daha fəlsəfi, daha yığcam və ümumiləşdirilmiş davamı kimi səslənir. Gülsənəm qarı haqqında “dastan”  arxada oğulsuz qalanların kədərinin poetik əksidirsə, “ballada”, döyüşdə vurulub “ölümü ilə vətəni iki qarış irəliyə aparanların”, “vətənin sərhəd xəttini sinələrində yaşadanlar” haqqında təsirli elegiyadır. Uzaq eldə torpağa qarışmış eloğlumuzun odu indi də sönməyib.
            Mən bir ovuc Azərbaycan torpağıtək
            Ukrayna torpağına qarışmışam.
            Məzarımdan nur ağacı,
                    bir də söyüd, 
                        bitsə, ancaq
            Meyvələri salxım-salxım,
            Şar-şar yanan od olacaq.
Poemanın son vərəqləri şərəfli ömür haqqında düşüncələrdir: nəsihətə çevrilməyən, müasir vətəndaşlıq yanğısı, insanın mənəvi narahatlığı ilə yoğrulmuş düşüncələr!
“Mən də insan oldum” və “Paslı qılınc” poemalarında müxtəlif tarixi dövr və mövzular fonunda insan haqqında, onun cəmiyyət qarşısındakı borcu haqqında maraqlı söhbət açır. Xarakterlərin mürəkkəbliyi, şəxsiyyətin ictimai mahiyyəti konkret həyati faktlar fonunda təsvir olunur.
“Mən də insan oldum” poeması lirik ricətə bənzəyir. “Paslı qılınc” poeması isə göstərir ki, müəllifin müasirlərimiz haqqında sanballı epik əsərlər yazmaq imkanı böyükdür. Şair ilk baxışda diqqəti cəlb etməyən, lakin bu gün üçün səciyyəvi olan mövzuya yüksək ictimai mövqedən və poetik gözlə baxa bilmişdir. Paslı qılınc –ürəkdə qalan sirdir! Adamların gözündən yayındırılan, gizlədilən həqiqətdir. Poemada belə həqiqətlərdən biri açılır, bir qılınc qınından sıyrılıb bütün kəsəri ilə Musaxan kimilərin – namus, sənət və şöhrət oğrularının başına endirilir.
            Namusla, zəhmətlə yaşamayana
            Kişi deməyibdir babalarımız! –
misarları əsərin canına hopmuş təmizlik, yüksəklik, insanlıq idealını ifadə edir.    
Məmməd Arazın həm şerlərində, həm də poemalarında  sözün yaxşı mənasında güclü bir publisistik ruh, ictimai kəsər duyulur. Bu cəhətdən onun mətbuat səhifələrində çıxan publisist yazıları ilə şer və poemaları bir-birini tamamlayır.
Şerə, sənətə ciddi və məsuliyyətli münasibət Məmməd Arazın əsərlərinin başlıca keyfiyyətlərindəndir. Söz qarşısında, poeziyanın müqəddəs imtahanları qarşısında yaradıcılıq həyəcanı, səfərbərlik hissi onun əsərlərinə bir gərginlik gətirir.
Poetik axtarışların Məmməd Arazın yaradıcılıq yolunu şaxələdiyi, haçaladığı vaxtlar da olur. Bunun nəticəsi kimi bəzən belə söhbətlər də eşidirik ki, filan kitabda guya iki müəllifin, iki Məmməd Arazın şerlərini oxuyuruq. Biri  “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr” və s. kitablardakı neçə-neçə gözəl şerin müəllifi, poetik səsində dağ çeşmələrinin duruluğu, təmizliyi duyulan Məmməd Araz,  digəri isə son vaxtlar ara-sıra birincini üstələyən, daxili narahatlığı şerlərinin formasına, ahənginə, obrazlarına, necə deyərlər, pərakəndəlik gətirən, çaxnaşma salan Məmməd Araz. Birinci lirik qəhrəman düşüncələri bütöv, eyni biçimli, cilalanmış misralarla ifadə edir, daxilən nə qədər narahat olsa da zahiri effektlər bu narahatlığın reklamına çevrilmir. Ikinci halda isə lirik qəhrəman əvvəlki səbrini itirir, narahatlıq, daxili həyəcanlar onu bəzən çılğın şəkildə, tələsik yazmağa vadar edir. Misraların ahəngi, tənasübü pozulur. Belə zahiri ikilik sonuncu kitabda da duyulur.
            Bu gün kənd yolları tüstülü, odlu,
            Təpələr fikirli adam kimiydi.
            Mürgülü zəmilər gözləri dolu,
            Dindirsən – kövrələn atam kimiydi, -
misralarında olan ifadə tərzləri sinədən gələn, heç bir maneyə rastlaşmadan süzülüb gedən muğam zənguləsinə bənzəyir.  Ikinci halda isə misralar qırıq-qırıq “danışır”. Şer əvvəlki poetik parlaqlığını  və məzmun aydınlığını itirir:           
            Qalibliyin məğrurluğu
                    nə don geyir
            Son zərbənin
                nəşəsinə bürünəndə?!
            Qəlbim deyir, fikrim deyir,
            Deyim mən də:
            Qırmızıda çimib çıxan
                    dümağ, dümağ!
             Bəs o yumaq məğlubluğun
                    suçu necə?
            Bəlkə o da öləsimiş torf boyalı
                    görkəm alır!
və s.
Oxucu “ Bu qələm – külüngüm, bu qələm – belim” deyən Məmməd Arazın şer yolunda inamla addımladığına sevinir və buna gözəl poetik məna kimi baxır. Doğrudan da əsil yaradıcılıq qələbəsi məhz torpağa bağlı olan cəsarət və dözümdən doğula bilər. Inanırıq ki, M. Arazın belə qələbələri çox olacaqdır!

1974
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws