|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İsa    İSMAYILZADƏ

POETİK  HƏQİQƏTİN GÜCÜ


Mətbuat səhifələrində çıxan yazılarını, çap olunan kitablarını illərlə oxuya-oxuya şair haqqında gec-tez bir qənaətə gəlirsən. Bu qənaət  şerdən-şerə, kitabdan-kitaba möhkəmlənəndə yanılmadığın üçün rahat nəfəs alırsan. Narahatlıq doğuran yeni keyfiyyətlərə rast gələndə ürəyində sadəcə bir oxucu təəssüfü  baş qaldırır.
Bəri başdan deyim ki, bu məqalə tanınmış şairimiz Məmməd Arazın son kitabları – “Qanadlı qayalar”, (Azərnəşr) və “Atamın kitabı” (Gənclik) – haqqında resenziya yox, olsa-olsa mülahizələr, düşüncələrdir. Burada onun poeziyasını, yaradıcılıq prinsiplərini, poetik axtarışlarındakı uğurlu və uğursuz cəhətləri imkan daxilində araşdırmaq istərdim. Odur ki, yeri gəldikcə şairin əvvəlki kitablarına da müraciət etmişəm.
Hər yaxşı şer kitabı şairin poetik dünyasına, poetik aləminə yeni səfər, yeni səyahətdir. Heç də bütün şairlərin özünəməxsus poetik aləmi olmur. Illərlə öz yaradıcılıq prinsiplərinə sadiq qala-qala, narahat dünyamızın, əsrin, zamanın aktual məsələlərində sözün əsl mənasında vətəndaş mövqeyindən, yüksək şair mədəniyyəti ilə cavab verə-verə, hissləri, duyğuları təbii axarından çıxarmadan yaza-yaza sənətkar öz poetik aləmini yaradır. O aləmə səyahətə çıxan  oxucuya şairin duyğuları, düşüncələri bələdçilik eləyir. Hər şey “bələdçidən” asılı olur. Bu yerdə yenə də ən böyük məyar təbiilik, səmimiyyətdir. Əgər hisslər, duyğular təbiidirsə və təbii dillə, təbii poetik vasitələrlə, təbii poetik intonasiyalarla çatdırılırsa, biz “bələdçiyə”, onun səmimiyyətinə inanırıq.
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim könlüm bu torpağı vəsf eləyərək,
            Azərbaycan dünyasından baxar dünyaya.

            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan” deyiləndə ayağa dur ki
            Ana yurdun ürəyinə toxuna bilər.
M. Arazın misal gətirdiyimiz şerində doğma yurdu hay-küysüz sevən bir şair ürəyi döyünür.
Şairin bələdçiliyi çox çətindir; gərək zərgər dəqiqliyi ilə işləyəsən, gərək obrazlar elə təbii, elə yerli-yerində ola ki, oxucuda şübhə yeri qalmaya. Axı hər şeyi müəllifin gözü ilə görürük, hər şeyi onun fantaziyasının süzgəcindən keçiririk. Biz özümüzü şairin yerinə qoymalı, onun baxış nöqtəsində dayanmalıyıq.
-- Təsəvvür edin ki, dağ başından bir şəhərin gecə mənzərəsini seyr eləyirsiniz. Dünyada elə mənzərələr yüzlərlədir. Amma ola bilməz ki, onlara həsr edilmiş şerlər bir-birindən seçilməsin. Çünki hərəsinin öz gecəsi, öz tamaşa eləyəni, nəhayət öz yazanı var. Həm də baxış nöqtələri başqa-başqadır. Bax, bu yerdə şair fantaziyası köməyə gəlir, bax, bu yerdə “gecənin son qatını da, dərələrin qara hörük kimi uzanmasını da, buludların dövrəmizdə bölük-bölük olmasını da, gecənin ağ yağışda durulmasını da, dağ mehində qurulanmasını da “ gözümüzün qabağında canlandıra bilərik, özümüzü hətta “dünyanın damında” təsəvvür eləyə bilərik. Bu, poeziyadır.
            Bu gecə gecənin son qatındayam,
            Bu gecə bir qəndil qanadındayam.
            Sağımda bir dərə - qara hörükdür,
            Solumda bir dərə - qara hörükdür.
            Dövrəmdə buludlar bölük-bölükdür,
            Gecənin qoynunda yanır dağ şəhər,
            Fəzadan asılı, çilçıraq şəhər...
Indi gəlin təsəvvür eləyək ki, biz bu mənzərəyə uca dağ başından baxmırıq. Onda “gecənin son qatı”, “dünyanın damı” ifadələri, dərənin qara hörüyə bənzədilməsi, dövrəmizdə buludların bölük-bölük olması, gecənin dağ mehində qurulanması havadan asılı qalardı. Demək, rəssamlıqda olduğu kimi, burada da fon yaradılmasaydı, gecə, dağ və şəhər poetik obyekt kimi müəyyən nöqtədən işıqlandırılmasaydı  heç bir effekt alınmazdı və şer anlaşılmaz, quraşdırma görünərdi...
Sənətdə, xüsusən şerdə oxucu uydurmanı, quraşdırmanı, şairin, necə deyərlər, boğazdan yuxarı danışmasını, yaxşıca hiss eləyir. Poeziyada əhval-ruhiyyə uydurmaq cox çətindir: əgər müəyyən hiss, məsələn, tutaq ki, gözləniməz, qeyri-adi sevinc hissi, yaxud müəyyən psixoloji gərginliklə bağlı narahatlıq, nigarançılıq hissi duyulmayıbsa, yaşanmayıbsa onu necə quraşdırmaq olar? Heç kəs deyə bilməz ki:  “Mən darıxmaq istəyirəm”, “Mən nigaran qalmaq istəyirəm”. Darıxmaq, yaxud da nigarançılıq səndən, sənin istəyindən, həvəsindən asılı deyil. Demək, yerinə düşməyən poetik əhval-ruhiyyə də bizə yad, qərubə görünəcək və ürəyimizdə heç bir əks-səda duğurmayacaq.
V. Mayakovski poeziyada uydurmanın, quraşdırmanın amansız düşməni idi, hər hansı poetik həqiqəti sakitcə, pıçıltı ilə yox, var qüvvəsi ilə deməyin  tərəfdarı idi. Bəlkə də buna görə onun şerlərində bu amansızlığın doğurduğu cingiltili bir hirs var. Amma bu da şair hirsi, şair inadı, şair qəzəbidir.
Bayaqkı fikrə qayıdaq: dedik ki, heç bir şair fantaziyası müəyyən əhval-ruhiyyəni quraşdıra bilməz. M. Arazın “Atamın kitabı” məcmuəsində verilmiş “Fəhlə süfrəsi”, “Dağlara çağırış”, “Çoban çörəyi, çoban ürəyi”, “Aldada bilirəm özümü hərdən”, “Biri mənə şair dedi”, “Qarabağ düzü” kimi ən yaxşı şerlərini oxuyanda hiss eləyirsən ki, şair bu mövzuları dönə-dönə yaşayıb. Yaşayıb demək bəlkə də azdır: bu şerlərə onun şair nəfəsi, şair narahatlığı, şair həyəcanı hopub. Adama elə gəlir ki, bu yazıların öz “pasportu” var: oxuduqca konkret bulaqları, qayaları, dağları, düzləri, çayları görürük, çoban çörəyinin, fəhlə süfrəsinin ətrini duyuruq, şair ilhamını yerindən oynadan konkret poetik detallarla, potik mənzərələrlə üz-üzə dayanırıq. Arpaçayın sahilində, bir qayanın altında açılan fəhlə süfrəsini başqa yerdə, məsələn, bir zavodun həndəvərində (Əli Kərimin məşhur “Fəhlələr” şerində olduğu kimi) təsəvvür etmək çətindir. Şair “Hər tikəsi bərəkət qoxuyan” bir süfrənin, onun dövrəsinə yığışanların gözündə çoxdan adiləşən dağ mənzərələrindən söz salır. On iki heca ilə yazılmış bu şerin sakit axarı, ləngəri də düz tapılıb, elə bil o sadə, təvazökar adamların “utancaq” süfrəsinin boyuna biçilib. Bu sakit axarın, poetik ləngərin təbiiliyini “Çoban çörəyi, çoban ürəyi” (“Bir ürək ki, dağ çayı var həyəcanında, bir ürək ki, sağı-solu çiçəklər ola”), eləcə də “Qarabağ düzü” (“Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan bir dənizdi yer üzünün Qarabağ düzü”) şerlərində də duyuruq.
Amma çoban təbiətindən, çoban ürəyinin böyüklüyündən ürək dolusu danışan şair bəzən şeri təbii axarından çıxarır. “Dağ mehini  saçına düyən” qadının “sinəsinə sazaq sağdığını, külək sağdığını”  necə anlayaq?  Bir də “bir ürək ki, səksəkəsiz sərhəd əsgəri, bir ürək ki, ömrü boyu ömür təkəri dağa aran, arana dağ daşıyır elə” anlamaqda çətinlik çəkirik: ürəyin səksəkəsi sərhəd əsgəri ola bilərmi? Bəlkə şair – bu ürək sərhəd əsgəri kimi həmişə səksəkəlidir – demək istəyib? Bu, başqa məsələ. Həm də “ürəyin ömür təkəri” birləşməsinin heç bir poetik tutumu yoxdur.
Heyif ki, bu cəhət – poetik tutumu olmayan, oxucuya poetik informasiya verməyən, amma zahirən tutarlı, obrazlı görünən ifadələrə aludəçilik M. Arazın yaradıcılığında getdikcə aşkar duyulan bir keyfiyyətə çevrilir. Düzdür, şerlərindəki poetik siqlət, yüksək şer duyğusundan yaranan emosionallıq elə güclüdür ki, onları oxuduqca ara-sıra rast gələn dil xətalarını görmək istəmirsən, obrazçılıq meyllərinin üstündən keçməli olursan, onları şair ilhamının şıltaqlığı kimi tezcə də unudursan. Amma... Amma son iki kitabını vərəqləyəndə hiss olundu ki, bu cəhət şerlərdə əməlli-başlı özünə yer eləyir və güclü bir şairin poetik nəfəsinin təngiməsinə, temperamentinə, misraların axıcılığına, nəhayət, hissin, duyğunun daha dəqiq ifadəsinə əngəl törədir. Bu, yoxsa sadəcə dil qüsuru, dil xətasıdır?  “Qanadlı qayalar” haqqında yazılan məqalələrdə bu, dil qüsuru kimi göstərilir, amma əslində şairin üslub nöqsanıdır:
            Çay axır, çay axır...
            Rəngi:
            Elə bil
                                ərimiş
                                qurğuşun
                                qaya axır.
            Sürəti:
            göz ölçümündən asılı...
            Mənzili:
                        məcrası torpağa yazılı.
                       Yaxud:
            Mənim də baxtımda bu mənzərələr
            Fəsil fırlatmağa girəvə tapır.
“Çay axır” şerindən gətirdiyimiz parçanı şərh eləməyə ehtiyac varmı? Burada məhz poetik nəfəs çatışmır, sözlər gücsüz, hərəkətsizdir, misralar sətri tərcüməni xatırladır. Çayın rəngi, sürəti, mənzili elə anlaşılmaz təqdim olunur ki, oxucu çaş-baş qalır. “Ərimiş qurğuşun qaya”, “göz ölçüsündən asılı sürət” nə deməkdir? Mənzərələr şairin baxtında fəsilləri necə fırlada bilər? Eləcə də: “Mən ki sənəm, mən ki sənəm, tanımadın?”,  “Dəniz yuya, qəm quruda bu qətiyyəti”,  “Həsrətim yollara dil səpər, gül səpər”,  “Ürəyimsiz kəlmə yazan deyiləm” misraları... Belə misalların sayını artırmaq da olardı.
Yuxarıda dedik ki,  M. Arazın poeziyasında  nəfəs güclüdür. Belələrinə deyirlər: nəfəsli şairdir. Soyuq mühakimələr ona yaddır. Bəzən misraları elə bil qanadlanıb uçacaq:
            Gəlin, a zirvələr, qayalı-yallı,
            Qol-qola yapışaq yaman çağımdı.
            “Yallı” gedəsiyəm, bir dəli “Yallı”,
            Araz dəsmalımdı, Kür şallağımdı.
        Başqa bir şerdə oxuyuruq:
            Sənə də qar yağdı, güvəndiyim dağ!
            Sən də örənidin , ay yaşıl yamac!
            Sən niyə dinməzsən, qaragöz bulaq?
            Sən niyə kövrəksən, ürəyini aç!
Bu parçalar M. Arazın şair nəfəsinin gücünü aydın göstərir. Bir də onu göstərir ki, bu şair dünyaya vətən torpağının hər qarışına kövrək, doluxsunmuş gözlərlə, sevinc qarışıq heyrətlə baxır. Bu heyrətin qanadında uça-uça üzünü ağsaqqal dağlara, qaragöz bulaqlara, nənə nəfəsli küləklərə, gen sinəli düzlərə tutub isti sözlər deyir. Bu yerdə  “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” – misralarının arxasında duran şairin ürəyinin döyüntüsünü eşidirsən.
Bəli, heyrət hissi də M. Arazın poeziyasında güclüdür. Bu, elə-belə, göydəndüşmə, çılğın, qışqıran sözlərlə ifadə olunan heyrət deyil, poetik heyrətdir. Qəribə də olsa, onun şerlərindəki dil xətalarının çoxusu da bəzən oxucunu heyrətləndirmək meylindən irəli gəlir. Dil qüsurlarına gətirdiyimiz misallar bəlkə obrazlı görünür, şairin mürəkkəb obrazlara aludəçiliyi təsiri bağışlayır?  Əslində belə deyil.
Heç kəs şerdə mürəkkəbliyin, obraz zənginliyinin, ilk baxışda, daha doğrusu, elə ilk oxunuşda anlaşılmaz görünən ifadələrin əleyhinə deyil, əksinə, bu, müasir oxucunu hazırlıqlı olmağa çağırır. Bir də elmi-texniki inqilab əsrinin nəfəsi addımbaşı üzümüzə dəydiyi bir zamanda, poetik vasitələrin zənginləşdiyi, şaxələndiyi bir zamanda şair axtarışsız yaşaya bilərmi? O biri tərəfdən poeziyanın əbədi, dəyişməz qanunları da var.
...Neçə min illərdir ki, dağlar təmkinlə uzaqlara baxır, çaylar ləngər vura-vura vərdiş elədiyi bir səmtə axır. Ağ yağış, alaçalpov qar milyon il bundan əvvəl bizim gördüyümüz kimi beləcə şırhaşırla, sovrula-sovrula yağıb. Amma bütün bunlar o demək deyil ki, Günəş, Ay haqqında orta əsrlərdə yazılan məhəbbət şerilə bu gün yazılan şer arasında heç bir fərq olmamalıdır. Həm də bu o demək deyil ki, şair intellektuallıq pərdəsi arxasında gizlənərək, müasirliyi formal elementlərdə - əsrin özü ilə gətirdiyi sözlərdə görsün. Şairin bilə-bilə, qəsdən sadəlikdən, aydınlıqdan qaçması – sadəliklə bəsitliyi qarışdırmaqdan başqa bir şey deyil. “Üzündə göz izi var, sənə kim baxdı yarım?” misralarının poetik gücünü göstərmək üçün söz tapmaqda çətinlik çəkirsən. Halbuki, burada heç bir mürəkkəb obraz işlədilməyib.
M. Araz hərdən “adi”, “sadə” yazmaqdan qaçır, ona elə gəlir ki, əgər obrazlı danışmasa, oxucu şairdən üz döndərər. səhnədə çıxış eləyən aktyor salonu, tamaşaçını unutmağı bacardığı kimi, şair də yazı masası arxasında oxucu münasibəti haqqında fikirləşməməli, özü ilə “üz-üzə” dayanmağı bacarmalıdır.
            Bu gün mənim dənizimdi Qarabağ düzü,
            Kəhər atın tozanağı “Doqquzuncu bal”.
            Bu gün mənim söz düzümdü – Qarabağ düzü;
            Sonsuzluğun son xəttini gəzirdi xəyal...
-   deyən şairin gözündə Qarabağ düzü dənizə də dönə bilir, söz düzünə də, çörəyə də, tarixə də, kürsüyə də. Ilk deyilişdə bir-birinə o qədər də uyğun gəlməyən, yanaşı qoyulanda bir-birini tamamlamayan “dəniz”, “düz”, “çörək”, “tarix”, “kürsü” məfhumları görün necə ustalıqla Qarabağ düzünə çevrilir. Misraları, bəndləri oxuya-oxuya, axıra kimi izləyə-izləyə qalırıq, iyirmi beş misralıq şerdə çevrilmələrin təbiiliyi bizi heyrətləndirir. Doğrudan da, axı necə ola bilər ki, Qarabağ düzü birnəfəsə yazılmış kiçik bir şerdə bu qədər poetik don geyinsin, özü də hamısı təbii, yerli-yerində... Belə şerlərini oxuyanda şairin poetik imkanlarının genişliyinə sevinirsən və bir daha inanırsan ki, oxucunu bəzən obraz atəşinə tutmasına heç bir ehtiyc yoxdur.
“Biri mənə şair dedi, dondum yerimdə, hər çiynimdən asıldı bir qurğuşun tayı...”. Şair sözünün böyüklüyündən, bu sözü daşımağın məsuliyyətindən danışan M. Arazın  “Biz deyirik: evləri yox, döyüşləri məhv eləyək, biz deyirik: bəşəri yox silahları dıfn eləyək” – misralarını yazdığına inanmaq istəmirsən. İnanmaq istəmirsən ki, o, “Nifrət aktı”, “Daş qayadan böyükdür” kimi dolaşıq, bəsit şerlərin müəllifidir. Inanmaq istəmirsən ki, “incik məhəbbət də ilğım kimidir” səpkili poetik misralar da, “Mən arabir qayğıların qayğısında bişirəm”, “Onun göz yaşına qonşu olan tapılacaqmı” kimi misralar da eyni adamın qələmindən çıxıb.     
  Onun ilhamı nələr üstündə köklənməyib; dağlar, düzlər üstündə, çöllər, meşələr üstündə, insan sevinci, insan heyrəti, insan narahatlığı üstündə. Bir də şair nigarançılığı üstündə... Məmməd Arazın yaradıcılığında özündən narazılıq, narahatlıq motivləri bəzən o qədər çoxalır ki, özündən... gileyə çevrilir. “Özümdən şikayət məktubu”, “Şair ömrü”, “Mövzularım tükənəndə”, “Yazı masam”, “Poeziya, poeziya”. Bunlar şairin nigarançılığı, narahatlığı haqqında çox şey deyir və bunu müəllifə irad tutmağa da dəyməz. Amma dönə-dönə eyni motivə qayıtmaq, açıq desək özünü təkrar deyilmi?
Son iki kitabda M. Arazın bir neçə poeması verilib: “Üç oğul anası”, “Paslı qılınc” “Əsgər qəbri haqqında ballada”, bir də “Atamın kitabı”. Sonuncusu müəllifin axırıncı kitabında gedib. Əsərin ayrı-ayrı parçaları ilə “Ulduz” jurnalının səhifələrində tanış olmuşduq. Şübhəsiz, bu, son illərdə yaranmış yaxşı poemalarımızdan biridir. Ədəbiyyatımızda poema qıtlığı (əlbəttə, əsil şair qələmindən çıxan poeziyanın böyük tələblərinə cavab verən poemaları nəzərdə tuturuq)  hiss olunduğu bir vaxtda, bu janrın “lirik”, “epik” qütblərə ayrıldığı bir vaxtda “Atamın kitabı” kimi lirik-epik bir əsərin meydana çıxması bizi sevindirir. Cəmi iki-üç il müddətində qələmə alınsa da, hiss olunur ki, bu mövzu şairi illərlə narahat eləyib. Bəlkə də ricətlərin bolluğu hesabına əsərin dağınıq görünməsi də buradan irəli gəlir.
“Atamın kitabı” – Azərbaycan torpağı haqqında, bu torpağın yetişdirdiyi nurlu, müdrik ağsaqqallar haqqında, təbiətlə üz-üzə, nəfəs-nəfəsə ərsəyə yetişən insanlar haqqında etiraf nəğməsidir. Bu nəğmənin zili də var, bəmi də, nəqəratı da. Zili – zirvəli, müdrik dağlar- insanlar, bəmi – düzlərdə sakit axan çaylar kimi yorğun görünən bəhrəli çöllər, nəqəratı – bu dağlara baxa-baxa, bu çöllərdə nəfəs alıb yaşaya-yaşaya müdrikləşən ağsaqqallardır. Biz poemada dünyagörmüş bir el ağsaqqalı ilə yaxından tanış oluruq. Qocanın xarakteri, torpağa fanatik məhəbbəti canlı detallarla verilib. Bu qoca torpağın bərəkət ətrindən məst olur, onu saatlarla, günlərlə sığallayıb oxşayır, ağacları, fidanları oğlu, nəvəsi kimi əzizləyir. Onun bağa gəlişi ağacların toy-bayramıdır:
            Açılıb nurlandı yaşıl çöhrələr,
            Yarpaq pıçıldadı, budaq danışdı.
            Balaca pöhrələr, tifil pöhrələr,
            Elə bil sınıxıb arıqlamışdı....
Oxuyub qurtarırsan, amma adama elə gəlir ki, poema bitmir, çünki torpaq barədə, torpağın yetişdirdiyi işıqlı, nurlu adamlar barədə nəğməni, söhbəti bitirmək çətindir. Ancaq ağsaqqallar haqqında ritorik hökmlər, fikir, düşüncə haqqında mülahizələr və bəzi haşiyələr mənə artıq göründü.
Böyük Nizamidə belə bir fikir var: elə yalan danış ki, doğruya yaxın olsun, ancaq elə həqiqətdən söz salma ki, yalana oxşasın... Bu, müdrik sənətkarın müdrik qənaətidir..
Nizamidən çox-çox sonralar, Nəsiminin müəllimi Fəzlullah Nəimi demişdir: ya olduğun kimi görün, ya da göründüyün kimi ol... Bu insan psixologiyasının mürəkkəbliyindən heyrətlənməyən bir filosofun qənaətidir.
Hər iki fikri şair dünyasına, şair aləminə şamil eləmək olar. Şairin dünyası – onun hisslər, duyğular, düşüncələr aləmidir. Hər şeri ilə elə bil ki, o aləmdən bizə - öz oxucularına poetik reportaj verir. Gərək elə eləsin ki, adi, prozaik həyat həqiqəti belə, şair uydurması kimi görünməsin, əksinə, şair fantaziyasının gücü hesabına əşya və predmetlər yeni boyada, yeni poetik donda bizi sehrləsin, heyrətləndirsin. Oxucuya belə “poetik yalan” lazımdır. Başqa sözlə desək, şair öz səsinə, öz nəfəsinə sadiq qalmalı, ürəyə, ilhama xəyanət eləmədən yazmalı, hər şeyi oxucu qarşısında poetik etiraf kimi səslənməlidir.
Məmməd Araz ən yaxşı şerlərində bu yolla gedir. Bu yol onu poeziyanın daha yüksək zirvələrinə apara bilər; oradan – poeziyanın zirvələrindən – keçdiyi və keçəcəyi yollar bütün aydınlığı ilə görünə bilər.

1976

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws