|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
SEVGİ YAŞI VƏ POEZİYA MƏHƏBBƏTİ

Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Sənət sarayı belədir ki,  o, heç vaxt tikilib qurtarmır, bir əl öz daşyonanını başqa ələ tapşırır; bu binanın boyu  bəşərin yaşı qədər uzanır. Əlbəttə,  sənət aləmində gənclik yaşı daha çox nisbidir; burada yaşın qüvvəsi deyil, ağlın və hissin qüvvəsi, bunların tarazlığı, birinin digərinə təsiri, bir-biri ilə ünsiyyətə girib «yeni həyat»  yarada bilməsi  qüdrəti əsas şərtdir.  Lakin gənclik yaşının, sevgi yaşının da gücünü  danmaq olmaz.  Bu yaşın öz iqlimi, öz qavrayışı  və boyaları  var və onlar yalnız  bu mühitə  məxsusdur. Şairlik burada doğulur, burada iməkləyib ayaq açır.
Böyük axınla ədəbiyyata gələn  bir nəslin ələnib seçilməsi, istedad və zəhmət,  axtarış və ətalət qabiliyyətinin  ölçülməsi  üçün  xeyli vaxt  keçməlidir. Bu prosesin özü bəlkə də obyektivdir.  Bizdən asılı olmayaraq  zaman öz işini görür. Bütün adları eyni soyuqqanlıqla  arxivə təhvil verir,  sonra tozunu  silib hər kəsi öz yerinə oturdur.
Son illərdə gənc şairlərin «kəpənək»  kitabçalarının seriyalı  nəşri ilk təşəbbüs  kimi diqqətəlayiqdir.  «Azərnəşr»in  bu təşəbbüsünü indi «Gənclik»  nəşriyyatı davam  etdirir. Bu kitabçalar haqqında mətbuatda müəyyən söz deyilib.
Bu şerlərin əsas qəhrəmanı  müharibə  illərində doğulmuş  gənclərin ümumiləşmiş obrazıdır.  Bunların çoxu o illərdə  ata itirib, ata qəlbində güllələnib,  onların sinirlərində  o illərin sızıltısı  əbədi  ünvan  tapıb yaşayır. Qəzəb, nifrət monoloqları,  xatirə nağılları  dillərindən düşmür. Kitabların  ümumi qüsuru ondan ibarət idi ki, şerlər əsasən  iki mövzu – müharibə və təbiət mövzuları ətrafında fırlanır.
İnsan həmişə təbiətlə təmasda olub. Təbiət insanın ilk və son yuvasıdır. Uca dağlar insanı qürura, mərdliyə, əyilməzliyə  çağırmışsa, uçurumlar, yarğanlar  onda vahimə hissi oyatmış, gözəl mənzərələr incə və kövrək duyğularla onun qəlbini isitmişdir. Poeziya isə fotoetüdlərdən qaçıb bu mənzərələri  insan cəmiyyətində, insan təbiətində tapmaq  istəmişdir. Təbiət özünün  dialektik qanunları ilə idarə olunur: dəyişir, yeniləşir, öz «inqilabi çevrilişləri» üçün siyasi ədəbiyyat da oxumur.
İnsan cəmiyyəti insana möhtacdır. İnsan özündən asılı olmayaraq  iqtisadi qanunlar yaradır; bu qanunların hökmü ilə cəmiyyətin ictimai  istehsalı hərəkət  edir; ictimai fikir doğulub formalaşır.  Böyük Nizami hələ neçə yüz il bundan əvvəl sənətin baş qəhrəmanını yüksək insanlıqda axtarırdı. Onun axtardığı  ideal hökmdar məhz yüksək insan olmalı idi. Bilikli, güclü, cəngavər hökmdarlar bəlkə də çox idi. O yazırdı:

İnsanda insanlıq öləndən bəri,
İtmiş insanlığın parlaq  gövhəri.
Bəbəyin qapağı neçin qaradır?
İnsanlıq ölmüşdür, matəm saxlayır.

Və ya:

Dünyanı becərər ağıllı insan.

Nizami qürubu ilə keçən bu axtarış Nəsimi üfüqündə yenidən baş qaldırıb, «Mənəm Allah», - deyir.
Bizim əsrin əvvəllərində bu insan oddan paltar biçməyə  başlayır, bu insan ömrünü tüfəngin lüləsinə bağlayır, bu insan dünyanı tərs üzünə çevirir.
Yeni kitablara, gənclərin son vaxtlar çap olunan şerlərinə bu baxımdan nəzər salaq.
Gəncliyin yaradıcılığında müasirliyə güclü meyl  vardır. Onlar müasir mövzunu müasir adamların qəlbindən, hiss və düşüncə ələyindən keçirib sənət əsərinə çevirə bilir. Bəzən  də gözdən salıb köhnəldir. Burada kimin nəyi necə görə bilməsi istedadı üzə çıxır. Poeziya o zaman yaranır ki, onun predmeti  və obyekti var, bunlara istedadın ağıl fanarı yönəlib. Bu fanar hər görünəni deyil, məhz görməlini göstərir. Gözəllik ola biləcək  lövhəni işıqlandırır.
Gözəllik o zaman gözəldir ki, o, dərk edilir, öz estetik səviyyəsinə qaldırılır və yüzlərin, minlərin zövqünü oxşaya bilir.
Sənətkardan xaric sənətin gözəlliyi  yoxdur. O varlıq sənətkarın fikrində mayalanır, qəlbində yetkinləşir, zəhmətində dünyaya gəlir.
Bəzən deyirlər ki, filankəsin filan obrazı həyatdan gəlib.
Əslində bu, fotoçuluq olardı. Əksinə, C.Cabbarlı  –  Yaşarı, Almazı, Sevili həyatdan gətirməyib, onları həyata  gətirib. Burada həyatdan gətirmək görünməyən, həyata gətirmək isə görünən prosesdir. Qranitin təbii halda yaranışını görmək mümkün deyil.
Qavranılan, duyulan həyat  sənətkar dünyasının ab-havasına uyğunlaşıb kristallaşır, külçələşir, sonra müxtəlif minerallara parçalanıb üzə çıxır.
Əlbəttə, bəzən adi əhvalatlar da nəzmə çəkilir, məlum forma qəlibinə salınıb qafiyələnir, rəngsiz, boyasız, dadsız, duzsuz söz yığını  şəklində  mətbuat səhifələrinə səpələnir. Təbiilik adına bəsitlik, yenilik adına sintetiklik poeziyamıza  yol tapa bilir. Bunların müəllifləri heç bir planetdən  gəlməyib, bunlar biz özümüzük.  Şair olan özümüzdən  şair olmayan  özümüzü  bir cərrah dəqiqliyi  və cəsarəti ilə qoparmaq ədəbi sağlamlıqdır.  Bu əməliyyatı ədəbi tənqid müntəzəm aparmalıdır. Səmimiyyətlə, qayğı və cəsarətlə.
İlk dəfə varaqladığım S.Sərxanlının «Qayıt»  kitabçasıdır. Bu  ilk kitabı onun  ilk və yaxşı  qədəmi hesab eləmək olar.
Bu ilk  qədəm gur səsli, qol-budaqlı, bəzən isə tələsib az vaxtda çox şey əldə etmək  istədikdə büdrəyib çaşan bir  müəllifin gəlişini xəbər verir. O, poeziyanın böyük gücünə inanır. İnanır ki, bu gücə yiyələnə bilsə, kiminsə qolundan yapışacaq, kiminsə qəlbinə işıq aparacaqdır.
Bəli, bütün bu keyfiyyətlərə təpədən dırnağa qədər yiyələnməli, imanını ümidə, ümidini və həsrətini imana - inama çevirməyi bacarmalısan. S.Sərxanlının  qələmə aldığı həkim bəlkə də təsvir edilən deyil, təsəvvür olunandır. O, buna inanır.

Bütün ölənlərlə bir ölübdüsə,
Bütün körpələrlə bir doğulubdur.

Qəbiristan yolları bir tabut kimi
Yüklənər həkimin çiyinlərinə.

(«Həkim» şeri)

Onun təbiəti canlı, təsviri də maraqlıdır:

Səfər paltarını geydi son bahar,
Yolları, izləri bəzədi meşə.
Maral buynuzuna döndü ağaclar,
Maral sürüsünə bənzədi meşə.

Və ya:

Sahildə soyunan ağcaqayınlar
Elə bil qızlardı – çiməcəkdilər.

Dağlar qocalar tək verib baş-başa
Sanki qəlyanını tüstüləndirir.

S.Sərxanlının şerlərində bir qədər mövzu oxşarlığı, forma yekrəngliyi, arabir də özünütəkrar hiss olunur. Bu təkcə ona deyil,  haqqında danışacağım  müəlliflərin  çoxuna aiddir.
«Əkiz» sözü bəlkə də «iki iz» sözündən yaranmışdır. Bunun dürüst etimologiyasını bilmirəm. Özlüyündə belə hallandırıram: Cüt doğulan, əkiz doğulan  uşaqlar ailəyə birdən iki iz gətirir, iki davametdirici gətirir.
Sənətdə əkizlik nədir?   İki şairin bir alma olması necə?
Baxırsan: nə qədər qış şerinin eyni buz  sırsırası, buz salxımı olarmış, eyni soyumlu-geyimli  ağacları olarmış. Nə qədər «atom göbələyi»  sözü şerlərdə  göbələk kimi bitərmiş, neçə «neon lampası» sətirlər arasında  işıqsız görünərmiş.
Bu yaxınlarda yapon  şairlərinin bir yığın şerini oxudum.  Doğrusu, bizim şerimizdə «Xirosima» sözü onlardan çoxdur. Belə şerlərin yaxşısına  alqış və hörmət lazımdır. Bəziləri axı qəzet operativliyi xatirinə yazılır.
Ayaq izləri ilə yollara bəxt yazmaq,  xatirə yazmaq indi o qədər çeynənib ki, bilmək olmur, bu obrazın ilk müəllifi kim imiş.
Vaxtilə «ox kirpik», «kaman qaş», «mərmər sinə», «alma yanaq» və s. yaxşı tapılmış, orijinal  obrazlar idi. Epiqonçu şairlər bu ifadələri gəvələyib hörmətdən saldı.  Arada yenə yazıq ilk müəllif unudulub getdi.  Zənnimcə, ənənə və novatorluq  heç vaxt bir-birini  dəf eləmir.  Əksinə, bir-birini yaşadır, bu  ona, o buna təkan olur.  Bir-birinin cazibəsi  ilə orbit tapa  bilirlər.  Bunlar təxminən  mərkəzəqaçma və mərkəzdənqaçma qüvvələri kimi bir-birinə  bağlıdır. Məsələ onlara yiyələnmək istedadındadır.
Haqlarında mətbuatda müəyyən fikir deyilən Davud Nəsib, Musa Yaqub, Ələkbər Salahzadə, Məmməd İsmayıl və İsa İsmayılzadənin yaradıcılığı geniş söhbət mövzusu ola bilər. Bunlar yaşca, axtarış meyli  cəhətdən bir-birinə  yaxın,  danışıq fərdiyyəti  sarıdan «uzaq» şairlərdir. Bunların yaxınlığı da məhz bu «uzaqlıqlarında»dır.
Poeziyamızda müxtəlif səslilik, rəng,  boya,  ilmə və toxunuş əlvanlığını alqışlamaq, bunların bir-birini tamamlamasına  katalizatorluq eləmək ədəbi tənqidimizin borcudur.
Qoy biri mənzil başına qatarla, biri təyyarə ilə, digəri gəmi ilə getsin. Məsələ bu gedişin sürətində deyil, məsələ hansı yükü  aparmağındadır.
Ə.Salahzadənin yaradıcılığı çox səmimi və obyektiv bir qələmin təhlilinə möhtacdır. Şair müxtəlif yollar dolaşığından öz yolunu keçirmək, bu yola adam yükləmək niyyətindədir.

Ayaq xizəyi kimi
Uzaq maviliklərə
Sürüyürəm yolları.

Onun istedadına,  fərasətinə inanırıq. O, bütün varlığı, dişi-dırnağı ilə poetik səyahətinin çətinliyini qırmaq, ona şöhrət gətirmək əzmindədir. Ə.Salahzadənin yeni forma və məzmun axtarışı maraqlıdır və bu, dilimizin, nitq və təfəkkürümüzün ifadə qanunlarından  xaric deyil, əksinə, çox  məhəbbətlə bunlara xidmət edir. Dilə yeniliyi ancaq dil  mədəniyyətinə  yaxşı yiyələnən  adam gətirə bilər.
Mənim fikrimcə, Ə.Salahzadə ən yaxşı şerlərində oxunu asanlaşdıran axıcılığı, ritmi  saxlamağa  çalışır, onun yaxşı  şerlərində  sərbəstliyin  fərqinə varmırsan.
«Afrika, Afrika»  sərbəst deyil. «Vyetnam»da şair sərbəstliyi var. Birinci ikincidən  əvvəl yazılıb,  çox əvvəl.  Mən üstünlüyü birinci şerə verirəm.  Burda mövzu həzm olunub, əridilib, bişib.  İkincinin əl-ayağı yığılmayıb,  uzundur, bir az da qəzetçilik duyulur.  «Əl», «Voleybol», «Sarı inəyin» şerlərində  Ələkbər  heç nədən şer  yaratmaq istəyib. Quramadan, yamaqdan gözəl paltar  biçə bilməyib. Yaxşı paltarın  yaxşı da materialı olmalıdır. Əlbəttə, hər şey əlin – qələmin mahirliyindən asılıdır.
«Niyazi», «Kibrit çöpləri», «Günəbaxan», «Nar»ın müəllifi nə qədər ağıllı, təzə sözə, bitkinliyə malikdirsə, «Fevral-1966»-da  onun bədii dili kasıbdır. Çox yerdə süni orijinallıq duyulur. Günlərin hər  birini bir otağa bənzədib qapı-pəncərəsini nə qədər bənzəməyə çalışsan da ümumilikdən, ritorikadan, məlum faktlardan qaça bilmirsən.
Bir də Nazim Hikmət çoxdan deyib:
Bənzəyir günlərim
Bir stansiyanın
Gözləmə salonuna.

Bütün mübahisəli, mübahisəsiz,  ənənəvi və qeyri-ənənəvi şerləri ilə birlikdə Ə. Salahzadənin «Beş yarpaq» kitabı tərifə layiqdir.
Hər bir gənc yazıçının əsəri vaxtında qayğı ilə təhlil olunub yöndəmli, qərəzsiz vicdan tərəzisində  çəkilməlidir.
Yoxsa  kiməsə bir qucaq tərif çiçəyi bağışlamaq, kiminsə üstünə  qara pıtraq atmaq  nə ayıq  oxucunu,  nə də qayəsinə,  məsləkinə bağlı  yazıçını  yolundan sapdıra   bilər. Bir dəli bir quyuya  daş yox, bir ovuc zəhər  də ata  bilər.  Ancaq  yüz ağıllı gərək bunu görüb əncam çəksin.
Hər bir yazıçı öz günündən,  öz ayından, öz ilindən başlayır.  Klassikliyə  gedən bütün yollar müasirlik körpüsündə  düyünləşib açılır.
Bugünkü  poeziyamız müasir dövrü  necə qavrayır, necə əks  etdirir? Əbədi  poeziya  mənbəyi  olan xalq  həyatı, onun  adamının böyük idealları bu poeziyada necə danışdırılır?
Bunların nəzəri istiqamətini  nəzəriyyədən istəməyə  haqqımız vardır.
Poeziyanın əbədi qəhrəmanlarından  biri həqiqətdir.  Lakin həqiqət hələ poeziya deyil. Gərək bu həqiqət elə bir dildə danışsın ki,  onu eşitmək istəyənin  qulağını deşib boğazına tıxanmasın, beynini cırmaqlayıb ürəyində kirəcləşməsin. Bu dildə adi adiliklər  fəlsəfi  mətləblər donunda, fəlsəfi  mətləblər isə bir boz daş çılpaqlığı  kimi dərk edilə bilsin.
Sabir də həqiqət axtarırdı. Ondan çox-çox qabaq da, sonra da axtarmışlar.  Lakin Sabirin həqiqəti ayrıca  bir poeziya dünyası idi.  Onun Amerikasını ilk dəfə Sabir tapmışdı.
Bunlar çoxumuza məlum fikirlərdir.  Bunları, əlbəttə, demək yazmaqdan qat-qat asandır.
Bütün bu həqiqətlər o zaman sənət həqiqəti olur ki, bunlar sənin vətəndaşlıq borcun  və idealın, qayə və məsləkinlə  birləşir. Bizim gənclik poeziyamızda dediklərimiz var. Bu meylin daha da alovlandırılması ehtiyacı indi sənətin qarşısında ciddi vəzifə kimi durur. Dünyamız dəyişib yeniləşdikcə, sıçrayışlı ixtiralar əsrində yeni-yeni xarüqələri gördükcə insan heyrətə düşür, bu xoş heyrəti onun üzündən müharibə vahiməsi qovmağa çalışır.
Məmməd İsmayıl yazır:
Baxıram
Kosmodrom sevincli,
Xirosima yaslı dünyama.
Vyetnam rəngli,
Atom ürəkli,
Taleyi  bir tükdən
Asılı dünyama.

Ümumiyyətlə, o, bu  aləm üçün, bu aləmin övladı olan şer – sənət üçün həmişə narahatdır. Bəzən o, hamarlıq, ahəngdarlıq dalınca qaçsa da, vətən övladı olduğunu, ona xidmət etdiyini yadından çıxartmır. Hətta dünənin tozu altında itmiş qəhrəman günləri oyatmaq, onları bu günün əsgərinə çevirmək istəyir.
Şair dünənki şöhrəti ilə xumarlanıb məğlubiyyəti ilə yasa batmır. O, bu günün zirvəsinə dırmanmağa, oradan əsərin ab-havasını  öyrənib vətənə xidmət  eləməyə çalışır. Bu ruhu Abbas Abdullanın «Naxçıvan» balladasında, Davud Nəsibin, Şəmşad Rza və Ağa Laçınlının, Sabir Rüstəmxanlının da bəzi şerlərində görmək mümkündür.
Seyran Səxavətin «Kimsəsiz adamlar» şeri oxucunu təklərə, tənhalara köməyə çağırır. Bu adamlar sanki hardasa zəhmət çəkən, başını aşağı salıb  tufanlara sinə gərən, bəzən də özünü qurban verən adamlardır. Bunlar yardım da, təmənna da ummurlar.
Bizim onlarla  lirik şerimizdə insanın (xüsusən qadının) göz-qaşından, dişindən-dodağından, qıçından-ayağından, hətta az qala dırnağından söz açılıb, tərif deyilib. Ancaq ədəbiyyatımızda olan bu qədər təbiət - coğrafiya  şerində Gəncə, Lənkəran, Ağdam, Şəki və s. şəhərlərimizin ətri gələn yaxşı yazılar varmı? Bəli deməyə qorxuram.  Az qala iki-üç  şerdən birində Koroğlunun, Nəbinin, Babəkin adı var, özləri yoxdur, onların nəvəsi olan müasir  qəhrəmanların surəti poeziyamızın ön sıralarına hələ bilet ala bilməyib. Eyni sözü Vətən müharibəsi qəhrəmanlarımız  haqqında da demək olar.
Qəhrəman qadınlarımız haqqında Sabir Rüstəmxanlının şeri maraqlıdır:
Sərkərdə analar, igid analar
Yəhərdə doğublar oğullarını.

Məsələ onda deyil ki, yəhərdə uşaq doğulmaz. Bu mübaliğədə oğul-uşaq  doğumunun fərqinə varmırıq. Qarşımızda döyüşkən bir azəri qadınının obrazı dayanır.
Bu xalqın qəhrəmanlıq keçmişini varaqlamaq keçmiş üçün deyildir. Keçmiş keçib, daşlaşıb, heykəlləşib. Hərdən onun tozunu bu günün əli ilə silmək  məhz bu gün üçün, bu günü gələcəyə  hazırlamaq üçün lazımdır. Şairin bir əli dünəndə, biri bu gündə, yönü isə sabaha doğru olmalıdır.  Onu həmişə necə yaşayıblar,  necə yaşayırıq və necə yaşayacaqlar və bunları necə yazıblar,  necə yazırıq, necə yazacaqlar ictimai-siyasi və sənət məsələləri düşündürməlidir.
Poeziyada əyalət və muxtariyyət yoxdur. Zənnimcə, şairlərin bir-birindən uzaq, muxtar aləmdə yaşaması isə hadisə və predmetləri  müxtəlif şəkildə görməyə müəyyən qədər təsir edir.
Musa Yaqub hər gün çoxumuzun görüb duymadığı təbiət hadisələri ilə qarşılaşır. Təbiətin müxtəlif «idarə üsulları»nı görür. Bunlardan təsirlənir. Əlbəttə, o, meşə-ağac mühitindən şerlərini  çıxarıb ictimailəşdirə bilir. O, bir ovuc torpaqdan  vətən ətri almağı, bir ovuc torpağa qarışıb «cücərməyi», yaxşı vətəndaş  olmağı bacarır.
Ana haqqında çox şer yazılıb, yenə də yazılacaq. Nə qədər ki, ana var, övlad ana bətnindən dünyaya gəlir -  yazılacaq:
Ana ömrü balasının gözündən
Baxışıyla sevinc içən bir ömür.
Bəzi nankor övladların üzündən
Son günündə tənha keçən bir ömür.

Bir parçası mətbəxlərə tökülmüş,
Bir parçası bələklərə bükülmüş,
Bir parçası xatirələr dumanı,
Bir parçası ər ömrünün qurbanı,
Bir parçası oğul toylu, büsatlı,
Bir parçası nəvə eşqli, qanadlı,
Bir parçası qızlarından nigaran,
Ağuşlarda qəzəbləri uyudan,
Dünyamızda hərb odunu soyudan
Ömrümüzə səpələnmiş bir ömür.

Gözlərində Qara dənizi gəzdirən, sinəsi Anadolu yaylası kimi qabarmış o məğrur, həmişə yanan vulkan təbiətli Nazim Hikmət hamımızın  yadındadır. O, Bakı kürsülərində danışanda hamımız özümüzü unudub ona qoşulardıq. O, mübariz idi, nikbin idi, həm də çox dərdli, həsrətli idi.
Çox yorğunam, beni bekleme kaptan,
Seyr dəftərimi başqası yazsın –
Çinarlı, qübbəli, mavi bir liman,
Beni o limana çıxaramazsın.

Bir bəndlik bu şerə  onun böyük dərdi hopub. Şimal  dənizlərinin birində  gəzən şair hər şeyi unudub uyumaq istəyir. Dənizə çıxıb. Bu dəniz doğma yurdunun sahillərini yuyur. Gəmiyə minib. Bu gəmi onu Anadolu sahillərinə  aparmağa qadir deyil.
Musa Yaqub Nazim həsrətini ümumiləşdirir, mən deyərdim, abidələşdirir:
Yarandı bir elin ahı-zarından,
Doğuldu vətənin intizarından,
Keçdi ölkələrin daş hasarından
Nazim həsrəti.

Məmməd Aslan Azərbaycanın qənirsiz gözəlliyi olan bir guşəsində – Kəlbəcərdə yaşayır. O, əsasən qoşma yazır.
Dünyanın ən  qabaqcıl ölkələrində belə müasir sənət əsərləri ilə bərabər xalq sənəti nümunələri də yaşayır və yaşamağa da haqqı var. Adicə bir daşdan, bir ağac parçasından elə fiqurlar yonulur, əfil-əfil yanan elə naxışlar vurulur ki, bunlar bir çox professionalların  özlərini belə heyrətdə buraxır. Bu, müasir sənətin ayağına dolaşmır, əksinə, xalqı öyrənməkdə ona köməkçi olur.
Mən Məmməd Aslanın qoşmalarını şer nümunəsi kimi təqdim etmək istəmirəm. Bunlar arıtlanmış, sərrast vurğulu, təmiz dil  cəhətdən maraqlıdır.
Şer fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana  olduğunu demək çətindir. Bu, mürəkkəb təfəkkür prosesidir. Yaxşı olar ki,  ürək ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə böyüdüb tərbiyə etsinlər.
Zaman dəyişir. İnkişaf edir. Yeniləşir. Dilin qrammatik  quruluşu da müəyyən zəlzələyə  məruz qalır.  Əbədi qəliblər, ölçü və meyarlar yoxdur.
Məzmuna nisbətən daha çox mühafizəkar olan əbədi formalar «təzə məzənnə» və dəblərə  biganə qalmır, öyrənir, hərdən «özünü təmir eləməkdən» də qorxmur.
Lakin burada milli iftixar nizamnaməsinin  müstəsna (istisna) bəndlərindən  biri deyir ki, səni qatara mindirib təhsil və dünya səyahətinə göndərən  valideynə əlvida  deməyə mənəvi haqqın yoxdur. Tale elə gətirir ki, sən bir daha onlarla görüşməyə, dilində danışmaya, məişətində isinməyə bilərsən. Fəqət onların qanını distilə  edib qanından qovmağa haqqın yoxdur.  Ata qanı, ana südü ilə yalnız fəxr  eləmək olar. Bunlar heç biri ağıl və dərrakə, hiss və qavrayışında yeni alımları, yeni çəkmələri, yeni görüşləri müasirliklə üz-üzə qoymur.
Heç bir elmin «hava bürosu» xəbər verə bilməz ki, yüz ildən  sonranın nəğmə yağışı, qarı nə donda olacaqdır. Bir həqiqət var ki, get-gedə bütün xalqların nəğmələri  bir-birindən daha çox öyrənir, fikir qonşuluğu yaranır. Mədəni inkişaf, dil öyrənmə amilləri, hər şeydən əvvəl azadlıq meylləri xalqlar arası  milli fərq  məsafəsini xeyli yaxınlaşdırır. Bu obyektiv qanun isə insan ağlının dərk etmə qabiliyyətinin fövqündədir ki, görəsən, Yer kürəsi  öz oxuna 23,5 meylliyi nə qədər saxlayacaq.  Bu amil isə planetin təbii şərait, iqlim xüsusiyyətini əbədi müxtəliflik donunda  nə qədər saxlaya biləcək? Bundan asılı olan müəyyən irqi, etnik xüsusiyyətlər gələcəkdə sənətin  milli rənglərinə necə təsir edəcək? Bu, gələcəyin işidir. Onların hüququna müdaxilə etməyək.
Gələcək nəsil bu günün  övladından  soruşmayacaq ki, niyə mənim üçün hazır süfrə bəzəyib, anlayışlar həbi yaradıb getməmisən.
O, birinci  növbədə bizdən bizim əsrin bədii təfəkkür tərzini,  adamların sevgi-məhəbbət necəliyini, estetik duyum səviyyəsini  və s. öyrənəcəkdir.
Bunları ona görə deyirəm ki, bəzən müasirlik intellekt pərdəsi altında  atom fizikası,  geokimya,  raket texnikası  və s. elmlərdən istilah tapıb şerdə böyük hərflərlə yazanlar tapılır. Əslində onların  çoxu üzvi kimya  ilə qeyri-üzvi kimyanın fərqini bilmir. Valentliyin təbiətdən, neytron və protonların gücündən, zəncirvari reaksiyanın nədən ibarət olduğundan xəbərləri yoxdur. Bir çox şerdə «atom»  sözünə, onu parçalayanlara «hücum»  motivləri var. Atomun parçalanması, ağlasığmaz  bir qüvvəyə malik  olan neytron  və protonların ayrılması və s. - bunlar elmi inqilablar idi.  Bunların nə məqsədə yönəlməyini ixtiraçı alim  əvvəldən görməmişdi və görə də bilməzdi.  Poeziyanın işi bu ixtiralara hücum deyil, onların cəmiyyətə gətirdiyi tərəqqini,  adamlarda oyatdığı  sevinc və vahimə hissini sənət dilində qələmə almaqdır.
Bəziləri «elmi poeziya», «intellektual şer»  sözlərini tez-tez işlədirlər.  Bu da,  görünür, indi poeziyanın  qarşısında duran yüksək vəzifələrdən irəli  gəlir. Cəmiyyətimiz böyük sürətlə irəli  gedir, adamlar yüksək savad  sahibi olur:  poeziya yerində saya bilməz. Bəlkə də o, zamanla  ayaqlaşmalı deyil,  zaman onunla ayaqlaşmalıdır.  Lakin nə qədər dəyişir-dəyişsin, poeziya cəmiyyətin ictimai-fəlsəfi, siyasi, əxlaq məsələlərinə  estetik münasibətini həmişə saxlayacaq.  Mən elmi poeziya sözünü «poeziya elmi» şəklində yazıram.  Yəni bu «elmi poeziya» «poeziya elmi» ola bilərsə, deməli, o, yeni predmet  şəklində  poeziyadan ayrılacaq.  Burada böyük Füzulinin «elmsiz şer əsassız divar olur» misrasını belə  anlamaq daha düzgün olardı: Elmsiz, biliksiz  şairin qurduğu  binanın özülü, əsası ola bilməz.  Şair yüksək mədəniyyət sahibi olmalıdır ki, cəmiyyəti elm cəhətdən dərk eləsin   və  bu düzgün elmi  anlayış qeyri-adi bədii obrazlarda öz ifadəsini  tapa bilsin. Bir də qədim  və orta əsrlərdə  poeziyanın,  sənət adamının qarşısında  duran «elmiliklə»  indinin şairi  arasında ciddi  fərq var. Xaqaninin «Töhfətül-İraqeyn» əsərində XII əsrin bir sıra elmi nəzəriyyələrinə  münasibətini, daha doğrusu, öz elmi fikir fantaziyalarını görürük.
Xaqani  geosentrik nəzəriyyənin tərəfdarıdır. Yer kainatın mərkəzində dayanıb.  Bütün planetlər və günəş onun başına fırlanır. Hətta Xaqani Yer kürəsinin öz oxuna meylliliyi barədə də məlumat verir:

Yerin dairəsi əyridir bir az,
Bu əyridən düz iş gözləmək olmaz.

Bu, çox böyük elmi kəşfdir. Xaqani özümü bu fikrə gəlib, yoxsa ona qədər Şərqdə bu nəzəriyyə var idi - deyə bilmərəm. Hər halda bu, Azərbaycan şairinin  böyük alimliyini  göstərir.  O zaman Xaqani «Yer fırlanmır, Günəş onun ətrafında  fırlanır» nəzəriyyəsini rədd edə bilməsə də, obyektiv  olaraq Günəşin böyüklüyünü, bütün varlığın ondan asılılığını  çox gözəl duymuşdur. Bu isə bəlkə də «heliosentrik» nəzəriyyəyə doğru addım sayıla bilər. O, Günəşə müraciətlə yazırdı:

...Hər səma cisminin sənsən məhrəmi,
Ey dünya mülkünə atəş zəmzəmi,
Gecələr qaranlıq, gündüzlərsə nur
Sənin lütfün ilə bərqərar olur.
Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.
Aya sən verirsən müftə nur donu,
Alırsan yenə də geriyə onu.
Torpaqdan sən etdin hər şeyi zahir,
Yaratdın hər yerdə qızıl, cəvahir.

Bu cür elmi axtarış  və fərziyyələrə Nizaminin  əsərlərində daha çox rast gəlmək mümkündür.  Demək istəyirəm ki,  o zaman şair cəmiyyətdə hərtərəfli biliyə malik adam idi. Müxtəlif elmləri,  o cümlədən,  astronomiyanı mükəmməl  bilmək onun funksiyasına daxil idi, indiki kimi fənn ayrılıqları, müxtəlif ixtisaslar yox idi. Bu gün şerin vəzifəsi öz yüksək biliyi  ilə elmə deyil, ideologiyaya xidmət eləmək, idraki, əqli səviyyəyə, hissi-zövqü yetkinliyə kömək etməkdir.
İntellektual şer, savad, bilik şeri də  yazmaq olar. Deməli, əslində şerin formal intellektindən deyil, şairin - sənətkarın yüksək mədəniyyətindən  söhbət getməlidir.  Sənətin «biliyi»,  hər şeydən əvvəl, insanlara aşıladığı  humanizmdir. Qalan biliklər bundan sonra gəlir. Söhbətlər, müzakirələr  sənəti yaratmır,  sənət bunları yaradır və  ondan doğru söz, fəaliyyətinə  düzgün baxış  və həqiqi qiymət istəyir.
İsa İsmayılzadənin yaradıcılığı mənə ümumi halda o cəhətdən xoş gəlir ki, bu şair əşya  və predmetləri  öz gözü ilə  görə bilir, hadisələri öz ölçü və meyarları qəlibinə  salmağı bacarır. Şairlik də elə bundadır ki, neçə rənglər  qatışığından  istədiyin rəngi ayırasan və istədiyin lövhəni  çəkəsən; dənizin  maviliyini qızardıb, buludun qaralığını ağardasan. Əlbəttə, lazım gələndə! Əlbəttə, sənin bu «poetik cığallığın» poetik məntiqlə əlbəyaxa olmayanda!
«Mən harasa getməliyəm» şerinə diqqət edin:

Ağappaq qar gəlir,
Dağların sinəsinə.
Heç vaxt əriməyəcək
Ağappaq vüqar gəlir.

«Dağlara ağappaq vüqar gəlir» ifadəsi həm obrazlı, həm təzədir, həm də necə gözəl mənzərə yaradır! Başqa bir şerində – «Yağış gölməçəsi»ndə payız mənzərəsi:

Uşaqlar yollandı yuxu dalınca,
Onların doluxmuş izi soğuldu.
Göy göyə çəkildi,
Payız ağaca.
Gölməçə kor oldu...

Hamımıza  aydın olan gölməçə dondu, buz bağladı anlayışı «gölməçə kor oldu»  kəşfində  təzə bir qeyri-adi obraz yaratmırmı?
Onun «Telefonlar işləyəcək», «Ulduzların ad günü», «Anam mənə qonaq gəlib», «Duel», «Axşamlar», «Dünyanın yalan günü», «Qabarıram, çəkilirəm» və s. şerləri istedadlı bir qələmin məhsuludur.
İsa İsmayılzadənin şerlərində forma cəhətdən həmişə  axtarış hiss olunur.  Bəzən misradan  misraya onun  çox xoşagələn keçidləri,  bəndlərarası aşırım və  dönüşləri  olur. Bəzən də şeri  oxuyursan, sanki şair söz  atını hamar  bir yolla  sürətlə qovur.  Təzə xəbər,  təzə muştuluq aparır.  Birdən gözlənilmədən  atını daşlığa,  çınqıllığa  çevirir.  Bu vəziyyət  həyatda  da ola bilər, sənətdə də.  Ancaq  İsa çox vaxt  lüzum olmadan, orijinallıq eləmək xətrinə bu inada varır.
Onun şerlərində başqa bir qüsur da hiss olunur. O, bəzən özünütəkrardan, bir-birinə yaxın notlardan yaxa qurtara bilmir.
Mən bir termos şüşəsiyəm,
Çilik-çilik olmuşam,
tökülmüşəm  içimə.

/«Təzədən yanmaq üçün»/

Sürücüyəm,
Sevinc yanacağımla
Səfərə çıxacağam.

/«Sevinc yanacağı»/

Hələ başqa şerlərindən də  bu cür misraları dartıb çıxartmaq  olardı.  Bunlar deyiləsi və dəf ediləsi  qüsurlardır.
İsa İsmayılzadənin bu  yaxınlarda  çapdan  çıxmış «Ulduzların ad günü» adlı kitabı haqqında qənaətim  budur ki, o, qanadlı  bir şairin ürəyində doğulub. Arzu edirik,  gənc şair  daha uzaq mənzillərə yol alsın.
Keçən il Vaqif Vəkilovun «Yoldan teleqram» kitabı çapdan çıxmışdır. Onun kitabı haqqında  mərkəzi və respublika  mətbuatında məqalələr çap olunmuş, müzakirələrdə, şer  gecələrində Vaqifin  şerləri barədə haçalı sözlər deyilmişdir.
Bəziləri tərif şkalasını ən yüksək qırmızı rəqəminə, başqaları isə sıfra endirirlər. Ortada cavan müəllif çaş-baş  qala bilər, doğrudanmı, o, zirvədədir, daha ordan o tərəfə  yolu yoxdur və ya doğrudanmı, quyunun dibindədir, bir ümid kəndiri atan tapılmayacaq?
Təsdiqlə inkar  arasında bu qədər kəskin amplituda fərqinin ədəbiyyata sağlam iqlim gətirəcəyinə mən şəxsən inanmıram. Vaqifin həm yaxşı, həm orta, həm də pis yazıları var. Daha doğrusu, şerləri  və  qeyri-şerləri var.
Mən yaxşı şerlərdən «Nə olacaq», «Qaya», «Şer yazıram», «Dünyanın ən ağır qanteli», «Deyin», «Oxşamaz», «Mavzoley», «Utanıram» və s. göstərə bilərəm.
Vaxtsız ölsəm
 Çox yaşadı deyin.
Vaxtsız ölü deyin
Qoca ölsəm.
Bir il yatıb ölsəm
Qəflətən öldü deyin,
Uzun sürən xəstəlikdən sonra öldü deyin
Qəflətən ölsəm.

Nisbi zaman məsafələri  üzərində qurulan  bu şer mənim  xoşuma gəlir. Ancaq bəzi şerlər adi, çox vaxt da bəsit məlum fikirlər yığınından ibarət olur, oxunmur.
Mən Vaqifin şerlərində  olan bəzi təkrar və dil pintiliklərini tənqid eləmək istəyirəm.
«Robot içalatı», «İdarə darvazasının içindən», «Düzürəm sətirləri fikir-fikir dəftərin içinə öz içimdən», «Sevdiklərim də, sevmədiklərim də  yazılır içimə, qalır içimin səbr dəftərində», «Mühit içində - ümid içində», «Nədənsə içim tapmacalı  fikirlərlə dolur», «Ürəyin yeganə yeridir içimin gecəsi», «Bu günümün dənizlə dolu içində», «Sürünüb düşsəm birdən günlərimin içindən» və s. lüzumsuz  tir-tikəni gərək ona xatırladaq. Yoxsa İntiqam Qasımzadə  kimi: hamısı əladır, hamısı kəşfdir», - kimi yastıqlamalar nəinki ona, heç dahilərə də xeyir verməz. Gərək şair tərifin  yanından saymaz ötməyi, tərifi  yanından saymaz  ötürməyi bacarsın.
Məmməd Kazımın «Zirvə» adlı gözəl bir şeri var. Zirvə şöhrət  və ətalət  xumarlığında  ölüb, ölümündən xəbəri yoxdur. Hər şeyə yuxarıdan baxa-baxa mühitindən ayrılıb.
Təəssüf ki, belə şöhrət xumarlığında çoxdan dəfn olan qələmçilərimiz vardır.
Nazim Hikmət Nezvalın  şerlərindən  danışarkən  qeyd edir ki,  o – Nezval təkcə çex xalqının, çex ədəbiyyatının deyil, bütün dünya  poeziyasının ənənəsini, forma  və danışıq  xüsusiyyətini öyrənmək istəyirdi. O, poeziyaya ümumbəşər bir varlıq kimi baxırdı.
Bu, əlbəttə, Nezvalın çex şairi olmasına maneçilik törətmirdi.
Bəzi şairlərdə şöhrət azarı, şöhrət yoluxması var.
Sənətkara şöhrət yavəri bəlkə də vacibdir, bu onun ideallarının mənzilə tez çatmasına  təkanlardan biridir. Ancaq əsl sənətkar  heç vaxt onun dalısınca  getməmiş və gəlişi  üçün də dəvətnamə göndərib ziyafət düzəltməmişdir.
O şöhrət sənətkarın  qapısını özü döymüşdür. Bəzən sağlığında, bəzən də məzarda. Neyləyəsən, belədir. Satınalınma şöhrətin sahibi bir gün gəlir, səni  soyundurub, onu geyindirirlər.  Yaxşısı budur ki,  başını aşağı salıb, daşını yonub, divarını hörəsən.  Yerli-yersiz oxucu tapmağa, onu «öz səviyyənə»  qaldırmağa can atmayasan. Əgər  oxucunu  öz səviyyənə (əgər bu səviyyə varsa)  qaldırmaq istəyirsənsə,  gərək onun dilini tapasan.
Burada yalançı xəlqilik də,  süni müasirlik və yenilik də eyni dərəcədə qorxuludur. Sənətkarlıq məsələsi deyəndə bütün  amillər birlikdə götürülür. Yoxsa  demək olmaz ki, bağışlayın, mənim yazım xəlqidir,  ondan müasirlik  istəməyin və ya mən müasirəm, xəlqiliyin  mənə dəxli yoxdur.
Daimi donuşluq, ehkam mühitində ənənə, mütləq yenilik bünövrəsində novatorluq  yoxdur. Söhbət bədii yaradıcılıqdan gedir.
Bədii əsəri gözəl bir binaya bənzətmək olar.  O, daşından  tutmuş, pilləkəni, döşəməsi, pəncərəsi, tavanına qədər gözəl tikilməlidir. İşığı, hava tutumu, üfüqə yöndəmi və s. ilə birlikdə. Ancaq ustası usta olarsa.
Xəlqilik o deyil ki, xalqın yaratdığı atalar sözünü, zərb məsəlləri və s.  inciləri  əsərində  əriş-arğac eləyib ona qaytarasan, ya da nağıllarını nəzmə çəkib təzədən oxuyasan.
Xəlqilik hər şeydən əvvəl  xalqı  mütərəqqi ideyalarla  silahlandırmaq, onu irəli   aparan cəhətləri  görüb, bunları  əridib sənət  əsəri  eləyib xalqı inkişafa dartan sürət maşınından birinə çevirməkdir.
Burada onun keçmişinə baxım da, bu günün keşiyində durmaq da, sabaha ümidli nəzər də üzvi surətdə birləşməli, bu  birləşmə isə konqlomerat deyil, aydın, təmiz, işıqlı sənət əsərinə dönməlidir. Ədəbiyyat humanitar sənətdir. O, texniki  ədəbiyyatdan həmişə  kəskin  şəkildə fərqlənəcək. O, humanitarlığını itirsə, humanizmini itirəcəkdir.
Gənclərin yaradıcılığında  xoşa gələn  cəhətlərin birisi məğrurluq və özünə inamdır. Özünə inanmayan, qayə və məsləkini  dumanlar arxasında itirən, şübhəsiz ki,  qorxaq olacaq;  nəinki bir şair,  bir vətəndaş kimi də şerin,   sənətin,  dar ayaqda  isə ana  yurdun keşiyində  dura bilməyəcəkdir.  Nəsimiliyin - əyilməzlik, məğrurluq, vuqar, «Mən insanam, demək çox şeyə qadirəm, mən şairəm, demək vətənin  ən cəsur əsgəriyəm»  şüarı  sənətkar dilinin əbədi  nidalarından  biridir.
Bu  əyilməzlik xalqa xidmətdə, vətəni müdafiə  edəndə, gözəlliyi,  ülviliyi duyanda əyilir. Bu əyilmək isə ucalıq, yüksəklikdir.
«Gözəlliyin önündə insan əyilsin təki»

/Zamin Mahmudov/

 Təbiidir ki, bu  gözəllik  onların  aləmində məhəbbətlə  birləşir,  məhəbbət də gözəllikdir. Gənclik məhəbbətdə  poeziyasını,  poeziyada  isə məhəbbətini  axtarır.
Hər şairin özünəməxsus  məhəbbət xəritəsi  olur. Onun  çayları, bulaqları, zəlzələ  ocaqları,  yaşıllıq  və hamarlıqları, bataqlıq  və  uçurumları digərinə bənzəmir.  Şəkər Aslan və Davud Nəsibin bir-birinə bənzəməyən  məhəbbət  şerləri  bizi sevindirir.  Ancaq bəzən məhəbbət çox  kiçilir. Şeh damlası, qırov ömrü gödək lirik hisslər nə qədər  çoxdur. Bəs məhəbbətin qranit sərtliyi, qranit uzunömürlülüyü yoxdurmu?
Doğrusu, bu lirik şerlərdə pıçıltılar lap  adamın  qulağını deşir.  Bu nə pıçıltı məhəbbətidir, bu nə pıçıltı söhbətidir. Çıxın bu kitabların  pıçıltı  məhəbbətindən. Əgər sevirsinizsə, adam kimi danışın, deyin-gülün, zarafat eləyin!
Diqqətlə nəzər saldıqda dediyim xəritənin çala-çuxurları, Filippin, Turfan çökəkliyi daha çox gözə çarpır.
Qorxuya düşürsən: doğrudanmı, bu qədər sevgisi yetimlər, eşqi dilənçilər var? Bu qədər evlənib həyat quranlar kimin tikəsini  ağzından qapıb?
Bu mövzuda Rəfiqə Hüseynova, Elmira Qasımova, Minayə Əliyeva, Rüzgar Qurbanovanın kövrək, səmimi lirik şerləri az deyil.
Məhəbbət mövzusu çox vaxt təbiətin  müxtəlif obrazları  ilə müqayisədə işlənir. Elə də olur  ki, çəmən  gözdən düşür, çay  nəğməsiz qalır, bulaq dadını itirir.
Dağ-dərə, düz-yamac, çəmən-çayır  həmişə insanı  əhatə edən təbiətin  konkret  obrazlarıdır.  Bunlar sənətin  fırçasında  insan aləmi, insan portreti  yaratmaq üçün gərəkli  vasitə  olmuş və bundan sonra da olacaqdır.
Mənzərə sənətində təbiət  obrazı çox vaxt insanla  birləşir, biri digərini  qabarıq nəzərə  çarpdırmaq  vasitəsinə dönür.  Təmiz mesaj lirikasına  da ehtiyac  çoxdur.  Bu təmizlik insan qəlbinə  təmiz  hisslər ələyir,  adamları yaxşını görməyə  səsləyir.  İnsan mənəviyyatında  bir növ yuyulub təmizlənmə gedir. Əlbəttə, gərək bu yazılar  seyrçi, şəkilçi olmaya. Şerin çəkdiyi lövhə kino  aparatının  çəkdiyi lövhədən fərqlənmirsə, demək o, yerini təəssüfsüz təhvil  verməlidir.
Dağların ucalığından, ildırımın vahiməli  toqquşmalarından, dənizin fırtına qoparmasından  sonra qəribə  bir heyrətliklə yazmaq, bunlarda dərin bir fəlsəfə  axtarmaq təbiətdən  sadəcə baş çıxarmamaq, bəsit dünyagörüşlükdür. Bunlar hamısı təbiət dialektikasında məlum  qanunlara  tabe olan  məlum hadisələrdir.
Sabir Almazovun «Mən fəhləyəm» şeri fəhlə zəhmətini səmimiyyətlə tərənnüm etmək cəhətdən maraqlıdır.

Mən fəhləyəm.
Daşı sıxsam - daş qum olar.
Alın tərim yığılarsa,
Təbiətdə daşqın olar.

Bu fəhlə – qəhrəman ömründə gecəni də yaşayır, gündüzü də. Hərdən onun gecəsi ilə gündüzü yerini dəyişir. O deyir:

Axşamdan qapını cəftələyənlər
Nə bilir harada uyuyur gecə,

Poeziya özü çox ağır zəhmətdən yaranan məhsuldur. Onun zəhmət adamı ilə dostluğu, ona təsiri, ondan təsirlənməsi hallarını həmişə  alqışlamalıyıq.
Sabir Almazov  da dağsız  yaşaya bilmir. Dağlara dırmanır, ayağını  daş-qayadan qorumaq  əvəzinə,  quzuların  ayağını daşların  əzəcəyindən  bərk qorxuya düşür. Yox, Sabir, qorxub- eləmə,  quzular yamacda gəzməyi bizdən yaxşı bilirlər. Bir də müəllifin qorxusu  var ki,  onun yemliyini  yeyəcək?

Yerdə bulud kimi sürünür sürü,
Odur, yemlik yeyən əmlik mənimdir.
Ay çoban,  başa sal onu  sən barı /?/
Yemliyə dəyməsin – yemlik mənimdir.

Yəqin ki, çoban quzunu başa sala bilməyəcək. Quzu da başa düşməyəcək ki, yemlik sənindir. Axı niyə sənindir?  Və nədən bilirsən ki, quzu yemlik yeyir?  Bu ot-alaf «fəlsəfəsi»nin  heç çobana  da dəxli  yoxdur. O ki qaldı şair ola!
Yemlikdən də,  baldırğandan da, buğdadan-zəmidən də şer  yazmaq olar.  Lap arzu olunur ki,  bizim kənd  şerlərimizdən  çörək ətri gəlsin, torpaq ətri gəlsin.
Bunlar yox dərəcəsindədir. Şair aqronom, məsləhətçi, baytar, iqlimşünas  vəzifəsini boynuna götürmür. Bitki-heyvan aləminin poeziya  xəritəsini  yaratmaq  onun funksiyasına daxil deyil: şerin ictimai  vəzifəsini  bu qədər xırdalamaq nə deməkdir?
Ağa Laçınlının arıçı  haqqında  yazılmış bir şerindən danışmaq yerinə düşərdi. Bu, şerdən çox,  bir arıçının  arı  haqqında zəif xroniki məlumatını xatırladır. Arı çox şairdən çox iş görür, bal da elə şerdən dadsız deyil. Ancaq  arı bu çiçəkdən o çiçəyə qonur, xortumunda şirə gətirir, qapısında keşikçi  qoyur, yad  arıya  qarşı müharibə elan edir və s.  məlumatlar  arıçılığa  aid ədəbiyyatlarda çox yaxşı işıqlandırılıb. Belə «həyati bilmələr» poeziya biliyi ola bilməz. Yaxşı olar ki, Ağa Laçınlı:

İçimdən nə qədər od-alov keçib
Köhnə bir tüfəngin lüləsi kimi.

-ümidli addımına sadiq qala, silkələnib təzələnə. O, çox məlum əşya  və hadisələrə «fəlsəfi don» geyindirmək istəyir. Ancaq yenə də lüt görünür. Çünki  bunlar hamımıza  çoxdan məlumdur.
Gənclərin  yaradıcılığında  müharibə sözü qırmızı hərflərlə yazılıb yaşayır.
Müharibədə  itmiş ata haqqında bir neçə şairin şeri var. Şəmşad Rzanın «Çək atamın şəklini»  yaxşı, seçilən şerlərdəndir.
Müharibə küləyi onların  taleyinə müxtəlif səmtlərdən əsib, indi də əsməmiş deyildir. Onların çoxu Vətən  müharibəsindən bir az əvvəl və ya  həmin illərdə təvəllüd  etmişlər.  Onlar üçün hələ müharibə qurtarmayıb.
Açığını deyim ki, nə qədər müharibə-müharibə deyilsə də, təhlükəsi hər vaxt gözlənən müharibəyə  qarşı bədii  obrazlarla dolu, təkmil, səfərbəredici şerlər çox azdır.  Gərək belə şerlər xatirədən,  sızıltıdan qarğışdan  ibarət  olmasın. Əksinə, xalqımızın rəşadəti, qəhrəmanlığı, qəzəb və nifrətlə  dolu qələbə ehtirası  belə yazıların  ruhuna hopmalıdır.  Kədər özü də kədərə qarşı, qəm özü də qəmə qarşı durmalıdır.  Yoxsa, gəlin, hamımız dəsmal götürək, bu, ölüm səhnəsidir – yaramaz.  Adamlara hərbi vətənpərvərlik  ruhunda yazılmış, fikirlərə nüfuzedici, şüurunu ayıq, səfərbər saxlayan poeziya  bu gün  daha çox lazımdır. Vətən müharibəsinin ilk günlərindən bizim şerimizin ruhunu bu misralar çox yaxşı ifadə edirdi:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən.
Şerimizə bu müsəlləhlik indi də eyni qüvvətlə gərəkdir. Beynəlxalq imperializmə qarşı, militarizmin, faşizmin müxtəlif formada baş qaldırmasına qarşı!
Xeyir qüvvələrin qalibiyyətinə inam klassik poeziyamızın ənənəsindən gələn bəşəri keyfiyyətlərdir. Bunlar həyatda da belədir. Qara gün nə qədər xəyanətindən əl çəkməsə də, bir gün onun boğazı  ağ günün əlinə keçir. Bizim də dövrdən bəhs edən  şerlərimizin çoxunda  bu yaxşı  keyfiyyətlərlə  yanaşı, yalan da var.  Bəzilərinə  görə, müharibə  vaxtı hamı arxa cəbhədə  yas içindəydi, elə ağlaşmaydı, gün doğmurdu, səhər açılmırdı, nə uşaq vardı, nə uşaq oyunu.
Ənvər Əhmədin yaxşı niyyətlə yazılmış bir şerində əsgərin bir çox itkisindən sonra ümidinin itmədiyinə inanmaq olar. Bir ona inanmaq olmaz ki, döyüş əsgəri «yerişimi itirdim» deməzdi, həm də döyüş əsgəri  qəzəb ağlardı, nifrət  ağlardı, qan ağlamazdı! Buna onun vaxtı da yox idi, imkanı da! Əsgər ruhu ölüm ayağında da ağlamağa yaddır. Bu özü çox qəribə psixoloji prosesdir.
İndi arxa cəbhənin ağlaşmalarına gələk. Əlbəttə, oğul itirən ana, ər itirən gəlin ağlayıb  göz  yaşı  tökürdü, həyat isə öz axarında davam  edirdi. Əslində dağın o üzündə dava  gedəndə də bu  üzündə həyat müvazinətini itirmirdi. İnsan işləyir, əkir, biçir, döyürdü.  Ayrı cür də ola bilməzdi.  Yoxsa  orda qırğın, burda  ağlaşma, bəs maddi  nemət istehsal edən  kimdir? Mənim nəslimin uşaqlığı da müharibə  illərində keçib. Çox erkən  kişiləşib işləməyə başlamışıq. Ancaq uşaq oyunlarımızdan da qalmamışıq. Qayışqapmamız da, daş hellətməyimiz də, top-top oyunumuz da davam  eləyib. Qocalar nahara  əyləşəndə biz  əlimizdə dürmək yarışımızı   keçirmişik.
Demək istəyirəm ki, bütün dəhşətləri, bütün  ağrıları gərək düz yazasan. Əgər ən çətin  anda belə həyatda göz  qırpmasan, yaşanası həyat olmazdı. Uşaq doğulmazdı, nəsil artmazdı. Poeziya yalan sevmir. Ən yüksək «bədii» yalan belə çılpaq həqiqət önündə duruşunu  itirir.
Gənclərin yaradıcılığında mövzu kasadlığından  çox danışırlar. Görünür, burda müəyyən həqiqət vardır. Özünü  eşələmə, şer  xatirinə şer yazmaq, demək, quraşdırmaq, hissə yığmaq  təbii doğum poeziyasının imkanlarını  azaldır, məqsədini başqa səmtə yönəldir.
Heç kəs ədəbiyyatımızda gəncliyin qüvvətli  yenilik meylini, istedadını inkar  etmir.  Çoxlarının dediyi bu çeynənmiş şüarı bir daha  təkrar  edirik: sənətkar  üçün təkcə istedad azdır. İstedad  birincidir, onun dalınca ikinci, üçüncü və  başqa «inci» xüsusiyyətlər gəlir.  Həyat heç vaxt istedadın yoluna xalça, kilim döşəmir, əksər hallarda qranitlə üz-üzə gətirib «yar, keç»  deyir.  Bu mənada  varaqladığımız 16-17  kitabçadan 2-3 nü çıxmaq şərti ilə parlaq istedad surəti  az nəzərəçarpır. Bu, çox təəssüf doğurur. Hamı vəzni, bölgünü bilir, sərbəst danışmağa, təzə fikir deməyə can atır. Bunlar hələ ucsuz-bucaqsız sənət səhrasının ilğımlarıdır.  
Adam istəyir ki, bu müəlliflər çoxluğunda  yazı  tərzi, hadisələri qavrayış cəhətdən xüsusi xarakteri  olan  şairlə qarşılaşsın. Onun səsi, xətti seçilsin.
Bu  çox ciddi  məsələdir. Şairlik iddiası ilə yarada bilmək çətinliyi  arasında  yer ölçəndən əsl istedadı ayırıb qayğı ilə tərbiyə  eləmək, inkişafına  şərait yaratmaq ağsaqqal ədiblərimizin vicdani  borcudur. Hazırda  poeziyamızın qarşısında  duran ən mühüm vəzifə   xəlqilik, yüksək ideyalılıq, poeziya vətəndaşlığı məsələsidir. Əsl ədəbiyyat həmişə müasir olmuş, dövrünü sənətin süzgəcindən keçirib dövrünə göstərmişdir. Ədəbiyyat tarix olandan sonra onu varaqlayan  əsrin  adamı  birinci  növbədə öz zamanını necə  əks   etdirdiyini həmin  ədəbiyyatdan soruşacaqdır.
Xəlqilik də, yüksək ideyalılıq da  öz  məzmununu müasir baxımın  müzakirəsindən, onun yeni-yeni  ifadə  formaları qəlibindən  keçirir. Onlar yalnız yüksək sənət dilində ədəbiyyata çevrilib uzun ömür almağa imkan tapırlar.
Açıq demək  lazımdır ki, «müasir mövzu» pərdəsi altında şerimizə  yabançı, qapıdan girib pəncərədən çıxan yazılar gəlir. Bundan ehtiyatlı olmaq gərəkdir.
Respublikamızda müxtəlif  sahə qəzetləri  çap olunur. Onların səhifələrində müxtəlif peşə  sahiblərinin zəhmətini tərənnüm  edən bədii yazılar da  verilir.  Bunların yaxşıları, təqdirəlayiqləri də  olur. Təki olsun.  Az mübaliğə ilə desək, görürsən, bir qəzet  inşaat şerləri rubrikası açıb, öz daimi şerlərini də tapıb.  Digər qəzet isə boks və ya güləş poeziyası, başqa  birisi yanğına  qarşı mübarizə lirikası çap eləyir və bunu böyük xidmət sayır. Sonra müəllif də bu mətbuatdakı «günün vacib məsələsi»nə  həsr olunmuş şerlərinin siyahısını tutub müxtəlif təşkilatlara nota göndərir və «müasir»  kitabının  çap olunmasını tələb  edir.
Poeziyanı  yalanın köləsinə  döndərmək istəyən müəllifdən səmimi və  təbii şer hürküb qaçır, ilham didərgin düşür və  bir daha  onun qapısına «sağına» gəlmir.
Poeziya zəruri doğuluş kimi təbii, təbii doğuluş kimi zəruri  olmalıdır. Əsl sənət doğulmaya bilməmək qanunu ilə  doğulur.  Elə müasirlik də  sənətin  qarşısında  o zaman durur ki,  sənətkarı  əhatə  edən  mühit bir vulkanik, tektonik proses kimi  təzə yaranışlar istəyir.  Bu gün dünənə bənzəmir. Bu gün sənətdə  özünü görməyi  tələb  edir.
Lomonosovun  enerjinin itməməsi və maddə  çəkisinin  saxlanması qanununu, məncə, zamanın, vaxtın da itməzliyinə tətbiq  eləmək  olar. Əgər bu zaman müəyyən vaxt bu və ya digər işə  sərf olunan qüvvə, enerji isə, deməli, o, böyük əməllər şəklində sönən əsərlərimizə  hopub  yaşayır.  Bizi əhatə  edən zaman  böyük zəhmət, fəlsəfi-əxlaqi  düşüncələr şəklində bu günün şerinin baş qəhrəmanı olmalıdır. Ədəbi savaddan, ədəbi texnika biliyindən gələn süni lifləri xatırladan şerlər zamansız, məkansız olduğundan əsrin hansı dolayındasa  gərəksiz bir yük kimi dərənin dibinə dığırlanacaq. Poeziya axtarışları müasir kəşflərini  öz laboratoriya təcrübəsi  xatiri üçün deyil, mənəvi «nemətlər istehsalı»  kimi həyat  üçün, praktiki fəaliyyət üçün aparmalıdır. Bu günün  poeziyasında bu gün  olmalıdır.  Bu keyfiyyətlərdən məhrum olan, ilk baxışda parıldayan, parıltısından  işıq və istilik  alınmayan əsərlər uzaqdan gözəl görünən, ismətsiz, hissiz, ehtirassız  gözəlləri  xatırladır. Onlara baxan tapılar, ancaq sevən tapılmaz.

1969

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws