|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
FİKİR HƏQİQƏT AXARINDA

Deyəsən, bu fikri hamı deyib, elə hamı da təsdiqləyib: böyük sənətin, böyük yaradıcılığın bünövrə daşı zəngin tərcümeyi-hal üzərində qurulur.
Köklərini torpağın damarları ilə haçabənd eləməyən, təbiətin tufanını udub, buludunu əmməyən ağaclar bar vermir.
Rəsul Rzanın «Mənim fikrimcə...» kitabı tərcümeyi-halla açılır. Kamil dünyagörüşü, həssas şair münasibəti tərcümeyi-haldan başlanır.
Onun bilici  bir  uşaq marağı ilə  yadında saxlayıb ehmal-ehmal  çözələdiyi  möhkəm təfərrüatlar, kövrək xatirələr, dərələrdə çimib, düzənlərdə qurunan, arabir də çinar xışıltısına, quş nəğməsinə  qarışıb hansı  aləməsə uçub gedən ömür  parçaları qəlbimizin  həlim duyğularını  tərpədir, gözümüzü yaşardır,  keçən günlərimizin görüşünə çağırır bizi. Unudulmaz bir təntənə ilə  qucaqlaşıb əbədi  ayrılmaq görüşünə.
Bütün adamlar uşaqlıqda  bir cür yaşayırlar.  Böyüdükcə onların  müəllimi olan mühit  hərəsinin qulağına bir şey pıçıldayır. Onun bütün gələcək əməllərinin  baisi o müəllim  mühitidir. Hər yerdə onun dərs cədvəli, çubuğu, yazı taxtası asılıb...
Bu mühit ağlı kəsməyə başlayan  gündən tərcümeyi-hal  müəllifinin duyğularına  ədəbiyyat həvəskarı toxumu  səpələyir,  doğma ocaq alışdıqca bayatılar,  laylalar eşidilir,  ata nüfuzu onu  şer dəhnəsinə tərəf yönəldir. Uşaqlığını, atalı-analı  dünyasını məhəbbətlə vərəqləyən  xatirələr get-gedə  sürətini,  anlayışını, həyata baxışını dəyişir, müdrikləşir və nəhayət, ədəbiyyatımızın  dirəklərindən  birini öz çiynində  gətirən böyük  zəhmət  adamı, qüdrətli  sənətkar  kimi ömrün  yüksək  zirvəsində  dayanıb sənətimizin keçdiyi yollara baxır. Sənət evini tikib qurmaq məsələlərindən  danışır. Bu evin görkəmli memarlarını xatırlayır, onların portretini yaradır, onların böyük sənətindən öyrənməyə və başqalarını öyrətməyə səsləyir qələm  qonşularını.
Bəlkə də dünən dünəni o qədər də aydın dərk  etmək olmazdı. İndi onun lazım olmayan daş-hasarları uçub-tökülüb, yaddaşda yalnız  gərəkli minarələri qalıb. İndi o, əlin içindədir, onu ağlın laboratoriyasından keçirib daha yaxşı təhlil etmək olar. Onun ədəbi hadisələri tarixə dönüb, ədəbiyyat isə tarix olandan sonra əsl obyektiv qiymətini ala bilir.
İndi o, sənətimizin yollarına baxır. Burda onun elmi təhlili ilə bədii təcrübəsi  birləşib çiyin-çiyinə verir, cəsarətlə, inamla öz sözünü, nöqteyi-nəzərini izah edir. Onun məntiqi kəskin və inandırıcıdır.  Onun məntiqi  çox zaman «mənim fikrimcə»ni  öz adından deyil, sənətimiz, ədəbiyyatımız  adından deyir. Çünki  bu məntiq sənətin obyektiv məramnamələrini  və subyektiv  «məncə»lərini yaxşı bilir.  Bunların orbitində hərəkət eləmək,  bunların  dartımına  məruz qalmaq və ondan çıxmaq qanunauyğunluqlarına da bələddir.
Lakin bu məqalə və publisist  yazıların, tənqidi qeydlərin, rəy və məktubların müəllifi şairdir! Bu da təbiidir. Əsl şairin şairliyi adi məktubunda da,  kiçik bir  xronikasında da öz xəttini büruzə verməli, adi danışıq tərzinə yad olmalıdır.
O, çox  zaman şablonlaşan tənqid təhlili və üsullarına sığa bilmir. Daha doğrusu, sığmaq istəmir. Bəzən onun məqalələrində oçerk, xatirə, publisistika  ünsürləri birləşir. Bu birlikdə yadda qalan, maraqlı şair təhkiyəsi aparıcı xətt təşkil edir.
R.Rzanın özünün dediyi kimi, yaradıcılığında polemik ünsürlər çoxdur. O, bu qəbil yazılarında həmin polemik ünsürlərə möhkəm nəzəri dayaq yaradır. Bu bünövrənin özülü çox möhkəm, əsası çox əsaslı olur. O yazır: «Ənənələri hərarətlə müdafiə  edən adamlar nədənsə çox zaman onları yalnız  keçmişdə axtarırlar. Keçmişin mənşəyi və ədəbi ənənələrinin hamısını bizim müasir həyatımız  və  sənətimizin silahı  eləmək meyllərinin düzgün olmadığını  hələ demirəm.  Belə bir sual ortaya çıxır:  ənənə yaratmaq məgər  yalnız keçmişin  əldəyməz  hüququdur?  Nə üçün bizim  keçmişdən qat-qat  maraqlı və zəngin  olan həyatımız  yeni ənənələr  yarada bilməz və yaratmamalıdır? Belə düşünək ki, «millətlər» nə yarada bilirlərsə artıq yaratmışlar, sənətdə  milli xüsusiyyətlər isə  çoxdan  tapılmışdır, burada  axtarmalı bir şey yoxdur» -  məncə, tamamilə səhvdir...
Misal gətirdiyimiz bu parça Rəsul Rzanın təkcə nəzəri mübahisə  və müddəası  deyil. O, bütün yaradıcılığı boyu hərəkətdə,  axtarışda olmuş, hətta bəzən təəccüb doğuran, ilk  vaxtlar ardıcılları  tapılmayan  sınaqlar da  keçirmişdir. Hərdən  onun inadı üzü küləyə doğru getsə də, hərdən büdrəsə də, qarşıda inamı əl  eləmiş, yaşıl işığını  yandırıb yol göstərmişdir.
R.Rza  heç vaxt ədəbiyyat  və ya yaşayış, məişət ənənələri  əleyhinə  getməmişdir. O, ənənələrdən yapışıb duran, onu təzələməyə qoymayanların, yenisini yarada bilməyənlərin  əleyhinə getmişdir.  Bir də axı, bizim istəyimizdən asılı  olmayaraq zamanın  imtahanına dözməyən,  yerini təhvil verən, ya da yerini  daha da  möhkəmləndirən  ənənə  ədəbi proses, dünyagörüşü və baxışlar  olmuş və olacaqdır.
Əslində  ədəbiyyat dünyasının ilk  və son səyyahı  yoxdur. Kəşf  olunmuş hesab  edilən  bir ədəbi  formanın  nə qədər  yeni-yeni  qollarını  tapanlar  olub. Sənətdə forma və  məzmun,  tapıntı prosesi hüdudsuzdur.
Dədə Qorqud  dastanlarından üzü bəri şerlərimizin  keçdiyi yolun  ədəbi-tarixi xəritəsini  çəkib  qarşımıza  qoysaq və diqqətlə nəzərdən keçirsək, görərik ki, bu xəritə  dünyanın özü kimi rəngarəng, müxtəlif iqlimli, dəfələrlə əldən-ələ keçən, çarpazlaşan, düyünləşən, dolaşan,  təzədən açılan bir təbiətə malikdir.
Elə müqayisə üçün bizim xalq şerimizlə qəzəl ədəbiyyatını götürək.  Xalq nəğməsi  xalqın zəhməti – əkin-biçini, sevinc və kədəri, qələbə və məğlubiyyəti ilə bir doğulmuş, sonradan biri digərinə  hərəkətverici qüvvəyə, təkana çevrilmişdir.
Qəzəl ədəbiyyatı isə məktəblə, təhsillə, başqa xalqlarla ədəbi təmasla  əlaqədar olaraq xalqın «ziyalı təbəqəsi» tərəfindən gətirilmişdir.  Sonra əsrlər boyu işlənib  cilalanmış,  milli forma  almış, xalq  şerilə  qonşuluqda  yaşayıb bir-birinə  həyan  olmuşdur.
Xalq bu ədəbiyyatın ustadlarını qəbul edib nəsimilərinə, füzulilərinə baş əyməmişdirmi?  Bəyəm bunların – bu janrı bizim ədəbiyyata gətirənlərin  yoluna gül-çiçəkləmi  çıxıblar?  Məgər onlara yağdırılan tənə  daşları  tarixin  azmı   səhifəsini cırıq-cırıq eləyib?
Müdrik  xalq ona lazım olan  hər bir sənət  əsərini qəbul  edir. O, hansı  formada  yazılır-yazılsın, təki ona kömək  eləsin,  əlindən tutsun, dərdinə şərik ola bilsin.
Xalqın yenilik meyli,  sənəti irəliyə  aparmaq meyli maddi nemətlər istehsalı ilə bağlıdır, daha düzü,  ondan mayalanır,  ondan qanad alır. Hələ ibtidai əkinçiliklə   məşğul olan  xalq  bir-iki taxıl  növü  ilə kifayətlənmirdi; axtarırdı, əməyini,  yaşayış  tərzini yüngülləşdirmək  istəyirdi. Buğdanı, mərciməyi, noxudu tapırdı, ağac tiyəli xışdan dəmir gavahınlı  xışa keçirdi.  Bu  axtarış  texniki bitkilərəcən, kotandan adlayıb traktoracan, daha  nələrəcən gəldi.  Yəni  demək istəyirəm ki, zamanın bu sürətli hərəkəti,  istehsal  üsulu yeni-yeni ədəbi  formaların  yaranmasını da müəyyən  edir.
Torpağın imkanları  böyükdür, o, bütün ənənə və yeniliyi eyni nəmişliklə, eyni hərarətlə qarşılayır və sonra onları istəyincə qidalandırır.
Sənət təsərrüfatı da belədir. Müqayisə kobud da olsa, əslində belədir. Sənət təsərrüfatı da çoxçeşidlilik sevir. Bu şərtlə ki, torpağın ola, dənin  ola, fərasətin ola.
 Əvvəlcə dediyimiz kimi,  müəllif müsahibini  acılı-şirinli, bəzən də  yumorlu xatirə dolayları  ilə  apardıqca  sənət məsələləri barəsində  söhbəti  daha  dərinləşir, mübahisəli şəkil  alır. Hərdən ona  inanmaq istəmirsən.  İllərlə görüb keçdiyin düzəngahın yeni  bitkilərini  sadalayır, təzə  sakinlərindən  söz açır.  Bunlar hardan? - deyirsən.  -  Babam  «görmüşəm» , nənəm «görmüşəm»  deməyib, nağıl qəhrəmanlarımız onlarla  rastlaşmayıb... O,  inad eləmir. İnadkar müsahibinin  qolundan  yapışıb lal xəritə önündən çay qırağına, dağ ətəyinə, dəniz sahilinə  aparır, həyatı göstərir.  Günəşdən tutmuş, qum dənəsinə  qədər hərəkətdə olan, dəyişən həyatın bir parçası da  sənətdir.  Şairin sənətə baxımı müxtəlif  səhifələrdə müxtəlif surət  və tutumla süzülüb gəlir, ümumi bir məcrasında müəyyən bir səviyyə alır, sonra əbədi mənsəbinə – Azərbaycan ədəbiyyatı  tarixinə  doğru yönəlir.
R.Rza  xalqımızın tarixini tez-tez, qürurla vərəqləyən, adət və ənənələri, bunlarla  bağlı olan  poeziya nümunələrini, ümumən xalq məişətini, xalq dilini  çox gözəl bilən  bir sənətkardır.  Xalqın tarixinə səyahət edəndə, igid  və qəhrəman oğullardan  danışanda,  sənət incilərini təhlil  eləyəndə onun sevgisi daha  kükrək və qanadlı olur.  «Yeni  yaradıcılıq qələbələrinə doğru».  Dəfələrlə eşitdiyimiz bir başlıq. Kitabın tərcümeyi-haldan  sonrakı  səhifələrinin  davamı...
Adama  elə gəlir ki, o, bəzi  məruzəçilər kimi Azərbaycan yazıçılarının Naxçıvanda  keçirilən plenumunda  hərəni bir ovuc tərifləyəcək, bir çimdik  tənqid  edəcək,  sonra da  ümumi şəkildə sənətin qarşısında  duran vəzifələrdən danışacaq - yeni  yaradıcılıq qələbələrinə doğru!
 O,  bu yolla getmir. Əvvələn,  ona görə ki, o, Naxçıvana gəlib.  Bura Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. İkinci  tərəfdən də ora  gələn, onu təsəvvür edən dərin bədii publisistika   ustası olan şairdir.  Bu  şair, şair  vətəndaş  o tay-bu taylı  iki Azərbayanın  ayrılıq yarasını tənzif kimi  sarıyan Arazı  görür.  Araz bu torpağı  yalnız  üstdən ayırıb, fikrimizə, arzu və istəyimizə  isə sədd çəkə bilməyib.  Həm də bu torpaq   altdan möhkəm süxur qatları  ilə  bir-birinə  bağlıdır.  Nə  qədər dartılsa da  qopan  deyil.
R.Rza  bunları  elə  məharətlə, elə obrazla təsvir edir ki,  adamın nifrəti-qəzəbi,  sevinci-məhəbbəti, dərdi-kədəri öz yerini tez-tez bir-birinə  verir.  Diqqət edin: «İlanlı dağ  elə bil ki, nəhəng bir qurğuşun fəvvarəsidir. Qüvvətlə  göyə qalxıb, sehrkar bir əlin hərəkəti ilə birdən donub havada  qalmışdır».
O, Naxçıvanda  yaşayan yazıçıların əsərlərinə  diqqətlə, qayğı ilə  qiymət verir, yol göstərir. Eyni  zamanda o, Naxçıvanın tarixi  şöhrəti və müasir yüksəlişi ilə  yanaşı, bugünkü həyatındakı nöqsanları da  qeyd edir.
Şəhərin  müəyyən tarixi-coğrafi icmalını  vermək, mədəniyyət tərcümeyi-halını, ədəbi mühitini  yüksək səviyyəli  bir dillə təsvir etmək cəhətdən Naxçıvan  haqqında bu qeydlər elmi-bədii   publisistikanın  ən yaxşı nümunələrindən biridir.
R.Rza  tez-tez  səfərdə, səyahətdə  olur. Çox  halda onun səfər dəftəri şerlə, xatirə  və qeydlərlə dolu  gəlir. Onun ərəb ölkələrinə səfərdən gətirdiyi «Uzaq ellərin yaxın töhfələri» xatirə-qeydləri azəri oxucularına ənə yaxşı töhfədir. Əslində o, nə xatirədir,nə də qeyd.  Zamanın hökmü ilə  parçalanıb didərgin düşmüş, İraqda  məskən  salıb yüz  illərlə məktəbsiz, mətbuatsız öz dilini  yaşadıb qoruyan  azəri türklərinin xalq poeziyası  haqqında  ən yaxşı  tədqiqat  əsəridir.
 Qərib diyarda  birdən tanış nəğmə, bayatı eşidən  şairi xoş heyrət bürüyür, sevinir, gözləri   yaşarır. İraq  sözü onun yadına «fəraq» sözünü salır. Fəraq sözünə  isə poeziya ömrü  verən, bəşəri hicran və kədərlə,  sevgi  və həsrət telləri ilə  insan hisslərini bir-birinə düyünləyib yaşadan  Füzuli  deyilmi?
Azərbaycan poeziya silsiləsi  zirvələrindən biri - Füzuli XVI əsrdə bu  xoryat və  manilərdən nəğmə içmiş, həm də öz nəğməsini  Kərkük poeziyasına içirtmişdir. Nəyə görə deyirlər ki, xalq ölməzdir? Əslində  ölməyən  insan  varmı?  Yox!  Ona görə bütün halda  xalq ölməzdir ki, o, bütün istedadını poeziyada, memarlıqda, rəssamlıqda, musiqidə  və ya  başqa  sənətdə  əridib, bir və bir neçə  sənətkara bağışlayır.  Onun fikri, əməlləri sənətə qovuşur.  O ölmür, şəhər olur,  yol olur,  nəğmə, musiqi  olub yaşayır.
Xalq gedir, Füzuli qalır. Füzuli  qalır -  xalq qalır.
Buna görə də təsadüfi deyil ki, R.Rza Kərkük xoryat və manilərini araşdırarkən  Füzuli   cazibəsindən  uzaqlaşa bilmir. Bir çox xoryat və manilərin  müəllifi Füzuli hesab edildiyi də təbiidir. Burada nədənsə  mənim  yadıma «gözdən  uzaq,  könüldən  iraq»,  «qada  səndən iraq  olsun», «iraq səndən», «iraq bizimkilərdən» və s.  kimi məsəl və xalq ifadələri düşür. Adama  elə  gəlir ki, «iraq düşmək» «iraq olsun»  və s. sözlər azərbaycanlıların İraqa köçməsi, uzaq – iraq bir diyarda  həsrətlə yaşaması ilə  əlaqədar meydana  gəlmişdir.
R.Rza  Kərkük  xoryat və manilərini Azərbaycan bayatıları ilə  yanaşı  təhlil  edir.  Əslində  bunların çoxu bir-birinə  əkizdən də yaxındır.  Yalnız  bir-iki  söz dəyişikliyinə uğramışdır. Onun da «günahları» bu nəğmələri  yaşadan yaddaş  və arabir oxuyan dildir. «Əkiz» xoryat, mani və bayatıların taleyi  belə  olmuşdur. Bununla  belə, öz qatarından ayrı  düşmüş durna kimi, doğma elindən, elatından  ayrılan  adamlar da  öz nəğməsini yaratmamış deyildi. Bu nəğmələrin bir qismi  öz qədim  ənənəsi üzərində təməl daşı qoyub, digəri  də  yerli  şəraitlə, ətraf mühitlə, onun təzyiqi, hadisələri, toy, yasları  ilə bağlı  şəkildə meydana gəlirdi.
Dilin təzyiqə  qarşı müqavimətini, təsirə qarşı  əks təsir, korroziyaya qarşı  cilalanma  qüvvəsini heç bir  varlığın gücü  ilə müqayisə  etmək olmaz. Min  illərin gülşadı – tufanı, isti-soyuqu  ondan cüzi qəlpələr qopara  bilir. Dilin əsası, kökü  qalır. Onu saxlayan müqavimət gücünün  çox faizi də poeziyanın payına  düşür.
R.Rza  xalq poeziyasının bu gözəl nümunələrini folklorşünas kimi ustalıqla, incəlikə təhlil  edib, ən xırda düyünlərini belə açıb çözələməyi bacarır. O, xalq dilinin incəliyindən, kəsərindən, tutarından zövqlə  istifadə edir;  bəzən adamın  yadına babaların, nənələrin işlətdiyi  indi «arxaikləşib» atılan sözlərin  danışıq və deyiliş formalarını  salır.  Hətta bizə  məlum olan sözlərə  şəkilçi və ya ön  söz  artırmaqla  peyvənd ifadələr düzəldir. Bunlar dilin imkanına xələl deyil, təzəlik gətirir. Dediyimiz keyfiyyətləri «Uzaq ellərin yaxın töhfələri»ndə də görürük. Burada onun elmi dünya görüşü, xalq ədəbiyyatı biliyi ilə cəsarətli şair fantaziyası birləşir.
Qəribədir, bizim bayatılarda olduğu kimi, xoryat və manilərdə də dağlarla bağlı olan hicran notları çoxdur. Bunun səbəbi nədir? Bunlar ənənədən gəlir, yoxsa dağlar Kərkükdə də görüş və vüsala qədimdən bəri sədd olmuşdur?
Burada, əlbəttə, ənənədən gələnlər daha çoxdur. O biri tərəfdən də Azərbaycanın coğrafi mövqeyi elədir ki, onu hər yerdən dağ silsilələri əhatə edir. Şübhəsiz ki, yol və nəqliyyat vasitələrinin qədim səviyyəsində dağlar müəyyən mövsümlərdə görüşlərə, vüsallara, iqtisadi-mədəni əlaqələrə sədd idi. O zaman təbii olaraq dağlar haqqında nəğmələr, bayatılar qoşulur, onu bəzən insafa-mürvətə çağırırdılar. Bizim bayatı və xalq şerimizdən:
Qarlı dağlar gəlib düşdü araya,
Qalmışam qürbətdə a yana-yana.
 Və ya:
Dağlar, bölgəli dağlar,
Dibi kölgəli dağlar.
Gözüm yollarda qaldı,
Nə vaxt el gəli,dağlar?

Kərkük nəğmələrindən:

Dağlar dağladı məni
Görən ağladı məni.
Və ya:
Dağıt üzə,
Zülfünü dağıt üzə.
Qorxmursan bir ah çəkəm,
Döndərəm dağı düzə?
 kimi onlarla nümunələr misal gətirmək mümkündür.
 R.Rzanın dediyi kimi: «Elə  manilər, bayatılar var ki,  adam onları oxuyanda  hündür dağa qalxmış kimi  həyəcandan, təsirdən nəfəsini dərmək, köksünü yenidən  hava ilə doldurub, duyduğu zövqü canına yaymaq istəyir».
Bu xoryat və maniləri  yaradan  xalq,  onların ilk müəllifi olan bu və başqa fərd dəfələrlə zamanın burulğanına düşüb,  çox şeyini  itrmiş, qəlbinin çox istəyini dəfn   eləmişdir.  Bəlkə də bu nəğmələr, incilər, gövhərlər o didərgin,  cəlayi-vətənlərin, müxtəlif tarixi-coğrafi səbəblərin dartımı ilə  İraqa gələn  azərbaycanlıların yeganə varıdır ki, talana, sürgünə, tarixin  şum-pərşumuna  məruz qalmamışdır.
Oxu tər,
Kamanı tər, oxu tər.
Atma könlüm evinə,
Qəm tünlükdər, ox itər.

Yaxud:

Ox atdı, məni vursun
Sinəmdə oxu yandı.

R.Rza, «bu alovlu  könül qınarsan»  qeyri-adi təşbehli, incə  düzümlü  sənət  nümunələrini  təhlil ələyindən elə zövqlə, ustalıqla keçirir ki, istər-istəməz onu  yaradan  xalqın istedadı  qarşısında  baş əyirsən.
«Mənim  fikrimcə...»  kitabının  çox hissəsini  şairin müxtəlif illərdə yazdığı məqalələr, ayrı-ayrı  sənətkarlar haqqında bəzən geniş təhlilli, bəzən qısa söz, gənc ədəbi qüvvələr barədə  uğurlu yollar, ədəbiyyat və sənətin cürbəcür sahələrindən hesabatlar və məktublar təşkil edir.
Təəssüf ki, bunların  tərtib, yaxud düzülüşündə  müəyyən bir sistem gözlənilməmişdir.  Əvvəl düşünürsən ki, yəqin müəllif və redaktor əsərləri yazılmış tarixi  ardıcıllığı ilə  tərtib etmək istəyirlər.  Səhifələri diqqətlə çevirirsən – yox,  belə deyil. V.Mayakovski haqqında yazılan bir neçə məqalənin düzülüşünə diqqət yetirək. Əvvəl «Gəncliyin sevimli  şairi» adlı  məqalə  gəlir.  Ardınca  vəfatının 25 illiyi,  sonra 19 illiyi,  daha  sonra  isə 20 illiyi münasibəti ilə  yazılan məqalələr verilir.  İki məqalədən sonra  A. İsaakyan haqqında  məqalə   araya  girir. Yenə  Mayakovski haqqında, yenə iki məqalə araya girir. Nəhayət,  yenə  Mayakovskidən. Bəlkə bunlar oxunu asanlaşdırmaq xatirinə edilib? Yox!  Sadəcə  olaraq  kitab redaktoru  müəlliflə birlikdə müxtəlif səpkili əsərləri xronoloji və yaxud tematik cəhətdən sistemləşdirməyib. Yaxşı olardı ki, bütün əsərlərin  yazılış tarixi saxlanaydı və elə kitab bu prinsiplə  də tərtib olunaydı. Onda müəllifin ədəbi-tənqidi görüşləri, elmi-publisistika  yaradıcılığının inkişaf mənzərəsi daha aydın görünərdi. Bu, oxucu üçün də, ədəbiyyat tarixi üçün də lazım idi.
Şair-sənətkarın varlığa  münasibəti təkcə onun şer yaradıcılığında deyil, məqalə və çıxışlarında, publisist qeydlərində də təzahür edir.
Bu təzahür Aristofan, Nizami, Nəvai, Rustaveli, Nəsimi, Füzuli, M.F.Axundov, Puşkin, Lermantov, Şevçenko, Tolstoy, Sabir, Qorki, Mayakovski, Cabbarlı, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Hüseynov, A.İsaakyan, S.Vurğun, S.Rüstəm və başqa sənətkarlarla  münasibətdə, bəzilərinə həsr olunan ətraflı məqalədə, digərləri barədə epizodik xatırlamada  meydana çıxır. Onların hər biri haqqında R.Rza özünəxas şair ehtirası və həm də ədəbiyyatşünas meyarı ilə danışır.  Sənətkarlar  haqqında yazılan məqalələr xüsusilə o cəhətdən  maraqlıdır ki, müəllif onların bir çox  cəhətlərini «gözdən yayındırır», əsasən sənətkarlıqla bədii təcrübə ilə bağlı olan cəhətlərini nəzərə çarpdırır.
Klassik və müasir dünya sənətinin qabaqcıl ənənə və novatorluğundan danışmaq üçün gərək onları bir mütəxəssis  kimi özünə predmet eləməyi, lüğətsiz oxumağı bacarasan. Dəfələrlə deyilmişləri yenidən çeynəmək, bədii obrazlarla vasitəçi vasitəsilə «danışmaq bacarığı»  ilə də yazanlar,  hətta elmi ad alanlar olur. Böyük sənət, böyük sənətkar həmişə  böyük şərhə möhtacdır. O özü axtarır, görür, kəşf edir, adamlara xəzinə açarı bağışlayır. Bu xəzinə açarına yiyələnənlərin heç də hamısı bilmir ki, insan  ömrünün bu mənəvi nemətləri sənətkar fikrinin hansı qatlarında  tapılır və onun «istehsal üsulu» nə kimi çətinliklər üzərində qurulur. Bu ad-şöhrət sahibləri ömür itirmək bahasına ömür qazanır, əzablar bahasına xoşbəxtlik, ölüm bahasına həyat tapırlar.  Bunların bu sənətkarlıq sirlərini bilmək onlara  məhəbbəti birə-beş  artırır. «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» -  deyən şairin  özündən  razılığına,  mənəvi ucalığına bax! O hiss  etmirmi ki, dövrəsində əli qəfil  qılınclı «mənəm-mənəmlər»  yaşayır, yolu xəndəkli xəyanətlər onu qonaq dəvət edir, harın fatehlərin qan gölünə bənzər gözləri batırmağa bir ucalıq axtarırlar? Bəli, bilir, fərqinə varmır,  onun ağlı riyazi hesablamalar mərkəzi deyil, məhəbbətlik və qəhrəmanlıq,  mübarizə və qürur meydanıdır.  Mütiliklə istedad, yüksəlişlə gözüqıpıqlıq, qorxaqlıqla qələbə tərs mütənasibdir.
R.Rza  yaradıcılığı sevdiyi, öyrəndiyi,  tərcümə etdiyi dünya  klassikləri  ilə onların öz dövründə  görüşür, öz dövrünün  tələbatlarını onlardan  istəmir, yüksək sənətkarlıq xüsusiyyətlərini tapıb  üzə  çıxardır; bəşəri  rəngləri  seçir, yanlış naxışlara da diqqət yetirməyi unutmur.  Ayrı-ayrı sənətkarlar haqqında  həmişə  geniş danışıb ədəbi təhlil  vermir. L.Tolstoy haqqında səhifə yarımlıq söz onun  obrazını bu sətirdə  çox gözə çəkmişdir: «O sanki öz epoxasını ovcunda tutmuşdu...»
O, bəzən bir sənətkarın yubileyi, qəflətən ölümü və ya yeni kitabının nəşri ilə əlaqədar qısahəcmli, miniatür, mənsur şer təsiri bağışlayan  məqalə və ədəbi parçalar da  yazır.
Onun nəzəri  fikrinə bir söykənəcək, əyani bir vasitə lazım olanda tez-tez Füzuliyə, Mirzə Fətəliyə və Sabirə  müraciət  edir. Hamımıza yaxşı  məlum olan  Sabir sənəti R.Rzanın  bir çox təhlil və mülahizələrində yeni-yeni  çalarlarını, hələ təsvir olunmamış vulkanik proseslərini büruzə verir.
V.Mayakovski haqqında  çox  yazılmışdır.  Lakin R.Rza Mayakovskini təkcə tərcümə  edib, ondan  bir tərcüməçi kimi danışmamışdı. Dövrünün  hər bir böyük  və kiçik məsələlərini  mövzu edib şerlərinə hopduran, qoluna-qıçına sarınmış zəncirvari tənə və təhqirləri  qırıb atan, əsri heç vaxt çiyinlərindən düşürməyən bu poeziya mühəndisi R.Rzanın məqalələrində eyni əzəmətlə danışır.
Zavod kimi, səadət istehsal edən şairin emalatxanası  nə qədər rəngarəng, əlvan əsərlərlə doludur!
R.Rza bu məqalələrində V.Mayakovskinin bütün sex və laboratoriyalarını gəzmiş, poetik sirləri, poetik ixtiraları, ona məhəbbəti həssas bir şair qələmi ilə təsvir eləmiş, yaradıcılığının çox məlum sirlərini açmışdır. Bu cəhətdən Azərbaycanda V.Mayakovski haqqında ən yüksək səviyyəli, praktiki əhəmiyyətli, elmi dəyərli məqalələr yazılışında birincilik R.Rzaya verilməlidir, - desək, səhv etmərik.
R.Rzanın sənətə münasibəti təkcə ədəbi əsərlərdən, şair və nasirlərdən mövzu almır. O, eyni zamanda, bizim dünya meydanına çıxmış musiqi əsərlərimizi  sevə-sevə təbliğ edir, rəssamlarımızın əsərlərini duyur, onları vurğunluqla təhlil edir və qiymətləndirir.
Onun səsi sülh uğrunda mübarizədə də eşidilirdi. Bu səs müxtəlif salonlardan gəlir, efirə yayılır, qəzet, jurnal, kitab səhifələrində siyasi-publisist  yazılara dönür. Bunlar şairin vətəndaş qayəsi, məsləki və yüksək insani amalı ilə bir yoğrulur, bir dil açır, bir axar istiqamətində özünə məcra  tapır. Dünyamızın  keşiyində duran, balacalarımızın yuxusunu qoruyan, babalarımızın yüksək qəhrəmanlığa, mərdliyə, kişiliyə səsləyən adət və ənənələrini  hifz edən insanlara sevgi hissi, beynəlxalq imperializmə lənət dalğası R.Rzanın publisistika yaradıcılığının ayrılmaz hissəsidir.
Vətən mücərrəd məfhum deyil, vətən bütün kəndin, şəhərin təbii sərvətləri, maddi-mənəvi nemətləri, onlara sahiblik edən vətəndaş insanları ilə vətəndir. Hər çay da, hər bulaq da, hər ağac və  hər quş da vətənin bir hissəsidir. Odur ki, vətəndaş Vətən keşiyində ucalır, Vətən vətəndaş sevgisində müqəddəsləşir.
Azərbaycanın əlverişli təbii  şəraiti və yaxşı iqlimi burada bir çox nadir bitki, quş və heyvan  növlərinin inkişaf  tapmasına imkan yaratmışdır. Təəssüf ki, bu relikt bitkilər, nadir quşlar indi bəzi  yerlərdə  son nəğmələrini  oxuyurlar.  Elə quşlar var ki, onların bəslənib, böyüdülüb qoruğa çıxması ilə vurulub yerə sərilməsi  bir olur.
R.Rzanın «Qanun hamı üçündür» çağırışı indi  respublikamızda  mühafizə  təşkilatları  yarandığı, Elmlər Akademiyasının  coğrafiya institutunda  təbiət mühafizə şöbəsi  açıldığı bir zamanda daha aktual  səslənir. Onu çaylarımızın, göllərimizin qorunmasına, Xəzərin nadir balıq sərvətinin mühafizə edilib, təmiz suyunu çirkləndirməkdən saxlamaq məsələsinə  də şamil  edə bilərik.
«Mənim fikrimcə...»  kitabında bir neçə məqalə  gənclərin yaradıcılığına həsr edilib. Həmçinin, gənc yazıçılara məktub formasında yazılmış  bəzi məqalə-cavablar da  kitaba daxil olub. Bu məqalə və məktubların birinci məziyyəti onların  dərin məzmunudur.  Digər tərəfdən, məqalələrin açıqlığı, səmimiliyi təbiidir. Səxavətli tərifi də əsirgəmir, sərt tənqidi də.
Əlbəttə,  müəlliflə mübahisəyə girib, bəzən onun bu  və digər  mülahizə və hökmü ilə razılaşmamaq  da olar.  Demək olar ki,  sizin səxavətlə təriflədiyiniz, yaxud ümid bəslədiyiniz müəllif bizim rəyimizcə  ümidsizdir. O isə deyə bilər ki,  mənim fikrimcə, belədir. Siz öz fikrinizdə  qalın.  Ədəbiyyatda öz zövqünü  başqalarının  zövqünə hakim   eləmək, şübhəsiz, sənət yolu deyil.
R.Rza bəzi gənclərə üslubi  cəhətdən üstünlük verir. Zənnimcə, hər bir müəllimin bu və digər şagirdə  fərdi yanaşma metodu onun sinfə  ümumi nəzərini  buxovlamamalı, fikrini  başqalarından  yayındırmamalıdır. (Hətta «əlaçı», «yaxşıçı»  olmasalar belə). Bir də müəyyən vaxt  əlaçı kimi diqqət cəlb eləyənlər, sonralar müvazinətini itirə də bilərlər. Gənclik mühitində belə yerdəyişmələrə çox təsadüf olunur.
Ədəbi nufuz olan, xalq imtahanından keçib ağsaqqallaşan yazıçıdan hamı səmimi, obyektiv qiymət umur. O, bu imkanlara malik olsa da, olmasa da  umu-küsü edənlər öz inadında qalır.
R.Rza yaşıdlarının  bir çoxuna örnək olacaq zəhmətkeşliklə gənc  yazıçılar haqqında  söz deyir,  məqalə yazır, məktublara cavab verir, «uğurlu yol» diləkləri ilə onları  mətbuat səhifələrinə çıxarır. Hətta çoxumuza  məlumdur ki, o, bəzən gənc müəlliflərlə  oturub işləyir, kitab redaktələyir, ön söz yazır. «Geniş yollara çıx», «Yaxşılar və müxtəliflər», «Qayğı sözü və qayğı özü», «Yolun çətinliyi səni qorxutmasın», «Ümid və arzular», «O, şairdir», «Şairlik ciddi sənətdir» məqalə və məktubları belə bir zəhmətin, qayğı və tələbkarlığın məhsuludur.
Onun vaxtilə gənc  şairlər haqqında  yazarkən ümumi qənaəti  bu idi və bu qənaət öz hökmünü indi də saxlayır ki, hələ şer yazmaq,  lap elə yaxşı yazmaq  o qədər də  hünər iş deyil. Hünər odur ki,  bu yaxşılar çoxluğundan  öz istedad bayrağını qaldırıb, «yaxşılar naxışı»  olmağı bacarasan.
R.Rza fikrində, əqidəsində möhkəm, səbatlı, bitkin xarakterli gəncləri alqışlayır. «İkiüzlü sac əppəyi» olanlara eyham və vurğularında  sərt nəzərlə baxır.
Zaman dəyişib inkişaf elədikcə biz yeni ölçü  vahidi, meyar tərəzisi  axtarırıq. Dünənin yaxşı olan çox şeyi yenə də yaxşıdır.  Ancaq   dünənin məhsulu  olduqda onu öyrənməli, sevməli, təbliğ etməliyik. Lakin o «istehsal üsulu» o zamana məxsus idi, onun  ixtiraçılarına, fəhlə və zəhmətkeşlərinə alqış! Bu günün öz mövzusu, öz sənətkarı, öz ifadə, nitq forması var.
R.Rza yazır: «...Novatorluğu xarici formada görənlər elə bilirlər ki, müəyyən heca,  əruz vəzni ilə, ya sərbəst yazılmış  sətirləri yerli-yersiz  qırıb pillə-pillə düzməklə məsələ  bitir.  Unudurlar ki,  novatorluq  bədii idrak, sənətkarın dünyagörüşü, həyat hadisələrinə  münasibəti  ilə bağlıdır...
Novatorluğun  yalnız  formada  bədiiliyini  düşünmək sadəlövhlük  olardı. Eyni zamanda, formanın,  hətta xarici  formanın, onun  ayrı-ayrı  elementlərinin mündəricə  ilə əlaqəsi olmadığını, heç bir emosiya, təsir gücünə malik olmadığını  düşünmək doğru deyil.
«İş vəzndə deyil» demək, vəzni təsadüfi bir şey, «bitərəf element» elan etmək doğru  deyil. İndi ibtidai məktəbdə  oxuyan uşaqlar  da bilir ki, bədii əsər məzmunla  formanın vəhdətindən  yaranır.  Bu vəhdətdə həlledici məzmundur. Forma məzmuna görə  müəyyənləşir.  İş misraları qırmaq, onları alt-alta, pillə-pillə, yaxud  bir boyda, bir biçimdə düzmək deyil. Fikir, duyğu, ifadə tərzi  yeni, orijinal olmalıdır.  Müəyyən konservatizmə qapılanlar, ifadələr,  sözlər, bənzətmələr dairəsində  ilişib qalanlar, hər yerdə, həmişə  işlənib kəsərdən düşmüş, fikrə çidar olan qafiyələrin əsiri olub təkrar və təqliddən irəli  gedə bilməyənlər var...».
Ənənə, novatorluq barəsində onun hökmü qəti və inamlıdır.  Bu inam həqiqətə doğru gedən, onu yalnış müddəalardan qoruyan sənətkar fikrindən, sənətkar dünyagörüşündən öz mənbəyini götürür. Burada əlyeri qoymaq, ikibaşlı danışmaq meylləri yoxdur.
O, sənətin obyektiv qanunlarını «donub heykəlləşmiş» hökmlər  şəklində deyil, daim hərəkətdə olan, hər dövrdə öz nizamnaməsində müəyyən dəyişikliklər aparan canlı estetik varlıq donunda görür. Öz subyektiv mülahizə və  atmacalarını da bu bünövrə  üzərində dayanarkən  deyir. Gənc yazıçıların  yaradıcılığına  bu nəzərlə baxır, onlara tövsiyə və məsləhət qədəhini bu sağlığa içirmək istəyir.
R.Rza  ədəbiyyatımıza  kükrək bir ilhamla gəlmiş Əli Kərim haqqında bir neçə məqaləsində  qayğı və inamla danışmışdır.
Bu yaxınlarda aramızdan  vaxtsız  getmiş, parlaq istedadı ilə fikrimizə, poeziya  yaddaşımıza həkk olunan bu şair nə qədər də qayğı  və məhəbbətə, həqiqi qələm təhlilinə  möhtac  idi.  Onun şerləri,  poemaları hamar qəlibdən,  ötəri həvəs və çap olunmaq hərisliyindən doğmamışdı.  O, çətin yazırdı,  az yazırdı, yaxşı  yazırdı. Hələ ilk  addımlarından Ə.Kərim heyrət doğuran poetik ixtiralarla  mətbuata  çıxır, az-az görünür, az danışır, tərifdən qaçırdı.  R.Rza  müxtəlif  adlar çoxluğunda həmişə onu ayırır, şerlərindəki təravəti, yeni forma və məzmun keyfiyyətlərini açıq ürəklə tərifləyir.
«Mənim fikrimcə...» kitabı bütün oxu prosesində, bəzi xırda qüsurları  istisna  edilərsə, oxucunu cəlb edir, elə yeni, inandırıcı duyğularla müsahibləşdirir ki, istər-istəməz deyirsən: bizim də fikrimizcə...
Bu keyfiyyət  kitabın hansı səhifələrində daha qabarıq gözə çarpır? O səhifələrdə ki, şair öz kəsərli  elmi-bədii və publisist qələmi ilə  xalqımızın  tarixindən,  onun ölməz  sənətindən, bu sənəti  yaradan nəhəng simalardan  danışır.  O səhifələrdə ki, şair fikrimizi  bir ömrün  keçdiyi yollarla  geri qaytarır, ətirli, gülşənli həyat lövhələri, gürşadlı-vahiməli həyat  hadisələri ilə qarşılaşdırır. Müəllif bu yolun həm mürəkkəb, həm də aydın oxunan xatirəsini  yaradır. Bu xəritə yalnız  ona məxsusdur, onun hadisələrə  yanaşma metodundan, dərketmə, qəbul və inkaretmə nəzərindən  şərti  işarələr almışdır.
Nəhayət, kitaba ümumi halda xas olan müsbətlik budur ki, hər bir əsərdə ya kiçik olsun, ya böyük, yazıçının heç kəsə bənzəməyən üslubu var. Kitabın üstündə müəllifin  adı yazılmasaydı belə, R.Rzanın özünün olan təzə geyimli-formalı, ağır çəkili-ləngərli yazı xətti hər hansı səhifədə kimə məxsusluğunu gizlədə bilməzdi.  Onun bu sahədəki  yaradıcılığı hadisə və əşyaları yeni biçimdə, təzə  rəngdə oxucuya təqdim eləmək cəhətdən  poeziyasının davamıdır.  Poeziya dilində, şer formasında deyilməsi mümkün olmayan fikirlərin başqa janrın sərbəst imkanı ilə oxucuya deyilməsidir.
«Mənim fikrimcə...» kitabı sənətimizin dünəninə və bu gününə ağıllı nəzərdən, müasir baxışdan yaranmışdır. Burada uzun illərin  poeziya ağırlığını çiynində aparan görkəmli sənətkarın daha başqa imkanları açılır, fikirdən həqiqət, həqiqətdən fikir yaradır, bunlar eyni bir axarla ədəbiyyatımızın zənginliyinə doğru yol alır, vahid məcra tapırlar.
Kitabı oxuyub başa çıxır və qatlayıb deyirik: bizim də fikrimizcə...
1969

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws