|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ÜRƏKDƏN  BAŞLANAN CIĞIRLAR

Çoxlu əsəri olan bir müəllifdən soruşurlar ki,  «İndi hansı əsər üzərində işləyirsiniz?» Müəllif çox təbii  bir ciddiyyətlə  cavab verir  ki,  «mən ömrüm boyu bir əsər yazmışam, onu davam etdirəcəyəm. Biz hamımız elə bir əsər yazırıq. Daha doğrusu, hərəmiz tərcümeyi-halının müəyyən bir fəslini qələmə  alırıqg»
Bizim əsrimizdə insanlar necə yaşayıb, necə sevib? Neçə dəfə qan dəryasına düşüb-çıxıb, qələbə nəşəsi ilə məğlubiyyət suçu son anda necə üz-üzə dayanıb: milyonlarla ailə-dünyalar olub, heç biri o birinə bənzəməyib,  heç biri o birindən  seçilməyib, bu milyonların yerişi də, gülüşü də,  üzünün bir ifadəsi  də digərini təkrar etməyibg Deyirlər bütün bunları  gələcək nəsil tarix, etnoqrafiya, coğrafiya, fəlsəfə  kitablarından çox, bu günün yazıçılarının əsərlərində axtaracaq.
Tanıdığım bir nəfər  yazıb-pozduğunu, heç kimə məlum  olmayan yazılarını  çox səliqə ilə cildlədib evinin küncündə çinləyir. Soruşanda ki, niyə bunları ortaya çıxarmırsan: Deyir: «Gələcək nəsil üçündür! Heç kəs öz dövründə  düzgün qiymətini  almır. Əsl sənətkar ölən kimi, gərək kitablarını da özü ilə bərabər dəfn  edib, yüz ildən sonra  açasan.  Daha tanış-biliş, xoşum gəldi-gəlmədilər iş görə  bilməyəcəklər. Bir sözlə, Vaqifləşəndən, Zakirləşəndən  sonra görüşərikg»
Əlbəttə, beləsi  ilə  bizim  əsrin  yazıçıları  bəlkə görüşmədi. Dediyim odur ki, bu gün üçün yazılan  əsər gələcəyin, gələcək üçün yazılan isə bu günündür. Əsl sənətkar xoşbəxtliyi  ondadır ki,  bir nəsli görüşdürə, bundan ona, ondan digərinə əsrin tərcümeyi-halından parçalar oxuya bilir.
Ədəbi təcrübə, xüsusi ilə poeziya, yüz illərdir ki, öz monoloqunu  deyir. Ədəbiyyatşünaslıq, tarix, fəlsəfə isə çoxdan bəri ilk müəllifi xalq olan bu  fikri müxtəlif şəkildə  təsdiqləyir.
İbrahim Kəbirlinin  yeni  kitabını  vərəqlərkən  bir daha məlum  deyilişləri fikrimdə dolandırdım və bu şairin  mövzu  obyektini, şair-sənətkar rənglərini təyin etməyə çalışdım. Yeni kitab «Ürəyinə yatırammıg» adlanır. «Gənclik» nəşriyyatında  çap olunub. 1971-ci ilin  axırlarında  satışa  buraxılıb.
Ürəkg Əsl xidməti  fəaliyyəti ilə  şerə-sənətə elədiyi xidməti   arasında böyük fərq olan bu məhəbbət yuvası, nifrət nişangahı, sədaqət evi, xəyanət yarğanı,  nə bilim hicrana  bais, vüsala  bələdçi, insan həyatının  əvvəlindən sonuna qədər «başını aşağı salıb»  heç bir deyilənə  məhəl qoymadan  işləyən bu  zəhmətkeş fəhlə  neçə adlar sırasında  fəxri yer tutub,  neçə kitabın cildinə  şərəflə həkk olunub.  İndinin özündə də təzə  çap olunacaq bir  əsərə adqoyduya yığışanda  yenə də «yollar», «dağlar», «məhəbbətlər»,  orijinallığını sübuta  yetirib üz qabığına düşə  bilməyəndə  ürək fağır-fağır  ortalığa çıxır  və «bu əsərin də yükünü mən çəkməlig».
İ.Kəbirli isə dalbadal  çap olunan seriya  kitablara ayrı ad qoymayıb, məhz «Ürək pünhan sevinmir», «Ürəyə düşən izlər», «Açıq ürək» və nəhayət, «Ürəyinə yatırammıg».  Sanki müəllif bu son kitabı  ilə öz  oxucusuna  sual verir:  bütün bu ürək  haqqında  yazılan  kitablarım,  ürəyimin parçası olan  bu nəğmələrim  xoşuna  gəlirmi?   Xoşuna gəlirmi ürəyimdən  qopan sözləri  kitab şəklinə salır, üstünə «ürəyimi həkk  eləyib» oxuculara tərəf  göndərirəm?!
Mübaliğəsiz demək  olar ki,  İ.Kəbirli çox zəhmətkeş, incə  və  kövrək  şairdir. Onun  istedadı, işlək qələmi əsas  məqsədini  gecəli-gündüzlü  çalışıb oxucu qəlbinə  yol tapmaqda, bir insan qolundan  yapışıb düz yola çıxarmaqda  görür:

Hər yanan
Külə dönmürg
İnsan üçün yanan kəs
Yanır, sönmür ki, sönmür!

İnsana xidmət sənəd nizamnaməsinin tələblərindən irəli  gəlir. Yoxsa «kəsəkdən hoppanıb, dağ aşdım deyənlər», «torpaq üstə bir addım atdığı üçün torpaqdan yazılı təşəkkürnamə umanlar» öz yollarından kiçik  bir daşı  kənara  itələdiklərinə görə  insanın boynuna böyük minnət qoyardılar.  Şair işləyib çalışdığı, insanlara  xidmət  elədiyi anlarda  belələrini – «ürəklərindən duyğusu perikənləri» görür,  onların «şəklini  çəkir» hamıya göstərmək istəyir, həm də ürəyində bu haqlı özündə razılıq hissi baş qaldırır: «Yaxşı ki, əynimə paxıllıq geymirəm». Başqa  sözlə desək,  əsl istedad  sahibinin  bu kiçik, ötəri duyğularla yaşamağa  vaxtı yoxdur. Onun fikri  axtarışda,  əli qələmdə, gözü yazı masasındadır.

Qoymayıram  - qəzəbləri
Ürəyimdə gecələyə,
Qoymayıram –
Taqət kəsən döyüntülər
Biləyimdə  gecələyə.

Elə çıxmasın ki,  şairin ürəyindən yalnız sevinclə gülüşə bələnmiş misralar qopur; nifrəti-qəzəbi çoxdan arxivə tullanıb. O demək istəyir ki,  bulanıq hissləri qəlbimdə eşələnib qanımı zəhərləməyə qoymuram. Bunları ya şerə döndərib lazımi ünvana göndərirəm,  ya da qulağından yapışıb bir uçuruma tullayıram.  Çünki onun zənnincə, insanlara  qorxu, vahimə hissindən  çox, işıq lazımdır.  Ən dərdli insanın  dərdini  unutdurmaq da  hünər  işidir. İnsan işıqlı duyğularla gözünü  açıb dünyaya baxmalı,  işə işıq aparıb,  evə işıq gətirməlidir. Könül bulandırmağa nə  var ki, bir  ömürlük nəşəni bircə anda yasa döndərmək mümkündür.
Şair çox yaxşı deyir:

Hamının köməyə ehtiyacı varg
Köməksiz insanı meh uçundurar.

Böyük ədəbiyyatımızın bəşəri  dərslərindən biri bu humanizm olmuşdur ki,  «insan insanı yıxılmağa qoymamalıdır». Dilək tutmaq, qoldan yapışmaq  azana bələdçilik eləmək, odsuza od vermək xalqımızın təbiətinə  xas olan keyfiyyətdir və bu da təbii şəkildə klassik şerimizin ilk misralarına mənbə olub,  müasir şerimizin müxtəlif  müraciətlərində bu hiss yenə öz qüvvəsini  saxlamaqdadır.

Toxmaq hərlənsə də, dili  sussa da,
Gözləri dost gəzər, hayan, axtararg
Qəhər dünyasında ömrü bir ada,
Adaya yanaşan insan  axtarar...
Hamının köməyə  ehtiyacı var:
Kim isə kiməsə  ümid bəsləyir.
Səsə göz yummayın, bilin, adamlar,
Hardasa kim isə kömək gözləyir.

Məncə, bu şerin əsas fəlsəfi çağırışı  çox gözəl obrazlı deyilmiş üç sözdədir -  «Səsə göz yummayın!»
Səsə göz yummayın, səsə hay  verin, səs gələn səmtə yüyürün! İnsan özü  səs, çağırış, haray deməkdir. Bu səs, çağırış, haray nəğməsi o zaman şaxələnə, haçalana  bilir ki,  onu  eşidən, dinləyən ola. Bunun əks-sədasına  qanadlar qoşan ola.

Sevinc nə deməkdir, yaxşı bilirəm,
Mən nələr çəkmədim tapınca onu,
Vaxt vardı, gülməzdim ürəkdən bir dəm
Bilməzdim sevincin nə olduğunu.
Boy atdım, əllərim yaza  çatanda
Yolum çəmənə yox, səngərə düşdü.
Məni bir ov sanan ölüm bir anda
Başımın üstündən yüz yol ötüşdüg
Sevinc nə deməkdir, yaxşı bilirəm,
Mən onun yolunda yol ağartmışam,
Daşıyıb çiynimdə dağdan ağır qəm,
Ağ günə ağ saçla gəlib çatmışam!

Elə bil bir parçasını misal gətirdiyimiz bu şer həmin «səsə göz yummayın!» fikrinə dayaq üçün yazılmışdır. Bəlkə insanın  insanı çağırdığı an həmin andır ki, o, axtardığını tapıb, sevincinə tuş olub, taleyinin uğurlu bir dəmi ilə üz-üzə gəlib. Məhz o zaman  ona bələdçi istiqaməti, nəfəs həyanlığı, ümid-təsəlli diləyi gərəkdir. İnsan hansı yaşda olur-olsun, özünün ağ gününə tək gəlib çıxmır. O, ətraf mühitlə, cəmiyyət iqlimində cəmiyyət insanlarının dostluğu, qardaşlığı ilə  əhatə şəraitində insanlıq zirvəsinə çatır.

İnsanlıq zirvədir, sirli bir zirvə,
Bir gün yuvarlanıb aşağı düşə.

Bizim ədəbiyyatımızın, o cümlədən poeziyamızın fəlsəfi təlimi həmişə Qərbin, ölüm-dirim qırğın siyasətinə dolayısı ilə haqq  qazandıran «insan insanın düşmənidir», «insan insanın canavarıdır» kimi  ağıl kütləşdirən nəzəri müddəasına zidd olmuşdur.
Poeziya insan yolunda yanan əbədi işıqdır.  Ən yüksək elmi-texniki tərəqqi dövrü olan bizim əsrdə bu işıq qətiyyən zəifləməmiş, əksinə, Qaqarinin dodaqlarında Kosmosa da öz işartısını  aparmışdır.
İnsan və insani poeziya barədə bir qədər çox danışmağımıza əsas budur ki, İ.Kəbirlinin əksər halda mövzu obyekti insanın daxili təlatümü, ürək çırpıntısı,  xüsusən çox işlətdiyi  sevinc və bu sevincin ürəyə bəxş etdiyi oddur, atəşdir.
«Ürəyinə  yatırammıg» kitabını ürək, od və sevinc  haqqında rəsm edilmiş bir  üçbucağa bənzətmək olar. Lakin bu üçbucaq  həndəsi deyil, poetikdir. Şairin poetik daxması, ocağı, evidir.  Burada yanan ürək odunu  məhəbbət atəşinə,  gəncliyin titrək , oynaq xatirələrinə çevirən, saçlarına dən düşən qayğılı  bir adamın romantik səsini  eşidirik:

O qədər bulanıq sular görmüşəm,
Gözünə baxanda  gözüm qamaşdı.

Onun müraciət edib yolundan saxlamaq istədiyi gözəl qadın gözünə baxanı  sanki görmür, heç nəyə məhəl qoymadan yolu ətəkləyib gözdən itir.  Uzaq üfüq qızartısında ara-sıra  qara ləkələr görünür.  Bəlkə də onun ayaq izləridir.  Üfüqün «o üzünə» aşdı.
Bir də xatirə qəhrəmanının səsini  dinləyirik:

O üzü dönmüşü bura  çağırın,
Qoy insaf eləsin, ömür-gün gedir.
Əvvəli çəməndə itən cığırın
Deyin ki, axırı ürəyimdədir.

Bu misralar təzə yazılan  vaxtlarda hamımızın diqqət mərkəzində idi. Çoxumuz onu dəftərdən-dəftərə köçürüb, bir-birimizə oxuyar;  ilk məhəbbət macərasının təzə məcnunlarına təsəlli kimi təkrar-təkrar oxuyardıq.
Açıq demək lazımdır ki, 50-ci illərin sonlarında ədəbiyyatda doğulan çox lirik şerə İ.Kəbirlinin bu qəbildən olan şerləri xeyli təsir etmişdir.
Bəs  şairin sevinci haradan qidalanıb, ona qanad verən nədir? Ürək-məhəbbət yuvası, od mənbəyi, xatirələr dayanacağıdır. Ürək həyatın işığından qidalanır, insanların zəhmətindən yanacaq alır, gülüş və təbəssümündən, sevinc və kədərindən açılır, durulur, qaralır, bulanır.
Şair ürəyinin sevinci - onu böyük məqsədlərə sövq edən  arzu və ideallarıdır. O, bunlara yetdikcə sevinir, poetik qanad alır: bu nəşəsini oxucularına hədiyyə verib özündən  razı qalmaq istəyir. Ancaq bu «yetmələr»,  «çatmalar», «əldə etmələr» nisbidir.  Əslində şair arzusunun son mənzili, son dayaq nöqtəsi yoxdur.

Sevinclə həmişə
Aramda məsafə qoyuram.

Və ya:

Sanma ki, sevincə
Mən çatmaq istərəm,
Sevinclə aramda yolumu
Uzatmaq istərəm.

deyən şair təxminən  eyni məzmunlu, başqa ölçüdə yazılmış bir şerində bu fikri belə tamamlayır:

Mənə, ürəyim,
Qızan sevinc ver.
Əziyyətimdən
Sızan sevinc ver.

Ancaq məsələ bundadır ki, eyni mövzuda, eyni məfhumun «müxtəlif tərəfləri»  barədə də nə qədər  müxtəlif ölçülü, bir-birini təkrar etməyəcək  fikirlər desən də,  hardasa eyniyyət, oxşarlıq özünü göstərəcək.  Birini qəbul edib, digərində astarlıq  axtaracaqsan.  Doğrudan da belədir.  Xüsusilə, qısa hecalı «sevinc şerləri» öz müəllifini   bir qədər narahat  etməli idi.  Bu, «Mən od axtarıram», «Od yığıram», «Nur toplayıram» və s.  fikirlərdə açıq-aydın seçilir.

Həmişə ətrafıma
Açıq gözlə baxmışam.
Həmişə  günlərimin
Məcrasında axmışam.
Özüm işığa dönüb
Öz üstümə yağmışamg
Yanmışam ki, rənglərdə
Arınıb nurlanmışam,
Əynimə öz şüamı
Geyib büllurlanmışam.

Bax, bu misralardakı o qədər diqqət cəlb etməyən, təzə söz deməyən motivlər də bəzi şerlərdə təkrar-təkrar işlənib.
İ.Kəbirli kimi təcrübəli və istedadlı şairin bunlara ehtiyacı yoxdur. Əksinə, onun  yaradıcılığı öz müəllifini özünə daha tələbkar olmağa, bəzi şerləri  sıxıb ixtisar eləməyə çağırmalıdır.
Hər təzə fikir, təzə deyiliş özlüyündə yeni kimi qəbul olunmur. Təsviri sənətdə, incəsənətin başqa sahələrində  belə «yeniliklərlə»  meydana çıxanlar  çox vaxt ixtiralarına  yalnız özləri  heyran qalıblar.  Çünki yeniliyi müntəzəm  müşaiyət edən, onun bir hissəsi kimi  həmişə ön planda görünən amillərdən  ən mühümü  təbiilik və həyatilikdir.
Əlbəttə, söhbət sənətin  qanun və tələblərinə cavab verən həyatilik  və təbiilikdən gedir. Yoxsa «tüstüsü düz çıxan»  təbii mənzərə və ya «əksi  tam görünən» həyat parçasının  hər hansı sənət əsərinə  gətirilməsi  hələ həyatı  düzgün əks etdirmə sənəti deyil.
Poeziyada bu amillərə başqa mühüm bir şərt də qoşulur -  səmimilik.
Bu səmimilik İ.Kəbirlinin kitabının müəyyən hissəsini təşkil edən torpağa – Azərbaycan torpağına həsr olunmuş  şerlərdə yaxşı ifadəsini tapır. Şair bəzən dəfələrlə gördüyü, hətta təsvir etdiyi mənzərələri də sanki təzə görür. Bu baxış, bu qarşılaşma onu uşaq kimi sevindirir:
Mən torpağı indiyədək
Hələ bu cür duymamışdımg
Azərbaycan torpağına
Ayaqlarım dəyən kimi
Ürəyimə lay-lay çökmüş
Qəm çəkildi bir çən kimig
Doğma torpaq ürəklərin yiyəsiymiş,
Torpaq hissi hisslərin
Zirvəsiymiş, zirvəsiymiş!..

Bu qəbildən olan şerlərin çoxu şairin səmimi və kövrək duyğularından qopub. Həm də bunlar bacarıqlı bir qələmin, istedadlı sənətkarın yüksək poetik baxımından yaranıb.
Bu şerlərdəki poetik etiraflar, hətta  bəzən müəyyən əndazə daxilində mübaliğələr təkrar-təkrar deyilsə də, adamı yormur.  Çünki torpağa sevgi, vətənə etiqad  və xidmət hissləri ilə yazılıb. Oxucunu dağa, düzə, zəhmətkeş insanlar mühitinə səsləyir.  İnanırsan ki, bu mühit bahar yağışı ilə yuyulub, yaz küləkləri ilə qurunub; təmizdir, işıqlıdır. «Ürəyinə yatırammıg» kitabında belə misralar var:

İstəmirəm mən görk üçün görünməyi,
İstəmirəm məşhurluğa bürünməyi.

Şairin etirafıdır. Nə deyə bilərsən? Sonra müxtəlif şəkildə kiməsə, nəyəsə yönəlmiş bu eyhamlarla  üz-üzə gəlirik.  Əgər doğrudan belədirsə,  şairin özünün dediyi kimi, bu fikri həfkələməyin nə mənası?

Öz dərdimi çiyinlərə bölmədim mən
Özüm çəkdim.

Burada onun eyhamı, etirafı özünü ifadə eləyir.  Ancaq çox təbiidir, səmimidir, həm də təzədir.  Başqalarının çiyninə  öz dərdini yükləyib «yoruldum, bezdim» deyənlərə, hətta bununla belə kiməsə minnət qoyanlara bu, həm də bədii tolamazlı, bədii cavabdır.

İ.Kəbirli  poeziya yolunda  «yol  ağardan», ömrünün ikinci əlli illiyində  daha ciddi, daha tələbkar bir qələmlə  öz istedadını şer-sənət qatarına qoşub çiynində daha vəznli  və şərəfli poetik ağırlıqlar daşıya biləcək bir şairdir.

1972

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws