|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ULDUZLARA OXUNAN NƏĞMƏLƏR

Ürəkləri titrədən poeziya, duyğulara rəng səpələyən poeziya, ağıllara işıq olan poeziya... Əsl sənət janrından, formasından, yarandığı təbii şəraitdən asılı  olmayaraq bəşər mədəniyyəti tərəfindən oxunan və duyulan nəğmədir. Yağış nəğməsi, külək nəğməsi, dəniz nəğməsi nə qədər təbiidir. Bunların tufanı  da, daşqını da olur. Bunlar da təbiidir.  Bir dağın bir-birinə  bənzəməyən güney və quzey yamaclarının «eyni müəllifin»  əli ilə yazılan müxtəlif qanunları kimi.
Poetik aləmi, hadisə və predmetləri müxtəlif  anlarda müxtəlif səmtlərdən görən, rəsm edən sənətkar qələmi  də gah nəğməli, gah fırtınalı, gah da quzeyli, güneylidir.
Mənim aləmimdə Nəbi Xəzrinin ən birinci poetik addımı belə bir təbiiliyə gedən yoldan başlayıb. Bu yol onu  dənizə  aparıb çıxarıb, coşub-çağlamaq öyrədib. Dağlara yönəldib, «dünyaya bu ucalıqdan bax, insanları bu ucalığa səslə» - deyib.
Bu yol onu talelərin gündoğanı, günbatanına,  arzu və diləklərin dan yerinə çağırıb. Ulduzların nəğməsinə qulaq asdırıb.  Uzaq-uzaq ulduzların. Kainat  ulduzlarının. Bəşərin torpaq ulduzlarının  - Nizami, Puşkin, Sabir, Cəfər Cabbarlı, S.Vurğun kimi dühaların nəğməsinə  qulaq asdırıb. Onun öz nəğməsi doğulub.  Ulduzlara  oxunan nəğmə. Elə bil ki, bu yoldan ayrılan təzə bir  məhəbbət cığırında təzə bir nəğmənin qanadları açılıb.

Ürəklə bağlanan cığırda, izdə
Tapar ahəngini  ömrün iqlimi.
Hər təzə duyğunu öz qəlbimizdə
Açırıq təzə bir planet kimi.

Nəbi Xəzrinin istedadı sənət yoluna çıxandan, mən deyərdim ki, ilk şerini yazandan öz planetinə doğru gedən  cığırını axtarıb. Yeni, gözəl əsərləri ilə ortaya çıxıb görkəmli bir sənətkar şöhrəti yükünü  çiyninə  alsa da, nə «daha tapdım» deyib, nə də «daha yoruldum».

O qədər zirvə var adsızdır hələ,
Vüqarı bir böyük cahan kimidir.
Şöhrəti düşməyib ağıza-dilə,
Dağlar da dünyada insan kimidir.

Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir. Onun heç bir «sənətkar dağ»a bənzəməyən duruşu, vüqarı, iqlimi, ağlığı, yaşıllığı, xəzanı var. Ancaq burada mühüm bir fərq  var ki, bu dağın «vulkan müəllifi» də,  zəlzələ mərkəzlərini  yaradan daxili təkan da,  mühitinin «iqlim amillərini» müəyyən edən təbiətşünas da sən özünsən.  Sənətkar özü-özünü, sənətini dünyaya gətirir.
Dünyaya böyük sənət üçün həmişə «boş yerlər» saxlanır. Bəzən yüz illərlə  elə boş qalır.  Sahibini gözləyir: yalnız o yer üçün doğulanı!

Dünyaya arzuyla gəlir insanlar,
Yaşayır eşqiylə baharın, yazın.
Hər kəsin həyatda öz zirvəsi var,
Heç kəs zirvəsindən  uca durmasın.

Şairin eyhamı aydındır. Sənət tarixində çox olub, elə indi də var; özünə zirvə «hördürənlər», sənətin quruculuq işlərinə nabələdlər bilmir, bəlkə də bilmək istəmir ki, şöhrət zirvəsini tikdirmək, hördürmək dəli dağ çayının üstünə çürük tirdən körpü atmaq kimi bir şeydir.
Əgər Nəbi Xəzri yaradıcılığının qısa təsnifatını  versək, onun birinci maddəsi məhz torpağa bağlılıqdır. Söhbət istedadın  torpağa  bağlılığından, şair-vətəndaş bağlılığından gedir!
Onun öz şair qəlbinə, şair ilhamına müraciətlə dediyi bu  misralar bütün yaradıcılığı üçün, fəaliyyəti üçün  xarakter epiqrafdır.

Əgər zəif yazsam məni bağışla,
Məni bağışlama xəyanət etsəm.

Bu misralar onun yaradıcılığının ilk dövründə deyil,  sonralar yazılsa da, bizcə, belə bir daxili and şairin həyata ilk poetik baxışı ilə birgə doğulmuş, Nəbi Xəzrini torpağa bağlayan, sənətin çətin qanunlarına mükəmməl bələd olmağa səsləyən ilk çağırış olmuşdur.
O hiss etmişdi ki, «Şerdən ucalmaq umma dünyada,  çünki Nizamilə qurtardı o da», «Məndə sığar iki cahan, mən bu cahana sığmazam», «Bənzərəm bir qocaman dağa ki dəryada durar» və s. onlarla bu qəbil poetik  «şüarlarını»  ədəbiyyatın üfüqündən asan nəhənglər mühitinə yeni söz gətirmək çətindir. Nə yaxşı ki, çətindir. Bu çətinlik asanlığa gedən yollara ən  yaxşı maneədir. Bu çətinlik sənətkarı həyatın, insan mənəviyyatının bədii tədqiqatçısına döndərmişdir.
Nəbi  Xəzrinin  qələmi milyon yaşı olan dağları, milyon illərlə bu dağlardan baş alıb gedən çayları təzədən tədqiq edib şerimizə yeni rənglər gətirir.
Burada xalq ədəbiyyatına mükəmməl bələdlik, xalq dilinin təmizliyi,  duruluğu, obrazlılığı Nəbini xalqdan poeziyaya, poeziyadan xalqa gedən yolda yorulmağa qoymamış, hərdən daş-qayadan, uçurumdan-dolaydan keçirsə də həmişə işığa, aydınlığa yönəltmişdir.   

İllər iti gedir, fəsillər yeyin,
Sən də bu yollarda bir yol gedənsən,
Bəlkə o ulduzdur sənin taleyin,
Bəlkə o ulduzun taleyi sənsən.

İnsanın yerini, vəzifəsini bu cür müəyyən  etmək, onu yüksək əməllərə çağırmaq Nəbi Xəzrinin yaradıcılığında həmişə əsas xətt olub. Şair təsvir etdiyi, sevib heykəlini yonduğu lirik qəhrəmanı, sadə zəhmət adamını belə görmək və göstərmək istəyir.
Dənizdə neft çıxarmaq, gecəli-gündüzlü dalğalarla, fırtınanın,  küləyin sərt qanunları ilə üzləşmək asan iş deyil.
Bu günün real qəhrəmanı poeziya qanadında romantikləşir. Təbiidir ki, burada insan ölümlə də üzləşir, ömür qurban gedir. Şair bu kədəri, faciəni sənətin təskinedici söz sehri ilə yumşaldır; şərəfli ölümün qucağında əbədiləşən insanın monoloqu dalğalara qarışır; insan dalğası, poeziya-sənət dalğası əbədidir, susmazdır; hərdən onun səsində həzin kədər, məzhun pıçıltı olsa da onun qürur və qüdrət nəğməsi, əzəmət  nəğməsi daha gurdur.
Əsl insan ölüm qarşısında ölməzlik heykəlinə dönür. Bu keyfiyyətlər «İki   Xəzər» poemasının obrazlarına, Mil düzündə yanıb sönən, bərəkət işığını düzlərə səpələyib Günəşə nəğmə oxuyan Sevilə – «Günəşin bacısı» poemasının real və romantik qəhrəmanına ölməzlik verən əsas sifətdir.
Sevil qəribə təbiətli, qəlbinin şerini düzlərə, düzlərin  poeziyasını qəlbinə yazan qüdrətli qəhrəman, kövrək şairə idi. O, zəhmət gəmisini torpaq dənizində şairanə bir ümidlə, həvəslə sürürdü. Taleyi onun gəmisini vaxtsız qəzaya uğratdı.  Lakin şair onun nəğməsini qəzaların əlindən qoparıb aldı. Nəğmə torpağa tökülüb göyərdi. Sevilin rəfiqələri  bu nəğməni susmağa qoymadılar. Şair isə onu  varaqlara köçürtdü.

Görsəniz ucalır tənha bir söyüd,
Deyin ki, mənəm!
Əyilib Arazdan su içir söyüd,
Deyin ki, mənəm!
Günəş ürəyində günəş döyünür,
Deyin ki, mənəm!

Nəbi Xəzri Sevili, onun simasında bəlkə də vaxtsız solan gözəlliyi, cığırı mənzilə yetməmiş bir gəncin  arzularını işıqlara qarışıb itən və heç vaxt yox olmayan bir parça işıq kimi, nurlu əməllər kimi oxucuya təqdim edir.
Sevilin günəşlə, Mil düzü ilə qol-qola, üz-üzə söhbəti, «günəşlə bacılığı»  bu təqdimat meylində öz romantikasına yeni boya verir, reallaşır.
Elə bilirsən ki, Mil müdrik bir qoca, Günəş isə doğrudan da Sevilin  böyük bacısıdır. Sənətin şərtiliyi, əlbəttə, müəyyən ölçü daxilində şərtilikdir. Həyatın müəyyən «təhrifi sənətin böyüdücü şüşəsində» həyatı təsdiq üçün gərəksə, sənətin obrazlı dilində aydın başa düşülürsə, bunsuz keçinmək mümkün deyil. Yenə də bunlar hamısı sənətin təbii keçidindən adlamalıdır.
Məncə, elə bu təbiilik baxımından demək mümkündür ki, «Günəşin bacısı» adını ancaq Sevilə vermək olar.  Bu yığcam, təsirli, xatirə-heykəl poemanı yalnız və yalnız Sevilə həsr eləmək olardı.
Sevil öz adının, öz hünərinin qəhrəmanıdır. Şairin poeziya rənglərini də sanki o özü Mil düzünə səpib getmişdi. Bu rəngləri almaq üsulunu bir o bilirdi, bir də səyyah şair qələmig
Nəbi Xəzri əvvəldə dediyim kimi dünya ədəbiyyatının, o cümlədən çox qədim ənənəsi olan Azərbaycan şerinin xəritəsinə yaxşı bələddir. Onun poemalarında qədim formanın iddialarına riayət eləmək də var, onlara qarşı yeni layihə irəli sürmək də.
Yeni forma axtarışlarımız üçün klassiklər heç vaxt bizdən küsməzlər. Əksinə, bu günün bir sıra görkəmli söz ustalarının, o cümlədən Nəbi Xəzrinin bu sahədəki axtarış addımları - bəzən epik janrın məlum tələblərini qırıb poema içində poema yaratmaq, hətta mən deyərdim – poetik reportaj ünsürlərini də bura daxil etmək dövrün, zamanın tələblərindən irəli gəlir. Sənətin özünün hərəkət qanunlarından doğur.
Məsələn, «Sumqayıt səhifələri»ni  götürək. Bu əsər ədəbi tənqidimiz tərəfindən dəfələrlə qiymətləndirilib. Mən bu  əsəri təhlil etmək fikrində deyiləm. Yalnız onu demək istəyirəm ki, müasir Sumqayıtın özü bu «formanı» diqtə eləyib.  Şair isə bu diqtədən məhz poeziya üçün lazım olan tikinti materiallarını alıb.  Sumqayıt Sumqayıtlılığında qalıb. Şairin, şerin-sənətin Sumqayıtı yaranıb. Çünki bu, oçerkin, publisistikanın, hətta nəsrin də Sumqayıtı deyil. Məhz poeziyanın Sumqayıtı! Bunu ona  görə nidalı şəkildə deyirəm ki, bəzən müasir yazıçıdan müasir mövzuya meyl tələb olunanda şairin, şerin vəzifələri, forma imkanları yaddan çıxarılır.
Nəbi Xəzrinin vəzifəsi müasir Sumqayıtın əlvan-yaşıl lövhələrini tapmaq, onu poeziya fırçasının imkanlarına və ya fırçanın imkanlarını ona tabe eləmək idi! Onun istedadı bu işin öhdəsindən bacarıqla gəlib, Sumqayıt şəhərində dəfələrlə Nəbi Xəzrinin görüşü keçirilib. Bu poemanı Sumqayıtın zəhmət adamları,  ziyalıları öz əsərləri kimi sevə-sevə oxuyub, təhlil ediblər.
Nəbi Xəzri ölkəmizin hər yerində oxunan, yüksək kürsülərdən haqqında danışılan sənətkardır.
O, bu böyük ölkəmizin Uralı, Sibiri, Uzaq Şərqi, Ukraynası, Pribaltikası və Orta Asiyasına qədər mənzil kəsib, dəfələrlə poetik ekspedisiyaya çıxıb, öz tədqiqatı, poeziya məhsulu ilə yeni-yeni sərgi açıb. Oxucuları sevindirib, qələm dostlarını yarışa çağırıb. Onun şerləri, demək olar ki, SSRİ xalqlarının əksəriyyətinin dilində çap olunub.
Bu ucsuz-bucaqsız ədəbiyyat ölkəsinin çox yerində Nəbi Xəzri uca zirvələrlə – sənətkar qələm dostları ilə üz-üzə dayanıb, onlara Xəzər sahilindən, Araz qırağından gətirdiyi poeziya havasının dilində şerlər oxuyub. Tərcümə olunub. Şerlər, iri həcmli əsərlər dinləyib, oxuyub, tərcümə edib. Şairin böyük Vətənimizlə, Azərbaycan torpağı ilə bağlı bütün poeziyasına bu misranı hər yerdə üvertura kimi səsləndirmək mümkündür.
Dünyanın axırı elə Vətəndirg

Əsl vətəndaş-şairin poeziyasında həmişə paralel və meridianlar vətəndən başlanır... başlanır və heç vaxt son nöqtəsinə çatmır. Əgər şair üçün dünyanın axırı vətəndirsə vətənə məhəbbət daşıyan  poeziya qatarının son mənzili yoxdur. Bu qatar vətən torpağının əbədi sevgi daşıyanıdır.
Günəşin çətiri altına Yer  planeti, Yer planetinə ölkələr, ölkələrə insanlar sığıb.
Günəş üçün gecə-gündüz üçün haranı necə, nə vaxt işıqlandırmağın fərqi yoxdur.  Planetimizin siyasi-ictimai  xəritəsi onun fiziki-coğrafi xəritəsi ilə o qədər ziddiyyət təşkil edir kig
Şair dəfələrlə bu xəritələr qarşısında dayanıb, bu rəngləri müqayisə eləyib. Milyon dəfə kiçilib xəritəyə düşən ölkələrdə  bu coğrafi- siyasi kontrastları öz gözləri ilə görüb. Ona görə də:  

Deyirəm vətənin bircə qış günü
Yaxşıdır qürbətin yüz baharından.

misraları dodağından qopub. Nəbi Xəzrinin qürbət şerlərində işıq axtaran insanlara, işığa doğru gedən «iqlimlər»ə məhəbbət və hörmət var.
Nəbi Xəzrinin qürbətdən yazılan şerlərində ümumi nəticə belədir: əsl şair dünyanın siyasi xəritəsinə biganə ola bilməz. Bu xəritənin «tərtibində» sənətin mötəbər sözü aparıcı mövqe tutub ərzin, bəşərin taleyini «həll edənləri» düşündürməlidir. Nəbi Xəzrinin şair təbiətinə, insan xarakteri üçün doğma olan bir mövzu mənbəyinə, bir hiss budağına da toxunmaq istərdim.  O da şair ünvanı üçün poçtalyon-xatirələrdir.
Axı, bu torpağın, bu vətənin dünəni, keçmişi, qalib, məğlub günləri var, tarixi  var. Bu insanlar seviblər, ayrılıblar, itirib-tapıblar. İnsan taleyinin elə «tarixi günləri» olur ki, bunları yazıb saxlamaq, gələcək nəslə çatdırmaq tarixin deyil, sənətin borcudur. İnsan fikrinin,  insani münasibətlərin elə təzahür formaları var ki, bunlar heç vaxt köhnələsi və ya dəbdən düşəsi deyil.  Məhz  burada Nəbi Xəzrinin çox  tutarlı, təzə və köhnə insanlar üçün doğma olan bir  misrasını onun lirik-məhəbbət şerinə epiqraf kimi təhlil etmək yerinə düşərdi.

Mənim dalğalarım xatirələrdirg

Dünənin, uzaq keçmişin uzaq-uzaq üfüqündə yanıb-batan, insanı xeyirxahlığa, yüksək əməllərə səsləyən xatirələrg
Mənim zənnimcə, qəlbinin pəncərəsindən bu xatirə-dalğaların səsi kəsiləndə və ya səsi gətirmək iqtidarına malik  olmayanda, hansı yaşda olur-olsun şair qocalır, söz kəsərdən düşür, sənət öz təsirini itirir.
Nəbi Xəzri həmişə yüksək yaradıcılıq formasında  bu dalğalarla üz-üzə  gəlir.
Nəbi Xəzrinin poeziyası insanları işığa-günəşə, aydınlığa-maviliyə, əbədiliyə səsləyən nəğmədir – ulduzlara oxunan nəğmə.

noyabr 1973

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws