|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
TORPAĞIN ŞAİRİ, XALQIN ŞAİRİ

Qaysın Quliyevin geniş xəritəli poetik aləmindən, onun siqlətli şəxsiyyətindən söz açmaq istədikdə ömür boyu qarlı dağ zirvəsinə mənzil alan bir səyyahı xatırlayırsan. Bilirsən ki, yol uçurumlardan, sıldırımlardan keçir. Fikrin ona qoşulub gedir, gedir, gedir, nəfəs dərir, düşünürsən: əsl poeziyanın yolu bu səyyahın yoludur!
Səyyah zirvəyə qalxır: ulduzlar aləminə  hamıdan yaxındır. Günəşlə, işıqla hamıdan tez görüşür; dünyanın hər yerinə baxır, insanların bütün yaxşı-yaman işlərini müşahidə  edir. Bu, onun üçün «dünyanı idarəetmə» yüksəkliyidir. Xalqların taleyini  düşünən bir sənətkar  üçün bundan böyük  səadət nə ola bilər?! Dünyanı görə bilirsə, deməli, onun qayğısına  şərik olacaq. Bəli, Qaysın Quliyev dünyanın hər yerinə bələd, bütün xalqlara bələdçi  şairdir. Bu gününə, sabahına, gələcəyinə bələdçi! Yaşamağa, ölməzliyin dilini öyrədən şairdir.
1917-ci ilin noyabrında, inqilab fırtınasına altı gün qalmış Cekem aulunda dünyaya göz açan şair sonralar bu inqilabın işığında dərs almış, dəmirçi, şair Kazım Meçiyevin həyat  və sənət  məktəbinə qədəm qoymuşdur. Müəllimi  ona dəmir hafizəli olmaq  vərdişi  aşılamış, qədim Şərq, Avropa və rus ədəbiyyatının qapılarını onun  üzünə açmış, həm də ona nəhəng  Elbrusa söykənməyi, doğma yuvasının odunu qorumağı tapşırmışdı. Şair cəsur və etibarlı övlad kimi bu nəsihətə ömrü boyu  sadiq qalmışdır. Şairin və onun doğma  obasının taleyində belə  məqamlar da olmuşdu: bu odu ocaq başında qorumaq mümkün deyildi. Onda Qaysın kimi şairlərin qarşısında bir yol qalırdı: özün odla qala bilmirsənsə, odu özünlə apar! Q.Quliyev bu odun alovu ilə Vətən Müharibəsinin ağır döyüşlərinə girib qəhrəmanlıqla  vuruşmuş, sözü silahına, silahı sözünə həyan olan şairlər sırasında ölümə  yaxa verməmişdir. Sonralar Xulam dərəsinin ocaq daşlarını dağ küləklərinə tapşırıb gedəndə Qaysın balkar xalqının gələcək ümidlərindən əlini üzməmişdi. Çünki Elbrusun görkəmi yenə o görkəm idi.
Qürur əyilməzdisə, o qürurdan bəhrələnən insan hissləri də əyilməz olacaqdır. Çox təbii olaraq şairin neçə şerində biz Elbrusun rəngini, ucalığını görürük.
Qaysın Quliyev rəng və ucalıq, işıq və genişlik, mərdlik və mərhəmət, incəlik və kövrəklik, inam və etibar, sevgi və etiraf şairidir. Bunlar hamısı elə bəşəri mövzu mənbələridir ki, bütün şairlər bundan qidalanır.
Bütün quşlar uçur, amma hərəsi öz qanadı, öz sürəti ilə. Q. Quliyevin poeziya qanadı onu dünyanın hər guşəsinə aparıb. Amma öz sürəti, ən başlıcası, öz nəğməsi ilə!
Onun poeziyasının qüdrəti  hər şeydən əvvəl  bəşəri humanizmindədir. O, pisliyə, yamanlığa qılınc çalır, yaxşılığı, xeyirxahlığı sənətin yüksək dilində nəğməyə döndərir; su kimi, çörək kimi insanlara gərəkli etməyi bacarır. Böyük sənətin sirlərindən biri də budur.
Ona görə də Qaysının şerləri balaca bir aulda doğulur, aula sığmır, aullara sığmır; əyalətlər, coğrafi rayonlar, ölkələr adlayır, dünyanın xitabət  kürsülərində poeziyanın hörmətini qaldırır. Lakin o, «dünyaya layla çalan» şairlərdən də deyil. O, dünyanı işıqlı, həyəcansız, insanları  gözü, könlü tox görmək istəyir...
Qaysın poeziyası Vətən şöhrətli, vətəndaş qeyrətli poeziyadır. Bu hiss onun təkcə poeziyasının (əslində o, adi məqaləsi, çıxışı, qeydi, nəsrində də şairdir) deyil, bir çox janrlarda yazılmış əsərlərinin bünövrə  daşından başlamış əlində olan son kərpicə qədər bütün əsərlərinin canına hopub. Qaysın Quliyevin yaradıcılığı geniş məqaləyə, ətraflı təhlilə layiqdir. Bu, əlbəttə, ayrıca  işdir. Mənim məqsədim balaca bir ürək sözü ilə şairin 60 illiyi günündə onun sevincinə şərik olmaqdır. Azərbaycan oxucuları Qaysın Quliyevi yaxşı tanıyırlar. Mən cəsarətlə deyərdim ki, o, bütün mövzuları, poetik duymaları, obrazı, təfəkkürü, koloriti cəhətdən bizim şairimiz olmaq hüququnu qazanıb.
Axı o da Nizami, Nəsimi, Nəvai, Füzuli, Sabir məktəbindən dərs alıb. O, neçə-neçə şöhrət çələnginə, titullara, yüksək mükafatlara layiq görülmüş şairdir. Azərbaycan oxucuları onun rus dilində nəşr olunan cild-cild kitablarını, bizim dilimizə tərcümə olunan şerlərini sevə-sevə oxuyurlar.
Mən vaxtilə şair dostum H.Hüseynzadə ilə birlikdə onun «Yaralı daş» şerlər kitabını dilimizə tərcümə etmişəm. Biz onun sənətini həmişə sevmişik. İndi də şersevər oxucularımız adından, qələm dostları adından bu gözəl sənətkarı, altmış yaşa qədəm qoymuş həmişəcavan şairi qəlbən təbrik edirik.
29 oktyabr, 1977    

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws