|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BƏXTİYAR POEZİYASININ İQLİMİ

Qədim Şərq əfsanəsinə görə, Leylinin atasının tərs inadını görən dostları Məcnuna «əl çək bu sevdadan, - deyirlər, yəni başına qız qəhətdir?». Məcnun barmağını kəsir. Qum üstünə tökülən qanı öz-özünə «Leyli, Leylig» yazır.
Bəxtiyar Vahabzadə haqqında danışanda həmişə gözlərim qarşısında poeziya sənətini Məcnun ehtirası, Məcnun çılğınlığı ilə sevən və bu sevda havasında çox zaman özünü unudan, özünü poeziya küləklərinin yedəyinə verən bir sənətkar, bir ədəbiyyat nəhəngi, oxucu-xiridar surəti canlanır.
O, universitetin müəllimidir, filoloji elmlər doktoru, kafedra müdiridir. Ən açılmaz düyünlü bir dilək üçün onun «hə»sini almaq istəyirsənmi - Füzulinin qeyri-adi bir misrasını dindir, Şekspirin bir fəlsəfi monoloquna işarə vur, Balzak realizmindən bir kərpic tərpət, Lermontov incəliyindən bir sap çək. Sabirin sadəcə adını tutg Bəxtiyar özündə olmayacaq. Onun gözlərinin nəm işığında, muma dönmüş titrək vücudunda bu misra səslənəcək:

Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

Bəs bu özündən əbədi  narazı şairdən oxucu razılığı necədir?
Bu suala cavab vermək üçün bir qədər haşiyə çıxım. Açıq deyim ki, Azərbaycanın «şer  bazarı»na təzə nırxla çıxmaq, diqqət cəlb etmək, Azərbaycan  oxucusunu bir şair kimi heyrətləndirmək çox  çətindir. Xaqanidən, Nizamidən ta Sabirə, Səməd Vurğunacan elə nur dağları görüb, elə müdrik kəlamlar eşidib ki, gərək meydana çıxan  oğul əvvəlcədən özünü  tərəziyə qoymağı bacara. Təkcə «Təbrizi» təxəllüslü klassiklər  bir xalqın ədəbiyyatını təmsil edə bilərdilər.
Neyləmək? Qorxmaqmı? Bəli, qorxmalısan ki, sənin  qarşında bu qədər zəngin sənət nümunələri var. Xeyr! Qorxmamalısan! Nə yaxşı ki, bu böyük ənənə var. Ona söykənməli, ona arxayın olmamalı, irəli və irəli getməli!
Bəxtiyar Vahabzadə necə? Bu əlvan sənət mühitində öz rənglərini yarada bildimi? Onu oxucudan soruş! Bunun üçün Azərbaycan torpağına bağlı, Azərbaycan dilinin poetik dadını gözəl duyan – ayıq, savadlı oxucu qapısını aç. Buna vaxtın çatmaz. Təkcə kitabxanalara gir, mağazalardan soruş. Soruş ki, Bəxtiyar poeziyasının azarkeşi nə qədərdir? Bu sirri açıq, cəsarətlə və bəzi şairlərin acığını tutdurmadan desək, Bəxtiyar Vahabzadə poeziyasının azarkeşi bütün Azərbaycan xalqı qədərdir. Təəssüf ki, bu populyarlıq, bir respublika daxilində olan şöhrətlə nisbətdə Bəxtiyar «kənarda» az məşhurdur.  Bunun əsas səbəblərindən biri odur ki, o, özü-özünün tərcüməçisi, «kənara çıxması» ilə az məşğul olur. Birinci vəzifəsini başını aşağı salıb gecəli-gündüzlü yazmaq hesab eləyir. Bəlkə də yaxşı  eləyir. Qalan işləri ədəbiyyatşünaslar, nəşriyyatlar, redaksiyalar görməlidir.
Azərbaycanın hər hansı bir kəndinə, mərkəzdən uzaq qəsəbəsinə getsən onlarla oxucu birdən ayağa qalxıb Bəxtiyarın şerini əzbərdən deyər. Bundan böyük sənətkar xoşbəxtliyi varmı? Qoy ədəbiyyatın təşkilati  məsələləri ilə məşğul olanlar «özünü unudanları» unutmasınlar.
Bəxtiyar Vahabzadənin poeziya yükünü, məncə, bir əsrin maşını tutmaz. Bu yük cild-cild poeziya kitablarından, elmi monoqrafiyadan, neçə pyesdən, saysız-hesabsız məqalədən ibarətdir. Mən bunların adını qəsdən sadalamıram. Kim Bəxtiyar Vahabzadə yaradıcılığı ilə tanış olmaq istəyirsə, yuxarıda dediyim kimi, Azərbaycanda qarşısına çıxan ilk mağazaya girsin. Əksər halda deyəcəklər: «Satılıb». Kitabxanaya baş çəksin. Deyəcəklər: «g əldədir».
Özündən özü haqda soruşsanız, bəlkə də onun məsləkinə xas olan bu misraları təkrar edər:

Min dəfə, milyon dəfə
Doğulsaydım yenidən
Şer, sənət yolunu
Götürərdim yenə mən.

Onun bu şer-sənət yolu oxucunu B.Vahabzadə yaradıcılığının elə oxşarsız lövhələrinə, elə həlim, mülayim, günəşli-baharlı iqliminə tuş edər kig Bəxtiyar poeziyasının iqlimində yaşamaq xoşdur.

1983

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws