ULU ŞAİR, ULU TÜRK
Xəlil bütün mübarizə dolu çıxışlarından, xalqımızı müstəqilliyə, açıq-aydın demokratiyaya çağıran nitqlərindən əvvəl ulu şairdir, böyük söz ustasıdır, poeziya quludur, sənət fədaisidir, söz sərkərdəsidir. Xəlil cəngavərliyi, mətinliyi, səbri və dözümü ilə həqiqətən ulu Türkdür, Türk oğludur. Mübaliğəsiz demək olar ki, çətin məqamlarda, ən çıxılmaz vəziyyətlərdə belə onun harayına birinci çatan yenə də onun sənəti olub, sözü olub, poeziyası olub. Bütün müdafiə şərtlərini qoyuram kənara, əgər onun dünya ədəbiyyatı limanlarına çıxışı olmasaydı, o, öz qınına yapışıb qalar və təbii ki, öz-özünə quruyub gedərdi. İndi istər-istəməz illəri vərəqləyib 40 il əvvələ getmək istəyirsən. Dərnəklər, birliklər, kitabxanalardakı ədəbi görüşləri xatırlayırsan. O illərdə də Xəlilin şerlərindən milli azadlıq, milli istiqlal məsələləri yavaş-yavaş cücərirdi. 60-cı illərin əvvəllərindən isə bu cücərtilər onun həm yazılarında, həm də məclis və xitabət kürsülərindəki çıxışlarında geniş səslənməkdə idi.
Bu misralar təxminən 30 il əvvəl deyilmişdi:
Doğransam da qıyma-qıyma, rizə-rizə,
Mübarizə deyəcəyəm, mübarizə!
O vaxtlar Təhlükəsizlik Komitəsi və «yuxarı» təşkilatlar da öz növbəsində əks-hücuma başlamışdılar; nəşriyyatlar, qəzet və jurnallar onun hər hansı yazısına zərrəbinlə baxır, bizim qərbdə olan «ideya düşmənlərimizə» «material verən» bir şairi sülh yolu ilə «düz yola» qaytarmağa da çalışırdılar: Yazıçılar İttifaqı vasitəsilə «onun başına» ağıl qoymaq məsələsi də istisna olunmurdu.
Yazıçılar İttifaqındakı mübarizələrdə pambıqdan istifadə edənlər də olurdu, «asmaq» tərəfdarları da. İttifaq katibləri ilə ikili-üçlü görüşlər də keçirilirdi.
Xəlilin siyasi məntiqi o qədər güclü idi ki, belə görüşlərdə müqabil tərəf çox vaxt mat vəziyyətində qalırdı. Açığını desək, son 5-6 ilə qədər Xəlil Rzanın çıxış elədiyi məclislərə bəzi vəzifə sahibi olan qələm adamları getmirdilər, ya da yığıncaq başlananda sürüşüb aradan çıxırdılar. Hakimiyyət orqanlarının Xəlilə qarşı növbəti əks-hücumları baş tutmadıqda «növbəti vasitələr» axtarır, maddi maraq prinsipinə də əl atırdılar. Ona ev vədi verir, növbədənkənar çap eləmək öhdəlikləri götürürdülər və s. Bu vədlərin çoxusu Xəlil üçün milçək vızıltısından başqa bir şey deyildi. Onun əsas istəyi nə idi? – Azadlıq! Bu barədə imperiya qulları susur, dillənənləri də bacardıqca susdururdular. Xəlil belə məqamlarda imperiyanın azadlıqsevər şairlərindən R.Rojdestvenski, Y.Yevtuşenko, B.Axmadulina və s. kimi N.Xruşşov demokratiyasının imkanlarından bəhrələnib meydana çıxan şairləri tərcümə edib mətbuata çıxarır, Rusiyadakı oyanışa diqqət yönəldir, yerli hakimiyyət orqanlarını yenə də çıxılmaz vəziyyətdə qoyurdu.
Adama elə gəlirdi ki, Xəlil Rzanın daxili həyəcanı, daxili fırtınası vulkanik bir prosesdir və onun sözünə baxmır. Bu proses hələ başlanğıc mərhələsində idi. Görün hələ bu hərəkətin yönü hansı tərəfədir; görün hələ bu yürüşün qabağını almaq, ümumiyyətlə, bu axının qarşısını almaq mümkün olacaqmı?
Bir məqamı burada açıq etiraf eləmək lazımdır: Xəlilin dostları, onunla birlikdə ədəbiyyata gələnlər, onunla çörək kəsənlər bu sahədə hansı mövqedə dururdular? Doğrusunu etiraf etsəm, deməliyəm ki, bizim çoxumuz Xəlilin bu dərin burulğanda batacağından qorxurduq, ona nəsihət verənimiz ona qoşulanlardan çox idi. Onun isə yuxarıda dediyim kimi, daxili təlatümü yüyənsiz at kimi idi. Həmin qaynar illərdə kiçik bir şeri, sənətin qüdrətinə bax, onun qələmindən doğulub bütöv bir xalqın məramnaməsinə döndü:
Azadlığı istəmirəm,
Zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri
İstəyirəm qıram, qıram!
Son vaxtlar vəziyyət elə gətirib ki, hamı siyasətlə məşğul olur. Bu yazının əvvəlində dediyim kimi, Xəlil qüdrətli söz ustası, söz sərkərdəsidir. Onun azad söz uğrunda mübarizəsi həm də insan azadlığı uğrunda mübarizədir. Söz azad olmayan yerdə insan, insan azad olmayan yerdə isə söz azad olmayacaq. Bu iki mövcudluq da yalnız demokratik cəmiyyətdə mümkündür.
Xəlil Rzanın kapital kitablarından biri «Məndən başlanır Vətən» adlanır. Kitabın hər bir misrası, hər sözü, hər ifadəsi mənə tanışdır: mübaliğəsiz demək olar ki, hər şeydən Vətən başlanır. Bu Vətən yurdumuzun hər qarış torpağı, hər daşı, hər çayı, hər dərəsidir. «Apardı sellər Saranı», 32 il bundan əvvəl oxunanda bomba kimi partlayış qoparmışdı bu şer:
Yox, bunu görməyin Araz çayından,
Kim deyir Saranı sellər apardı:
Şahənşah bağından, qış sarayından
Yurduma uzanan əllər apardı.
Yaxşı yadımdadır, o vaxt bu şerə «yuxarı» qəzəbi, «aşağı» məhəbbəti.
Ürək dustaq, Vətən məhbəs
Hanı Babək, Cavanşir bəs!
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildəg
«Mənim mükafatım» şerindən:
Bu hərc-mərc, basabas, ələk-vələk mühitdə
Bir-birinə qarışıb ağciyər də, igid də.
Bu şer də 1984-cü ildə yazılıb. Bu şerlər arasında vaxt məsafəsi yoxdur, baxış məsafəsi isə çox azdır.
Yazır:
Mən sevirəm yolunu birnəfəsə gedənləri,
Baş mənzilə büdrəmədən dümdüz, kəsə gedənləri.
Və ya:
Harda pisləsələr Xəlil Rzanı
Harda tapılarsa bir nakəs, ya kəm,
Sən bircə söz söylə, təmkinlə, möhkəm,
Söylə – Xəlil Rza Azərbaycandır!
Bütün nakəsləri, nadürüstləri
Xəlil Rza adlı tonqalda yandır!
Bəli, bu nida, bu etiraf Xəlil kimi şairlərə məxsus ola bilər, doğrudan da onundur. Bu ərki Xəlil Rza kimi şairlər eləyə bilər, Xəlil Rza kimi şairlərin «Mən Azərbaycanam» deməyə haqqı var. Bu haqq təltif deyil, bu haqq töhfə deyil, bəxşiş deyil. Bu haqq canla-qanla qazanılır, bütün mənəvi gücünü xərcləməklə qazanılır. Mən son 40-50 ildə bu güclə, bu zəhmətlə, bu bəhrəli enerji ilə işləyən, Azərbaycan torpağı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti üçün nəhəng işlər görən ikinci ulu şair, ikinci qüdrətli söz ustası tanımıram. Bu barədə o özü çox səmimi deyir:
Bəşəriyyət qarşısında əla verdim imtahanı,
Bəs o mənə vəd olunan üfüq hanı, hanı, hanı?!
Dünya ədəbiyyatından, «keçmiş qardaş xalqlar» ədəbiyyatından tərcümələr etməyin, saysız şerlər, məqalələr, dissertasiyalar, monoqrafiyalar və s. yaradıcılıq zəhmətinin öhdəsindən yalnız Xəlil Rza istedadı gələ bilərdi.
Əziz oxucu, bir anlığa sən onun yaradıcılıq aləminin bütün məhsullarının açıqlandığını təsəvvür elə, onda görəcəksən yaradıcı əmək nə deməkdir, onda görəcəksən istedad deyilən İlahi qüvvə nədir? Onda görəcəksən dahilik deyilən böyük əməl ən adi işlər görəndən başlanır. Onda yenə də şairin özunə qulaq asacaqsan. O, belə deyəcək:
Vaxt əlimdə zər qutusu,
Saniyəni qızıl kimi xərcləyirəm,
Misraları sünbül kimi dənləyirəm.
Bəli, bu misraları sünbül kimi dənləyən igid özü də rəncbərdir, yer şumlayan, toxum səpən, yer suvaran, biçən, döyən, dən üyüdən rəncbər! Bu işlərin hamısını o, təmənnasız görür, heç bir haqq ummadan görür, özünü azadlıq yolunda qurban verməyə hazır olanda da heç nə istəmirdi və yalnız belə deyirdi və belə də deməli idi: yox, ayrı cür addım onu Xəlil Rza eləmirdi. Xəlil Rza belə də yazmalıydı:
Mən Allaham, mən Tanrıyam,
Qəlbim dolu, əlim boşdur,
Xoşbəxt olsun təki xalqım,
Mənə elə bu da xoşdur.
Təbii ki, şair aqronom deyil, torpaqşünas deyil. O, torpağı yazıçı kimi görür, ona vətəndaş gözü ilə baxır. Onun Türkan bağları haqqında yazdığı şerlərini bir nümunə kimi götürmək olar. O, Türkan bağlarının tənəyindən, üzüm bağlarının şehli yarpaqlarından, qarışqasından tutmuş qızıl xalı, ağ xalı şanılarına qədər bütün varlığını təsvir etmişdir, desək, yanılmarıq. Xəlil Rza Ulutürkün çoxumuza məlum bir cəhətini təkrar-təkrar deməyi bir daha vacib bilirəm. Bunsuz Xəlil Xəlil olmazdı. Bu da onun əlinə qələm alandan sərbəstliyidir. Dili ilə düşüncəsi düz mütənasib olub həmişə. Doğrudur, bu hal ona çox bəlalar gətirib. O, bu maneələrin üstündən adlayıb keçib. Amma çox zaman sağlamlığı hesabına, gizli zərbələr hesabına.
Ömründə tək bircə dəfə qəlbindən gəlməyəni dilinə gətirsəydi, tək bircə dəfə dilindən eşitdiyinə inanmasaydı, iki Xəlil yaranardı, bu iki Xəlil bir Xəlilin işini görə bilməzdi və beləliklə, Allah eləməsin, Xəlil Ulutürk olmazdı. Yox, belə heç cür ola bilməzdi, onda tale yazısı bəs hara gedərdi? Əslində, daxilini, qəlbinin səsini yazmayan şair yoxdu, o, elə beləcə zorla eşidilən səsdir. Səs deyil, hənirdir. Hənir də deyil, boğazda ilişib qalan xırıltıdır. Xəlilin bütün hay-harayının, bütün nərəsinin müəllifi onun ürəyidir. Bu qədər rəngarəng yaradıcılıq məhsulunu gözdən keçirəndən, oxuyub beyninə həkk eləyəndən sonra qərara gəlirsən ki, Xəlil ilahiyyatdan və ya ürəyindən gələn səsin sadəcə bir yazarıdır, yoxsa bu qədər işin öhdəsindən necə gəlmək olardı? Hərdən məqam tapıb bu səsə «qoşulub» şairi geriyə çağıran «səslər» də var idi. Xəlil bircə dəfə, tək bircə dəfə bu səsin diqtəsinə getsəydi, Ulutürklüyünü çoxdan itirmiş olardı.
Əziz Xəlil, poeziyanı, xalqımızı ucalığa, yenilməzliyə çağıran səsin var olsun!
3 noyabr, 1992