|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İNAM, ETİQAD  NƏYİ YAŞADIR?

Elə təbiət abidələri, elə heyvanlar, elə bitkilər var ki, bunları yaşadıb zamandan-zamana ötürən, bütünlükdə və ya qismən «ölməkdən» qoruyan xalq inamı, xalq etiqadı olub. Xalq etiqadı elə güclü təsirə malik olub ki, ən «amansız əli baltalı» qəsdinə, vərdişinə qurşanmaq istəyəndə belə «lənət şeytana» deyib duruxub, nəhayət, «əlləri yanına düşübg» Göz  oxşayan narbənd ağacının bitdiyi yeri görmüsünüzmü? Naxçıvanın aran zonası, od üstünə  qoyulmuş tava kimi alışıb yanan səhra və yarımsəhra mənzərəsi. Yol qırağında əkin-biçin yerlərinin münasib səmtlərində nəhəng  papağı gün şüasını, yağışı-dolunu keçə alaçıq kimi buraxmayan  nəhəng narbənd ağaclarını xəyalımda sayıram. Şahbuzdan Naxçıvana gedən yol boyu neçə yerdə vardı bu ağaclar. Rayonun özündə, şəhərin neçə yerində – adamların gur olduğu yerlərdə, maşın dayanacaqlarında, kəhrizlər, çeşmələr başındag bu ağaca daş atmaq, budağını əymək, yarpağını belə qırmaq olmazdı. Böyüklər deyirdilər ki, bu ağaca toxunmaq günahdı. Çünki onun kölgəsində nə zamansa peyğəmbər yatıb. «Sağ olsun, belə peyğəmbər», nə gözəl iş görmüşdü, belə bir nadir ağacın qorunmasına səbəb olmuşdu. Ağıllı adamlar bu rəvayətdən gözəlcə istifadə eləyib narbənd ağacına  «toxunmazlıq möhürü» vurmuşdular. Orta əsrin «qaranlıq mühitində» bu, çox nadir təbliğat vasitəsi olmuşdur. Sonralar nə oldu? Sonralar ağzı köpüklənən «ateistlər» başqalarını dərindən eşidə bilməyəndə zorakılığa, bəzən də təhqirə əl atdılar, xalqın  inam və etiqadını çox asan yolla süpürüb məhv etmək iddiasına düşdülər. Belə halda narbənd ağacının dibində pinəçi budkaları, at-eşşək, qatır, öküz palanlayanların dəm-dəsgahı quruldu. Qəssablar narbəndin gövdəsinə mıx çalıb ət asmağa başladılar.
Bu «hücumçular», bu baltaçılar bu sözü unutdular: günahdır. Hələ bəzi çayçılar da rahat yer tapıb samovarlarını tüstülətdilər. Uzun illər, qərinələr, əsrlər boyu toxunulmaz olan bu abidə qəfildən, özü də çox böyük sürətlə zərbələrə məruz qaldı. Təbii ki, peyğəmbər bu dəsgahdan xəbər tutmadı, tuta da bilməzdi. Hələ əli qırılmışlar da peyda oldular, narbənd ağaclarının yanma qabiliyyətini yoxlamaq məqsədilə ağacın kökünə də göz qoydular. Vaxtilə çox dəbdə olan:  «dindən qoruyucu» hər  müqəddəsliyə qarşı mübarizə şüarı ilə təbiətə qənim kəsilən «komsomol  briqadaları» belə təbiət abidələrini mişarlamaqla din və dindarlara açıq-aşkar «dağ çəkmək» əməllərini də işə saldılar.
Xalq içində elə müdriklər tapıldı ki, narbənd şivlərini tapıb həyətlərindəki qarağaclara calaq vurdular. Narbənd indi orda-burda təkəm-seyrək qalıb. Ancaq hibrid şəklində. Amma kor-kor, gör-gör, milyon  dəfələrlə  böyüdülmüş göbələyi xatırladan təbii narbənd ağacları, demək olar ki, yoxdu daha. Bir zamanlar təbii yolla ömrünü başa vurmuş, qurumuş «cəsədindən» oduncağından belə  istifadə etmədilər, onu yandırmadılar. Ancaq o qədər möhkəm, o qədər davamlı idi ki, onun çürüyub torpağa qarışması üçün  on illər gərəkdi. Bəli, müqəddəs ağacın qurusu da müqəddəs idi. Görünür, ona münasibətdə azacıq güzəşt belə məqsədəuyğun deyildi. Əks halda, o, başqa ağaclara tay ola bilərdi bu aran ağacı, səhra və yarımsəhra  ağacı. Bəs belə bir  ağacla təzad təşkil eləyən dağdağanı müqəddəsləşdirib yaşadanlar hansı «dini məntiq»ə əsaslanırdılar? Biz yaylağa Salvartı ətəklərinə gedərdik. Burada ən hündür nöqtə üç zirvədir – üç qardaş zirvələri! Ən hündür zirvə 3 min metrdən yuxarıdır. Bu zirvələrin ətəklərinə çır-çırpı yığmağa, itburnu, dovşan alması yeməyə gedərdik. Dağdağanın qırmızı-sarımtıl meyvəsini yeyərdik.  O çılpaq qayaların ən mötəbər, dəyanətli ağacı dağdağan idi. Hərdən kimsə cəsarət eləyib dağdağandan çubuq kəsmək istərdi, sonra geri çəkilib bıçağı cibinə qoyardı. Müdriklərin səsi qulağında səslənərdi: Dağdağana əl qaldırmaq günahdır. Bu günah nə olan işdi? İndi də onu tez-tez işlətmək, bəzi adamların qulağından asmaq olmazmı? Üzümü tuturam bir brakonyerə, bir əli baltalıya, məhəllələrimizi zibilləyənlərə, torpağımızı kimya laboratoriyasına döndərənlərə, qışqırıram: «Günahdı»- eşitmir, «qəbahətdi» eşitmir, «cinayətdi»- eşitmir! Bəlkə də qulağı eşidir, vicdanı yox. Doğrudan da vicdanı yox! Görünür, bu anlaşılmaz, «sual-cavabsız» ekoloji mühiti yaradanlar  əksər halda yuxarıdan əmr verənlərdir. Görünür, biz təkrar-təkrar xalq müdrikliyinə, xalq ənənələrinə qayıtmalıyıq. Axı xalq bu günahları hələ günah baş verməmişdən xatırladırdı. Nəyin günah, nəyin səhv olduğunu beşikdən körpənin qulağına belə pıçıldayırdı: «Lay-lay dedim yatasan, qızılgülə batasan», «qızılgülə batasan» - deyirdi. «Tapdayasan» - demirdi. 1-3 yaşında uşaq quşları, heyvanları tanımağa başlayırdı. Bu yaşdan başlayaraq Leyləyə daş atmaq olmazdı, odla oynamaq, suyu, xüsusilə bulaq suyunu bulandırmaq olmazdı. Bulaq gözünə çöp uzadan uşaq tezcə günahını başa düşüb bir neçə dəfə bu sözləri deməliydi: «durul-durul, babam gedir and içməyə. Durul-durul, dəvə gəlir su içməyə».

Qayıdıram dağdağan ağaclarına. Bunlar sanki boz qayalıqlarda gizlənən bozumtul rəngi olan iri kollar idi. Bu ağaclar yaxşı yonulur. Yadımda möhkəm qalan budur ki, dağdağandan kiçik fiqurlar yonub sapa düzüb (bəzən də təsbeh muncuqlara qatırdılar) ürək keçməsi olanların, ruhi xəstə uşaqların boynundan asırdılar. Belə xəstələr boyunlarından asdıqları bu fiqurları, muncuqları itirəndə, ya da qeyri-ixtiyari çıxardanda çırpınıb ağlar, çox vaxt huşlarını itirərdilər. Bu mərəkəyə bələd adamlar belə xəstələri tez xilas edərdilər: dağdağanın fiqurlarını və ya muncuqları tapıb onların boynuna asardılar.
g Narbənd haqqında dediyim bir sözü dağdağan haqqında da təkrar etmək istəyirəm: Dağdağan bitən yerdə yalnız dağdağan bitə bilərdi.
O vaxtlar xalqın böyük tirajla çap olunan qəzet və jurnalı, «Qırmızı kitabı», tənbehedici qanun kitabı yox idi, onun nəyi qorumaq, nəyi artırmamaq üsulu çox vaxt inanca əsaslanırdı. «Günah eləmə, elədinsə, günahını yumalısan, özün öz  vicdanın qarşısında cavabdeh olmalısan, yoxsa elə-belə natəmiz gəzməyə haqqın yoxdur». Bütün bunlara nəzarət var. O, sənin daxilində, içində, ürəyindədir. Bütün bunlar öyrənilməyə layiqdir. Xalq inamına, xalq etiqadına söykənmək haqq işidir, ədalət işidir.
Xalqın bu pak əməlləri onun dastanlarında, nağıllarında, bayatı və ağılarında, hətta sayaçı nəğmələrində belə öz əksini tapıb. Məşhur bir dördlükdən birinci misranı xatırladıram:
Maral durduğu yerdəg
Bu barədə ayrıca danışmaq lazımdır. Bu xalq kəlamı neçə şairin, neçə aşığın ilhamına təkan verib.
«Ovçu insaf elə, keçmə bu düzdən»g «Gedirdim güzarım  düşdü bulağa»g Yuxarıda deyilən kimi, bu mövzuya bir dəg bir də azdır, təkrar-təkrar qayıtmaq lazımdır.

1988

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws