Maarifə HACIYEVA
ŞAİR YADDAŞININ POETİKASI
Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi,
Kağızdan-qələmdən gizlətməmişəm.
Bu misralar şair Məmməd Arazın “Oxucuya məktub” adlı yeni şerlər kitabından götürülmüşdür. Kitabı vərəqlədikcə Vətənin hər qarış torpağını böyük ehtiramla vəsf edən, xalqının dünənini duyub, bu günkü fərəhi ilə yaşayan bir insanın poetik düşüncələri ilə tanış oluruq.
M. Araz 1952-ci ildən çap olunur. Onun yazılarına ədəbi tənqid öz münasibətini bildirmiş, heç kəsi təkrar etməyən yaradıcılığından, şerlərindəki səmimiyyətdən söhbət açılmışdır. Bu məqalədə şairin poetik məktublarından aldığım təəssüratı oxucularla bölüşmək istəyirəm.
“Oxucuya məktub” deməyə haqq verir ki, yüzlərlə şer parçalarının içərisindən poeziya nümunələrini seçmək mümkündür. Və bu nümunələr özü “qaya üzərində göyərən” elə bir ağaca bənzəyir ki, onu uzaqdan da seçmək mümkündür.
“Oxucuya məktub”da şairin neçə illik yaradıcılığından nümunələr vardır. Bu nümunələr göstərir ki, Məmməd Arazın yaradıcılığı ildən-ilə yetkinləşir, əsərləri bədii cəhətdən kamilləşir, mövzuları əlvanlaşır. Əlbəttə, onun ilk əsərləri ilə son illərdə yazdığı nümunələrdə sənətkarlıq baxımından müəyyən keyfiyyət fərqi nəzərə çarpır. Lakin müxtəlif vaxtlarda yazdığı əsərlər onu göstərir ki, Məmməd ritorikadan, sözçülükdən uzaq şairdir. O, bütün yazılarında səmimidir.
Bəzisinə ürək qazıb,
Söz ələmək asan gəlir.
Düyün düşən fikirləri
Çözələmək asan gəlir.
Göz görməyən duyğuları,
Məhəbbəti, ehtirası,
kefi, yası cilalayıb
Söz eləmək asan gəlir.
M. Arazın heç kəsə bənzəməyən yazı tərzi, özünəməxsus üslubu, öz mövzuları vardır. O, müasir həyatdan, ömrü zinətləndirən əməkdən, müasirlərimizin duyğu və düşüncələrindən, beynəlxalq hadisələrdən yazır. Adını özünə təxəllüs seçdiyi Arazdan yazır.
Mövzularım tükənəndə darıxır masam,
Onun dərdi yüz haçalı, onun dərdi min –
Bu dəmlərdə heç nəyə də əlim çatmasa,
Qaysağını qopardıram Araz dərdimin .
Araz –şairin uşaqlıq dostu, ilk eşqinin sirdaşı, həm sevinci, həm qəmi, kədəridir. Kitaba daxil edilmiş “Araz yadıma düşüb”, “Mən Araz şairiyəm”, “Arazın işıqları”, “Araz üstə çinar gördüm” şerlərində Arazdan danışılır, onun keçmişi xatırlanır, bu günü qələmə alınır:
O, bu gün Muğanıma
Uzanan yaşıl qolum.
Bağıma ağ kəmərim,
Dağıma işıq yolum.
Bu sözlərdə ürəkdən deyilmiş bir həqiqət, bir ucalıq, bir təmizlik var. Şairin fəlsəfi dərinliyi ilə seçilən şerlərindən biri də “Etiraf”dır. Bu lirik parça həssas şair qəlbinin döyüntüləri, poetik təfəkkürün məhsuludur.
Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq.
Neylədim – Vətəni sevmək naminə,
Ucaltmaq naminə, elədim ancaq –
deyən şairin ilham mənbəyi xalq, Vətəndir. İnsana məslək və iman gətirən vətən sevgisi M. Arazın lirik şerlərində özünəməxsus poetik boyalarla əks etdirilir. “Azərbaycan –dünyam mənim”, “İnsan qayalar”, “Göy göl”, “İstisu lövhələri”, “Bu yerlər, o yerlər”, “Bakının gecəsi” şerləri göstərir ki, onun Vətən adlı poetik dünyası, təsəvvürü olduqca genişdir. “Vətən daşı olmayandan, olmaz olkə vətəndaşı” – deyə Vətənin ən sadə daşı olmaqdan böyük iftixar hissi duyur.
Məmməd Araz Vətənə təkcə şair kimi deyil, həm də rəssam gözü ilə baxır, şerlərində yadda qalan lövhələr yaradır. Əfsanəvi gözəlliyi olan Göy göl neçə-neçə şairin könlünü fəth edib. Şairin “Göy göl”ündə isə özünəməxsus poetik boyalar var:
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyrantək yorulub yatır,
Daş atdım, diksindi, oyandı Göy göl.
Onun şair xəyalı doğma yurdu Azərbaycanı aşaraq Sovetlər İttifaqını gəzir, sovet adamının gözəl mənəviyyatında aram tapır.
Burdan işıq gedir səyyarələrə,
Moskva dünyaya alov yayıbdır.
Təbiət burada şaxtanı yerə,
Odu ürəklərə bağışlayıbdır.
Vətən mövzusu ilə yaradıcı əməyin tərənnümü M. Arazın şerlərində təbii əlaqə və vəhdətdədir. Həyatın nəfəsini zəhmətdə görən şair – şer də zəhmət adamlarının qəlbindəki çırpıntı, hərarət qədər təbii olmalıdır, - qənaətinə gəlir:
Dırman dağa, en Arana,
Aş Murovu, keç Muğana.
Qar sinəsi, günəş üzü
Günəş altda yana-yana
Pambıq dərən bir gözəlin
Əllərini sıxsın əlin.
O gözəlin hüsnündəki
Əzəməti şerə gətir,
Qəlbindəki çırpıntını,
Hərarəti şerə gətir.
“Təbiətin öz şeri var, təbiəti şerə gətir” – deyən şairin təbiətə aid şerlərində də vətən torpağına vurğun olan sənətkarın ürək çırpıntıları eşidilir.
Məmməd Arazın şerlərində siyasi lirikaya meyl qüvvətlidir. Onun əsrin siyasi və ictimai hadisələri ilə səsləşən bir neçə əsəri “Oxucuya məktub”a daxil edilmişdir. “Ağ şəhərli qaralar” adlı şerdə eyni hüquqlu bəşər övladlarını ağlara-qaralara, varlılara-yoxsullara bölən riyakar qanunlara şairin etiraz səsi eşidilir:
Hər yerdə harınlar kef atındadı,
Dərdlini yedəklə qəm sürüyürdü.
Harda qara gördüm, yük altındadı,
Harda qara gördüm, yer süpürürdü.
“Müharibə olmasa” şerində dünyanın sülhsevər xalqlarını düşündürən ən müasir duyğu və fikirlər öz əksini tapmışdır:
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi –söz,
Sözü –məhəbbət olar,
Müharibə olmasa.
Bu, əlbəttə, sağlam düşünən hər kəsin, həmçinin şairin böyük arzusudur.
Əbədi və bəşəri mövzu olan məhəbbət mövzusuna heç bir şair biganə qalmamış, bu mövzuda hərə bir cür yazmışdır. Kitabda “Sevgi nəğməsi” başlığı altında toplanmış şerlər bu mövzudadır. Təbiilik və səmimilik Məmməd Arazın məhəbbət lirikasının əsas xüsusiyyətləridir:
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir.
Oxuyum, oxuyum o yarım üçün,
Onu cehiz verim qızlarım üçün –
deyən şair məhəbbəti inam, cəsarət, paklıq rəmzi hesab edir. O, məhəbbətin dadını, duzunu da inamda, paklıqda görür.
Bir anlıq dincəlim, yuxlayım deyə,
Bircə əlacım var, unutmaq səni.
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.
Bu, məhəbbətin ünvanına yazılmış adi şerdirmi? Yox. Zərif, zərifliyə qədər çılğın məhəbbətin poetik ifadəsidir. Burada ürək odu-alovu ilə yanaşı, məhəbbətin əzabından doğan bir şirinlik də vardır.
Gecikmiş məhəbbət, bu məhəbbətin yaratdığı sarsıntı, qopardığı təlatüm şairin “Görüş...əlvida” şerində mənalı şəkildə ümumiləşdirilmişdir.
Qoy səni dərməyim bir çiçək kimi,
Qoy səni seyr edim, bu, günah deyil.
Mən keçə bilmərəm hüquq səddimi
Qanunlar, adətlər quru sədd deyil.
Məmmədin şerlərinin oxunaqlı çıxmasının səbəblərindən biri də onun dilinin aydın, səlis və canlı xalq dilinə yaxın olmasında, xalq ruhu və mənəviyyatına bağlılığındadır. O, canlı xalq dilinin incəliyini, imkan və çalarlarını bilən, bunlardan poetik ustalıqla istifadə edən şairdir.
Damağımda bal sevdanın turş dadı,
Uşaq ağlım inadını qurşadı.
Nə hönkürdü bu naqafil gürşadı
Kimə dedim, dedi ancaq nə bilim?
M. Araz elə şairdir ki, o sevilir, oxunur, əzbərlənir.
1978