|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BAYRAM OLDU, OLDUMU?

Bayram oldu, heç bilmirəm neyləyim?..
Bizim evdə axta-zoğal da yoxdur.

Novruz bayramı yeddi löyünlə bəzənmiş xonçası başında qapıları döyəndə kasıbların çox güman ki, hamısı (şerin kimə məxsus olduğunu anladı-anlamadı, şerin qalan misralarını bildi-bilmədi) ürəyində müxtəlif ünvanlara yol istəyən bu kəlamı ya ciddi şəkildə, ya da zarafatnan dilinə gətirməmiş olmazdı.
İndi xəyalımın qanadında müharibədən sonrakı illərə (elə müharibə illərini də buraya qatmaq olar) qayıdıram. O vaxt deyəsən heç bir mərrə bizdə axta-zoğal yox idi.
«Bizim evdə axta-zoğal da yoxdur».
g Şerin məzmunundan çox forması, deyiliş tərzi xoşuma gələrdi. Nənəmdən soruşardım: şair nə bilir kimin evində nə var, nə yoxdur? Nənəm cavab verərdi ki, Allah şairlərə elə iti göz verib ki, onlar uca Şahdağın təpəsindən baxalar belə hamının evini, evinin içində süfrəsini  görə bilirlər.
«Ət heç ələ düşməz, motal da yoxdur». Ancaq onda ətimiz də vardı, motalımız da. İndi nə ətimiz var, nə motalımız. Kənddəki evimizin həyətində şaxlı bir zoğal ağacımız var. Axta üçün də bəs eləyir, mürəbbə üçün də. Təkrar da olsa deməliyəm ki, o vaxt olanlar indi tamam-kamal yoxa çıxıb. Məsələn, o vaxt anam  bayram olacaq gün sarı doşab küplərini açardı. Ağzı açılan hər doşab küpü, sarı yağ və pendir motalı günü sabahdan gəlinlərin öhdəsinə verilərdi. Qonaq qabağına çıxarmaq üçün qablara çəkilər, «heç bilmirəm, neyləyim» deyənlərə ayrıca pay ayrılardı. «Kimin nəyi var» məsələləri bir az sirr kimi idi. Çoxları özünü tox göstərərdi. «Birin beş olsun, beşin on olsun, onun yüz olsun» deyənlər, qonşusunu da sevindirərdi, özünü də. «Kimin nəyi yoxdu» sirri isə sirr deyildi. Hamı yaxşı bilirdi ki, məsələn, Dəryətqulu kişi çox kasıbdır, evində düyüsü də yoxdur, yağı da. Onda çevik oğlan uşaqları həmin kişinin payını vaxtında onun evinə yetirərdilər. İndi qəzetlər adamları rəhmdilliyə, birliyə çağırır. Onda da çağırırdılar. Bu vəzifəni el adəti, el təəssübkeşliyi ilə «insaf, vicdan norması» ilə yerinə yetirirdilər. Biz bu günün ən «hündür» yerində dayanıb sabaha, sabahın sabahına  baxa bilmirik. Üfüqün «o biri  üzü» ilə az maraqlanan xalqı ilə. Bəs belə olan halda təbiidir ki, biz o günlərdən bu günü görə bilməzdik. Ancaq tam olmasa da, müəyyən  qədər görməliydik. Nə isə, deyirlər ki, «kəsilən başın saçları üçün ağlamazlar». Başımıza nə gəldiyini, nə gələcəyini bilmək üçün bunları vaxtında tərəziyə qoymalı, vaxtında nəticə  çıxarmalıyıq. Bundan ötrü elə nöqtələr seçməliyik ki, oradan keçib gəldiyimiz yollar, ya da bu yolları bir-birinə calayan körpülər, hərdən azdığımız dumanlı dərələr, sürüşüb yıxıldığımız aşırımlar, bizi div kimi sümürüb udmaq istəyən uçurumlar aydın görünsün. Dediyim nöqtədən diqqətlə baxanda bizi gəlməmişdən təntidən «batan siyasətimiz yox idi», görünmürdü. Ancaq bu qədər kasıb olmayan bazarımız var idi. Bunu sadəcə olaraq belə aydınlaşdırmaq istəyirəm. Onda tutaq ki, bizim neçə qoz ağacımız var idi. Onları sentyabr ayının ortalarında çırpıb bir neçə gün qurutduqdan sonra torbalara yığırdıq. Qışda yeyilən yeyilirdi, yeyilməyəni xurcuna yığıb kəhər atın belinə aşırıb, rayon mərkəzindəki alıcısından satıcısı çox olan bazara çıxardıb satırdıq, müştəri seyrəkliyi hiss edən kimi atımızın cilovunu Araz qırağına – böyük şəhərə döndərirdik. Yüzü bir manatdan (qiymətə bir fikir verin) tezcə  xırıd eləyib mövüz, kişmiş, şirniyyat və ümumiyyətlə, xuşgəbər alıb yeddiləvini təşkil edən xüşgəbərlə geri dönərdik. Hamı bu və buna oxşar yolla nə isə alar, nə isə satar, öz əziz gününü – Novruz bayramını şad-şalayın keçirməyə çalışardı. Mən ən çox yadımda qalan qaynar uşaqlıq illərimdə gördüklərimi nəzərdə tutaraq onu demək istəyirəm ki, xalq öz bayramını istədiyi səviyyədə, qorxusuz keçirməyi bacarırdı. Və keçirirdi də. Bu son illərdə xalqın boynuna minnət qoyulur ki, Novruz bayramını bizə yuxarıdan veriblər. Guya yenidənqurma siyasəti olmasaydı, guya  yuxarıdan Qız Qalasının yanındakı bəzəkli fayton sürənlər, zurna-qavalçılar çıxmasaydılar, təntənə də olmazdı.
Təntənə yaxşı şeydir. İndi Novruz bayramı yüksək dövlət səviyyəsində qeyd olunursa, yaxşıdır. Bunun üçün də xalqımıza sağ ol deməliyik. Bunların hamısının müəllifi xalqdır.

Xalqdır toxum səpən, polad əridən,
Sevən bizləri də özündən artıq.
Biz isə badələr dalında bəzən
Onun taleyini imzalayırıq.

Elə çıxmasın ki, mən də «onda» və «indi» müqayisəsi ilə nəyisə  mütləq qəbul edirəm və nəyisə mütləq inkar edirəm. Mənim zənnimcə, mütləq həqiqət də hardasa nisbi həqiqətin cazibəsində mövcuddur və ya əksinə, nisbi həqiqət də «yanacağı»nın ən azı, yarısını onu inkar edən qüvvədən alır. Məlumdur  ki, insan təkcə çörəklə yaşamır. Ancaq çörəksiz yaşamaq da mümkün deyil. Təkcə mənəvi toxluq da yaşayış vasitəsi olmur. Bu, vurma cədvəli kimi aydındır; uşaq süd içməlidir, qoca çay içməlidir, cavan ətlə qidalanmalıdır və s. Vəziyyət indi gəlib elə sürüşkən yoxuşa dirənib ki, daha vədlərlə insanı «doyurmaq», sabaha  inandırmaq mümkün deyildir. Axı sabahın da müəyyən bir müddəti var. «Yaxşı yaşayırsan və yaxşı yaşayacaqsan» sözünü təlqin etmək çətindir, çox çətindir. O qurtaranda söz də qurtarır. Və insan ömrü də 300 il, 500 il deyil, həm də hər bir adam öz ömrünü  yaşayır. Heç bir halda gələcəyin xoşbəxtliyi bu günün bədbəxtliyinə xoş ömür əlavə eləyə bilmir. İndi və ondag Onda biz sanki   sevinməyi daha yaxşı bacarırdıq.
1945-ci ilin 9 may təntənəsi yaxşı yadıma gəlir. Son illərdə mərkəzi mətbuatda Stalinin şəxsiyyətinə pərəstişə dair çap olunan bəzi məqalələrdə Stalini az qala Hitlerlə eyniləşdirir və az qala dolayı yolla Almaniyanın Sovetlər Birliyinə qəfil hücumuna haqq qazandırırlar. Və guya alman xalqı bu müharibənin  tərəfdarı və səbəbkarı deyilmiş. Mən bir şerimdə demişəm:
Alman xalqı əziləndən sonra ayıldıg
Mən bu məsələyə münasibətdə hər hansı bir tarixçiylə mübahisəyə girişməyə hazıram. Bu faktdır ki, ikiyə bölünmüş (vaxtilə çox haqlı bölünmüş) Almaniyanın birləşməsində Sovetlər Birliyi əsas və həlledici rol oynadı. Başda ABŞ olmaqla 30-dan artıq ən qüvvətli dövlətlərin İraqa qarşı çox acı nəticə verəcək müharibəyə başlaması göstərir ki, alman militarizmi göyərmək istəyir və onun həmin regionda iştirakı çox şey deyir. Dünyanın demokratik qüvvələri bu vəziyyətə ayıq gözlə baxmalıdır. Hitler Almaniyası göyərə bilər.
Dünyanın işləri çox dolaşıqdır. Bu dolaşıqlığın zərbəsi bizə də dəyə bilər. Bütün bu mürəkkəb işlərdən baş çıxarmaq üçün millətin, xalqın bu və ya digər cəhətə münasibət meylini düzgün təyin etmək uşaqdan böyüyə hamını düşündürməlidir. Gələcək xilasımız və nicatımız bu meyldən çox asılıdır.
Biz indi ayrı-ayrı regionlarda yox, bütün dünya miqyasında qalın çən-dumanda yolunu itirib azmış vəziyyətdə  olan səyyah kimiyik. Cəhətləri düzgün təyin eləmək özü bir elmdir. Bu elmə yiyələnmək  çətindir, mürəkkəbdir, amma mümkündür. Əgər mümkündürsə, deməli, yaşamağa, özünü tapmağa gedən yolu hələ itirməmişik.
Dünyada çox az xalq var ki, xeyir-şərini, toy və yasını, bayramını özü tək qeyd eləsin. Qonşu xalqlar da müəyyən qədər (xasiyyətincə, adətincə) bu xeyir-şərdə iştirak eləyir. İnsan hər yerdə insandır, hər yerdə xeyir şərə, ədalət ədavətə qarşı çox zaman qalib gəlir. Bu mənada vaxtilə dost olduğumuz, yoldaşlıq elədiyimiz, ən əsası qonşu olduğumuz, qonşuluq  qanunlarına tabe olduğumuz çox yerdə ermənilər (bizim kənddə, bizim qəzada, bizim mahalda) bizim bayram şənliyimizdə iştirak edər, bizi təbrikə gələr, kirvə kirvəni qonaq çağırardı və s. Biz də  onların «qızıl yumurta» bayramlarına və digər bayram, toy –yas mərasimlərinə eləcə. Belə görünür ki, uzun müddət keçmiş münaqişə, umu-küsü və s. məsələlər unudulub. Ürəklərdə gizli qalan kin-küdurət və ya çapıqların üstünü «Oktyabr inqilabı»nın tozu xəfifcə örtübmüş. Uzun illərin beynəlmiləlçilik təbliğatı heçə bərabər imiş. Girəvə düşəndə bu tozu üfürüb məsələnin üstünü açanların buynuzu görünən məqamdan istifadə edən millətçilər  meydana çıxıb öz çirkin əməllərini  işə saldılar.
Bayram oldug Bayramlı günlər içərisində bayramsız günlər yaddan çıxmır. 90-cı ilin yanvarında şəhid olan oğul və qızlarımızın ilini qeyd elədik. Mən özüm də yazdım ki, «daha ağlamayın, başınızı dik tutun!» İndi  də o dediklərimin üstündə dururam. Amma hər Novruz bayramında qəbir üstünə gələn anaya necə «ağlama» demək olar?
Dünyamızın, eləcə də yurdumuzun vəziyyəti mürəkkəbdir, çox mürəkkəb. Bu mürəkkəb dünyada bizim karvanımızı səhranın ortasında lüt-üryan qoyub, öz içinə çəkilib, özünü görməməzliyə vuran da tapılacaq. Bizi hazırlıqsız görüb çörəksiz də qoya bilərlər. Bəlkə zalım dünyanın elə qüvvələri  var ki, marıqda yatıb adicə büdrəməyimizi, hərəmizin bir tərəfə çəkilməsini gözləyir. Bir məqam  ələ düşən kimi paslı qılıncı ilə üstümüzü alacaq. Yaşı doxsanı haqlamış qonşumuz qoca kişi ilə liftə minib-düşəndə, çörək almağa gedəndə müasir hadisələri təhlil edir, ölkənin, dünyanın vəziyyətinə münasibətimizi bildirirdik. Hər yerdə yalan, hər yerdə alıb-aldatmaq, adamlar bir-birini didir, yeyir, adicə evlər idarəsinin müdirindən tutmuş baş nazirin köməkçisinə qədər hamı xalqı sadəlövh yerinə qoyub, istədiyi vaxt vədə verir, istədiyi vaxt geri götürür, istədiyi vaxt dediyini redaktə eləyir və istədiyi vaxt bu redaktənin ona məxsus olmadığını sübut eləməyə çalışırlar.
Bəzən mərkəz özü «mərkəzdənqaçma qüvvəsi»nə təkan verən rolunu oynayır. Builki bayramımız gör hələ nələr göstərəcək. Çox şey ola bilər, hər şey ola bilər. Bu «çox şeyi», bu «hər şeyi» lazımi səviyyədə qarşılamağa hazır olmalıyıq, sözün həm müsbət, həm mənfi mənasında.
İlahi, sən özün bizi özümüzdən qoru, İlahi, sən birliyimizi itirəcək laqeydlikdən qoru! Bizim  yolumuz üzü küləyədir, üzü qasırğayadır, bəzən isə hardasa üzümüz özümüzə doğrudur. Yolun özümüzə tərəf olan, ola biləcək halımızda onun yedəyini əlimizə keçirib istədiyimiz səmtə yönəltməyi bacarmaq çətin olacaq:

Sən də, ey oxucu, önümdə dayan,
Sən də çək ortaya günahını bir.
Bu gün qapısını kitab açmayan
Bir ev müəllimsiz məktəb kimidir.

Çətin və dolaşıq vaxtlarda hər bir vətəndaş öz ulu sənətkar babalarına üz tutub zamanın bataqlığından çıxmaq yollarını öyrətməyi xahiş eləyir. Mirzə Cəlil: - Sənə demədimmi, a lağlağı, bu yuxarıda əyləşənlərin bostanına daş atma, daşı göydəcə tutub dörd bölər, dördümüzün də alnına yapışdırarlar. Gül kimi belində duz yükü daşımaqdan belləri yağır olmuş atdan-eşşəkdən yaz, nə harada çıxmağından xəbərin olsun, nə də kimin nə yazmağından. Canım-gözüm, nə təbiət, nə meşə, nə ekologiya (adını tələffüz eləmək də olmur), sonra «Molla Nəsrəddin» kimi 25 il nədir, heç 16 illiyini də qeyd eləməyə qoymazlar. Mən deməmişəm ha, atalarımız deyib: «Ac qulağım, dinc qulağım». Bir qədər təvazökar olmaq lazımdır. Başsızların həmişə başı qarışıq  olur. Aşağıdakıların da öz sözü yoxdur. Gözləyin, görün nə vaxt başçılar «başını qaşımağa» macal taparlar. Ola bilər ki, onların başı bu məqamda qaşınmasın, onda əzizlərim, bu daha mənlik iş deyil. Mənim vəzifəm məsləhət vermək idi. Onu da yerinə yetirdim. İndən belə bu işlər bizlik deyil. Bəs kimlikdir? Mənim bildiyimə görə, bu işlər xalqlıqdır. Əgər oxumaq istəyirsə, yaxud bilmək istəyirsə; necə ki böyük dövlətlər kiçik dövlətləri belədən-belə, elədən-elə qovur, bundan niyə zövq alır, necə zövq alırg Onda zəhmət çəkib bu doğma dövlət və ya hökumətindən kağız istəsin. Bu kağızda da mətbuat işçiləri sözlərini köçürdüb, qəzet və jurnal işçiləri üçün də birinci şərt oxumaqdır. Kimsə  bir vaxt deyib ki, oxumaq yaxşı şeydir. Deməyiblər ki, kağız tapmaq da yaxşı şeydir. Burada yaxşı deyiblər ki, bazara münasibətin necədir? Yadda saxlamaq lazımdır ki, bu kağızın dəyərinin 50%-ni mətbuatı yayan idarəyə bağışlamalısan, qalan 50 %-ni də kim necə böləcək, Allah bilir!
Nəhayət, bütün zoğalları, qovğaları, motalları, «daxili dünyamızda» əritmək üçün nəyimiz çatmır. Burda Vaqif bəy belə deyib:

Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

1991

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws