|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BÖYÜK TƏBİƏT VURĞUNU

Səməd Vurğun - 90

Uzun müddət Sovet quruluşunun bərqərar olduğu nəhəng ərazidə bu fikir hakim idi və səsə, müzakirəyə qoyulmurdu: «Sovet adamı hər şeyə qadirdir; o, təbiəti istədiyi kimi söküb qura, hətta təbii landşaftı dəyişə bilər». Az qala hər qapıdan «böyük rus  alimi» Miçurinin bu şüarı asılmışdı ki: «Biz təbiətdən mərhəmət gözləyə bilmərik, biz ondan  istədiyimizi qoparmalıyıq». Bu haylı-küylü misralar o zaman qopmuşdu: «Hücuma tanklarla keçir komsomol; təbiət, təslim ol, insan, təslim ol!» Hətta  50-ci illərdə təmiz, duru təbiət şerlərinin yarandığı bir vaxtda belə yazılar da yazılırdı: «Mən Sibirdə pambıq, limon əkəcəyəm» misrasının müəllifi 50-ci illərin gənc şairi Məmməd İbrahim idi. Bu o vaxtlar idi ki, Səməd Vurğun yazırdı:

Muğan Muğan olsa biri üç elər,
Muğan tufan olsa üçü heç elər.

Yəni söykənməyə əsas vardı, ənənə vardı, onda «Ceyran» şerini oxumayan adam çox az olardı.

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası yağış gölündən
Əyilib su içir bir ana ceyran.

Beş addım uzaqda yatmayır təkə,
Boylanır oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə,
Bir özünə baxır, bir ona ceyran.

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb.
Yenə öz sürüsün nizamla düzüb
Baş alıb gedirsən hayana, ceyran.

Bu, adi bir təhlükəyə doğru gedən ceyran «sürəyinə xəbərdarlıq» deyildi, bəlkə də şair ürəyinin, ovçu ehtirasının harayı idi.
Bu mənzərəni görən, bu mənzərəni qəlbinin qanıyla çəkən şair belə deməyə bilməzdi; o, təbiətlə üz-üzə olanda müdrik olurdu, insaflı olurdu, səmimi olurdu.

Ovçu, insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən.
Qoyma ağrı keçə ürəyimizdən
Qıyma öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran!

Ulu şair, səndən əvvəl də demişlər, durnalara müraciətlə demişlər:
«Bəylər üçün ərməğandır teliniz», «Laçın yatağıdır bizim məkanlar».
Sən isə ceyrana müraciətlə demisən:
Ay yazıq, nizamla düzülüb hara belə gedirsən, əli tüfəngli cəlladlar pusquda hazırdırlar.
g Ceyranın taleyi durnanın taleyinə yaxındır. Onlar göydə dənlənir, bunlar yerdə. Əlbəttə, təbiət təkcə durnadan və  ceyrandan ibarət deyil, məsələ ondadır ki, bir günahsıza əl qaldıran mininə də əl qaldırar. Təbiət tamdır, bütövdür. Təəssüf ki, bu tama, bütövə qarşı bəzən onun da misraları iştirak edib: Axı dağlara belə baxmamışdı, o dağın təbii portretini belə rəsm eləmişdi:

Üstündən karvan yeriməz,
Sıxdı dumanların, dağlar.

Və ya «Dilican dərəsi» şerini uşaq heyrəti ilə yazmışdı. Və ya dünyaya Talıstan hündürlüyündən baxmışdı.
Mənim təbiətə bir sualım var: ölərmi bunları yazan sənətkar? Onun bütöv təbiətə bütöv münasibətdə son dahiyanə şerlərində «Şair, nə tez qocaldın sən?» çox şeyi, daha doğrusu, hər şeyi  deyir:

Ovçuluğa meyl saldım,
Gecə-gündüz çöldə qaldım,
Dağ döşündən enib düzə,
Bir ox kimi süzə-süzə,
Neçə ceyran nişan aldım,
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Səməd Vurğunun poeziyasının mərkəzindən qırmızı xətt keçirdi:
«Təbiət ilhama çağırır məni!»
O təbiət ki, orada:
Qarayazı meşəsində Anadil adlı bir quş var,
Mənim sevdalı könlüm tək asılmışdır ayağından.

1 aprel, 1996

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws