|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
AĞ DAŞDAN TİKİLMİŞ QARA ŞƏHƏRLƏR

Nahaq deməyiblər ki, «Xalq gözü tərəzidir». O, hər şeyi çəkə bilməsə də, çox şeyi istər-istəməz, özündən asılı olmadan tərəziyə qoyur. Bunlar elə faktlardır ki, burada artıq yalın o biri üzü görünür. Cida çuvalda gizlənə bilməz. Açılmağa, uçmağa hazır olan  yarğan da, yaşıl ətəyi dağın qurşağına  çıxan, son mənzili qayalığa, daşlığa dirənən meşə də göz qabağında özünü (bəlkə də özülünü) itirib ünvan axtarır.
Hərdən adama elə gəlir ki, ağaclar yanlarından keçən adamları gəlmə bilib əyilib soruşurlar: Şəhərinizin havası necədir? «Qulaqbatırıcı bir səs bütün səsləri udacaq» var səslə deyir: «Bakının havası kimi, Bakının havası kimig  Bir haray eşidilir: «Açın üfüqlərin qapılarını. Bir şəhər boğulur öz havasında».
Mənim əlimin altında  rəqəm məlumatlar var: harda nə qədər zəhərlənmə dərəcəsi «fəaliyyət göstərir». Bu qanqaraldıcı faktları bir yana tullayıb adamların  gözlərinə – işığı daxilə düşməyən gözlərinə baxmağı üstün  tuturam.  Gözlərinə baxıb soruşmaq istəyirəm: dünən o, sən deyildinmi. «Yaşa, yaşa, can Stalin!» mahnısını bülbül kimi ötə-ötə tüstülü peçlərin özülünü qoyurdun!  O zaman  zavod-fabrikin  ətraf mühiti  zəhərləməsindən söhbət  açmaq müşkül iş idi, bunu duyuram. «Bu nə sözdür? Bizi günbəgün, anbaan kommunizmə yaxınlaşdıran fəhlə əllərinin bəhrəsinə bu nə münasibətdir?» deyə bilərdilər.  Sosialist  müəssisələrinə  bu cür baxış  siyasi baxış idi. Zavod tüstüsü bəzi şairlərin, oçerkçilərin ilham mənbəyi idi. Lakin o vaxtın özündə belə  ayıq adamlar az deyildi; onlar zavodların  ətraf mühitə bu qədər  tullantı atmasından qəzəblə danışırdılar; ətrafa tullantını məhsul israfçılığı, qənaətsizlik, iqtisadi korluq  adlandırırdılar. İlham mənbəyi olan zavod  tüstüsündən, dənizə doğru sürətlə  hücuma keçən buruq meşələrindən  yazan şairlər  poeziya ilə istehsalın vəzifələrini əyər-dəyişik salırdılar.
Əlbəttə, hamıya aydındır ki, böyük sənayesi olmayan bir ölkəni qarışqa da tapdalayar. Bu, məlum həqiqətdir. Ancaq bu həqiqətin cəmiyyətə, insana, ekoloji tarazlığa zərərli tərəfi aşkar olanda bütün kapital qoyuluşlar, bütün fərəhlər, bütün təşəbbüslər əllərini yanına salıb susur. Çünki söhbət insanın  əbədi beşiyi olan  təbiətdən, onun mühafizə olunmasından, son məqamda bəşəriyyətin sağ qala bilməsindən gedir.
Söhbət ondan gedir ki, hazırkı məqamda  nə sənin əlindədir onu qoru, onu düz yola yönəlt.
Məlumdur ki, dünyada mütləq mənada təmiz şəhər, təmiz mühit yoxdur. Söhbət  ondan gedir ki, sənin şəhərinin zibilini başqa yerdən gəlib təmizləməyəcəklər, çirkini yumayacaqlar.  Hər xalq öz nazirini də,  öz süpürgəçisini də  özü tapır, ona vəzifəni özü tapşırır. Hələlik nəyə gücün çatır, onu elə; sabah bu işlərin  tərs üzü də özünü göstərər.  Zamanın küləkləri səni də  xəzəlinə qatıb lazımi yerlərə  tullayar.
Deyirlər, təbiət gözlənilməz hadisələrlə doludur. Mən  bunlara gözlənilən hadisələr deyirəm.  Zamanın gedişatı belə deyir.
Qara şəhər məsələsinə qayıdaq. İndilikdə Qara şəhər «kəfəni boynunda» vəziyyətdədir. Bunu dansaq da belədir, danmasaq da. Təbiət qarşısında gərək günahını yuyasan, etiraf  azdır.  Bu Qara  şəhər qonşuluğunda Ağ şəhər deyilən şəhəri  öz vəziyyətinə gətirdi.   Bakı buxtasını ölümcül hala  gətirməkdə «fəal»  iştirak elədi.  İndi də  bu vəzifəni  «şərəf»lə yerinə yetirməkdədirg
-  Bəs ümid yeri yoxmu?
- Var, əlbəttə, var. Olmasa da  dişimiz-dırnağımızla o ümid yerini tapmalıyıq.  Onu yaratmalı, ondan  yapışmalıyıq, bu ümidi reallaşdırmalıyıq.
Ürəkbulandırıcı faktlar  çoxdur, iradlar da elə o qədərdir. İmkanlarımız azdır, elə çoxaltmalıyıq ki, mübarizə imkanlarımız  böyük sənaye  müəssisələri ilə, böyük təsərrüfatlarla, bürokrat etajı və təcrübəsi olan idarə rəhbərləri ilə  üz-üzə gəlir. Bunların texniki təchizatı çox yaxşıdır. Nəqliyyat imkanları kifayət qədərdir. Sözün həqiqi mənasında bunlar atlıdır, biz piyada. İdarədə onlar «vacib müşavirələr» ilə məşğuldurlar. Təbiət qoynunda da «gözdən yayınmaq üçün» hər cür imkanları vardır.
Zənnimcə, təbiətə gedən yolda açıq göz, ayıq baş həmişə olub, indi də var.  Bu sahədə   böyük kütləni, ictimaiyyəti ayıq saxlamaqda ziyalı təbəqə ön cərgədə dayanmalıdır, çox məsələlərdə həlledici mövqe tutmalıdır.
Qara şəhərdə küləklər zənglər xoruna dönür. Bəlkə heç Qara şəhər deyilən konkret yer çoxdan boğulub: maddə çəkisinin itməməsi qanununu təbiət yaxşı bilir. İnsan nəfəsinə  qarışıb bu Qara şəhər havası; təhlükə belə özünü itirib. Harda təhlükədir, harda haray  yerini, ünvanını  qarışdırıb; çünki bu qara nəfəs  bütün  istiqamətlərdə çevikdir.  Zığ burnundan tutmuş Şıx çimərliyinə qədər, əks istiqamətdə isə  Mərdəkandan Buzovnaya qədər sahil boyunca  özünə rahat  yer tapıb.  Abşeron bağlarına da yön alıb.  Abşeron yarımadasında  «Qara şəhərlər»in sayını artırmağa  hazırlaşır.  Bu Qara şəhər təkcə  «bizim olsaydı» nə dərdimiz.  Yığılıb hisini-pasını yuyardıq. Ətrafa atılan tullantını tullayanların üstünə tullayardıq.  Qara şəhərlər  bütün dünyada çoxalıb, bütün ölkələrdə çoxalıb.  Məsələ ciddilikdə bunu necə, nə səviyyədə duymaq, görmək və onu tezliklə təhlükəsiz zonaya çevirməkdir.  Etiraf edək ki, hələlik bizim respublikada, bizim şəhərdə bu işə münasibət ciddi səviyyədə qəbul olunmur.  Hətta elə adamlar tapılır ki,  təbiətdən yazmağı, təbiəti mühafizəyə diqqət yönəltməyi bir növ köhnəlik sayır.
Belələri «daha vacib işlərimiz var» - deyə plandan, öhdəlikdən söz açır. Sosial məsələləri bu işə qarşı qoyur.  «Vaxtları qalsa» bu barədə danışıq aparacaqlarına  söz verirlər.  Başa düşmək olmur: ekoloji vəziyyət diqqətlər mərkəzində  birinci deyilsə daha hansı vəziyyətdən  söz açmalıyıq! Bütün bunlar ətrafa  nəzər salmağın yeni formasını tələb edir. Bəlkə bir sıra  təşkilatlararası  əlaqə şuraları yaradaq. Təbiəti Mühafizə Komitəsi bu məsələlərin həllində körpü rolunu oynasın.
Qara şəhərlər göz görə-görə çoxalır. Öz «məhsulunu» evlərə, məktəblərə paylayır, mətbəxlərdə çörəyimizə qatır. Biz də bu «neməti» şirin-şirin gəvələyirik, uduruq.
Bir ornotoloqdan soruşdum: Bakıda  sağsağan yaşayırmı? Alim tutuldu: «Çox qəribə sualdır, düzü, heç fikir verməmişəm».
Ona bəzi yerlərdə ala qarğa deyirlər. Xalq arasında bir inam var ki, sağsağan havası çirklənmiş yerlərdə  yuva qurmur. Bəlkə ala qanadlarının qaralmasından qorxur. Bəs bu yazıq sağsağanların  taleyi necə olacaq?  Bu sürətlə, bu gedişlə  qara şəhərlər mehriban küləklərlə öz  «xoş havasını» meşələrə, dağ ətəklərinə, dağlara da yetirəcək. Müsahibimə başqa bir sual verirəm:
- Qara şəhər sərçələri ilə Yasamal sərçələrinin fərqi varmı?
- Nə fərqi ola bilər, bilmirəm.
- Qara şəhər sərçələri qara, Yasamal sərçələri bozdur.
- Belə çıxır ki, Qara şəhər sərçələrini Yasamala  köçürmək lazımdırg Ya da duru su tapıb yazıqları yumalıyıq.
- Hələ insanşünaslar insanları xilas eləsin, sərçələrə sonra baxarıq.
- Yox, belə deyil, özüm-özümə cavab verirəm: Ekoloji tarazlıq bəzən elə vəziyyəti duymazlıqdan başlanır. Ekoloji tarazlığın tələblərindən biri budur ki, bütün canlılar biri-birinə, həm də insanlara qonşu şəraitində yaşasınlar. Təbiətdə hər qonşu bilməlidir. Bir ip qırıldı, sökülmə-dağılma başlayır.  Qara şəhərlər bu əlaqəni pozur. Bu əlaqə pozulanda  qara fikirlərlə qara əməllərin «toy-düyünü» başlanır.  Təbiət ona qarşı yönələn qüvvələri dəf etməkdə, hətta   dəfn etməkdə çox böyük gücə  malikdir.  Ancaq o, uludur, xeyirxahdır, o, yaşatmaqdan həzz alır; pak olmaq, təmiz olmaq istəyir, hər bir günahı özündə də, insanda da yumaqdan zövq almaq onun analıq vəzifəsidir. Əl uzatdın, əl tutacaq, əlindən tutacaq. Təbiət belədir. Xeyirxah işləri qara niyyətlərin ixtiyarına verməyin.

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws