XALQIN ÜRƏYİNDƏ GÜLLƏ SƏSLƏRİ
Əvvəlcə üzümü sizə tuturam, bu faciəli günlərdə əli qoynunda qalan analar, bir gündə qəddi əyilmiş atalar! Sizin böyük kədərinizə, təsəlli uyutmaz dərdinizə şərik oluram.
g Mən o ağır qırğın gecəsi güllə yağışına, tank uğultusuna yuxudan oyandım. Xeyli müddət elə bildim ki, yuxu görürəm. Bu dəhşətli mənzərəni bir-iki dəqiqə görmək bəs idi ki, adamların ürəyində əks-səda verən güllə səslərinin yuxulara sığmayan real həqiqət olduğuna inanasan, bütün varlığımla deyə bilərəm, bu «həqiqəti» indiyəcən ağır müharibə kinolarının heç birində görməmişəm. Adamlar dəstə ilə tankların qarşısına çıxmışdılar. Əvvəlcə yalvarış eşidildi: «Soldatı, ne ubivayte, nas». Soldatlar bir göz qırpımında tankları yola düzülmüş köhnə dəmir-dümürün, sınıq-salxaq maşınların üstünə sürdülər. Bizim «doğma» qonşular «çevik əməliyyat» nəticəsində canlı-cansız «maneələri» dəf elədilər. Əzilən əzildi, dağılan dağıldı. Sonra boğuq səslər eşidildi: «Ubiysı, karateli». Sonradan gördüklərimlə eşidib-öyrəndiklərimi müqayisə eləyəndə bu nəticə aydın oldu ki, K.Marks prospekti ilə Lenin prospektinin kəsişdiyi yerdən şəhərə girişdə heç bir ölüm hadisəsi olmayıb. Əsgərlər elədiklərinin son nəticəsini götür-qoy eləməyə vaxt tapmışdılar. Yazıq «müqavimət qüvvələri» isə başa düşmüşdülər ki, nizami ordunun qabağına çıxmaq, onları inandırmağa çalışmaq ən azı ağılsızlıqdır. Görün ha: gördüyüm bu mənzərə baş vermiş dəhşətlərin ən yüngülü imiş!
Bunu da deyək: üstlərinə gələn qəzəbli qüvvələrin qabağına sözlə, şüarla çıxan şəhidlər, onların sağ qalan tay-tuşları haqlı idilərmi? Onlar bilmirdilərmi «kommunizm işi uğrunda mübarizəyə hazır ol» şüarına indi məhəl qoyan yoxdur?!
Bir də pəncərə daşlamaqla iş aşmır. Xırda məsələlərlə baş qatıb adamları böyük problemlərdən yayındırmaq beş-on adamın işidir. Bunlar əslində heç bir tərəfin mənafeyini güdməyən başqatanlardır. Bizim hər birimizin dərdi-sərimiz, böyük qayğılarımız var. Mən bir dəfə bu barədə qəzetlərin birində yazmışdım. Hökumət xalqın mənafeyinə, dərd-sərinə öz doğma işi kimi baxmalı, xalq isə xalq cəbhəsi vasitəsi ilə hökumətin hər-hansı böhrandan çıxmasına kömək etməlidir. Bu əlaqə isə beş günlük, on günlük, yüz günlük deyil, əbədi olmalıdır. Burada hər iki tərəfdən «udanlar və uduzanlara» yer verilməlidir. AMANDI, QORUYUN BİRLİYİNİZİ!
Biz «çevik əməliyyat» qüvvələrinin qırımını nə yolla olur-olsun bilməli idik. Biz hələlikdə belə yollara çıxmalı deyilik. Qara selin qarşısına xəlbirlə çıxmaq yaramazdı. Daha gecdir, nə isə, belə olub. O günə qayıtmaq çətindir. Ancaq o günə təkrar-təkrar «səyahət» etməliyik. Mövqeyimiz aydın olmalıdır.
HAŞİYƏ. Bu yaxınlarda Cəlilabad hadisələri və buna bənzər hadisələr – «kiçik çevrilişlər» baş verdi. Belə vəziyyətimizdə böyük qayğıları unudub qüvvələrimizi parçalamağa dəyərmi? Yox, əzizlərim, yox! Hərəmiz bir tərəfə çəksək, onda heç bir tərəfə çəkə bilmərik, - baş verən hadisələrin mahiyyəti və nəticəsi məlum olduğundan daha məsələni çözələmək istəmirəm. Niyə hadisə belə başlamalı, niyə bu şəkildə qurtarmalı idi? Buna bənzər əhvalatlar Rusiya Federasiyasında – uzaq Maqadanda, Volqoqradda, Başqırdıstanda və digər yerlərdə də baş vermişdi. Bu çıxışlara qarşı silahlı qoşun yeridilmişdimi?.. Yox. Nə yaxşı ki! Bəlkə ona görə ki, rus olan əsgər öz xalqına qarşı odlu silah işlətməzdi? Burada məntiqin ətəyindən yapışmağım gəlir: Bakıdakı Yanvar hadisələrində o silah bizə yönəldilməməli idi. İçərisində bizə qarşı möhkəm təhrikə hazır olanlar – əvvəlcədən bilirdilər: harda, nə qədər insan gülləyə tutulmalıdır. Bu təlimatın yerinə yetirilməsi əmrini gözləyənlərin günahı vardımı? Əlbəttə, var idi. Bura yad bir ölkə deyildi. Dinc əhaliyə divan tutmağı heç nə ilə doğrultmaq olmazdı. Odur ki, suverenlik məsələsinə bir qədər obyektiv yanaşmalıyıq.
Cəlilabad hadisələrinə qayıdıram. Ona səs verən şəhərlər, rayonlar gərək ağlını başına yığıb öz işləri ilə məşğul olaydılar. Belə vəziyyətə xalq hərəkatı səviyyəsində baxanlar onda da, indi də haqlı deyillər. Bu, Azərbaycan Xalq Cəbhəsinin nəcib və müqəddəs bir amal yolunda apardığı mübarizəyə kənar qüvvələrin ləkə gətirməyindən başqa bir şey deyildir. Belə yaramaz, qardaşlar, belə getsə, oturduğumuz budağı kəsməklə məşğul olsaq, çox tez-tez işlətdiyimiz «birlik» sözünü «dirlik» sözünə heç vaxt qaynaq edə bilməyəcəyik. Gündəlik çevrilişlərə müəllif olanları öz yerində oturtmasaq, biz heç vaxt mənzil başına gəlib çıxmayacağıq. Biz xalqımızın ləyaqətini təmkinlə qorumasaq, yaxşı oğul və qızlarımızın müxtəlif səviyyələrdə xalq deputatı seçilmələrinə zəmanət verə bilmərik. Yel belə əssə, hər şeyimiz heç nəyimiz olacaq. Bir döyüşdə bir adam belə ölürsə, min təəssüf. Orduya vaxtilə mən də şer qoşmuşam. İndi o yazılardan imtina etməyə məcburam. Bu hadisələrin əsas mənbəyi haradan başlayıb? Yenə bu ahənglərlə hara gedir – hamıya məlumdur. İndi də əksər hadisələrin törənməsinə səbəbdir.
Bu yola çıxanları tapdalamağı isə insani hissi olan heç kəsə bağışlamaq olmaz. Bu üz-üzə gəlməyin nə nəticə verəcəyini heç şübhəsiz bilən, belə bir məqamda aradan çıxanlar hər cür cəzaya layiqdir. Hər halda belə olmalı deyildi. Əsrin belə çağında gözgörəti öz xalqına, öz övladına divan tutmaq aşkarlıqla bir yerə sığmır. Bunu az müddət bundan əvvəl Əfqanıstan hadisələri göstərir.
Bu necə vəziyyətdir? Biz hara gedirik? Hanı vaxtilə bütün hadisələrin önündə gedən təbliğat işimiz? Allahımız, vicdanımız, insafımız, inamımız, böyük-kiçik yerimiz, ağsaqqal sözümüz?
Təəssüf, min təəssüfg
Birdən deyə bilərlər: bu hadisələrin kənd təsərrüfatı ilə, əkin-biçinlə, torpaqla məşğul olan mətbuata dəxli varmı? Var, bəli, var. Birincisi onə görə ki, güllə insana tuşlanıb. İnsana tuşlanan güllə insandan ötəndə, şübhəsiz, torpağa dəyir, torpaq isə vətəndir. İnsan ekoloji tarazlığın çox vacib hissəsi, ağır hissəsidir. Ekoloji baxımdan torpaqla insan arasında əlaqə hər iki tərəfin yaşayıb-yaratmağını müəyyən edir. Burada bir-birini cəzb edən və itələyən müəyyən təkan mövcuddur. İkincisi, döyüşlər, vuruşlar, atəşlər hamısı torpaq üstündə cərəyan edir. Abşeronun müxtəlif yerlərindən Bakıya gələn yollara, bu yolların kənarına azacıq diqqət yetirsək, hər şey aydın olar: nə qədər yaşıllıqlar tapdandı, körpə ağaclar ayaq altında qaldı, yol qıraqlarında ağacların gövdəsi dəlik-deşik oldu. Budur, insana tuşlanan, insan ürəyinə sıxılan döyüş silahlarının demokratiyanı qoruma əməliyyatıg
Təəssüf, min təəssüfg
Küçədəki qiyamətin, dəhşətli hay-harayın səsinə balaca nəvəm Tuncay durub qaçdı yanıma, dizlərimi qucaqlayıb ağladı, - dədə, - dedi, müharibə başlayıb? Yox, - dedim, - bala, kino çəkirlər. Uşaq sual verdi: - Dədə bəs niyə gecə çəkirlər, hə?
Dedim: - gündüz çəkiblər, gecə göstərirlər, bala.
Doğrudan da bu kinonun ssenarisi çoxdan hazır idi. Bəyənilmişdi də, indi onu sadəcə praktikada yoxlamaq lazım idi. Dünən Bakı xəstəxanalarının birində həmin filmdə «epizodik» rolu olan bir neçə yaralı ilə görüşdüm. Onları elə vurublar ki, daha onları möcüzə xilas edə bilər. Möcüzə isə çox çətin olurg
Haqqa güllə tuşlayana, kim olur-olsun, lənət! Min lənət.
Dərs bir dəfə olur, əziz dostlar. Bilirəm ürəyinizə atılan güllələrin yarısı uzun müddət ağrıyacaq, sızlayacaq. Amma neyləmək olar. Taleyin hökmü də var. Amma taleyin hökmü ilə hər yerdə, hər zaman barışmaq da olmaz. Yurdumuz var, övladlarımızı, qəhrəman oğul və qızlarımızı sabaha hazırlamağı da unutmamalıyıq.
Ayıq olun, qardaşlar! Haqqın yolu qırğın yolu ilə yenə üzbəüz gələ bilər. Onda bu üz-üzə gələn faciə yolundan yan ötməyi bacarın. Lüzumsuz qırğına qarşı getmək bizim yolumuz deyil. Haqq yolu əvvəl-axır qalib gəlməlidir. Hələ çox məsələlər «lüt-üryan» olacaq. Çox həqiqətlər məzardan baş qaldıracaq. Ağzımıza vurulan çox qıfıllara açar düşəcək.
Bülbül öldü, gül soldu,
Kəsildi qovğa bağdang
Tez-tez melodiyasını dəyişən yanıqlı muğam insanın özünü-özündən ayırır, harasa aparır. Tar, kamança, saz, qaboy və digər musiqi alətləri yerini bir-birinə verir. Qəmdən uca durmağa aparır insanı, həm də qəm dəryasına atır. Muğam insanı qəmdən uca durmağa səsləyir. Muğam adamı kövrəldir. Muğam adamı gah nəsimiləşdirir, gah da füzuliləşdirir. Muğam bəzən kövrəklikdən çox, mübarizə ruhu aşılayır. Bizi Şəhidlər Xiyabanından muğamın sədaları altında keçirir. Kimdir o hıçqıran. Kimdir o sızlayan? Var-yox bir övladını Vətən torpağına tapşıran anamı? Yoxsa yeganə qardaşını itirən bacımı? Qoyun, onlar doyunca ağlasın. Təsəlli verməyin onlara. Bunların hamısını göz yaşlarını qurutmağa «səsləyin».
«Kürək söykəyənin ana torpağa, haqqı yox ayrı bir təltif istəsin!» Onlar ölümün gözünə dik baxdılar. Onlar əyilməzlik nümunəsi idilər. Namərdin birinci gülləsi məhz belələrinə yönəlməli idi. Yönəldi də. Xalqımızın ürəyində güllə səsləri hələ də eşidilməkdədir. İndi artıq vaxtı çatıb, əzizlərimizin qırxını qeyd eləməyin. Bundan sonra şəhidlərimizin, nakam övladlarımızın xatirəsinə ürəyimizi deşən qəlpələri çıxarmalıyıq. Bu qəlpələri qəzəbimizə qatıb, mübarizəmizə qatıb ağlımıza bu hadisələrlə bağlı ünvanlara, bu işin əsl törədicilərinə göndərməliyik. Günlərin birində o zamanın hökmü ilə tarixi əsl tarixçilərin xitabət kürsüsünə çıxarıb cavab istəyəcəyik. Tarix yalnız düz tarixi qəbul edəcək. Min cür bəhanə ilə özünü ittihamdan xilas eləməyə çalışan adamlar boğazını kəndirdən xilas edə bilməyəcək. Bu, dərsdirmi? Dərsdir. Ancaq bu faciə dərsi gərək olmayaydı. Açıq-aşkar gözümlə gördüklərimi ələyib ortalığa töksəm, deməliyəm ki; bu vəhşilik heç bir «qan yatırmaq» «qanunlarına» sığmır. Heç bir xilas məntiqinə sığmır. Heç bir bəraət, heç bir özünümüdafiə ifadəsinə əsas vermir. Arada ölüm var, qırğın var. İnsan ömrü çox qısadır. Üstəlik, qəfil ölümün də qurbanı var. Hərbi qanunla kimdir qorunan, müdafiə olunanmı?
Həm 19-20 yanvarda ondan bir neçə gün əvvəlki qantökəni də buraya qatıb bütün qan baislərinə nifrət edirəm. Yüz cür dava-dalaş, min cür münaqişə ola bilər. Bunların heç biri ölümün qarşısına atılan addım olmamalıdır.
Biz sabaha böyük inamla, şux getməliyik. Sabahın bütün yolları bu gündən keçir. Biz bu günə and içib bu günümüzü, sabaha and içib sabahımızı qorumalıyıqg Göyə and içib Göyümüzü, Yerə and içib Yerimizi qorumalıyıq. Biz özümüz-özümüzün keşiyində durmalıyıq.
fevral-mart, 1990