|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BAŞINIZI DİK  TUTUN!

Şəhidlər üstündən il adladı. İstəsək də belədir, istəməsək də. Zaman öz axarında, günün, ayın, ilin təkəri öz hərəkətindədir. Bu hərəkəti  bir anlığa da  dayandırmaq mümkün deyil.  Bu məqamlarda xalqımıza  deməliyik, səbrli olun! Ən çətin vəziyyətlərdə belə özünüzü  yazıq,  əzgin, üzgün göstərməyin. Bizim xalqımız kövrəkdir, ürəyiyumşaqdır, insaflıdır. Ancaq, heç olmasa, innən belə yağını sevindirməməliyik.
Şəhidlərin üstündən il adladı. Daha  dərdli-bayatı  çəkməyin, şəhid ataları! Daha ağı deməyin, şəhid  anaları!  Səsinizi içinizə çəkin, göz yaşınız görünməsin. Bu müraciət bütün xalqımızadır.  Bütün xalqımızdır şəhid ataları, şəhid anaları, şəhid  qardaşları, şəhid bacıları.
Bir ildən sonra əfsanələr əfsanəliyində qalır: fiziki mənada  heç bir şəhid  əbədi yuxusundan  ayılmayacaq, bunlar ilk baxışda belədir. Yerin, Göyün bizdən asılı  olmayan, bizə tabe  olmayan qanunları  belə deyir ki,  şəhidlər ölmür, şəhidlər ölməzliyə qovuşurlar! Həqiqət yolunda, xalq yolunda, əqidə, əməl, məslək yolunda  qurban gedənlər  nura-işığa, küləyə-fırtınaya, qara-yağışa dönür və başqa  şəkillərdə bizimlə  yaşayır, bizimlə birlikdə  mübarizəyə qovuşur.  Dili ölməz xalq ölməzdir.  Onlar ana dilimizi yaşatmaq uğrunda  şəhid oldular. Bütün türkdilli xalqların  ən ayıq şairi olan Ə.Nəvai, görün, bu dilin ölməzliyi yolunda ölümə necə meydan oxuyub:

Mən ölməm ki, ta türki  bünyadidir,
Bu dil birlə  ta nəzm  bidadidir.

Qüruru ölməz, qüruru əyilməzlər şəhiddirlər. Onlar əyilsəydilər sınardılar, şəhidlər sınmadılar.  İndən belə şəhid  qəbirləri yanından gözüyaşlı  keçməyin, qəhərinizi boğun, böyük ehtiramla onlara salam verin, az sonra  ürəyinizə  qulaq kəsilin.  Ürəyinizin döyüntüsündə  onların səsini  eşidəcəksiniz. Onları xalqın ürəyində güllələdilər. O güllə səslərini bir dəfə eşidənlər ömrü boyu eşidəcəklər.
Mən də o faciəli yanvar gecəsində Kirov qəsəbəsi tərəfdən şəhərin mərkəzinə  doğru gələn ölüm dalğasını gördüm, eşitdim, duydum. Gücüm çatmadı ki, balkondan aşağı  enəm, haray çəkəm, o ölüm dalğasına qarşı çıxıb o qeyzi-qəzəbi, düşmənin, o işğalçının  hirsini soyutmağa  çalışanlara qoşulum.  İndi, necə   deyərlər, soyuq başla  hadisələri bir-bir təhlil  edəndə də heç cür məntiqli nəticə  çıxara bilmirəm.  O nə hücum idi, o necə çevik əməliyyat idi? Bəlkə bizim planetdən deyildi o ölüm dalğası, bəlkə ünvanı səhv salmışdılar? Bizim planet üçün nəzərdə tutulmamışdı o hücum?
Yox,  ürəyim, bəsdir sadəlövh uşaq olduğun. O, bizim  planetdən idi, bizim ölkədən idi. O, Sovet Sosialist Respublikaları İttifaqından Azərbaycan Sovet Sosialist Respublikasına yönələn çox aydın, düşünülmüş, inamlı bir yürüş idi.
Bəlkə mənim də çox böyük faciəm idi ki, düşməni olmayan bir xalqa düşmənçilik hissi və hirsi ilə hücumu öz gözümlə gördüm.
Təkrar edirəm: gərək  bu qırğının qarşısını alaydıq. Bunu edə bilsəydik, çox güman ki, Şəhidlər Xiyabanına görə dünyada birinci yeri tutmazdıq.  Mən hələ  indi də  bu hadisəni əridə bilmirəm.
Yuxarıda dediklərimi bir də təkrar edirəm: Nə idi o gecə? Yerdən püskürən vulkan idimi? Göydən yağan ildırım idimi? Keçirdiyimiz bu iqtisadi böhran dövründə gücü, qüvvəti insana qarşı yönəldən başıhavalılar nəyi düşünürlər? Ümumiyyətlə,  heç düşünürlərmi?
Sağlam düşüncə üçün çox da uzağa getməyə ehtiyac yoxdur, sadəcə olaraq, bir addım irəli çıxıb sağa və sola qanrılıb baxmaq kifayətdir ki, insan zorunu anlayasan, insan zorunu  zorakılığa sərf eləmək ən azı ağılsızlıq, ən azı insani  hissi itirmək, ən azı mənsub olduğun xalqın və cəmiyyətin qanunlarını yerə sərib üstündən irticaya tərəf yol salmaqdırg
Cəmiyyət qəribə yoxuşa dirənib, vallah, insanı zarıncı salmaq üçün hər cür şərait yaranıb. İnsanı nəinki rahat yaşamağa, rahat ölməyə də qoymurlar.
Hər cür fəlsəfi qarışdırma, fəlsəfi mühakimə həqiqəti açmaqda aciz olub, heç nə ona yaxın düşə bilmir.
Şəhidlər üstündən il adladı. Şəhidlər Xiyabanına yaxınlaşanda min-min yaşı olan sükuta qulaq ver.  İnsan olan bəndə onun səsini dinləyibmi? Bunu insanın öz-özünə qarşı pəstahları yaxşı deyir:

Yolçu qardaş, ayaq  saxla,
Nakamlara baş əyib dur!
Nə qəhərlən, nə də ağla,
İndi onlar xalq oğludur.
Burda zaman nəfəs almır,
Burda əsrin səsi donur.
Əbədiyyət aram-aram
Şəhidlərə heykəl yonur.

Daha ağlamayın. İndi onlara  matəm səsi  çatmaz, onları daim oyaq saxlayan qeyrət səsi, cürət səsimiz olacaq. İndən belə faciədən dərs almalıyıq. Gərək tapaq, müəyyən eləyək ki, şəhidlərin ruhu qarşısında  çox borcumuz qalır. Bizə birinci növbədə Vətən birliyi, vətəndaş birliyi  lazımdır,  haydan-qışqırıqdan uzaq birlik.  Millət ayrılığına,  qeyrət ayrılığına son  qoyan şüarı  şərqiyə  çevirib ucadan  oxuyaq. Nəcib insan əməllərini yurdumuzun torpağına  dən kimi səpək.
Təkrar edirəm: pakdan-pak şəhid ruhuna ən böyük  ehtiramımız – onların hansı məslək, hansı əqidə yolunda qurban getdiklərini  əbədi səsə çevirmək, gələcək nəslin qulağında sırğa etməkdir. Onların bir vəsiyyəti: əyalətçilikdən, tayfabazlıqdan, təmənnalı «hörmətdən» uzaq  olmaqdır.  Bu, indiki və gələcək nəslə vəsiyyətdir.  Onların vəsiyyəti  əsl demokratiyaya aparan insanları qorumaqdır və onlara qoşulub ürəklərə, beyinlərə işıq yaymaqdır.
Şəhidlər  qismən qeybə çəkilməklə  əbədiyyət orbitinə çıxmışlar.  Onların ruhuna əbədi hörmət və ehtiram, rəhmət və ehtiram müqəddəs borcdur.  Onlar gözlərinin işığını Yerə-Göyə verib, Günəşə tapşırıblar, səslərini tufanlara, qasırğalara tapşırıblar. Bir də heç bir təsəllinin ovuda bilmədiyi ana sızıltısınag Bir də dünyanın ən böyük, ən qarşısıalınmaz qüvvəsi olan uşaq səslərinə.

1991


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws