GETDİM, GÖRDÜM TÜRKİYƏNİ
Türkiyəni görmək arzusu xeyli vaxt idi ki, ürəyimdə yalnız özüm eşitdiyim bir haray, bir çağırış olaraq qalırdı. Bu səs mənə əvvəlcədən deyirdi ki, bu arzu səni möcüzə ilə qarşılaşdıracaq. Sən qədəm qoyduğun bir ölkə sənin dilində danışır və ya sən onun dilində danışırsan. Hər tərəfdən doğma səslər eşidilir: «Əfəndi, yardım gərəkmi?», «Əfəndi, buyur taksiyə».
Deyən tapılar, burada təəccüblü nə var ki? Xalq öz dilində danışır. Görünür, indən belə biz də hər yerdə öz dilimizdə danışmağın ləzzətini duyacağıq. Xoşbəxtdir öz milli dövləti olan, öz milli mədəniyyətini çiçəkləndirmək yolunda bağbanlıq eləyən xalq. Bütün türkdilli xalqların böyük şairi Əlişir Nəvainin bu kəlamını təkrar-təkrar səsləndirmək istəyirəm:
Mən ölməm ki, ta türki bünyadidir,
Bu dil birlə ta nəzm bidadidir.
Fələk görmədi mən kimi nadirə,
Nizami kimi nəzm ara qadirə.
Ancaq müstəqil dövləti «halva-halva» deməklə idarə etmək olmur. Mən ictimai yerlərdə, görüşlərdə, ziyafətlərdə, çıxışlarda, müsahibələrdəki müşahidələrimə əsaslanıb deyə bilərəm ki, lazım gələndə bütün türk xalqı bir türk nəfəri olmağa qadirdir: bax, bu sifətlər öyrənilməyə, götürülməyə qadirdir. Böyük Atatürk millətin bu əzminə, bu əqidəsinə, bu qüdrətinə arxalanıb taleyi bir tükdən asılı olan türk xalqını ayağa qaldırdı və qələbə çaldı, özü də mərd-mərdanə, əsl kişi kimi, düşmənlə üz-üzə qalib gəldi.
Ziya Göyalpın dediyi, böyük Atatürkün xoşuna gələn bir kəlamını xatırlayıram:
Türk millətindənəm,
İslam hümmətindənəm,
Qərb mədəniyyətindənəm.
Küçədə-bazarda, ictimai yerlərdə, nəqliyyatda və güman gedən çoxluq harada olursa-olsun, bərkdən danışanı, ucadan hırıldayanı görməzsən. Belə məqamlarda hamı yüksək Avropa sivilizasiyasını keçmiş qərblidir. Z.Göyalpın dediyi bu söz çox yerinə düşür: Qərb mədəniyyətindənəm.
Redaksiyalarda hər kəs otağında başını aşağı salıb öz işi ilə məşğuldur. Adamların hamısında yüksək vətəndaş məsuliyyəti, ciddi dövlət intizamı, müqabil tərəfin vaxtına hörmət Avropa qaydasında «dünya standartı»na uyğundur. Hər bir mədəni türk həm də bunu anlayır ki, amerikalıların dediyi kimi, vaxt puldur.
Bu milli təəssübkeşlik heç də yüksək mədəniyyətə xas olan fikir ayrılığı ilə müxalifətdə olmağa maneçilik eləmir. Ayrılıqda birliyi saxlamaq mümkün olduğu kimi, birlikdə ayrılıq da var: bunlar bir-birini zəiflətmir, əksinə, bir-birinin yaşamasına zəmin yaradır, sanki xalqın ayrı-ayrı təbəqələri arasında ayrı-seçkilik (əgər varsa) meyllərini yonub rəndələyir, cilalayıb ağardır. Xalq özünə hörmət eləməyi bacarır, özünə hörmət və başqasına hörmətlə müşayiət olunur. Bunsuz isə böyük dünya mədəniyyətinə qovuşmaq, onun bir hissəsinə dönmək mümkün deyil.
Dünyanı özünün dünyası bilmək, özünü də dünyanın övladı sanmağın həm ləzzətini, həm də məsuliyyətini duymağı hər insan, hər xalq, hər ölkə bacara bilirsə, deməli, onlar böyüklük astanasındadır, ya da o insan, o xalq, o ölkə çoxdan böyükdür. Millətin böyüklüyü məlumdur ki, sayla ölçülmür.
Ankaraya getdiyimiz üçüncü gün idi. Şəhəri gəzib mehmanxanaya qayıtdıq. Növbətçidən nömrəmizin açarını almaq istərkən bizdən öndə 18-20 yaşlarında, bir-birinə oxşayan iki qız bizə tərəf dönüb mehribanlıqla özlərini təqdim etdilər:
- Biz Konyadan gəlmişik. Mən Nemət, bacım Hikmət. Siz hardan gəlmisiniz?
- Bakıdan, Azərbaycandan.
- Siz Türkeşi tanıyırsızmı?
Mən yoldaşımı və qızımı onlara təqdim edib soruşdum:
Türkeşin mənası nədir?
- Məramı Türksevərlik, Vətənsevərlik.
- Belədirsə, onda, əlbəttə, tanıyırıq.
Söhbət eləyə-eləyə 4-cü mərtəbəyə qalxırıq.
«Bax, bu bizim odamız», - deyə nömrənin qapısını açıb qızları içəri dəvət edirəm. Qızlar bir-birinə baxıb nəsə pıçıldaşırlar. «Bağışlayın, - daha dilavər olan Nemət deyir, - 15 dəqiqədən sonra gələcəyik». 15-20 dəqiqədən sonra qayıdırlar. Əlidolu gəlirlər. Çantadan bükülü nəsə çıxarıb mizin üstünə yığırlar. Elə təlaşla bizi yedirmək istəyirlər kig Guya biz acıq, «axı sizdə böhrandır. Axı qıtlıq olanda birinci ət yoxa çıxır. Elə deyilmi?»
Biz bir-birimizə baxıb gülüşürük. Yoldaşım deyir: «Hələlik biz və bizim kimilər qıtlıq nə olduğunu bilmir. Təsəlli, əldən yapışmaq, kömək qıtlığına da öyrəşmişik».
Dilavər qız deyir: «Qara yanvar hadisələri zamanı (elə sonralar da) qəlbən sizinlə idik. Türkiyənin bütün şəhər və köyləri coşub-daşırdı. Mitinqlər, nümayişlərg Cavanlar hökumətdən tələb edirdilər ki, yol verin, biz qardaşlarımıza yardıma getmək istəyirik. Qəzetlərdə yazılanları, televiziya xəbərlərini su kimi içirdik. Sizə əlimiz yetmirdi. İnanın ki, hamımız qəzəbdən sızlayırdıqg Burada sözün əsl mənasında, bozqurd olmaq, bütün sərhədləri, sədləri yıxmaq, əldən tutmaq; dost-qardaş üçün bir yarağa dönmək dilərdik. Bu baxımdan da biz boş vaxtımızdan istifadə edib Türkeş partiyasına səs verənlərin sayını çoxaltmağa can atırıq».
Bu əkiz qızların səmimiyyəti, diribaşlığı və ötkəmliyi ömür boyu mənim yadımda qalacaq. Ünvan verdik, ünvan aldıq – onlar bizi Konyaya dəvət etdilər, biz onları Bakıya. Allah qismət eləsin.
Məndən Türkiyədə tanış olduğum adamların əksəriyyəti soruşurdu: «Bu sizin Türkiyəyə neçənci gəlişinizdir?» Hamısına da bu və buna bənzər cavab verirdim:
- Xəyalən Türkiyəyə bəlkə yüz dəfə gəlmişik. Ancaq həqiqi gəlişim birincidir.
Belə sual verən də oldu:
- Xəyalında quraşdırdığın Türkiyə ilə əsl Türkiyə arasında elə bir əsaslı fərq gördünmü?
- Gördüyüm Türkiyə ilə fikrimdə quraşdırdığım Türkiyənin paralel meridianları təxminən düz gəlir. Ancaq Ankaranı düzənlik yerdə salınmış şəhər hesab edirdim. Gəlib gördüm: Ankara əsasən yal-yamac yerdə tikilib.
Dekabrın 30-da – biz İstanbuldan Ankaraya getdiyimiz gün Türkiyənin dağlıq hissələrinə, o cümlədən Ankaraya güclü qar yağmışdıg
Yanvar ayının 4-də M.Ə.Rəsulzadənin məzarını ziyarət eləmək istədiyimi bildirdim. Yarım saatdan sonra minik hazır idi. Təxminən 15 dəqiqədən sonra M.Ə.Rəsulzadənin uyuduğu hasarlı qəbiristanlıqda idik. Girəcəkdəki balaca daxmada soyuqdan daldalanan keşikçi qarşıya çıxıb kimin qəbrini ziyarət edəcəyimizi biləndən sonra işarə etdi ki, «araba qəbrin yanına qədər gedə bilər», içəri keçing» Ustadın hamımıza tanış kəlamı baş daşından aydın oxunur:
«Bir kərə yüksələn bayraq bir daha enməz».
Şükrü Qaraca fatihə verdi, rəhmət oxuduq. Sonra isə Qaraca işarə elədi ki, «bu qəbirləri də ziyarət eləyək». Məmməd Əmin Rəsulzadənin qəbrindən sağda – ondan 15-20 metr aralı, son illər alçaq terrorçular (erməni terrorçuları) tərəfindən qətlə yetirilən türk diplomatlarının qəbir abidələrini də ziyarət elədik və onlara rəhmət oxuduq. Bizimlə gedən fotoqraf M.Ə.Rəsulzadənin məzarı yanında şəklimizi çəkdig
Türkiyəyə məni «Dəyanət Vəqfi» deyilən dini şirkət dəvət etmişdi. Bu çox böyük, həm də girli təşkilatdır. Onun fəaliyyətində dini-xeyriyyə işləri əsas yer tutur.
Keçən ilin yayında şirkət «Kutlu doğum həftəsi» adı ilə Məhəmməd peyğəmbərin anadan olduğu günü bayram eləmək üçün minacat yarışı təşkil etmişdi. Bunun üçün müsabiqə elan olunmuşdu. Bu təntənəli bayrama Yaxın və Orta Şərq ölkələrindən və bütün Türkiyədən üç minə yaxın adam dəvət olunmuşdu. Səhv etmirəmsə, 8 nəfər Azərbaycan şairi bu yarışda iştirak edib mükafata layiq görülmüşdü. Mən də «Ya Rəbbim, bu dünya sən quran deyil» - adlı şerimi müsabiqəyə göndərib mükafata layiq görülmüşdüm.
«Kutlu doğum həftəsi» 1991-ci il sentyabrın 19-dan 27-nə qədər çox böyük təntənə ilə qeyd olunmuşdu. Mən həmin günlərdə iştirak edə bilməyəcəyim barədə onlara məlumat verib üzr istəmişdim. Mənə istədiyim vaxt gələ biləcəyim barədə gəlişimdən on gün əvvəl xəbər verməyi xahiş etmişdilərg
Türkiyə «Dəyanət Vəqfi» mütəvəlli heyət başqanı Rza Səlimbaşoğlu özlərinin «Dəyanət Vəqfi» jurnalında Azərbaycan şairlərinin şerləri barədə belə yazır: «Minacat yarışlarında iştirak edən azəri şairlərinin bu şerləri xüsusi təhlilə layiqdir. Fərəhlidir ki, türk xalqları içərisində Azərbaycan türkləri ən çox şer yazandır. Bayram təntənəsinə çox böyük bir dəstə gəlmişdi. Bu bizi çox məmnun elədig»
Məncə, türk cəmiyyəti, türk bütövlüyü, türk düzlüyü türk xarakterinə uyğun köklənib. Onlar siyasətdə də, diplomatiyada da manevr xoşlamazlar. Bütün sahələrdə qeyri-müəyyənliyə qol qoymazlar. Bəlkə bu onların ata-baba təbiətindən gəlir, bir vərəsə kimi nəsildən-nəslə onların qanlarına keçib. Türk üçün sözdən düz vuran güllə yoxdur. Türk söz deyəndə sanki qəlbindən gələn səslə «məsləhətləşir». Əks halda sözü havaya sovurmuş olar. Türkün sözü türkün işidir. Türk sənin ona tərəf bir addım atdığını görürsə, - deməli, o, böyük səxavətlə, necə deyərlər, daxili təkanla sənə qarşı üç addım atacaq. Türk əyrilik bilməz, doğruçuluq bilər. Sözündən qaçanlarla sevda yapmaz. Tərəddüd türk xarakteri ilə tərs mütənasibdir. Mənim türklüyü ideallaşdırmaq məqsədim yoxdur. Heç buna türkün də ehtiyacı yoxdur. Təbiidir ki, hər bir xalqın cığalı da var, yolçusu da, oğrusu da var, tərsi də. Sadəcə olaraq, gözəyarı ölçü mövcuddur.
«Dəyanət Vəqfi»nin bizdə deyildiyi kimi, texniki işçiləri – qonaq qarşılayanlar, bilet alan, yola salan, görməli yerlərə bələdçilik eləyən işçiləri çox çevik və dəqiqdirlər. Ancaq ifrat qonaqpərvərlik edib hər vaxt yanını kəsdirməzlər. Ankaraya gələn günün səhəri Dəyanətin bütün rəhbər işçiləri və vəzifə daşıyanların iştirakı ilə məni təbrik elədilər. «Ya Rəbbim, bu dünya sən quran deyil» şerimlə minacat yarışında mükafat almağım şərəfinə ziyafət verdilər. Yanvarın 4-də yolasalma mərasimi düzəltdilər. Dəyanətin başçısı Rza bəy Səlimbaşoğlu mənim haqqımda söz söylədi, bioqrafik məlumat verdi, mükafata layiq görülmüş şerimin oxunmasını təklif etdi. Şükrü Qaraca həmin şeri oxudu, mənə bir daha uğurlar dilədilər.
Qeyd edim ki, Ankarada olduğum günlərdə görkəmli həkimlərlə görüşməyimə çalışırdılar. Yanvarın 4-də yığıncaq gedə-gedə Rza bəy telefon dəstəyini götürüb mənim barəmdə kiminləsə danışdı. Bir-iki dəfə «Məmməd Araz» sözünü qulağım çaldı. Məlum oldu ki, mənim barəmdə danışdığı adam keçmiş mədəniyyət naziri, indi mədəniyyət işləri üzrə dövlət müşaviri Namiq Kamal bəydir. Rza bəy Səlimbaşoğlu vəzifə etikasına görə məlumat verdi. O da sabah saat 1-də məni görüşə dəvət elədi.
Dövlət müşaviri süni dəbdəbədən uzaq, səmimi və təbii süfrə açdırıb, diplomatik dildə desək, nahar verdi, məclisdə sənət adamları və sənətlə bağlı ziyalılar iştirak edirdi. Mən Namiq Kamal bəyin mədəniyyət naziri olduğu vaxt nazirliyin çap elədiyi kitabımı ona təqdim elədim. O, kitabı vərəqləyib bir neçə yeri oxudu, özü də çox gözəl oxudu. Mən təəccübləndim və dedim: Namiq Kamal bəy, mənim yazılarımı çox yaxşı, demək olar ki, bizim Mikayıl Mirzənin səviyyəsində oxudunuz. O cavab verdi ki, bu şerlərin çoxunu azəricə oxumuşam. Özü də bir neçə dəfə. Əlbəttə, bu mənim üçün xoş idi. Oxucular bunu qeyri-təvazökarlıq hesab eləməsinlər. Dövlət müşaviri sonrakı planlarımla maraqlandı. İbn Sina adına xəstəxanada iki görkəmli həkimlə görüşəcəyimiz barədə ona məlumat verdikg «Daha sonra məsləhət olsa, orada yatıb müayinə və müalicə olunma məsələsig»
- Əvvələn, - dedi, - sizə para gərək olacaq.
Namiq Kamal şeri, sənəti gözəl anlayan, xüsusilə Azərbaycan ədəbiyyatı və mədəniyyətini yaxşı bilən, ağıllı, yetkin əhatəli bir ziyalıdır, türk oğludur.
g İbn Sina adına xəstəxana Ankarada son zamanlar tikilmiş çoxmərtəbəli, nəhəng bir müalicə ocağıdır. Elə təmiz və səliqəlidir ki, yerə tük düşsə görərlər yəqing
Şükrü Qaraca qapıçıya nəsə pıçıldadı, o da bu pıçıltının cavabını böyütdü və bərkdən dedi: «Buyursun, Azəri qardaşımız!» İşin çox gərgin saatında məşhur cərrahlardan biri, nevropotoloq və rentgenoloq məni qəbul elədilər. Yoxlama uzun çəkdi. 15 dəqiqəlik müşavirədən sonra qərarlarını bizə bildirdilər, xəstəxanada yatmaq və müayinə olunmaq gərəkdir. Təxminən iki saatdan sonra Namiq Kamal məsələni hökumət səviyyəsində həll edib nəticəsini bildirdi: «Məmməd Arazın bütün müalicə xərclərini Türkiyə hökuməti öz üzərinə götürür. O, istədiyi xəstəxananı seçə bilər. Eyni münasibət onunla yanaşı, xanımına da aiddir». Mənə qərara gəlməyi təklif etdilər. Belə bir təklif üçün təşəkkür çox azdır. Fikirləşmə üçün sabaha qədər məsləhət istədim. Ertəsi gün qərarımı bildirdim ki, Bakıda işlərimi alt-üst qoyub gəlmişəm, həm də havalar soyuqdur. Yaz aylarında gələrəm.
Dostlar, tanışlar və oxucular Türkiyə həkimlərinə müraciətimlə maraqlandıqlarına görə bu məlumatı verməyi özümə borc bildim. Gələndən sonra gördüm ki, Göy öz yerində, Yer öz yerində, adamlar işə gedir, işdən qayıdırlarg Düşündüm ki, gərək qalaydım. «Mənsiz də onların işi keçərmişg»
Uzun illər boyu, az qala bir əsrə qədər bizim qətiyyət vərdişimiz yuxarıların rəyi, qərarı və ya sərəncamı əsasında formalaşıb. Axşamkı qərarımızın təsdiqini sabaha saxlamışıq, demişik: «Gecənin xeyirindən sabahın şərig» Çox zaman ayılıb görmüşük ki, qar bütün aləmi tutub, yollar bağlanıb, bütün rabitə vasitələrinin ağzına «qıfıl vurulub». Axşamı da uduzmuşuq, səhəri də. Belə məqamlarda qətiyyətdə qələbə, tərəddüddə məğlubiyyət olacağını yaddan çıxarmışıq: elə yenə də o cürg
- Sizdə Nazimə münasibət necədir? – Azərbaycandan Türkiyəyə gedən, həmçinin, Türkiyədən Azərbaycana gələn ziyalılara verilən ənənəvi suallardan biri əksər hallarda belə olurg
Mən burada istər-istəməz Türkiyə dövlət müşaviri Namiq Kamalla görüşümüzə qayıdıram. Söhbətimizin ən şirin məqamında kimsə Namiq Kamala telefon çaldı. Təxminən bir dəqiqəyə yaxın «əvət» deyə-deyə, həm də bizə baxa-baxa qətiyyətlə dedi:
- Əfəndim, Nazimi çap eləmək də, eləməmək də öz işinizdir. Nazimin üzərindən qadağanı çoxdan götürmüşük. İndi Nazimi öyənlər də, Nazimi söyənlər də azaddırlar.
Uzun müddət Nazim Hikmətin təbliğatçısı olmuş, onun haqqında «Bu dünyadan Nazim keçdi», «Mavi gözlü div» adlı kitabların müəllifi Zəkəriyyə Sertellə 1970-ci ildə Parisdə görüşümüzü xatırlayıram.
O, demək olar, sözün həqiqi mənasında, qürbət həyatdan bezmişdi. Türkiyəyə qayıtmaq istəyirdi: həm də Türkiyədə Nazimə bəraət almaq fikrində idi. Özünün dediyinə görə, bir dəfə Türkiyəyə getmiş və onu heç təyyarədən düşməyə qoymamışdılar, ayağı Türkiyə torpağına dəymədən geriyə qaytarmışdılar. Onun öz dilində eşitdiyim sözləri indiyəcən qulaqlarımdadır: «Mənim davam əvvəlki hökumətlə idi. İndi o devrilib (deyəsən, Menderes hökumətini deyirdi). İndi qayıdıb Vətənimdə ölməyə haqqım var». Yadımda deyil, o qayıdıb Türkiyədə ölə bildimi?! Görün, kommunist olmaq insanın taleyində necə faciə törədə bilirmiş!
Türkiyədə tanış olduğum ziyalıların əksəriyyəti bu fikirdədir ki, Nazim Hikmət «qırmızı kommunistlər»ə satıldı. İndi daha onlara gərək deyil. Qəbri də, sənəti də get-gedə xatirələrdən silinib gedəcək. Vətəni satan şairə heç bir güzəşt ola bilməz. Xalqı varsa, yadda qalacaq, çap olunacaq, təkrar oxunacaq.
Bir neçə məclisdə söhbət etdiyim, mübahisəyə qoşulduğum adamların çoxu bir-birindən xəbəri olmadan Nazim Hikmətə eyni nöqtədən baxır, eyni münasibətdən çıxış edirdilər. Ən ürəyiyumşaqları deyirdilər ki, Nazimi Türkiyə ələyindən bir neçə dəfə keçirdikdən sonra ona diqqət yönəltmək olar. Onların əksəriyyəti bu nəticəni əsas tutur ki, şair-sənətkar səhv eləməməlidir. «Hər şeydə səhv mümkündür. Vətənə münasibətdə səhv eləyən bağışlanmır». Açığını deyim ki, nə qədər ortaq-barışıq mövqeyi tutsam da Nazimi bu münasibətdən «xilas edə» bilmədim. Ən mütərəqqi şəkildə onu zamanın öhdəsinə buraxdıq. Əsərlərinə Türkiyədə çap olunmaq hüququ verilibsə, bu, ona çox güzəştli münasibətin yaranışıdır. Sonrasını türk oxucusu həll edəcək. «Bu dünyadan Nazim keçdi» yazırlar. Ancaq onun yolu Türkiyədən necə keçir, necə keçəcək, yuxarıda dediyim kimi, zamanın obyektiv münasibətlərindən asılı olacaq. Zaman da yalnız özünə tabedirg Öz hökmündə, öz qərarında zaman çox sirləri açacaq və bunda, şübhəsiz, məlum olacaq ki, Nazimin günahlarında onun o zamankı tay-tuşlarının – «ədəbiyyat partiyalıdır» şüarını şərbət kimi içən Sovet Azərbaycanı şairlərinin də iştirakı var.
Getdim, gördüm Türkiyəni: özünə dönən xalqıma demək üçün nümunə götürdüm. Gələcək fəaliyyətim üçün ibrət dərsi aldım. Kimi tanımaq, kimdən aldığım sovqatın sədəqə olduğunu vaxtında anlamaq və ümumiyyətlə, sədəqənin loğma-boğma olduğunu və bunun nə vaxtsa ayağımıza çidar vurub-vurmayacağını başa düşmək, türk xalqının zəhmətkeşliyindən, əzmkarlığından, bütövlüyündən, qətiyyətindən, düzlüyündən, işgüzarlığından öyrənmək; əvvəl özünü öyrənmək, özünü öyrənməyi bacarmırsansa, onda ölməyi öyrənmək! Böyük türk xalqı özünü öyrənə-öyrənə, özündən qabaqdakılardın öyrənə-öyrənə, özündən arxadakıları öyrədə-öyrədə bu günə qədər gəlib çıxıb.
Bu sətirləri yazdığım vaxt Türkiyədə qar uçqunları və bu yaxınlarda Ərzincanda baş verən zəlzələ zamanı çoxlu insan tələfatı olduğunu eşitdim. Həlak olanların ailələrinə və bütün türk xalqına başsağlığı verirəm.
Getdim, gördüm Türkiyəni, dönüb gəldim Türkiyədən gözü dolu, könlü dolug
Türkiyə-Bakı,
fevral-mart, 1997