QILINC QAP, VƏTƏN OĞLU!
28 May Azərbaycan xalqının ən işıqlı, tarixin yaddaşında daşlaşıb yaşayan ən müqəddəs günüdür.
İstiqlal günü! Bu günün təməl daşını qoyanlar bu dünyanın ən xoşbəxt adamlarıdır. Doğrudur, o günün «müəllifləri»nin çoxu bu əməlin zavalına gəldilər, onun bəhrəsini heç görmədilər də. Amma onların nəvə-nəticələri də o günə, o günün işığına sahib durdular. Onlara da babaların heykəlini qoymaq nəsib oldu.
Tarixin belə yerdəyişmələri çox olub. «Biri bizə yağıdır, biri cənnət bağıdır, biri yığıb gətirir, biri vurub dağıdır». Bu baxımdan nəsillər də fəsillərə bənzəyir. İndiki nəsillərin tozunu silib üzə çıxartdığı bu ağ günə yarandığı məqamlarda daş atan «bizimkilər» az olmayıb. «Bu qızıl bayraqlı inqilabçıların köməyə çağırdıqları qırmızıların qabağına düşüb azmı işıqlı adamlarımızı güdaza verdilər?! Bu mahir fəhlə və kəndli hökumətin «tərəfdarları» demokratik hökumətin tərəfdarlarını bacardıqca doğrayıb tökdü, çoxunu da didərgin saldı, çoxunu da 37-də ilim-ilim itirdi.
Bu ilin yanvar ayında Türkiyədə olarkən M.Ə.Rəsulzadənin qəbrini ziyarət etdim. Həmin anda bu fikir ürəyimdən keçdi. Mənə elə gəldi ki, böyük ustad fikrimi təsdiq elədi. Neyləmək olar, hər bir xalqın satqını dahisindən çox olur. Bu hallar, bu əməllər, seçilmələr indi də davam edir. Özü də açıq-aşkar.
28 May! Milli İstiqlal günü! Baharın oğlan çağı. Bu günün təməl daşı qoyularkən yəqin ki, təbiətimiz daha zəngin, təbii mühitimiz daha sağlam idi. O vaxt da indiki kimi yurdumuzda dava gedirdi, onda da yurdumuzun yaşayıb-yaşamaması sual altında idi. Yəqin ki, o vaxt da belə idi – lovğalanırdıq, arxı hoppanmamış öyünürdük, kürsülərdə, efirdə asıb-kəsirdik. Onda da siyasətimiz uşaqların futbol topu kimi göz qabağında idi. O zaman da geriyə doğru irəli komandası verirdik. O zamandamı yalan ayaq tutub yeriyirdi?! Hər hansı bir quruluşu düşməndən əvvəl yalan yıxır. Yalan üzərində qurulan cəmiyyətə zəlzələ lazım deyil. Zəlzələ onun öz içindədir. Lazım gələn kimi o, öz fəaliyyətinə başlayacaq. Bunu ona görə deyirəm ki, keçmiş cəmiyyətdən bir çox çevik və «sağlam» yalan ənənə bizə miras qalıb. Yalanı sovurub-öyüdən təkcə kommunistlər deyildi, əhalinin çox hissəsi bu yalançıları çox gözəl alqışlayır, bu təbəqələrin hamısı yalan istehsalında çox gözəl iştirak edir, bu sahədə «plan və öhdəliklər» vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilirdig
Bayram günü içilən and da, edilən tövbə də çox gözəl göyərir. Bu istiqlal günümüzdə yalanı heçə endirməyi bacarsaq, xeyirxah bir iş görmüş olarıq.
Bu son 4-5 il ərzində respublikamızın daxilində və onun hüdudlarından kənardakı vəziyyətlə əlaqədar olaraq xalqdan çox həqiqət gizlədildi, vədlər verildi, üzdə bir, arxada bir mövqe tutuldu, yurdumuzun xeyli hissəsini öz əlimizlə «xonçaya qoyub» düşmənə hədiyyə verdik, çoxumuz yalan danışdıq, çoxumuz maymaqlıq elədik. Nəhayət, xalq ayağa qalxıb yumruğunu tərəziyə qoydu: «Bu, belə olmalıdır». Mən 2 may 1992-ci ildə yazdığım bir şerimdə deyirdim:
Hardasa Tanrıya ağ olduq yəqin,
Hardasa şeytanı başa çıxartdıq.
Hardasa yükünə yük olduq qəmin,
Hardasa düz yolu daşa çıxartdıq.
Biz niyə bu günə düşdük, ay dədə?!
Sən çoxdan demişdin: güc sayda deyil.
Yığma düz tərəfə düz olmayanı,
Bu indi çoxillik döyüşdü, deyim:
Seçək biz olandan biz olmayanı,
Biz niyə bu günə düşdük, ay dədə?!
70 ildən artıq bir müddətdə qapısı bağlı qalmış istiqlalımızın qətiyyətli addımlarımız nəticəsində yenidən öz yoluna çıxması təbiidir və bu, yeni dövrün, yeni zamanın yeni inqilabıdır.
Ulularımız, müdriklərimiz deyiblər ki, işığı görüb ona doğru getmək asan işdir. Əsl hünər isə onu sönməyə qoymamaqdır.
Ulular, müdriklər yenə deyiblər: tufanlar, gürşadlar, qasırğalar bizsiz baş verir, qapı-bacanın yolunu-bərəsini vaxtında bağla, bərk bağla, qardaş! Bir də həmişə sərvaxtlığa çağırıblar, deyiblər ki, qurdla yoldaş ol, çomağını yerə qoyma. Vəhşi vəhşiliyində qalır. Yenə ağıllılar deyib: dalaşanda barışmağa üz saxla, bunu elə özümüz üçün, yanaşı oturan və müxtəlif mövqeli iki yoldaş üçün, bəlkə də hakimiyyətlə müxalifət qüvvələrinə tətbiq etmək üçün deyiblər. Bir də axı, bizim o qədər dərd-sərimiz, o qədər qayğımız var ki, vallah, indikindən on dəfə artıq qüvvəmiz olsa, bəlkə də azlıq edər.
İstiqlal yolumuzun başlanğıcından, sonrasından göründüyü kimi bundan beləsi hələ xeyli vaxt çətin olacaq. Qoy olsun, aydınlığa, azadlıq və müstəqilliyə doğru açdığımız yoldur. Nəyiksə özümüzük, özümüzündür, övladlarımıza qalacaq azad quruluşdur.
Düşmən hələ də düşmənliyində qalır, çox güman ki, sonrakı vəziyyətlərə uyğun da taktika aparacaq. Ondan insaf gözləmək, humanistlik gözləmək ən azı uşaqlıq olardı. Düşmən düşməndir, ona qarşı nifrət hissini, görünür, onun özündən də öyrənmək lazımdır.
Biz bütün mübarizəmizi əldə etdiyimiz və edəcəyimiz çoxpartiyalı demokratik quruluşumuzun qanunları əsasında qurmalıyıq. Dəfələrlə dediyim kimi, bir daha təkrar eləmək istəyirəm; mən siyasət adamı deyiləm. Ancaq harada ki insan hüququ, insan haqqı tapdalanır, dönüb oluram ən qatı siyasət adamı. Təkcə bu vəziyyətdə ayrı adam olmaq daha mümkün deyil.
Xalqdır toxum səpən, polad əridən,
Sevən bizləri də özündən artıq,
Biz isə badələr dalında bəzən,
Onun taleyini imzalayırıq.
Xalqdır həmişə istiqlal bayrağını qaldıran və onu qələbədən-qələbəyə aparan. Bu yenilməz və əyilməz qüvvə azadlıq eşqidir, sabaha çağırışdır, istiqlal marşlarıdır. Xalqı ayıq-sayıq saxlayan ən böyük qüvvə.
İndi bizim ölümlə
Çarpışan çağımızdır.
Ölümün boğazından,
Yapışan çağımızdır.
Ölümlə tərcümansız
Danışan çağımızdır.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır.
Gücünə qəzəbini,
Zəhmini də qata bil.
Düşmənin marığında
Pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır.
Yalan dəyirmanı yüz səmtə, min səmtə işləyir, bir əsrin içərisində nələr gördük, nələr gəldi başımıza. Çoxu da ürəyi yumşaqlığımızdan, humanistliyimizdən neçə yol haqqımız tapdalandı, öz halal çörəyimiz əlimizdən qapıldı, doğma torpaqlarımız pay oldu getdi. Abrımızı gözlədik, süni etikalara qul olduq. Amma nahaq yerə. «Dalaşanda barışmağa üz saxla» - dedik. Lakin qonşudan bu üzü görmədik. Bəlkə öz əlimiz, öz başımız olanda zaman bizə tərəf işləyəcək? Bəlkə istiqlalımızın tam sahibi olandan sonra hər şeyə beynəlxalq meyarla yanaşacağıq. Aldığımız verdiyimizlə, verdiyimiz aldığımızla tən olacaq onda. «Hər şey qonaq üçün» psixologiyasını bir qədər redaktə eləyək bəlkə.
Bütün bu məsələlərə münasibətdə bizim ağlımız ürəyimizcə, ürəyimiz ağlımızca işləmir. Çox halda çoxumuz nə yazır, nə oxuyur, nə də baş işlədir. Ancaq yeyir, yaşayır, yatır, durur və s. Bu mətləbləri uzatmaq da olardı. Bunların çoxu məlumdur, deyilib, yazılıb.
Kaş bizim istiqlalımız əsl istiqlalçıların yoluna çıraq olaydı. Bu arzu yerindədir, yoxsa yox, qoy bunu oxucular desin.
Sizi təbrik edirəm, Vətən övladları! Hər an, hər dəqiqə və həmişə istiqlala doğru! Açıq-aydın sabahımıza doğru! Hər an, hər dəqiqə, hər saat və həmişə özünüzə doğru! Dünya mədəniyyətini əxz edəcək gələcəyə doğru!
Sizi təbrik edirəm, yetkinlik yaşına çatan cavanlar! Bu günün şərəfli yükünü daşımaq Sizə qismət olacaq!
Sizi təbrik edirəm, yenicə dünyaya göz açan körpələr! Gələn əsrdə istiqlal bayrağımızı Siz qaldıracaqsınız!
İstiqlal uğrunda döyüşlərdə şəhid olanlarımızın ruhu qarşısında baş əyirəm!
24 may, 1992