GEORGİ LEONİDZE HAQQINDA
Əsl şair dünyaya gəldiyi gündən çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi öz xalqının ürəyindən qopur, doğulacağı torpağa düşür, xalq nəfəsi işığına, istiliyinə dönüb ona boy verir. Vətən küləkləri ona səs gətirir, vətən ağacları qol-budaq, vətən dağları ona böyümək hissi aşılayır.
Mənə elə gəlir ki, Georgi Leonidze hansı sel-gürşad zamanısa İoridən ayrılmış bir qoldur. Nə zamansa gürcü dağlarından qopub gələn bir qayadır. Nə zamansa külək yıxmış bir nəhəng ağacın toxumlarından göyərən, Ninutsenin, Qayanenin, Maqdanın, Martanın heyrətli nağıllarından vəcdə gəlib insanlaşan, saçının rəngini torpaqdan, gözünün rəngini bənövşədən, səsinin havasını dağ çayından alan bir əfsanəvi qəhrəmandır.
İnsan qəlbində həssas maqnitofon yoxdur. Leonidzenin qəlbinin Natardzeulidə özünə hopdurduğu səsləri, nəğmələri, gözəllik duyğularını yenidən səsə çevirib lentə yazsan bu lent dünyanın belinə bir neçə dəfə dolanardı. Mənim G.Leonidze ilə tanışlığım onun «Stalin» adlı epopeyası ilə olub. Bu gözəl əsəri Azərbaycan dilinə görkəmli şair Əhməd Cəmil tərcümə etmişdir. Sonralar onun böyük poeziyasını Azərbaycan xalqına tanıtdıran, onun şəxsiyyəti, vətəndaşlıq keyfiyyəti barədə həmişə kürsülərdən böyük səxavətlə danışan böyük Səməd Vurğun olmuşdur. O, Azərbaycan xalqı arasında ən çox tanınmış şairlərdən biridir. Mərhum Mehdi Hüseyn ondan necə məhəbbətlə danışardı. Xalq şairi Süleyman Rüstəm Leonidze şəxsiyyətindən, Leonidze yaradıcılığından necə məhəbbətlə söhbət açır. Onun son əsəri «V teni rodnıx derevyev» gəncliyimlə vidalaşmağa hazırlaşdığım, saçlarıma dən düşən çağımda məni şəhər dünyasından qoparıb, asfalt yolları köhnə ayaqqabılar kimi ayağından çıxarıb, tüstü-duman köynəyini soyunub atıb doğma kəndimizə getməyə çağırır. Dünyada heç nə ölmədiyi, şəklini dəyişdiyi kimi xatirələr də ölmür, yazıya çevrilir, rəngə dönür. Əbədi bir melodiya olub hardasa həzin-həzin səslənir. Bu əsər elə xatirələr məhsuludur. Mən hələ bu iki əsər arasındakı böyük poetik yaradıcılığı, alimlik tədqiqatını, folklorçu məhsulunu demirəm. Bu, hamıya məlumdur.
Hərdən mən özüm-özümə düşünürəm, görəsən, Səməd Vurğunla G.Leonidzeni dost eləyən amillər hansılardır. Özüm də cavab verirəm.
Birincisi, mərdlik və kişilik sifətləri. İkincisi, ən ümdəsi, doğma torpağa bağlılıq.
Hər bağlılıq yox, şair bağlılığı! Doğma torpağa çox bağlılar ola bilər. Elə var da. Bunların çoxu torpağa qarnı ilə, mədəsi ilə bağlıdır.
Mən bir şeyə inanıram. İnanıram ki, əsl sənətkarların ruhu peykə çevrilib vətən torpağının ətrafında əbədi fırlanır. Nizami, Rustaveli peykləri, Çavçavadze, Sabir peykləri. Görəsən, vətən cazibəsində yaşamayan, Vətəni öz cazibəsində yaşatmayandan sənətkar ola bilərmi?
Yaşasın, Səməd Vurğun-G.Leonidze dostluğunun cazibə qüvvəsi. Yaşasın, Leonidzenin ilham ocağı olan gürcü torpağı.
1968