Şamil TEYMUROĞLU
ŞAİRİN YENİ TÖHFƏSİ
Məmməd Arazın “Aylarım, illərim” adlı yeni kitabı onun pərəstişkarları tərəfindən maraqla qarşılanmış, ədəbi ictimaiyyətimizin diqqətini cəlb etmişdir. “Yazıçı” nəşriyyatının nəfis şəkildə buraxdığı bu kitabdakı “Naməlum qəhrəman”, “Şair vüqarı”, “Yenə Arazı gördüm”, “Ana torpaq”, “Babək qılıncı”, “Professor Gülə məktub”, “Azəri qızı” və sair onlarca şerlər, “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Qayalara yazılan səs” poemaları bizə haqq verir deyək ki, Məmməd Araz şair olmaq üçün yazmır, şair olduğu üçün şer yazır. Müasirlərimizin qurub-yaratmaq eşqi ilə çiçəklənən böyük sovet Vətənimizin ecazkar guşələrinin, bərəkətli tarlalarının, əzəmətli dağlarımızın poetik tərənnümü M. Araz lirikasının əsas leytmotivini təşkil edir. Bu cəhətdən kitabdakı “Ana torpaq”, “Dağlara çağırış”, “Vətən nəğməsi”, “Vətən mənə oğul desə”, “Muğanda Kür nəğməsi” və sair şerlər xüsusilə səciyyəvidir.
Şairin lirikası öz poetik qidasını həyatdan və xalqdan alır, milli ədəbi ənənələrimizə əsaslanır. O, özündən əvvəlki sənətkarların əsərlərindən çəkdiyi şirəni yeni və orijinal bir şəkildə xalqa qaytarır. Odur ki, kitabda toplanmış bir sıra şerlərdə və poemalarda ədəbi irsimizə dərin hörmət, böyük rəğbət və səmimiyyət duyulur. Təsadüfi deyil ki, Məmməd Araz Azərbaycan sovet şerinin bayraqdarı, xalq şairi S. Vurğuna bir neçə şer, “Qayalara yazılan səs” poemasını, satira nəhəngi Sabirə “Mən də insan oldum” əsərini, dramaturgiyamızın korifeyi C. Cabbarlıya “Cəfər yolu” şerini həsr etmişdir.
M. Araz şer rübabını Araz üstə kökləyən şairlərimizdəndir. Onun ictimai motivli siyasi lirikasında Araz mövzusu xüsusi yer tutur. Bu baxımdan kitabdakı “Yenə Arazı gördüm” və “Araz axır” poeması daha xarakterikdir. “Yenə Arazı gördüm” şerində hiss olunur ki, şair doğma diyara gələrkən yol boyu Arazın seyrinə dalmış, bu zaman qəlbindəki qığılcımlar ilham ocağını alışdırmışdır. Odur ki, bir daha Arazdan söhbət açmaq istəyir. O, ürəyinin səsinə qulaq asıb könlündə baş qaldıran duyğuları nəğməyə çevirməlidir. Əbədi nəğməyə! Yoxsa rahatlana bilməyəcəkdi. Çünki Arazı məcrasından qoparıb şoranlıqların damarlarına axıdıb ana torpağın ruhuna çiləmək istəyir. Vaxtilə şairin arzularında qönçələnmiş bu duyğular indi həqiqətə çevrilib öz bəhrəsini verir.
Böyük Vətən müharibəsi mövzusunda yazılmış “Kölgələr”, “Raketlər”, “İnsan monoloqu” şerləri, “Üç oğul anası” və “Əsgər qəbri” poemaları samballı sənət nümunələridir. O, dünyanın taleyini düşünüb insanları sayıq olmağa, bəşəriyyəti yeni müharibə törətmək təhlükəsiylə hədələyib dünya ağalığı iddiasında olanlara qarşı mübarizəyə çağırır.
Məmməd Araz yaradıcılığına xas olan yüksək şeriyyətlə sətirlənib məna dolğunluğu ilə qırılmaz vəhdət təşkil edən “Üç oğul anası” poemasında kövrək bir ana obrazı canlandırılmışdır. Çinar boylu, aslan biləkli üç sevimli ciyərparasını vətənin müdafiəsinə göndərən ananın keçirdiyi həyəcanlar inandırıcı şəkildə, təbii boyalarla qələmə alınmışdır. Bu günkü dava-qan hərislərinə bir nifrət dərsi kimi səslənən bu əsərdə ürəyi oğullarına toy edib gəlin gətirmək, nəvə oxşamaq duyğuları ilə döyünən elə bir ana obrazı səciyyələndirilmişdir ki, biz onun vacib insani keyfiyyətləri, dözümlüyü, əməksevərliyi, cəsarətliliyi və başlıcası isə övlad təlaşı, oğul iftixarı, məhəbbəti önündə səcdə edirik. Moskva altından, Volqa sahillərindən, Kerç boğazından oğullarının azğın faşistləri qanına qəltan etmələri haqqında yazdıqları üçkünc əsgər məktubları həssas ana qəlbini sevincdən riqqətə gətirir. O, kolxoz işlərində kişi kimi çalışır, oğullarını əvəz edir. Gecələr lampa işığında corab, əlcək toxuyub cəbhəyə sovqatı sovqat dalınca göndərir. Gözlərini yollara dikib gecələr gündüzləri, gündüzlər gecələri kirpiklərindən ələyir. Ömürlərinin bahar çağında Vətənin çiçəklənməsi uğrunda canlarını qurban vermiş milyonlarla sovet döyüşçüləri kimi Gülsənəm qarının oğulları da geri qayıda bilmir. Onların əvəzinə əl boyda qara kağız gəlir. Poemanın sonunda üç qartal baxışlı oğul anasının özgələr çiynində məzara getməsi bizi qəhərləndirir, kövrəldir. Ancaq bu kədər ictimai notlarla səslənir, bizi ananın da, onun qəhrəman oğullarının da müqəddəs xatirəsini əziz tutmağa, arzularımızda onların da arzularını yaşatmağa, eyni zamanda hərbə lənət yağdırmağa çağırır.
Hərbə lənət deyən ana səsində
O ananın səsi duyulsun bu gün!
Yel əssə, quş səksə sərhəddimizə
Dağlar da, daşlar da ayılsın bu gün!
Ekvator xəttinə sülh yazsın ellər,
Nidamız Marsa da yayılsın bu gün!
Şimşəklər qanadım, sellər ilhamım,
Küləklər nəfəsim qoy olsun bu gün!
Qəlbimin bu sadə şeriyyətindən
Bir ana heykəli qoyulsun bu gün!
Obrazlı şəkildə desək “Üç oğul anası” poeması bayatı kövrəkliyi ilə, döyüşkən misraların lirik ricətlərdə nəqəratlanmış nəğmə çələngi, ana məzarı üstdə əbədi əklildir.
Kitabdakı müharibə mövzusunda yazılmış “Əsgər qəbri”, ailə-məişət məsələlərinə həsr edilmiş “Paslı qılınc” poemaları, “Araz axır” əsəri, “Qayğılar”, “Vardı günlərimiz”, “Kölgələr” başlıqları altında toplanmış şerlərin əksəriyyəti oxunaqlı və yaddaqalandır. Bütün bu təqdirəlayiq cəhətləri ilə bərabər “Aylarım, illərim” kitabındakı şerlərin bəziləri sənətkarlıqla yazılmamışdır. “Qızlar”, “Deyiləm”, “Görüş”, “Nəyimə gərəkdir”, “Bir dağa açıq məktub”, “Dedim” və s. şerlər şairin yaradıcılıq imkanlarından aşağı səviyyədədir. “Görüş” şerində oxuyuruq:
Sənin dodağında gizli qızartı,
Mənim dodağımda gizli işartı,
Mənim dodağımın titrəməsi də,
Sənin ayağının büdrəməsi də
Bizi görüşdürür. Suallar dərin.
Belə quru misralar yaxşı ki, azlıq təşkil edir, kitabdakı şerlərin ümumi ahənginə, ruhuna uyğun gəlmir. Qeyd etdiyimiz bu kiçik qüsurlarına baxmayaraq “Aylarım, illərim” kitabı yaradıcılığının yetkinlik dövrünü yaşayan Məmməd Arazın geniş oxucu kütlələrinə gözəl töhfəsidir.
1979