ƏZİZ DOSTUM, ŞAİR QARDAŞIM TOFİQ!
Heç cür inana bilmirəm ki, sənin 60 yaşın tamam olub. Mənə elə gəlir ki, sən özün də inana bilmirsən. Mənə elə gəlir ki, bu çox ciddi zarafatdır. Yəqin ki, sən özün də bunu çox şirin yuxu hesab edirsən. Həqiqi mənada ömrün bu zarafatı yuxu da ola bilər. O Şahbuz dağlarına kəklik ovuna çıxdığın günlər yuxu idi. Əlvida ətəklərində İsmayıllı meşələrində gəzib itdiyin, özünü meşə sükutunda itirdiyin dəmlər də yuxu idi. Burada Nərimanın misrası yadıma düşür:
- Hamısı bir anlıq, hamısı zarafat.
Ancaq belə deyirlər ki, «yaşnan zarafat olmaz». Səni təbrik edirəm, qardaş! 60 yaşın mübarək! Bu, sənin ömründür, bu, sənin yaşındır. Sən öz ömrünü yaşamısan, sən öz yaşını yaşamısan. Biz də səninlə dabanqırma gəlirik. Sən bu 60 ilin təxminən 40 ilini qibləgah bildiyimiz sənətə həsr eləmisən! Böyük qürurla, zəhmətlə, böyük ehtiramla, böyük həvəslə. Sənin rəngarəng yaradıcılığının çox böyük hissəsini uşaq ədəbiyyatının təbliğatı, onun müxtəlif dillərə tərcüməsinin təşkili məsələləri tutur. Səni müxtəlif ədəbi görüşlər zamanı müşahidə etmişəm: uşaqlarla görüş zamanı əsl mənada dönüb uşaq olursan. Onlara qarışıb özün də oynamaq, gülmək, onlar kimi əl çalmaq, atılıb-düşmək istəyirsən. Uşaqların qarşısında dartınıb duranlardan fərqli uşaq aləmini duyan, onun xarakterini sənətə gətirən, xalqın dediyi kimi, sən uşaqla uşaq, böyüklə böyük olmusan. Burada mənim zərrə qədər də mübaliğəm yoxdur.
Bəzi əsərlərinin – kitablarının adlarını çəkirəm: «Dibçək», «Utancaq oğlan», «Meşədə səs», «Ana qucağı», «Ulduzlar, düşüncələr», «Kəpənək gözəlliyi», «Məhəbbətin sirr deyil», «Bu işıqla qalacağam» və s. Nəsr əsərləri: «Dalğalar», «Pəncərəyə toxunan budaq», «Yerə dağılan muncuqlar», «Gecə qapı döyülür»g Bunlar sənin gərgin yaradıcılıq işinin bir hissəsidir. Mən ona görə «gərgin» sözünü işlədirəm ki, sən təkər üstə hərəkət edən müəlliflərdən deyilsən. Sənin çətin yazdığın, özünəməxsus ədəbi məhsulların – hər naşirin ələyindən keçmir. Sənin həmişə hay-küydən uzaq, «qırmızı bayraqsız», dəbdəbəsiz, təmkinli, toxtaq ədəbi nəfəsin olub. İndi də həmin ahənglə işini davam etdirirsən. Bu xoşbəxtlik hamıya nəsib olmadı. Çoxları öz inqilabi «sənətləri» ilə düzün ortasında lüt-üryan qaldılar.
Şübhəsiz, belə yazı müəllifləri içərisində istedadlar var idi: Bunlar onda bədbəxt oldular ki, sənətin qanunlarını unutdular, özlərini zamanın yedəyinə verdilər. Bir də, əsasən, uşaq və gənclər ədəbiyyatı ilə məşğulluğun səni o ədəbiyyatın «çiynində oturan» partiyalı ədəbiyyat şüarından xeyli qoruyub. İndi diqqətlə gözdən keçirəndə aydın olur ki, sənin əla, yaxşı və orta səviyyəli nəyin varsa, çoxu sənə məxsusdur, bunlar biz ədəbiyyata gələn məqamlarda oxunan (bizi də bu xora qoşmaq istəyən) «gəlir kommunizmg» xorundan uzaq olan nümunələrdir.
Yəqin ki, 50-ci illərin əvvəllərində çox təntənəli keçən «Gənclər günü» yadındadır. Doğrudur, o vaxtlar Əli Kərim istisna olmaqla yaxşı şer çox az yaranırdı. Təbiidir ki, yaranmayan da oxunmurdu. Ara-sıra parıldayan lirik şerləri də o zamanın çevik tənqidçilərinin bircə atmacası – «ictimai motiv yoxdur» - dərhal söndürürdü. Ədəbiyyata öz köçü, öz ehtirası ilə gəlmək istəyən cavanların ağzı boya verilir, onların diqqəti «dinc quruculuq» mövzularına - körpü təmiri, evlər tikən inşaatçı, asfalt çəkilişi və s. müasir məsələlərə yönəldilirdi.
Bunları deməkdə məqsədim öz funksiyalarından çox siyasi ədəbiyyat, texniki və müxtəlif təsərrüfat ədəbiyyatı funksiyalarını yerinə yetirməyə məcbur edilən yazıq bədii sənət müəlliflərinin nə qədər qıl körpülərdən keçdiklərini yadına salmaqdır: bu vəziyyətlər, bu məqamlar taleyin yaratdığı yazılarmış və bunları keçmək vacibmiş. Amma niyə vacibmiş? Bu mərhələni ayrı cürə də keçmək olarmış. Keçmiş, adətən, xoş xatirə ilə dolu olur. Heyflər ki, keçmişimizə layiq olmayan mənzərələr də çox idi. Ancaq gərək olmayaydı. Bəlkə bunları nahaq yerə xatırladım? Necə xatırlamayasan? Ömrümüz dəfn olunmayan yerə necə gəlməyəsən. Gəldinsə, necə kövrəlməyəsən. Keçmişindən arxayın adamlar bu gün rahat yaşaya bilərlər. Mən sənin bioqrafiyanı yazmaq fikrində deyiləm. Heç kəsin bioqrafiyası yazılmır. Hər kəs özü yazır öz bioqrafiyasını: öz xoş əməlləri ilə və ya əksinə. Tofiq! Sən özün də yaxşı bilirsən ki, əsl sənətkar şöhrətini şöhrətləndirən «ilkin» və ya «ikinci», «üçüncü» və i. eləməklər mövcuddur. Onu da bilməmiş deyilsən ki, bu qarmaqarışıq, hərənin bir səmtə çəkdiyi mühitdə müvazinət saxlamaq, ləngər saxlamaq çətin işdir, çox çətin. Yuxarıda dediyim ilkin şərtlərdən ən ilkini səmimiyyətdir, sənətkar səmimiyyəti, insan səmimiyyəti: sən o sənətkar səmimiyyətini saxlayan insansan! Sənin bu qarışıq mühitdə sabaha inamını büdrəyib yıxılmağa qoymayan bu keyfiyyətlərin olub.
Sabaha gedən yol itə bilər, bu, mümkündür. Bu da mümkündür ki, o yolu nə yollasa bərpa eləməyə əlac tapılar. Sabaha çağırış da hansısa küləyə, hansı qasırğanınsa caynağına ilişər, əlimizin o caynaqları kəsməyə imkanı var.
Ancaq sabaha inamı itirmək çox ağır işdir. İnam yamaq götürmür. Mala götürmür. Tikan tutmur. İnamı seyfdə də saxlamaq olmur.
Nə isə, indi sadalamağın yeri deyil: Nə olur, nə olmur. Bu olanın olmadığı, olmayanın olduğu bir zamanda mən elə bilirəm ki, əsl sənətə, əsl sənətkara ehtiyac böyükdür. Bu yolda innən belə də ümidini, inamını ovxarlı saxla, əziz dostum! Səni bir də təbrik edirəm!
27 noyabr, 1991