|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ELMİN MÜKAFATI – ELİN MÜKAFATI

Keçən ilin dekabrında Ekologiya Komitəsi yeni bir mükafatın bünövrə daşını qoydu. Uzun müddət təbiəti mühafizə yolunda  xüsusi xidməti olanlar arasında Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti, «Azərbaycan təbiəti» jurnalının yaradıcısı, mərhum akademik Həsən Əliyevin bu mükafata layiq görülməsi (ölümündən sonra) çox şey deyir.
Həsən Əliyev böyük alim, böyük vətəndaş və böyük insan idi. O, həm də dünya miqyasında tanınan alimlərimizdəndir.
Dünya səviyyəsində təbiəti mühafizə və ekologiyaya dair keçirilən elə mühüm yığıncaq olmazdı ki,  H.Əliyev ora dəvət olunmasın, H.Əliyev orada çıxış etməsin.
Mən onun haqqında bir neçə dəfə yazmışam, alimin ən sanballı kitabı olan «Həyəcan təbili» kitabının birinci  nəşrinin redaktoru olmuş, hər nəşrə isə söz yazmışam. O, çox gözəl qələm sahibi, şeri, sənəti  gözəl başa düşən, şair qələminə dərin hörməti olan bir ziyalı, çox sərrast qələmi olan jurnalist idi.
Əsrin 20-ci illərinin sonlarında «Molla Nəsrəddin» jurnalının fəal əməkdaşı olmuşdur. O, heç vaxt bu barədə danışmazdı. Hərdən o illərdən xatirə söylərdi. Azərbaycan torpağını isə qarış-qarış gəzən, öyrənən tədqiqatçılardan biri, bəlkə də birincisi idi.
«Həyəcan təbili» kitabına giriş sözündə o zaman yazmışdı: «Məlumdur ki, təbiətdən danışmaq onu bərpadan çox-çox asandır. Bir düzənlikdə 100 illər lazımdır münbit torpağın əmələ gəlməsi üçün. Bu münbit torpağın yararsız hala düşməsi üçün isə çox «əmək» sərf etmək lazım deyil. Belə hadisələr azmı olub? – Milyon illərin övladı olan bir meşə, meşə qurşağı bir insan ömründən az müddətdə süni ölümə məruz qalır».
Alim çox yerlərdə «əsrlərin şahidi» kimi çıxış edir, müqayisə aparır, faktlar, rəqəmlər sadalayır, dünəndən bu günə necə gəlmiş təbiətin, bu gündən sabaha necə  aparılması məsələlərinə toxunur.
O yazırdı: «Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərvətlərin qorunması hazırda çox mühüm milli və beynəlxalq məsələ hesab olunur».
g Təbiəti duymaq, oxumaq lazım gələndə hissləri  səfərbər eləyib, onun keşiyində  durmağı bacarmaq «psixologiyasını böyüyən nəslə  aşılamaq ən yaxşı təbiət dərsidir» - o, belə yazırdı. O, təkcə yazmırdı: bir əli qələmdə, bir əli telefon dəstəyində nə isə  deyirdi, göstəriş verirdi, təbliğ edirdi, təkid edirdi, uçuruma gedən hansı təbiət parçasınısa ölümdən xilas edirdi.  O, yüksək professional  səviyyəli fotoqraf  idi. Bu işdən zövq alırdı, bu iş həm də onun təbiəti dağıdanlara və onlara biganə olanlara qarşı mübarizə vasitəsi idi.  Onun arxivi ilə tanış olanlar belə bir xəzinəni   görəndə heyrətə gəlməyə bilmirdilər. Dediyim kimi, bu, onun üçün xobbi deyildi: - bu, onun elmi fəaliyyətinə, onun mübarizəsinə xidmət edirdi,  vətəndaşlığa xidmət edirdi. Onun Azərbaycan torpağına xidmətini, Azərbaycan torpağına sevgisini mübaliğəsiz Həsən bəy Zərdabi ilə müqayisə etmək olar.   Sanki onun qulaqları  həmişə Azərbaycan torpağına söykəli idi,  daim bu torpağın nəbzinə qulaq asır, bu torpağın dərdini-ağrısını dinləyirdi.
Bəzən adama elə gəlirdi ki,  Azərbaycan təbiətində hər şeyi o öz əlləri ilə yerbəyer eləmişdi; Sultanbud meşəsinin də, Eldar şamı qoruğunun da, respublikanın neçə rayonunda yaşı mini adlamış neçə çinarın, Naxçıvan-Şərur yolunda qalmış yeganə narbəndin də «müəllifi» onun özüdür.
Azərbaycan torpaqşünaslıq elmi öz yaranışı, öz inkişafı, öz tədqiqat yolu üçün həmişə H.Əliyevin ruhuna baş əyməlidir: o, bu elmin dirəklərindən biri olmuş və ömrünün sonuna qədər  birincilər cərgəsində bu şərəfli yükü daşımaqdan yorulmamışdır. O, bu elmin bütün potensialını, bütün təmayülünü, elmi-nəzəri vəzifələrini təbiəti mühafizə ilə, içində yaşadığımız bioloji dövranla, ətraf mühitlə birləşdirmiş, ayrı-ayrılıqda mövcud olan bu elmlərin hamısını son nəticədə bir məqsədə - bəşəriyyətin yaşamasına xidmət etməyə - bu aydın həqiqəti sübut eləməyə yönəltmişdi. Bu ikicə kəlmə söz – «insan yaşamalıdır» - sözü  üçün ömrü boyu həyəcan təbili çalmağı həmişə özünə borc bilmişdir.
H.Əliyev  xalqın oğlu səviyyəsinə  yüksələn, öz əli ilə özünə abidə qoyan alimlərdən biri idi. Odur ki, ona elmin verdiyi mükafat elin mükafatıdır. Ruhuna əyan olub yəqin. Ruhuna üz tutub, Səni təbrik edirəm, - deyirəm, Həsən müəllim! İyirmi ilə yaxın bir müddətdə səninlə redaksiya kollektivi arasında  ata-oğul münasibəti mövcud olmuşdu.  İndi bütün kollektiv: - qəbrin nurla dolsun - deyir.
Sizin Azərbaycan təbiətinin saflığı, Azərbaycan torpağının gözəlliyi və ilkinliyinin qorunub saxlanması uğrunda apardığınız mübarizəni indi də əsərləriniz yerinə yetirir. Bundan da şərəfli ömür ola bilməz. Bir daha təkrar edirəm: Elmin mükafatı – elin mükafatıdır. Siz elmin böyük nümayəndəsi, elin böyük oğlusunuz!

                                                                                         1995

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws