BÖYÜK ALİM, BÖYÜK İNSAN
Xudu Məmmədovun adı çəkilən kimi harda olur-olsun, onun xarici görkəmi, oturuşu-duruşu gözlərimdə canlanır. O, elə heykəlləşmiş vəziyyətdə oturardı ki, sanki ömrü-boyu bir kəlmə söz danışmayıb, indi də danışmayacaq. Lakin onu tanıyanlar, ona bələd olanlar məclisin səviyyəsini qaldırmaq üçün Xudu müəllimi söhbətə qoşmaq istəyirdilər və qoşurdular da. Xudu müəllim gözəl bioloq, kimyaçı alim, ədəbiyyat tənqidçisi, çox tələbkar oxucu, mahir sənət bilicisi idi; onunla həmsöhbət olan kəs daxilən zənginləşirdi, ən müşkül düyünləri açmağı öyrənirdi. Yadımdadır, 1973-cü ilin əvvəllərində «Ədəbiyyat və incəsənət» qəzetində biz onun «Qoşa qanad» adlı elmi-publisist yazısını çap elədik. Mən onda qəzetdə baş redaktorun müavini idim. Bu dəyərli yazının qəzetdə çapının təşəbbüskarı mən olmuşdum. Onu, necə deyərlər, Xududan sətir-sətir qoparmışdım. Sonra «Qoşa-qanad»ı hansı nəşriyyatsa kitabça şəklində çap elədi. «Qoşa qanad» – bu qanadın biri sənət, o biri elmdir. Xudunun təbirincə, cəmiyyəti gələcəyə aparan qüvvə bu iki qanaddır. Qanadların hər ikisi eyni gücə, eyni «səlahiyyətə» malikdir. Həmin ilin yayını təxminən bir ay Xudu ilə Şuşada istirahət elədik. Hərdən onunla piyada Şuşa ətrafı qayalıqlara çıxardıq, bəzən gəzintimiz səhərdən axşamacan çəkərdi. Xudu təbiəti elə gözəl oxuyurdu ki, elə bil hər şeyi öz əli ilə qoymuşdu. Bir dəfə dedi: bilirsənmi, bu külək nədir? – Özü də cavab verdi: – külək təbiətin latın dilidir. Bütün bu ətraf mühit – fauna və flora bu dili mükəmməl bilir. Külək bir növ xəbər dünyasıdır. Onun xəbərdarlığı olmasa, təbiət nizamını saxlaya bilməz, nizam olmayan yerdə də nə cəmiyyətin yaşaması mümkündür, nə də təbiətin.
Sonralar bir dəfə də İstisuda onunla bir vaxtda istirahət edirdik. İstisuda mən «İlhamım» adlı bir şer yazmışdım. Şerin bir bəndi belədir:
Şimşək qanadına qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar,
Görüm ayılmaya gec ayılanlar,
Qayalar qırımlı, daşlar döyənək,
Sən kimə gərəksən, mən kimə gərək?
«Görüm, ayılmaya gec ayılanlar» misrası çox xoşuna gəldi. Sonralar mənə deyərdi: Şeri tənqid eləyə bilmirəm - sən yazmısan, tərifləyə də bilmirəm - mənə yazmısan.
Xudu Məmmədovla dəfələrlə rəsmi və ya qeyri-rəsmi məclislərdə olmuşam. Qəlbimdə o böyük insan haqqında o qədər xoş xatirələr var ki, bunları nə vaxtsa kağıza köçürəcəyəmg
1997