|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ŞER MƏNƏVİ EHTİYACDIR

Möhbəddin Səmədin şairlə müsahibəsi

Onun iş otağındakı yazı stolunun üstündə bir neçə kitab və bir qalaq əlyazması vardı. Gözucu kitablara nəzər saldım: Nizami Gəncəvi, Füzuli, Aristotel, Aşıq Ələsgər və «Bayatılar»g hamısı mənə yaxşı tanış idi.
Yazı stolundan bir qədər aralı, solda qoyulmuş kitab rəfinə diqqət yetirdim. Kitablar arasında iki imza diqqətimi cəlb etdi: Məmməd İbrahim və Məmməd Arazg Müxtəlif illərdə nəşr edilmiş «Sevgi nəğməsi» (1959), «Üç oğul anası» (1961), «Mən səni taparam» (1963), «Araz axır» (1964), «Anamdan yadigar nəğmələr» (1966), «Poyu Araks» (1966), «Ömür karvanı» (1967), «İllərdən biri» (1969), «Qanadlı qayalar» (1973), «Atamın kitabı» (1974), «Həyatın və sözün rəngləri» (1974), «Kamennıy oryol» (1975) kitabları bu iki imza ilə çıxmışdı, hamısının da müəllifi bu gün oxucuların hörmət və məhəbbətini qazanmış Məmməd Arazdır.
Stol üstə qalaqlanmış əlyazmasına nəzər saldım. Ancaq iri hərflərlə yazılmış «Torpaq dərsi» sözlərini oxuya bildim. Yəqin etdim ki, bu, şairin yeni poemasının əlyazmasıdır. Bunun üçün özünə heç bir söz deməyib çoxdan nəşr edilmiş «Anamdan yadigar nəğmələr» və «Atamın kitabı» əsərlərindən söhbət saldım.

- Bu kitablara belə ad verməyiniz oxucuları çoxdan maraqlandırır. Yəqin ki, bu kitabların adı  doğma ata və ananıza məhəbbətdən yaranıb.

- Sənət aləmində anam mənim ilk müəllimim olub desəm, yanılmaram. Anam savadsız olsa da çoxlu bayatı və mahnı bilirdi. Mən uşaq vaxtı anamın oxuduğu bayatı və mahnılarla yuxuya gedər və onlarla da oyanardım. Böyüdükcə, özümü və həyatı dərk etdikcə anamın nəğmələrinə də məhəbbətim artırdı. Anamın nəğmələrinə bənzər şerlər yazmaq istəyirdim. Nəhayət, belə şerləri yazmağa nail oldum. Həmin şerlər məcmuəsinə də «Anamdan yadigar nəğmələr» adı verdim. «Atamın kitabı» əsərim də buna bənzər təəssüratın məhsuludur.

- Şerlərinizdə xalq ruhu,  xalq müdrikliyi, klassik xalq poeziyasından bəhrələnmək meyli güclüdür. Deyə bilərsinizmi, buna səbəb nədir?

- Folklora meyl məndə çox güclü olub. Lap körpəliyimdən şifahi xalq ədəbiyyatını bütün varlığımla sevib oxumuşam. Sizin dediyiniz keyfiyyətlər də yəqin ki, ondandırg

- Poeziyada ən çox nəyə üstünlük verirsiniz: intellektuallığa, yoxsa emosiyaya?

- Son vaxtlar əqli və hissi poeziya barədə çox söhbət gedir. Bəzi sənətsevərlər intellektuallığa, bəziləri isə emosiyaya üstünlük verirlər. Məncə, poeziyaya belə baxış düzgün deyil. Poeziya ağlın və hissin vəhdətindən yaranır. Bunlarsız poeziya qanadı qırılmış quşa bənzəyir. Kim  poeziyanı ancaq intellektuallığa görə qiymətləndirirsə, səhv edir. Yenə deyirəm: poeziya ağlın və hissin məhsulu olmalıdır. Nizaminin və Füzulinin yaradıcılığında olduğu kimi. Fikrim daha aydın olmaq üçün dahi Füzulinin bir beytinə nəzər salaq:

Pənbeyi-daği cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm – kəfənim.

Bu iki misrada həm intellektuallıq var, həm də emosiya. Ona görə də uzun yol qət edib, əsrləri aşıb bu günə gəlib çıxa bilibdir. Görürsünüzmü,  özü də heç təravətini itirməyib.

- Nədənsə son vaxtlar qəzet və jurnal səhifələrində imzanız az-az görünür. Bunu nə ilə izah etmək olar?

- Bütün sənətkarlarda olduğu kimi, cavanlıqda mən də tez-tez şerlərimin çap  olunmasına, imzamın tez-tez görünməsinə can atırdım. Elə  ki kitablarım nəşr olundu, dünya poeziya korifeylərinin yaradıcılığı ilə yaxından tanış oldum, belə qənaətə gəldim ki, çap olunmazdan əvvəl yaxşı şerlər yazmaq lazımdır. Özünüz bilirsiniz ki, yaxşı şerlər çox gec-gec yaranır.  Şerlərim çoxdur. Amma məni təmin etmədiyi üçün çap etdirməyə tələsmirəm.

- Elə vaxt da olur ki, istədiyini şerlə ifadə etmək çətinləşir. Bəs onda hansı janra müraciət etməli olursunuz?

- Belə vaxtlar mən ən çox publisistikaya müraciət edirəm. Bu janr müasir həyatın tələblərinə hərtərəfli cavab verir. Lenin mükafatı laureatı, şair Eduardas Mejelaytisin  dili ilə desək, «Publisistika ağır artilleriyaya bənzəyir. Düzdür, gec-gec dinir, amma dinəndə öz bildiyini edir». Bax, elə buna görə də  mən publisistikaya qarşı laqeyd deyiləm. Bəhrəsi də pis olmayıb. «Həyatın və sözün rəngləri» adlı kitab buraxdırmışam. Ümumiyyətlə, bu janra gələcəkdə də tez-tez müraciət edəcəyəm.

- Müasir Azərbaycan poeziyası barədə fikrinizi bilmək maraqlı olardı.

- Atamın  bir sözü vardı: Bu gündən söhbət  salanda həmişə deyərdi: «Bu günə dürüst qiymət vermək istəyirsənsə, bir anlığa keşmişi xatırla». Mən atamın dediklərinə əməl edib müasir Azərbaycan poeziyasından danışmazdan əvvəl fikrinizi klassik poeziyamıza yönəltmək istərdim. Klassik Azərbaycan poeziyasının qüdrəti danılmazdır. Bu poeziya dünyaya  Nizami, Füzuli, Xaqani, Nəsimi, Sabir kimi  dahilər bəxş edib. Biz müasir Azərbaycan şairləri bu dahilərlə müqayisədə günəşə boylanan bənövşələrə bənzəyirik.

- Yeni yaradıcılıq planlarınız barədə nə deyə bilərsiniz?

- Doğrudur, mən əvvəlcədən heç vaxt planlaşdırmıram ki, gələcəkdə filan əsəri yazacağam. Mənə elə gəlir ki, bu, düzgün də deyil. Əvvəlcədən söz verib yaradıcılıq öhdəliyi götürməyin nə mənası?! Əsas məsələ odur ki, ortalığa yaxşı əsərlər çıxarasan. Silsilə şerlər yazıb qurtarmışamg

                                                                             oktyabr, 1976

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws